Kontentə keç

Mündəricatı göstər

Qoy xidmətiniz şeh kimi olsun!

Qoy xidmətiniz şeh kimi olsun!

BİZİM xidmətimiz həm dəyərlidir, həm də çox vacibdir. Ancaq təbliğ etdiyimiz hər kəs bunu başa düşmür. Hətta müjdəyə maraq göstərən insanlar belə, bəzən Allahın Kəlamını öyrənməyə lüzum görmürlər.

Qavin yığıncaq görüşlərinə gəlsə də, Müqəddəs Kitabı öyrənmək təklifini rədd edirdi. O deyir: «Mənim Müqəddəs Kitabdan məlumatım çox az idi. Ancaq özümü o yerə qoymurdum. Həm aldanmaqdan qorxurdum, həm də üzərimə məsuliyyət götürməkdən». Necə fikirləşirsiniz? Qavindən heç nə çıxmaz? Görün Müqəddəs Kitab təlimləri insana necə müsbət təsir göstərə bilər. Yehova qədimdə xalqına demişdi: «Sözlərim şeh olub damacaq, çəmənliyə çisələyən narın yağışlar kimi» (Qan. 31:19, 30; 32:2). Şehin bəzi xüsusiyyətlərini nəzərdən keçirərək öyrənə bilərik ki, xidmətdə rastlaşdığımız insanlara necə kömək edə bilərik (1 Tim. 2:3, 4).

ŞEHƏ BƏNZƏR XİDMƏT

Şeh incə olur. O, tədricən əmələ gəlir, havadakı su buxarından damla-damla toplanır. Yehovanın sözləri o mənada şeh olub damırdı ki, O, Öz xalqı ilə mülayimcəsinə, mehribanlıqla və nəzakətlə danışırdı. Biz də Ondan nümunə götürərək insanların fikrinə hörmətlə yanaşmalıyıq. İnsanları təşviq etməliyik ki, düşünüb özləri nəticə çıxarsınlar. Belə edəndə insanlar sözlərimizi daha asanlıqla qəbul edirlər və xidmətimiz daha səmərəli alınır.

Şeh təravət gətirir. Əgər biz həqiqətə maraq göstərən insanlar barədə düşünsək, onların marağını artırmaq üçün münasib üsullar axtarsaq, xidmətimiz onlara təravət gətirəcək. Yuxarıda adı çəkilən Qavini heç kim dərs keçməyə məcbur etmədi. Əksinə, ilk olaraq ona yaxınlaşan Kris adlı qardaş cürbəcür üsullarla onun marağını artırdı, axırda Qavin Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Kris ona başa saldı ki, Müqəddəs Kitabın bir mövzusu var. O, bu mövzunu başa düşsə, yığıncaq görüşlərində deyilənləri daha yaxşı anlayacaq. Sonra dedi ki, onun özünü Müqəddəs Kitabın həqiqət olduğuna orada yazılan peyğəmbərliklər əmin etmişdi. Krisin bu sözündən sonra onlar bir neçə dəfə yerinə yetən peyğəmbərliklər barədə söhbət etdilər. Bu söhbətlərdən həvəslənən Qavin axırda Müqəddəs Kitabı öyrənməyə razı oldu.

Şeh həyatdır. İsraildə bir neçə ay sürən isti, quraq mövsüm zamanı bəzən bir dəfə də olsun yağış yağmır. Şeh də olmayanda bitkilər quruyub tələf olur. Yehova Allahın qabaqcadan xəbər verdiyi kimi, bu gün dünyada ruhani quraqlıqdır (Ams. 8:11). Ancaq Yehova vəd etmişdi ki, məsh olunmuş müjdəçilər «Yehovadan gələn şeh kimi» olacaqlar. Bu, doğrudan da, belə oldu. Onlar bu gün «başqa qoyunların» köməyi ilə Padşahlıq müjdəsini bəyan edirlər (Mik. 5:7; Yəh. 10:16). Həqiqəti axtaran insanların susuzluğunu yatırmaq üçün Yehova ruhani çeşmələrin gözünü açıb. Padşahlıq müjdəsi də bu çeşmələrdən qaynayıb axan sudur. Siz də müjdəyə bu cür yanaşırsınız?

Şeh Yehovanın nemətidir (Qan. 33:13). Bizim xidmətimiz həqiqəti axtaran insanlar üçün böyük nemət ola bilər. Qavin bunu öz təcrübəsində gördü. O, Müqəddəs Kitabı öyrənəndə bütün suallarına cavab tapdı. Tez bir zamanda ruhən inkişaf edib vəftiz olundu və indi həyat yoldaşı Coysla birgə Padşahlıq müjdəsini təbliğ edir.

Yehovanın Şahidləri Padşahlıq müjdəsi ilə yer üzünə təravət gətirirlər

XİDMƏTİNİZİ QİYMƏTLƏNDİRİN

Şeh barədə düşünəndə başa düşürük ki, hər birimizin təbliğ işinə verdiyi töhfə çox dəyərlidir. Su damlaları tək-tək heç nə edə bilməz, lakin milyonlarla şeh damcısı torpağa hopub onu nəmləndirir. Buna bənzər tərzdə xidmətdə öz gördüyümüz iş gözümüzdə kiçik görünə bilər. Lakin Yehovanın çalışqan xidmətçilərinin ümumi əməyi sayəsində «xalqların hamısına» şahidlik edilir (Mət. 24:14). Bəs bizim xidmətimiz barədə nə demək olar? Əgər təbliğ etdiyimiz xəbər şeh kimi incə olsa, insanlara təravət və həyat versə, onda xidmətimiz insanlar üçün Yehovadan nemət olacaq.