Kontentə keç

Mündəricatı göstər

Qoyun Yehova sizi formalaşdırsın

Qoyun Yehova sizi formalaşdırsın

«Gil dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə beləsiniz, ey İsrail evi» (ƏRM. 18:6).

NƏĞMƏ: 60, 22

1, 2. Nəyə görə Dənyal Allahın gözündə istəkli bəndə idi və Dənyal kimi itaətkar olduğumuzu necə göstərə bilərik?

YƏHUDİLƏRİN sürgün olunduğu Babil şəhəri bütlərlə dolu idi, əhali pis ruhların təsiri altında yaşayırdı. Amma Yehova Allaha vəfalı yəhudilər, məsələn, Dənyal və onun üç dostu yol vermədi ki, Babil onları öz qəlibinə salsın (Dən. 1:6, 8, 12; 3:16—18). Onlar öz Dulusçuları Yehova Allaha axıra kimi sadiq qalmağa qəti qərarlı idilər və bu məqsədə nail oldular! Dənyal, demək olar ki, bütün ömrünü Babildə yaşasa da, Allaha sadiq qalmışdı. Buna görə də Allahın mələyi onu istəkli bəndə adlandırmışdı (Dən. 10:11, 19).

2 Qədimdə dulusçu gilə istədiyi şəkli vermək üçün onu yaxşı-yaxşı yoğururdu. Bu gün Yehova Allaha ibadət edən insanlar qəbul edir ki, O, Kainatın Hökmdarıdır və insanları, xalqları formalaşdırmağa, onlara şəkil verməyə ancaq Onun ixtiyarı çatır. (Ərəmya 18:6 ayəsini oxuyun.) Allahın şəxsən bizi də formalaşdırmağa haqqı var. Lakin O, bizim iradə azadlığımıza hörmət edir və istəyir ki, biz Ona könüllü şəkildə tabe olaq. Gəlin üç sahəni nəzərdən keçirək və görək Allahın əlində yumşaq gil olmaq üçün nə edə bilərik: 1) Bərk gil olmağa, yəni Allahın məsləhətini qəbul etməməyimizə səbəb olan amillərdən necə qaça bilərik? 2) Bizə yumşaq gil, yəni itaətkar bəndə olmağa kömək edən xüsusiyyətləri necə yetişdirə bilərik? 3) Məsihi valideynlər uşaqlarını formalaşdırarkən Allaha necə tabe ola bilərlər?

ÜRƏYİNİZİ SƏRTLƏŞDİRƏN XÜSUSİYYƏTLƏRDƏN QAÇIN

3. Ürəyimizi nələr sərtləşdirə bilər? Nümunə çəkin.

3 Məsəllər 4:23 ayəsində deyilir: «Hər şeydən çox ürəyini qoru, çünki həyat bulaqları ondan çıxır». Ürəyimizi nədən qorumalıyıq? Qürurdan, iman azlığından və günahdan. Çünki bunlar üsyankarlığa və itaətsizliyə gətirib çıxarır (Dən. 5:1, 20; İbr. 3:13, 18, 19). Yəhuda padşahı Üziyyə qürurlu insan idi. (2 Salnamələr 26:3—5, 16—21 ayələrini oxuyun.) Əvvəl-əvvəl o, «Yehovanın bəyəndiyi işləri görürdü» və Ona ibadət edirdi. Amma «güclənəndə qürurlandı», unutdu ki, ona bu qüdrəti verən Yehovadır. O hətta Yehovanın məbədində buxur yandırmaq fikrinə düşdü, halbuki bu, Harun övladlarının işi idi. Kahinlər ona mane olmaq istəyəndə isə bu qürurlu padşah onlara qəzəbləndi. Nəticədə Yehova Üziyyənin qürurunu sındırdı, onu cüzam xəstəliyinə düçar etdi. O, ömrünün axırına kimi cüzamlı qaldı (Məs. 16:18).

4, 5. Qürurun bizə üstün gəlməsinə yol versək, nə baş verə bilər? Nümunə çəkin.

4 Əgər ürəyimizi qürurdan qorumasaq, biz də özümüz barədə həddən artıq yüksək fikirdə olacağıq. Hətta vəziyyət o həddə çata bilər ki, Müqəddəs Kitabdan verilən məsləhəti rədd edə bilərik (Rom. 12:3; Məs. 29:1). Gəlin Cim adlı ağsaqqalın nümunəsinə diqqət yetirək. Yığıncaqla bağlı bir məsələdə onun digər ağsaqqallarla sözü çəp gəlmişdi. Cim deyir: «Mən onlara dedim ki, sizdə qardaşlıq məhəbbəti yoxdur və ağsaqqallar görüşündən yarımçıq çıxıb getdim». Altı ay sonra o, başqa yığıncağa keçdi, ancaq orada ağsaqqal təyin olunmadı. Qardaş əlavə edir: «Mən çox məyus olmuşdum. Öz gözümdə o dərəcədə saleh idim ki, həqiqəti tərk etdim». Cim düz on il ruhani cəhətdən ölü vəziyyətdə qaldı. O etiraf edir: «Özümü alçaldılmış hiss edirdim və olanlara görə Yehovanı günahlandırırdım. İllər ərzində qardaşlar mənə baş çəkir və söhbət etməyə çalışırdılar. Ancaq mən onların köməyini rədd edirdim».

5 Cimin başına gələnlər göstərir ki, hərəkətlərimizə bəraət qazandırmaq ürəyimizi sərtləşdirə bilər (Ərm. 17:9). Cim deyir: «Mən başqalarında ancaq səhv görürdüm». Bəs elə olubmu ki, yığıncaqda kimsə sizin xətrinizə dəysin? Ya da nə vaxtsa hansısa məsuliyyətinizi itirmisiniz? Həmin vaxt necə davranmısınız? Qürurun sizə üstün gəlməsinə yol vermisiniz, yoxsa sizin üçün ən vacibi həmimanlınızla aranızdakı sülhü qorumaq və Yehovaya sadiq qalmaq olub? (Zəbur 119:165; Koloslulara 3:13 ayələrini oxuyun.)

6. Günah işləmək nələrə gətirib çıxara bilər?

6 İstər gizlində, istərsə də açıq-aşkar günah işlətmək insanı Müqəddəs Kitabdan verilən məsləhətə qarşı laqeyd edə bilər. Vaxt keçdikcə günah işləmək adi hala çevriləcək. Bir qardaş deyir ki, etdiyi nalayiq hərəkətlərə bir müddətdən sonra artıq normal bir şey kimi baxırdı (Vaiz 8:11). Pornoqrafiyaya aludə olmuş bir qardaş isə bölüşür: «Gördüm ki, artıq ağsaqqallara tənqidi yanaşıram». Bu vərdiş onu ruhani cəhətdən yıxırdı. Qardaşın hərəkətinin üstü açılanda ona kömək göstərildi. Təbii ki, hər birimiz səhvlərə yol veririk. Ancaq Allahın əfvini və köməyini axtarmaq əvəzinə, başqalarına tənqidi yanaşırıqsa və hərəkətlərimizə bəraət qazandırırıqsa, deməli, ürəyimiz sərtləşməyə başlayıb.

7, 8. a) İsraillilərin hadisəsi iman azlığının təhlükəli olduğunu necə göstərir? b) Bundan özümüzə hansı dərsi götürürük?

7 İman azlığının ürəyi necə sərtləşdirdiyini Yehovanın Misirdən azad etdiyi israillilərin nümunəsindən görmək olar. İsraillilər Yehovanın onların uğrunda göstərdiyi möcüzələri öz gözləri ilə görmüşdülər. Bu möcüzələrin bəziləri adamı, sözün əsil mənasında, heyrətə gətirir! Lakin Vəd edilmiş diyara çataçatda israillilərin imanının az olduğu üzə çıxdı. Yehovaya etibar etmək əvəzinə, onlar qorxuya düşdülər və Musaya qarşı deyinməyə başladılar. Hətta Misirə, qul olduqları ölkəyə qayıtmaq istədilər! Onlar Yehova Allahı çox incitdilər, buna görə də Allah dedi: «Nə vaxta qədər bu adamlar Mənə hörmətsizlik edəcək?» (Say. 14:1—4, 11; Zəb. 78:40, 41). İnadkar və imansız olduğu üçün həmin nəsil ömrünün axırına kimi səhrada dolaşdı.

8 Vəd olunmuş Cənnətin astanasında olan bizlərin də imanı sınanır. Biz imanımızın nə vəziyyətdə olduğunu yoxlamalıyıq. Məsələn, gəlin yoxlayaq görək, İsa Məsihin Mətta 6:33 ayəsindəki sözlərinə necə münasibət göstəririk. Özünüzdən soruşun: «Məqsədlərim və qərarlarım İsanın bu sözlərinə inandığımı göstərir? Daha çox gəlir əldə etmək üçün yığıncaqları buraxmıram, təbliğ xidmətini təxirə salmıram? İş yerində təzyiqlə qarşılaşsam, necə davranacağam? Bu dünyanın məni formalaşdırmasına və Yehovadan uzaqlaşdırmasına imkan vermirəm?»

9. Nəyə görə iman yolunda olub-olmadığımızı yoxlamalıyıq və bunu necə edə bilərik?

9 Dostluq, yığıncaqdan kənarlaşdırılan adamla ünsiyyət və əyləncə məsələsində Müqəddəs Kitab prinsiplərinə ciddi yanaşmayan insanın ürəyi get-gedə sərtləşir. Bəs bu kimi problemləri özünüzdə görürsünüz? Əgər görürsünüzsə, onda dərhal imanınızı yoxlayın. Allahın Kəlamı bizə məsləhət görür: «İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın» (2 Kor. 13:5). Biz daima özümüzü Müqəddəs Kitabın köməyi ilə təhlil etməliyik.

YUMŞAQ GİL OLUN

10. Yumşaq gil olmağa bizə nə kömək edə bilər?

10 Dulusçu gili əzib yumşaltdığı kimi, Yehova da bizi Müqəddəs Kitab, təbliğ xidməti və yığıncaq görüşləri vasitəsilə «yumşaldır». Gilin yumşaq olmasında su da vacib rol oynayır. Hər gün Allahın Kəlamını oxuyub üzərində düşünmək bizi su kimi yumşaldır, onda Yehovaya bizə şəkil vermək asan olur. Qədimdə Yehova İsrail padşahlarına əmr etmişdi ki, onlar Qanunun surətini özləri üçün köçürsünlər və hər gün oxusunlar (Qan. 17:18, 19). Həvarilər Kəlamı oxumağın və onun üzərində düşünməyin onların xidməti üçün faydalı olduğunu başa düşürdülər. Onlar öz kitablarında İbranicə Müqəddəs Yazılardan dəfələrlə sitat gətirir, onlara istinad edirdilər. Bununla həvarilər təbliğ etdikləri adamları Müqəddəs Kitabı oxumağa və üzərində düşünməyə təşviq edirdilər (Həv. 17:11). Bu gün biz də Allahın Kəlamını hər gün oxumağın və dua edərək oxuduqlarımızın üzərində düşünməyin vacibliyini anlayırıq (1 Tim. 4:15). Bunun sayəsində biz həm Yehovanın qarşısında təvazökar qalacağıq, həm də Ona bizi formalaşdırmağa imkan verəcəyik.

Yehova Allah bizi müxtəlif yollarla formalaşdırır (10—13 abzaslara baxın)

11, 12. Yehova yığıncaq vasitəsilə bizi necə formalaşdırır? Nümunə çəkin.

11 Yehova yığıncaq vasitəsilə bizi formalaşdırır və bunu hər birimizin ehtiyacına uyğun şəkildə edir. Yuxarıda adı çəkilən Cim qardaşa bir ağsaqqal səmimi maraq göstərəndə onun münasibəti yavaş-yavaş dəyişməyə başladı. O deyir: «Qardaş bir dəfə də olsun məni nə günahlandırdı, nə də tənqid etdi. O, həmişə məni ruhlandırırdı və səmimi-qəlbdən kömək etmək istəyirdi». Təxminən üç ay sonra həmin ağsaqqal Cimi yığıncağa dəvət etdi. Cim xatırlayır: «Hamı məni çox gözəl qarşıladı. Bacı-qardaşların göstərdiyi məhəbbət həyatımı kökündən dəyişdi. Başa düşdüm ki, mənim hisslərim elə də böyük əhəmiyyət daşımır. Həmimanlılarımın və həmişə ruhən möhkəm qalan həyat yoldaşımın dəstəyi sayəsində ruhani cəhətdən ayağa qalxdım. Mənə həmçinin “Gözətçi qülləsi” jurnalının 1992-ci il 15 noyabr sayındakı “Yehova günahkar deyil” və “Yehovaya sadiq qalın” adlı məqalələrin də böyük köməyi dəydi».

12 Bir müddət sonra Cim yenidən ağsaqqal təyin olundu. O vaxtdan etibarən Cim oxşar vəziyyətə düşən qardaşlara bu problemi aşmağa və ruhani cəhətdən möhkəmlənməyə kömək edir. O deyir: «Əvvəllər düşünürdüm, Yehova ilə münasibətim o qədər möhkəmdir ki, onu heç nə sarsıda bilməz. Əslində isə vəziyyət tamam başqa cür idi. Qürur məni o vəziyyətə salmışdı ki, əsas şeyləri görmürdüm, yalnız insanların səhvlərinə fikir verirdim. Buna yol verdiyim üçün çox peşmanam» (1 Kor. 10:12).

13. Təbliğ işi bizdə hansı xüsusiyyətləri yetişdirir və bunun hansı faydası var?

13 Bizim formalaşmağımızda təbliğ işinin də böyük rolu var. Xoş xəbəri təbliğ etmək bizdə həlimlik və ruhun bəhrəsinə daxil olan xüsusiyyətləri yetişdirir (Qal. 5:22, 23). Bəs sizə təbliğ işi hansı xüsusiyyətləri yetişdirməyə kömək edib? Məsihi xüsusiyyətlərini təzahür edəndə biz xoş xəbəri bəzəmiş oluruq. Bu isə, öz növbəsində, bəzi insanların müjdəyə göstərdiyi münasibətə təsir edə bilər. Misal üçün, Avstraliyada iki Şahid təbliğ edərkən bir ev sakini onlarla kobud danışır. Buna baxmayaraq, onlar ona hörmətlə qulaq asırlar. Bir müddət sonra həmin qadın davranışına görə peşman olub filiala məktub yazır. Məktubda deyilir: «Özümü qürurlu apardığıma görə həmin səbirli və təvazökar insanlardan üzr istəyirəm. Allahın Kəlamını təbliğ edən bu insanlarla belə kobud danışdığım üçün çox peşmanam». Əgər Şahidlər az da olsa, qəzəblənsəydilər, sizcə, o qadın bu sözləri yazardı? Çətin ki. Gördüyümüz kimi, təbliğ xidməti həm bizə, həm də başqalarına fayda gətirir.

UŞAQLARINIZI TƏRBİYƏ EDƏRKƏN ALLAHA TABE OLUN

14. Uşağa yaxşı tərbiyə vermək istəyən valideyn nə etməlidir?

14 Əksər uşaqlar həlim və öyrənməyə meyilli olurlar (Mət. 18:1—4). Buna görə də hikmətli valideyn fürsətdən istifadə edib övladının zehninə və ürəyinə həqiqət toxumunu səpməli və ona qarşı məhəbbət aşılamalıdır (2 Tim. 3:14, 15). Bu işdə müvəffəqiyyət qazanmaq üçün valideyn ilk növbədə özü həqiqəti sevməli və Müqəddəs Kitabdakı məsləhətlərə əməl etməlidir. Onda uşağa da həqiqəti sevmək asan olacaq. Həmçinin o bu tərbiyəyə valideynin və Yehova Allahın məhəbbətinin təzahürü kimi baxacaq.

15, 16. Övladı yığıncaqdan kənar olunan valideynlər Yehovaya etibar etdiklərini necə göstərə bilərlər?

15 Həqiqətdə böyümələrinə baxmayaraq, bəzi uşaqlar sonradan həqiqəti tərk edir, ya da yığıncaqdan kənar olunurlar, bununla da valideynlərinin ürəyinə dağ çəkirlər. Cənubi Afrikada yaşayan bir bacı deyir: «Qardaşım yığıncaqdan kənar olunanda bizə elə gəlirdi ki, o ölüb. Bu bizim üçün böyük zərbə idi». Bəs bacı ilə valideynləri necə davrandı? Onlar Müqəddəs Kitabdakı göstərişə riayət etdilər. (1 Korinflilərə 5:11, 13 ayələrini oxuyun.) Valideynləri deyir: «Biz Müqəddəs Kitabdakı məsləhətə əməl etməyə qəti qərarlı idik, çünki orada deyilənlərə tabe olmağın həmişə yaxşı nəticə gətirdiyinə əmin idik. Biz yığıncaqdan kənaredilməyə Allahın verdiyi tərbiyə kimi baxırdıq. Əmin idik ki, Yehova məhəbbətdən irəli gələrək və lazımi ölçüdə tərbiyə edir. Buna görə də oğlumuzla yalnız mühüm ailə məsələləri ilə bağlı danışırdıq».

16 Bütün bunlar onların oğluna necə təsir etdi? O deyir: «Mən bilirdim ki, valideynlərim mənə nifrət etmir, sadəcə olaraq, onlar Yehovaya və Onun təşkilatına tabe olurlar». O əlavə edir: «Yığıncaqdan kənar olunan insanın köməyə və dəstəyə ehtiyacı olanda əli heç kimə çatmır. Kömək yeri yalnız Yehova olur». Bəli, hər işimizdə Allahı axtarsaq, nəticəsi həmişə yaxşı olacaq (Məs. 3:5, 6; 28:26).

17. Nəyə görə həyatımızın hər sahəsində Yehova Allaha tabe olmalıyıq və bunun hansı faydası var?

17 Əşiya peyğəmbər yazmışdı ki, Babildə əsir olan yəhudilər bir gün tövbə edərək deyəcəklər: «Ey Yehova, Atamız Sənsən, biz gilik, Sənsə dulusçumuz, biz Sənin əllərinin işiyik». Sonra yalvarıb əfv diləyəcəklər: «Təqsirimizi daima yadında saxlama. Nə olar, bizə nəzər sal, axı biz Sənin xalqınıq» (Əşy. 64:8, 9). Biz də təvazökar olub həyatımızın hər sahəsində Yehova Allaha boyun əysək, Dənyal kimi Onun istəkli bəndəsi olacağıq. Həmçinin Yehova Öz Kəlamı, müqəddəs ruhu və təşkilatı vasitəsilə bizi formalaşdırmağa davam edəcək və bunun sayəsində, gün gələcək, Onun kamil övladları olacağıq (Rom. 8:21).