Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI

Məsih nəyin naminə iztirab çəkib öldü?

Məsih nəyin naminə iztirab çəkib öldü?

Günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi (Romalılara 5:12).

«Əbədi yaşamaq istəyərdiniz?» Əgər sizə bu sualı versəydilər, cavabınız nə olardı? Çoxları əbədi yaşamaq istədiyini desə də, bunun mümkün olmadığını düşünür. Onların fikrincə, ölüm haqdır, yəni bir gün yaranan, bir gün ölməlidir.

Bəs əgər sual başqa cür qoyulsa və sizdən: «Ölmək istəyərdiniz?» — deyə soruşsalar, onda necə cavab verərdiniz? Normal şəraitdə, əksəriyyət «yox» deyərdi. Deməli, üzləşdiyimiz problemlərə, çətinliklərə rəğmən, biz yenə də yaşamaq istəyirik. Müqəddəs Kitabın təbirincə desək, Allah bəşəriyyəti yaşamaq eşqi ilə yaradıb. Orada deyilir ki, Yaradan «insanların ürəyinə əbədiyyət qoydu» (Vaiz 3:11).

Reallıq isə bundan ibarətdir ki, heç kim əbədi yaşamır. Bəs nə baş verdi? Allah bu vəziyyəti düzəltmək üçün hansısa tədbir görüb? Müqəddəs Yazıların bu suallara verdiyi cavablar İsa Məsihin iztirab çəkib ölməsinin səbəbi ilə bağlıdır. Öyrəndikləriniz sizi sevindirəcək!

NƏ BAŞ VERDİ?

Müqəddəs Kitabın Yaradılış bölməsinin ilk üç fəslində deyilir ki, Allah Adəmlə Həvvaya əbədi yaşamaq imkanı vermiş və bunu əldə etməyin yolunu izah etmişdi. Həmçinin orada onların Allaha necə itaətsizlik etdikləri və beləcə, bu imkanı əldən verdikləri qələmə alınıb. Bu əhvalat o dərəcədə sadə nəql edilib ki, çoxları bunu nağıl hesab edir. Ancaq İncil kimi, Yaradılış bölməsinin də dəqiq və tarixi mənbə olduğuna yetərincə dəlil var *.

Bəs Adəmin itaətsizliyi nə ilə nəticələndi? Allahın Kəlamı belə cavab verir: «Beləliklə, günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). Allahın sözündən çıxmaqla Adəm günah işlədi. Buna görə də o, əbədi yaşamaq imkanını itirdi və nəticədə öldü. Onun nəsli olduğumuz üçün günah bizə keçib. Bu səbəbdən biz xəstələnir, qocalır və ölürük. Ölməyimizin səbəbi ilə bağlı bu izahat xüsusiyyətlərin irsən keçməsi faktı ilə üst-üstə düşür. Allah bu vəziyyəti düzəltmək üçün hansısa tədbir görüb?

GÖRÜLƏN TƏDBİR

Allah-Taala Adəmin öz nəsli üçün itirdiyi mirası, yəni əbədi həyatı geri almaq üçün fidyə tədbiri gördü. Bəs bu fidyə necə ödənildi?

Kəlamda deyilir: «Günahın ödədiyi haqq ölümdür» (Romalılara 6:23). Bu o deməkdir ki, günahın nəticəsi ölümdür. Adəm günah işlədiyi üçün öldü. Eyniylə, biz də günah edirik və buna görə də günahın nəticəsi olan ölümə mübtəlayıq. Bu məsələdə bizim səhvimiz olmasa da, biz günahlı doğuluruq. Buna görə Allah İsa Məsihi yer üzünə göndərdi ki, bizim üçün günahın bədəlini ödəsin. Bu iş necə oldu?

İsa Məsihin ölümü sayəsində insanların əbədiyyət boyu xoşbəxt yaşamaq imkanı var

Kamil insan olan Adəm itaətsizliyi ucbatından bizə günah və ölümü ötürdüyünə görə digər kamil bir insan bu günahın pəncəsindən bizi qurtarmaq üçün son nəfəsinə qədər sadiq qalmalı idi. Müqəddəs Kitabda bu, belə izah olunur: «Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi, bir şəxsin itaəti də çoxlu insanı saleh edəcək» (Romalılara 5:19). Həmin o, «bir şəxs» İsa Məsihdir. O, göydən kamil insan * kimi yer üzünə gəldi və həyatını uğrumuzda qurban verdi. Bu qurban sayəsində, biz Uca Allahın qarşısında saleh sayıla və əbədi həyatı qazana bilərik.

MƏSİH NƏYİN NAMİNƏ İZTİRAB ÇƏKİB ÖLDÜ?

Bəs İsa Məsihin ölməsi şərt idi? Məgər qadir Allah fərman verə bilməzdi ki, Adəmin nəsli əbədi yaşasın? Əlbəttə, verə bilərdi və buna ixtiyarı da çatırdı. Ancaq bunu etməklə Allah Özünün qoyduğu «günahın ödədiyi haqq ölümdür» qanununa zidd davranmış olacaqdı. Bu, elə-belə qanun deyil ki, istədiyin vaxt üstündən keçə və ya istədiyin vaxt dəyişə bilərsən. Bu qanun ədalətin bünövrəsidir (Zəbur 37:28).

Əgər Allah bu məsələdə ədaləti bir kənara qoysaydı, onda insanlar Allahın başqa məsələlərdə ədalətli davranacağına necə inanardılar? Məsələn, Allah Adəmin nəsli arasından kimə əbədi həyatı bəxş edəcəyinə qərar verəndə ədalətli davranacaqdı? Verdiyi vədləri yerinə yetirmək məsələsində Ona etibar etmək olardı? Ancaq Allahın bizim xilasımızla bağlı gördüyü tədbirdə ədalətlə davranması bizi əmin edir ki, Allah həmişə düzgün davranır.

İsa Məsihin fidyə qurbanlığı sayəsində Allah-Taala yerüzü Cənnətdə əbədi yaşamağımıza imkan yaratdı. Məsihin sözlərinə diqqət yetirin: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). Məsihin ölümü yalnız Allahın sarsılmaz ədalətinin bir ifadəsi deyildi, əsas etibarilə, Onun insanlara duyduğu böyük məhəbbətin təcəssümü idi.

Bəs onda nə üçün İsa Məsih, İncildə təsvir olunduğu kimi, iztirab çəkərək ölməli idi? Çünki İblis iddia edir ki, insanlar sınaqlar qarşısında Allaha sadiq qalmayacaq (Əyyub 2:4, 5). Amma İsa Məsih şiddətli sınaqlardan başıuca çıxmaqla İblisin yalançı olduğunu birdəfəlik isbat etdi. Şeytan kamil insan olan Adəmi günaha təhrik edəndən sonra onun bu iddiası əsaslı görünə bilərdi. Ancaq Adəm kimi kamil olan İsa Məsih, çəkdiyi iztirablara rəğmən, Allaha sadiq qaldı (1 Korinflilərə 15:45). Bununla o sübut etdi ki, istəsəydi, Adəm də Allaha sadiq qalardı. Sınaqlara tab gətirməklə İsa Məsih bizə nümunə qoydu (1 Butrus 2:21). Allah İsa Məsihin itaətkarlığını qiymətləndirərək onu Öz dərgahına qaldırıb ölməzliyi bəxş etdi.

SİZƏ FAYDASI

Bəli, İsa Məsih, həqiqətən də, həyatını qurban verdi. Hal-hazırda hər kəsin əbədi yaşamaq imkanı var. Bəs siz necə, əbədi yaşamaq istəyərsiniz? Bunun üçün sizdən nə tələb olunur? İsa Məsih demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

Bu jurnalın naşirləri sizi tək gerçək Allah Yehova və İsa Məsih haqda daha çox öyrənməyə dəvət edir. Ərazinizdə yaşayan Yehovanın Şahidləri sizə bu sahədə məmnuniyyətlə kömək edərlər. Həmçinin www.dan124.com/az-latn saytına daxil olub istədiyiniz məlumatı tapa bilərsiniz.

^ abz. 8 Yehovanın Şahidləri tərəfindən dərc olunan «Gözətçi qülləsi»nin 2011-ci il 1 yanvar sayının 4-cü səhifəsinə baxın.

^ abz. 13 Yaradan Allah İsa Məsihin həyatını göydən Məryəmin bətninə köçürdü və beləcə, Məryəm hamilə qaldı. Külli-İxtiyar Allahın müqəddəs ruhu, yəni gücü sayəsində Məryəmin qeyri-kamilliyi İsaya keçmədi (Luka 1:31, 35).