Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Milyonların tanıdığı səsli maşın

Milyonların tanıdığı səsli maşın

«Braziliyada Ağaya xidmətdə işlətmək üçün yalnız bir səsli maşın var. Onu milyonlarla insan «Gözətçi qülləsi səsli maşını» adı ilə tanıyır» (Nataniel Yuil, 1938).

1930-CU İLLƏRİN əvvəllərində Braziliyada Padşahlıq işi nisbətən zəif gedirdi. Ancaq 1935-ci ildə Nataniel və Mod Yuil adlı öncüllər o vaxtlar təbliğ işinə rəhbərlik edən Cozef Ruterforda məktub yazdılar. Onlar yazırdılar ki, xidmət etməyə hazırdırlar, hara göndərsələr, canla-başla gedərlər.

Həmin vaxt 62 yaşı olan Nataniel inşaatçı-mühəndis idi, amma artıq təqaüdə çıxmışdı. O, ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Yehovanın Şahidlərinin yığıncağında xidmət rəhbəri idi. Orada təbliğ işini təşkil edir və müjdəni yaymaq üçün səsgücləndirici cihazlardan istifadə edirdi. Onu Braziliyaya filial xidmətçisi təyin etdilər. O cür geniş, çoxdilli bir ərazi üçün belə təcrübəli və fədakar qardaş göydəndüşmə oldu.

1936-cı ildə Nataniel və Mod həm öncül, həm də tərcüməçi olan Antonio Andrade ilə birlikdə Braziliyaya gəldilər. Onların yükü çox qiymətli idi — 35 fonoqraf və səsgücləndirici aparat qoşulmuş bir maşın. Ərazisinin böyüklüyünə görə dünyada beşinci yeri tutan Braziliyada həmin vaxt cəmi 60 təbliğçi var idi. Ancaq bu cihazların köməyilə bir neçə ilin içində onlar milyonlarla insana müjdəni çatdıra bildilər.

Nataniel və Modun gəlişindən bir ay sonra filial Braziliyada ilk xidməti toplantı * təşkil etdi. Toplantı San-Paulu şəhərində keçirildi. Səsgücləndirici qoşulmuş maşını işə salıb məruzəni elan etməyə başladılar. Görünür, maşını Mod sürürdü. Bu elanın sayəsində 110 nəfər toplantıda iştirak etdi. Toplantının proqramı təbliğçilərin şövqünü artırdı, onları daha çox xidmət etməyə təşviq etdi. Onlar nəşrlərlə, şahidlik üçün vərəqələrlə, həmçinin alman, ingilis, ispan, macar, polyak, sonralar isə portuqal dilində yazılmış vallarla təbliğ etməyi öyrəndilər.

Bu səsli maşının sayəsində Braziliyada milyonlarla insana müjdə çatdırılmışdı

San-Pauluda, Rio-de-Janeyroda və 1937-ci ildə Kuritibada keçirilən üç xidməti toplantı təbliğ işinə yeni nəfəs verdi. Səsgücləndirici qoşulmuş maşın toplantıya gələnləri ev-ev təbliğdə müşayiət edirdi. Həmin vaxt gənc oğlan olan Xose Maqlovski sonralar yazmışdı: «Biz Müqəddəs Kitaba əsaslanan nəşrləri piştaxtaya düzürdük, maşında səsləndirilən xəbər də hər tərəfə yayılırdı. Camaat nə baş verdiyini bilmək üçün evlərindən çıxanda biz onlarla danışırdıq».

Vəftiz olunanları çaylarda vəftiz edirdilər. Yaxınlıqda isə camaat özünü günə verirdi. Bu maşın şahidlik etməyə çox gözəl imkan yaradırdı. Səsgücləndiricilər Ruterford qardaşın vəftiz məruzəsini hər tərəfə yayırdı. Məruzə portuqal dilinə tərcümə olunurdu. Camaat maraq içində maşını əhatəyə alıb məruzəni dinləyirdi. Sonra polyakca Padşahlıq nəğmələri səsləndirilirdi. Vəftiz olunacaq kəsləri bu nəğmələrin sədası altında vəftiz edirdilər. Bacı-qardaşlar da eyni zamanda həmin nəğmələri müxtəlif dillərdə oxuyurdular. 1938-ci ilin «İllik fəaliyyət»ində deyilirdi: «Bu, adama Əllinci gün bayramında hər kəsin öz dilini eşitməsini xatırladırdı».

Toplantılardan sonra hər bazar günü, hava istər yağışlı olsun, istərsə də günəşli, parklarda, yaşayış yerlərində, San-Paulunun mərkəzində və yaxınlıqdakı şəhərlərdə yerləşən fabriklərdə maşından Müqəddəs Kitaba əsaslanan məruzələr səsləndirilirdi. San-Pauludan 97 kilometr şimal-qərbdə yerləşən cüzam dispanserindəki 3000 sakin üçün də bu maşından aylıq proqram səsləndirilirdi. Vaxt keçdikcə orada yığıncaq təşkil olundu. Əzablı xəstəliyə baxmayaraq, bu müjdəçilər digər cüzam dispanserinə Müqəddəs Kitabdan təsəlli xəbərini çatdırmaq üçün icazə aldılar.

Nəhayət, 1938-ci ilin axırında portuqal dilində də Padşahlıq mövzusunda vallar gəlib çıxdı. Ruhlar günü bayramında maşın qəbirstanlıqlarda «Ölülər haradadır?», «Yehova», «Var-dövlət» adlı yazıları səsləndirirdi. Bunun sayəsində qəbir üstünə gələn 40 000-dən çox adam bunlara qulaq asdı.

Müqəddəs Kitab həqiqətlərinin belə cəsarətlə bəyan edilməsi din xadimlərini hiddətləndirirdi. Onlar bu maşının səsini kəsmək üçün çox vaxt yerli hakim dairələrə təzyiq göstərirdilər. Yuil bacı xatırlayırdı ki, bir dəfə keşiş camaatı qızışdırıb maşının ətrafına yığmışdı. Lakin mer və polis işçiləri gəlib bütün proqrama qulaq asmışdı. Hələ bu azmış kimi, çıxıb gedəndə Müqəddəs Kitaba əsaslanan nəşrlər də götürmüşdü. Həmin gün qalmaqal olmadı. Bu cür təqiblərə baxmayaraq, 1940-cı ilin «İllik fəaliyyət»ində Braziliya haqqında deyilirdi ki, 1939-cu il Böyük Hökmdara xidmət etmək və Onun adını bəyan etmək üçün ən yaxşı vaxt idi.

«Gözətçi qülləsi səsli maşını»nın gəlişi Braziliyada təbliğ işində dönüş nöqtəsi oldu. Padşahlıq xəbərinin milyonlarla insana çatdırılmasında bu maşın böyük rol oynadı. Həmin məşhur maşın 1941-ci ildə satıldı. Ancaq təbliğ işi daha da geniş vüsət aldı. İndi yüz minlərlə Yehovanın Şahidi Braziliyanın geniş ərazisində Allahı axtaran insanlara müjdəni çatdırırlar. (Braziliyadakı arxivimizdən.)

[Haşiyə]

^ abz. 7 Bu toplantıların proqramına təbliğ xidməti də daxil idi.