Kontentə keç

Mündəricatı göstər

Mühüm məsələni unutmayın

Mühüm məsələni unutmayın

«Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (ZƏB. 83:18).

NƏĞMƏ: 9, 22

1, 2. a) Hansı məsələ hər birimiz üçün vacibdir? b) Nəyə görə bu məsələnin vacibliyini dərk etməliyik?

ÇOXLARI üçün pul hər şey deməkdir. Onların fikri-zikri ancaq pul yığmaq ya da əllərindəki pulu bərk-bərk saxlamaqdır. Bəziləri üçün isə ailə, sağlamlıq və qoyduqları məqsədlər həyatda hər şeydən üstündür.

2 Amma hər birimiz üçün bunlardan daha vacib bir məsələ var. Bu, Yehovanın dünyanı idarə etməyə haqqı çatdığının sübuta yetirilməsi məsələsidir. Ehtiyatlı olmalıyıq ki, bu mühüm məsələ diqqətimizdən yayınmasın. Əks halda, həyatın qayğılarına və üzləşdiyimiz sınaqlara o qədər köklənə bilərik ki, bu məsələnin vacibliyini unuda bilərik. Əgər daima Yehovanın hakimiyyətini dəstəkləməyi düşünsək, qarşılaşdığımız istənilən problemlərin öhdəsindən daha yaxşı gələcəyik. Bundan əlavə, Yehovaya daha yaxın olacağıq.

MÜHÜM MƏSƏLƏ

3. Şeytan Yehovanın hakimiyyəti ilə bağlı nəyi iddia edib?

3 Şeytan Yehovanın hakimiyyət sürməyə layiq olmadığını iddia edib. O, Allahın yaxşı Rəhbər olmadığını, insanlardan dəyərli bir şeyi gizlətdiyini söylədi. Şeytanın sözlərinə görə, insanlar heç kəsə tabe olmadan yaşasalar, daha xoşbəxt olarlar (Yar. 3:1—5). Şeytan həmçinin insanların Allaha sədaqətini şübhə altına aldı. Onun fikrincə, istənilən insanı çətinliyə salsan, əvvəl-axır Allahdan üz döndərər (Əyy. 2:4, 5). Buna görə Allah vaxt verdi ki, Onun rəhbərliyi olmadan yaşamağın nə qədər acınacaqlı olduğunu hər kəs görsün.

4. Allahın hakimiyyət sürməyə layiq olduğunun sübuta yetirilməsi nə üçün vacibdir?

4 Əlbəttə ki, Yehova Şeytanın ittihamlarının ağ yalan olduğunu bilir. Bəs onda nəyə görə Yehova məsələni elə oradaca bağlamadı? Əksinə, Şeytana ittihamlarını sübut etməsi üçün vaxt verdi? Çünki bu məsələnin mələklərə və insanlara da aidiyyəti var. (Zəbur 83:18 ayəsini oxuyun.) Həm Adəmlə Həvva, həm də onlardan sonra bir çoxları Yehovaya tabe olmaq istəmədilər. Buna görə də bəziləri düşünə bilərdi ki, Şeytan ittihamlarında haqlıdır. Nə qədər ki bu məsələ insanlar və mələklər üçün öz həllini tapmayıb, nə millətlər, nə irqlər, nə tayfalar, nə ailələr, nədə ki insanlar arasında heç vaxt sülh və birlik olmayacaq. Ancaq Allahın hakimiyyət sürməyə layiq olduğu sübuta yetiriləndən sonra hamı əbədiyyən Onun hakimiyyəti altında yaşayacaq. Cümlə-cahanda sülh hökm sürəcək (Efes. 1:9, 10).

5. Yehovanın hakimiyyətinə sadiq olduğumuzu necə göstərə bilərik?

5 Allahın hakimiyyət sürməyə layiq olduğu əvvəl-axır öz təsdiqini tapacaq. Şeytanın və insanların hakimiyyəti tamamilə tənəzzülə uğrayıb məhv ediləcək. İsa Məsihin idarə etdiyi Allahın Padşahlığı isə çiçəklənəcək. Sadiq insanlar sübut edəcək ki, bəşəriyyət Yehovanın hakimiyyətinin tərəfini tutmağa qadirdir (Əşy. 45:23, 24). Bəs siz Yehovanın hakimiyyətinin tərəfini tutan bu sədaqətli insanların sırasında olmaq istəyərdiniz? Yəqin deyəcəksiniz: «Kim istəməz ki?!» Bunun üçün biz bu ümdə məsələni həmişə yadımızda saxlamalı və onun ciddiyyətini dərk etməliyik.

XİLASIMIZDAN DAHA VACİB

6. Yehovanın dünyanı idarə etməyə haqqı çatdığının sübuta yetirilməsi nə dərəcədə vacibdir?

6 Qeyd olunduğu kimi, Yehovanın dünyanı idarə etməyə haqqı çatdığının sübuta yetirilməsi bəşəriyyət üçün mühüm məsələdir. Bu hətta istənilən şəxsin xoşbəxtliyindən də vacibdir. Bəs bu o deməkdirmi ki, xilasımız elə də önəmli deyil və biz Yehova üçün o qədər də maraqlı deyilik? Qətiyyən! Nəyin əsasında belə demək olar?

7, 8. Mühüm məsələ özünə nəyi daxil edir?

7 Yehovanın insanlara məhəbbəti sonsuzdur. Allah üçün dəyərli olmasaydıq, O, bizim xilasımızdan ötrü ilkin Oğlunu qurban verməzdi (Yəh. 3:16; 1 Yəh. 4:9). Yehova gələcəyimizlə bağlı vədlərini yerinə yetirməsə, Şeytan və digər əleyhdarlar haqlı çıxar. Çünki Şeytan iddia edir ki, Yehova yalançıdır, O pis rəhbərdir, insanlardan dəyərli bir şey gizlədir. Əleyhdarlar da Yehovaya istehza edərək deyirlər: «Bəs hanı onun vəd edilmiş hüzuru? Axı dədə-babalarımız ölüm yuxusuna gedəndən bəri hər şey yaradılışdan ta indiyədək olduğu kimi durur» (2 But. 3:3, 4). Amma Yehova elə tədbir görüb ki, Onun rəhbərlik etməyə layiq olmasının sübuta yetirilməsi bizim xilasımızla birbaşa bağlıdır. (Əşiya 55:10, 11 ayələrini oxuyun.) Bundan əlavə, Yehovanın hakimiyyətinin təməlində məhəbbət durur. Buna görə də əmin ola bilərik ki, Yehova sadiq bəndələrini həmişə sevəcək və əziz tutacaq (Çıx. 34:6).

8 Yehovanın hakimiyyəti ilə bağlı məsələnin bu qədər vacib olması o demək deyil ki, xilasımız elə də önəmli deyil, biz Onun gözündə dəyərli deyilik. Sadəcə olaraq, biz Yehovanın rəhbərliyi və xilasımızla bağlı məsələlərə düzgün yanaşmalıyıq. Düzgün yanaşmağımız ondan görünəcək ki, biz mühüm məsələni hər şeydən üstün tutub Yehovanın hakimiyyətini sədaqətlə dəstəkləyəcəyik.

ƏYYUB PEYĞƏMBƏR BAXIŞINI DƏYİŞİR

9. Şeytan Əyyub haqqında nəyi iddia elədi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

9 Yehovanın hakimiyyəti ilə bağlı məsələyə düzgün yanaşmağın vacibliyi Müqəddəs Kitabın ən qədim bölmələrindən olan Əyyub kitabında aydın göstərilir. Şeytan iddia etmişdi ki, əgər Əyyub şiddətli əzab-əziyyətlərə məruz qalsa, Allaha sadiq qalmayacaq. Hətta Şeytan təklif eləmişdi ki, Yehova şəxsən Özü onu sınağa çəksin. Yehova bunu etmədi. Amma Şeytana peyğəmbəri sınağa çəkməyə icazə verib dedi: «Onun hər şeyini sənin ixtiyarına verirəm». (Əyyub 1:7—12 ayələrini oxuyun.) Qısa vaxt ərzində Əyyub nökərlərini, mal-qarasını və on övladını itirdi. Şeytan elə elədi ki, o, başına gələn bəlaların səbəbini Allahdan bildi (Əyy. 1:13—19). Sonra Şeytan Əyyubu əzablı və iyrənc xəstəliyə düçar elədi (Əyy. 2:7). Daha sonra arvadının və üç «dostunun» ürək dağlayan sözləri peyğəmbərin dərdinə dərd qatdı (Əyy. 2:9; 3:11; 16:2).

10. a) Əyyub peyğəmbərin Yehovaya sadiq qaldığı nədən görünür? b) Əyyub peyğəmbərin hansı düzəlişə ehtiyacı var idi?

10 Bu hadisənin axırı necə oldu? Şeytanın iddiaları tamamilə yalan çıxdı. Əyyub peyğəmbər dəhşətli əzablar çəksə də, Yehovadan üz döndərmədi (Əyy. 27:5). Bununla belə, o, bir müddət mühüm məsələni unudub bütün fikrini özünə cəmləmişdi. Peyğəmbər elə hey özünün nə qədər saleh insan olduğunu vurğulayırdı, o hətta Allahdan başına gələnlərin səbəbini açıqlamağı tələb edirdi (Əyy. 7:20; 13:24). Bəlkə də, Əyyub peyğəmbərin üzləşdiyi sınaqları nəzərə alaraq bu cür düşünməsinə haqq qazandırırıq. Amma Yehovanın fikrincə, peyğəmbər öz düşüncə tərzində dəyişiklik etməli idi. Buna görə də Yehova ona kömək elədi. Bəs necə?

11, 12. Yehova Əyyuba düzgün düşünməsi üçün necə kömək elədi və Əyyub bu düzəlişə necə hay verdi?

11 Yehovanın Əyyuba dediyi sözlər «Əyyub» kitabının 38-dən 41-ə kimi olan fəsillərində yazılıb. Bu dörd fəslin heç bir yerində peyğəmbərin əzablarının konkret səbəbi yazılmayıb. Çünki Allahın sözünün canı Əyyuba nə üçün əzab çəkdiyini izah etmək deyildi. Allah özünə haqq qazandırmaq niyyətində deyildi. Yehovanın məqsədi fani insanın Allahın əzəməti ilə müqayisədə nə qədər kiçik olduğunu göstərmək idi. Yehova Allah Əyyuba həyatda onun problemlərindən daha vacib məsələlərin olduğunu başa düşməyə kömək etdi. (Əyyub 38:18—21 ayələrini oxuyun.) Yehovanın sözləri sayəsində Əyyub düşüncə tərzini dəyişdi.

12 Bəs Əyyub bu qədər sınaqlara tab gətirəndən sonra Yehova birbaşa məsləhət verməklə ona qarşı sərt davranmamışdı ki? Xeyr. Heç Əyyub da belə düşünmürdü. Peyğəmbər Yehovanın məsləhətini qəbul etdi. O hətta belə demişdi: «Sözlərimi geri götürürəm, torpaq içində, kül içində tövbə edirəm» (Əyy. 42:1—6). Bu sözlər Yehovanın birbaşa, amma düşündürücü məsləhətinin təsiri idi. Bundan bir müddət əvvəl Əlihu da Əyyub peyğəmbərə düşüncə tərzini dəyişməsi ilə bağlı məsləhət vermişdi (Əyy. 32:5—10). Əyyub Yehovanın məsləhətinə qulaq asıb düşüncə tərzini dəyişdi. Sınaqlar qarşısında sadiq qaldığına görə Yehova onu başqalarının yanında təriflədi (Əyy. 42:7, 8).

13. Yehovanın verdiyi məsləhət Əyyuba sınaqlardan sonra necə kömək elədi?

13 Yehovanın verdiyi məsləhət Əyyuba sınaqlardan sonra da fayda gətirdi. Hansı mənada? Düzdür, «Yehova Əyyuba ömrünün sonrakı illərində əvvəlkindən çox xeyir-bərəkət verdi», amma yəqin ki, Əyyubun özünə gəlməsi və xəstəliyindən tam sağalması üçün müəyyən vaxt keçdi. Bir müddət sonra onun «yenidən yeddi oğlu və üç qızı oldu» (Əyy. 42:12—14). Sözsüz, Əyyub vəfat edən övladları üçün çox darıxırdı. Bəlkə də, o, uzun müddət çəkdiyi əzabları unuda bilmirdi. Sonralar başına gələn sınaqların səbəbini daha yaxşı anlasa da, çox güman ki, onda bəzən suallar yaranırdı. Ola bilsin o düşünürdü: «Niyə mən bu dərəcədə əzab çəkməliydim?» Əyyubun ağlına belə fikirlər gəlirdisə də, belə anlarda o, Yehovanın dediklərini yadına salırdı. Bununla Əyyub düzgün düşüncə tərzini qoruya və nəticədə təsəlli tapa bilirdi (Zəb. 94:19).

Diqqətimizi problemlərimizə yox, mühüm məsələyə cəmləyə bilərik? (14-cü abzasa baxın)

14. Əyyub peyğəmbərin hadisəsindən nə öyrənirik?

14 Əyyub peyğəmbərin hekayəsi bizə də düzgün düşüncə tərzinə yiyələnməyə və təsəlli tapmağa kömək edə bilər. Məhz buna görə Yehova bu hekayəni bizə nəsihət olaraq yazdırıb ki, «Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Rom. 15:4). Bəs biz bu hekayədən nə öyrənirik? Gərək çalışaq ki, başımız öz problemlərimizə həddindən artıq qarışmasın, yoxsa Yehovanın rəhbərliyi ilə bağlı məsələnin vacibliyini unuda bilərik. Çətin sınaqlar zamanı Əyyub peyğəmbər kimi sadiq qalmaqla Yehovanın hakimiyyətinin tərəfini tutduğumuzu göstərə bilərik.

15. Sınaqlar zamanı sadiq qalmağımız sayəsində nələrə nail oluruq?

15 Sadiq qalmağımızın vacibliyi haqda düşünmək nə üçün təsəllivericidir? Çünki başa düşürük ki, sınaqlarımızın bir məqsədi var. Üzləşdiyimiz sınaqlar Yehovanın bizdən narazı olduğunu göstərmir, əksinə, onların sayəsində biz Yehovanın hakimiyyətinin tərəfində durduğumuzu göstərə bilərik (Məs. 27:11). Dözüm göstərməyimiz «Allahın razılığını qazandırır» və ümidimizi möhkəmləndirir. (Romalılara 5:3—5 ayələrini oxuyun.) Əyyubun hekayəsi göstərir ki, «Yehova çox mehriban və mərhəmətlidir» (Yaq. 5:11). Buna görə də Yehovanın bizə və Onun hakimiyyətini dəstəkləyən hər kəsə mükafat verəcəyinə əmin ola bilərik. Bunu bilmək bizə «hər şeyə sevinclə və səbirlə» tab gətirməyə güc verir (Kol. 1:11).

MÜHÜM MƏSƏLƏNİ UNUTMAYIN

16. Nəyə görə özümüzə Yehovanın hakimiyyətini dəstəkləməyin vacibliyini xatırlatmalıyıq?

16 Düzdür, hərdən Yehovanın hakimiyyəti barəsində düşünmək elə də asan olmur. Bəzən problemlərimiz başımızdan aşır, bəzən də özümüz adi şeyləri beynimizdə şişirdib problemə çeviririk. Buna görə də çətinliklərimiz olanda yaxşı olardı ki, özümüzə Yehovanın hakimiyyətini dəstəkləməyin vacibliyini xatırladaq.

17. Təbliğ işi ilə məşğul olmaq bizə diqqətimizi mühüm məsələyə cəmləməyə necə kömək edir?

17 Yehovanın tapşırdığı işlə məşğul olmağa davam etmək diqqətimizi Allahın hakimiyyəti ilə bağlı məsələyə cəmləməyə kömək edəcək. Məsələn, Reni adlı bir bacımız insult keçirmişdi, o, daimi ağrılardan və xərçəngdən əziyyət çəkirdi. Tibb müəssisələrində müalicə alarkən Reni bacı oradakı işçilərə, xəstələrə və ziyarətə gələn insanlara təbliğ edirdi. Bir dəfə o, qaldığı xəstəxanaların birində iki həftə yarıma düz 80 saat təbliğ eləmişdi. Reni ölüm ayağında olsa da, Allahın hakimiyyəti ilə bağlı məsələni heç vaxt unutmurdu. Bu haqda düşünmək ona ağrılarına dözməyə güc verirdi.

18. Ceniferin hadisəsindən Yehovanın hakimiyyətini dəstəkləməklə bağlı nə öyrənirik?

18 Gün ərzində üzləşdiyimiz xırda problemlər zamanı da Yehovanın hakimiyyətini dəstəkləmək haqda düşünməliyik. Cenifer adlı bir bacı evə dönərkən üç gün hava limanında qalmalı olmuşdu. Çünki ard-arda bütün reyslər təxirə salınırdı. Tək və yorğun olduğundan o, asanlıqla özünü yazıqlaya bilərdi. Amma Cenifer Yehovaya dua edir ki, hava limanında onunla birlikdə gözləyən insanlara təsəlli verə bilsin. Nəticədə, Cenifer çox sayda adama təbliğ edir və xeyli ədəbiyyat paylayır. O deyir: «Nə qədər yorğun, dilxor olsam da, Yehovanın mənə necə dəstək olduğunu və Onun adını ucaltmaq üçün mənə güc verdiyini hiss edirdim». Bəli, bacımız bütün diqqətini Yehovanın niyyətinə cəmləmişdi.

19. Yehovanın xalqı Onun hakimiyyəti ilə bağlı məsələdə hansı mövqedədir?

19 Yehovanın hakimiyyətini dəstəkləməyin vacibliyini dərk etmək həqiqi dini yalan dindən fərqləndirir. Allahın xalqı uzun illərdir ki, Yehovanın hakimiyyətini dəstəkləyir. Bu xalqın üzvü kimi hər birimiz buna şəxsən can atmalıyıq.

20. Yehova Onun hakimiyyətini dəstəkləməyimizə necə yanaşır?

20 Əmin olun ki, xidmətiniz və sınaqlara tab gətirməyinizlə Yehovanın hakimiyyətini dəstəkləməyiniz Onun üçün çox dəyərlidir (Zəb. 18:25). Növbəti məqalədə Yehovanın dünyanı idarə etməyə haqqı çatdığına dair dəlillər gətiriləcək və Onun hakimiyyətini dəstəkləməyin yolları araşdırılacaq.