Kontentə keç

Mündəricatı göstər

Yehovanın süfrəsindəki hər təamı dadın

Yehovanın süfrəsindəki hər təamı dadın

«Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm» (ƏŞY. 48:17).

NƏĞMƏ: 117, 114

1, 2. a) Yehovanın Şahidləri Müqəddəs Kitaba necə yanaşırlar? b) Müqəddəs Kitabın hansı hissəsini daha çox xoşlayırsınız?

YEHOVANIN ŞAHİDLƏRİ Müqəddəs Kitabı çox sevir. Orada insana düzgün yolda yeriməyə kömək edən öyüd-nəsihətlər yazılıb. Bu kitab bizə təsəlli və ümid verir (Rom. 15:4). Biz Müqəddəs Kitaba insan fikirlərinin qələmə alındığı bir kitab kimi yox, «əslində, necə var elə, Allahın sözü kimi» baxırıq (1 Salon. 2:13).

2 Hər birimizin Müqəddəs Kitabda sevdiyimiz parça var. Bəziləri Müjdələri sevir. Bu kitablarda Məsihin timsalında Yehovanın xüsusiyyətləri tam dolğunluğu ilə təsvir olunub (Yəh. 14:9). Bir başqaları Müqəddəs Kitabın peyğəmbərliklərdən ibarət bölmələrini, məsələn, «tezliklə baş verəcək» hadisələrin təsvir olunduğu «Vəhy» kitabını xoşlayır (Vəhy 1:1). Bəs kim «Zəbur» kitabını oxuyanda təsəlli tapmayıb və ya «Məsəllər» kitabındakı öyüd-nəsihətin faydasını görməyib? Həqiqətən də, Müqəddəs Kitab hər kəs üçün yazılıb.

3, 4. a) Nəşrlərimizə necə yanaşırıq? b) Müəyyən qrup insanlar üçün nəzərdə tutulan hansı nəşrlərimiz var?

3 Biz Müqəddəs Kitabı sevdiyimiz üçün Müqəddəs Kitaba əsaslanan nəşrləri də sevirik. Kitablar, broşürlər, jurnallar və digər ədəbiyyatlar şəklində aldığımız ruhani qidanı qiymətləndiririk. Biz bilirik ki, bu ruhani təamların mənbəyi Yehovadır və bunlar bizə ruhən oyaq qalmağa, bəslənməyə və imanda möhkəm olmağa kömək edir (Tit. 2:2).

4 Bir çox nəşrlər ümumilikdə bütün Yehovanın Şahidləri üçündür. Lakin bəzi nəşrlər müəyyən qrup insanlar nəzərdə tutularaq yazılır. Çap şəklində və veb-saytda çıxan materialların çoxu Yehovanın Şahidi olmayan kəslər üçün hazırlanır. Ruhani qidanın bolluğu bizə xatırladır ki, Yehova vədinə sadiq qalaraq yağlı xörəklərdən ziyafət qurur (Əşy. 25:6).

5. Yehova nəyi qiymətləndirir?

5 Yəqin çoxumuz arzulayırıq ki, kaş Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumaq üçün daha çox vaxtımız olardı. Əmin ola bilərik ki, vaxtın qədrini bilib Müqəddəs Kitabı müntəzəm oxuyanda, mütaliə ilə məşğul olanda Yehova məmnun qalır (Efes. 5:15, 16). Sözün açığı, aldığımız hər nəşri öyrənməyə eyni dərəcədə vaxt sərf edə bilmirik. Lakin biz özümüzü bir təhlükədən qorumalıyıq. Bu təhlükə elə də aydın sezilmir. Gəlin görək bu nə təhlükədir.

6. Necə ola bilər ki, Yehovanın bəzi təamlarından faydalanmarıq?

6 Əgər ehtiyatlı olmasaq, müəyyən ruhani təamların bizə aid olmadığını düşünüb, onun faydasını əldən verə bilərik. Məsələn, bizə elə gələ bilər ki, Müqəddəs Kitabın hansısa parçasının bizim vəziyyətimizlə heç bir əlaqəsi yoxdur. Yaxud əgər müəyyən nəşr hansısa təbəqə insanlara ünvanlanıbsa və biz həmin təbəqəyə aid deyiliksə, onda elə ola bilər ki, biz həmin məlumatı ya üzdən oxuyarıq, ya da ümumiyyətlə oxumarıq. Belə olan halda biz özümüzü böyük bir faydadan məhrum edərik. Bu tələyə düşməmək üçün hər şeydən əvvəl yadda saxlamalıyıq ki, aldığımız ruhani təamların Mənbəyi Allahdır. O, Əşiya peyğəmbər vasitəsilə demişdi: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm» (Əşy. 48:17). Bu məqalədə Müqəddəs Kitabın bütün hissələrindən və ruhani qidanın bütün növlərindən faydalanmağa kömək edəcək üç məsləhəti nəzərdən keçirəcəyik.

MÜQƏDDƏS KİTABI OXUMAĞA DAİR MƏSLƏHƏTLƏR

7. Nəyə görə Müqəddəs Kitabı oxuyanda geniş düşünməliyik?

7 Geniş düşünün. Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, oradakı «hər kəlmə Allahdandır» (2 Tim. 3:16). Düzdür, Müqəddəs Kitabın bəzi hissələri ilk olaraq hansısa bir kəsə və ya müəyyən qrup insanlara ünvanlanmışdı. Buna görə də Müqəddəs Yazıları oxuyanda geniş düşüncəli olmalıyıq. Bir qardaş deyir: «Mən Müqəddəs Kitabı oxuyanda həmişə düşünürəm ki, bu parçadan bir neçə şey öyrənmək olar. Bu fikir məni oxuduğumun dərinliyinə varmağa təşviq edir». Allahın Kəlamını oxumazdan əvvəl dua edib Yehovadan xahiş etməliyik ki, geniş düşünməyə bizə kömək etsin və bizə hikmət versin ki, Onun bizə başa salmaq istədiyi şeyi öyrənək (Üzr. 7:10; Yaqub 1:5 ayəsini oxuyun).

Müqəddəs Kitabı oxuyarkən dərinliyə varmağa çalışırsınız? (7-ci abzasa baxın)

8, 9. a) Müqəddəs Kitabı oxuyarkən özümüzə hansı sualları verməliyik? b) Ağsaqqallar üçün yazılan tələblər bizə Yehova barədə nə deyir?

8 Suallar verin. Müqəddəs Kitabdan hansısa parçanı oxuyanda bir anlıq dayanıb özünüzə növbəti sualları verin: «Bu ayələr Yehova barədə nə deyir? Bu məlumatı özümə necə tətbiq edə bilərəm? Buradan öyrəndiklərimlə başqalarına necə kömək edə bilərəm?» Bu kimi sualların üzərində düşünəndə oxuduğumuz parçadan daha çox fayda əldə edəcəyik. Məsələn, gəlin Müqəddəs Yazılarda ağsaqqallar üçün yazılan tələblər barədə düşünək. (1 Timutiyə 3:2—7 ayələrini oxuyun.) Əksəriyyətimiz ağsaqqal kimi xidmət etmirik, buna görə də ilk əvvəl elə fikirləşə bilərik ki, bu parçanın bizə aidiyyəti yoxdur. Ancaq növbəti sualların üzərində düşünsək, görəcəyik ki, bu tələblər hamımıza çoxlu fayda gətirə bilər.

9 Bu ayələr Yehova barədə nə deyir? Yehova bu tələbləri irəli sürərək göstərir ki, məsul şəxs kimi xidmət edənlərdən yüksək normalara cavab verməyi tələb edir. O, onlardan yığıncağa yaxşı nümunə qoymağı gözləyir. Onlar «Allahın Öz Oğlunun qanı bahasına aldığı» yığıncaqla etdikləri rəftara görə Allahın qarşısında məsuliyyət daşıyırlar (Həv. 20:28). Yehova istəyir ki, biz ağsaqqalların qayğısını hiss edib əmin-amanlıqda yaşayaq (Əşy. 32:1, 2). Bu nöqteyi-nəzərdən baxanda Müqəddəs Kitabda ağsaqqallar üçün yazılan tələblərdən görürük ki, Yehova nə qədər bizim qayğımıza qalır.

10, 11. a) Ağsaqqallar üçün olan tələbləri oxuyanda bunu özümüzə necə tətbiq edə bilərik? b) Bu məlumatdan istifadə edərək başqalarına necə kömək edə bilərik?

10 Bu məlumatı özümə necə tətbiq edə bilərəm? Vaxtaşırı olaraq, məsul qardaşlar bu tələblərə uyğun gəlib-gəlmədiklərini yoxlamalı, hansı sahədə yaxşılaşmalı olduqlarını müəyyən etməlidirlər. «Nəzarətçi olmağa can atan» qardaşlar da bu tələblərə diqqət yetirməlidirlər. Onlar bacardıqları qədər çalışmalıdırlar ki, bu tələblərə cavab versinlər (1 Tim. 3:1). Əslində, hər məsihi bu ayələrdə yazılan tələblərdən özünə çox şey götürə bilər, çünki bu tələblərdən əksəriyyətinə cavab verməyi Yehova bütün məsihilərdən gözləyir. Məsələn, hamımız dərrakəli və sağlamdüşüncəli olmalıyıq (Filip. 4:5; 1 But. 4:7). Ağsaqqallar sürüyə nümunə olanda biz onlardan çox şey öyrənirik və imanlarını örnək götürürük (1 But. 5:3; İbr. 13:7).

11 Buradan öyrəndiklərimlə başqalarına necə kömək edə bilərəm? Nəzarətçilər üçün olan tələbləri maraqlanan, yaxud Müqəddəs Kitabı öyrənən insanlara göstərərək onlara Yehovanın Şahidlərinin ağsaqqalları ilə Xristian dininin ruhaniləri arasındakı fərqi başa sala bilərik. Həmçinin bu tələbləri oxuyanda yığıncağımızdakı ağsaqqalların bizim üçün çəkdikləri zəhməti yada sala bilərik. Onların əməyi barədə düşünəndə aramızda «zəhmət çəkənlərə» hörmətimiz artır (1 Salon. 5:12). Bu zəhmətkeş nəzarətçilərə nə qədər çox hörmət göstərsək, onların sevincini bir o qədər artırarıq (İbr. 13:17).

12, 13. a) Əlimizdə olan vəsaitlərdən istifadə edərək necə axtarış apara bilərik? b) Əlavə məlumatın sayəsində Müqəddəs Kitab parçasının dərinliyinə necə vara bilərik? Nümunə çəkin.

12 Araşdırma aparın. Əlinizdə olan vəsaitlərdən istifadə edərək növbəti sualların cavabını axtara bilərsiniz:

  • Müqəddəs Yazıların bu hissəsini kim yazıb?

  • Bu hissə harada və nə vaxt yazılıb?

  • Müqəddəs Yazıların müəyyən bölməsi yazılarkən hansı mühüm hadisələr baş verib?

Bu qəbildən olan məlumatın sayəsində biz Müqəddəs Kitabdan hansısa bir parçanı oxuyarkən ilk baxışdan aydın görünməyən şeylər öyrənəcəyik.

13 Məsələn, götürək Hizqiyal 14:13, 14 ayələrini. Orada yazılıb: «Əgər hansısa ölkə xəyanət edib Mənə qarşı günah etsə, əlimi ona qarşı qaldırıb ərzaq ehtiyatını məhv edəcəyəm, üstünə aclıq göndərəcəyəm. Ölkədə nə bir adam qalacaq, nə də bir heyvan. “Hətta bu üç nəfər — Nuh, Dənyal və Əyyub da orada olsaydı, onlar salehlikləri sayəsində yalnız öz canlarını qurtara bilərdilər”, — Külli-İxtiyar Yehova belə bəyan edir». Araşdırma aparanda məlum olur ki, Hizqiyal kitabının bu hissəsi təxminən e. ə. 612-ci ildə qələmə alınıb. Həmin vaxt Nuh və Əyyub artıq neçə əsr idi ki ölmüşdü. Yehova onların sədaqətini unutmamışdı. Lakin Dənyal sağ idi. Yehova Dənyalın Nuh və Əyyub kimi saleh olduğunu deyəndə Dənyal haradasa iyirmi yaşlarında idi. Bundan nə öyrənirik? Yehova bütün sadiq xidmətçilərinin, eləcə də cavanların nöqsansızlığını görür və dəyərləndirir (Zəb. 148:12—14).

ZƏNGİN RUHANİ TƏAMLARDAN FAYDALANIN

14. Gənclər üçün tərtib olunan nəşrlər onlara necə kömək edir və bu nəşrlər başqalarına necə fayda gətirir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

14 Allahın Kəlamının hər bir parçasının bizə faydası olduğu kimi, bütün ruhani təamların da bizə faydası var. Bir neçə nümunəyə baxaq. Gənclər üçün nəşrlər. Son illər gənclər üçün çoxlu nəşrlər dərc olunub. [1] Bu materialların bəziləri onlara məktəbdə üzləşdikləri və digər çətinliklərə sinə gərməyə kömək etmək üçün nəzərdə tutulub. Bəs bu nəşrlərin hamımıza hansı faydası var? Bu nəşrləri oxuyanda sadiq gənclərin hansı çətinliklərlə üzləşdiyini başa düşürük. Bunun sayəsində isə onlara daha yaxşı kömək edə, onları ruhlandıra bilərik.

15. Nəyə görə yaşca böyük məsihilər də gənclər üçün olan nəşrləri oxumalıdır?

15 Gənclər üçün olan nəşrlərdə danışılan problemlərin çoxu yalnız gənclərə aid deyil. Hər birimiz imanımızı müdafiə etməli, hisslərimizi cilovlamalı, yaşıdlarımızın təzyiqinə qarşı durmalı, pis dostluqdan və əyləncədən uzaq durmalıyıq. Yeniyetmələr üçün olan nəşrlərdə bu və digər mövzulardan söz açılır. Yaşca böyük məsihi düşünməməlidir ki, bu nəşrləri oxumaq ona yaraşmaz. Bu nəşrlər gənclərin üslubunda yazılsa da, oradakı məlumat hər zaman qüvvədə olan Müqəddəs Kitab prinsiplərinə əsaslanıb. Bu ruhani təamlardan hər birimiz fayda əldə edə bilərik.

16. Nəşrlərimiz gənclərə daha necə kömək edir?

16 Nəşrlərimiz gənclərə problemlərin öhdəsindən gəlməyə kömək etməklə yanaşı, onlara ruhən böyüməyə və Yehova ilə sıx münasibət qurmağa kömək edir. (Vaiz 12:1, 13 ayələrini oxuyun.) Yaşca böyük məsihilər bundan da yararlana bilərlər. Məsələn, «Oyanın!» jurnalının 2009-cu il aprel sayında «Gənclərin sualları. Müqəddəs Kitabı oxumağı necə maraqlı edim?» adlı məqalə (rus.) yer almışdı. Məqalədə bir neçə məsləhət, həmçinin çərçivə var idi. Həmin çərçivəni kəsib Müqəddəs Kitabın içində saxlamaq və mütaliə edən zaman baxmaq olardı. Yaşca böyüklər də bu məqalədən yararlanır. 24 yaşlı bir ana yazmışdı: «Müqəddəs Kitabı oxumaq həmişə mənim üçün problem olub. Ancaq bu məqalədəki məsləhətlərə riayət edirəm. Bu çərçivəni də kəsib saxlamışam və hər dəfə oxuyanda bu çərçivəyə baxıram. İndi Müqəddəs Kitabı həvəslə oxuyuram. Müqəddəs Kitabın bölmələrinin bir-biri ilə necə həmahəng olduğunu, birlikdə necə gözəl bir rəsm əsəri yaratdığını görürəm. Müqəddəs Kitabı oxumaq hələ heç vaxt mənə belə maraqlı gəlməyib».

17, 18. Yehovanın Şahidi olmayan insanlar üçün nəzərdə tutulan nəşrləri oxumaq nəyə görə faydalıdır? Nümunə çəkin.

17 Yehovanın Şahidi olmayanlar üçün nəşrlər. 2008-ci ildən «Gözətçi qülləsi»nin təlim nəşri dərc olunur. Bu nəşr əsas etibarilə Yehovanın Şahidləri üçün nəzərdə tutulub. Ancaq Yehovanın Şahidi olmayan insanlar üçün nəzərdə tutulan jurnallarımız da var. Bu nəşrləri oxumağın da bizə faydası var. Bir nümunəyə baxaq. Tutaq ki, bir gün yığıncaqda məruzədən əvvəl görürsünüz ki, dəvət etdiyiniz adam ibadət evinə gəlib. Çox sevinirsiniz. Qardaş çıxış etdikcə həmin adam haqda düşünürsünüz. Bu məruzəyə həmin adamın mövqeyindən qulaq asırsınız. Nəticədə, mövzu sizin üçün daha da dəyərli olur.

18 Yehovanın Şahidi olmayanlar üçün nəzərdə tutulan nəşrləri oxuyanda da eyni şey baş verə bilər. Misal üçün, «Gözətçi qülləsi»nin kütləvi nəşrində Müqəddəs Kitaba əsaslanan mövzular elə yazılıb ki, Yehovanın Şahidi olmayan oxucu onları başa düşə bilsin. Saytımızda çıxan bir çox məqalələr də, məsələn, «Müqəddəs Yazılara aid suallara cavab» və «Tez-tez verilən suallar» bölməsindəki məqalələr bu qəbildəndir. Bu məlumatları oxuyanda bizə tanış olan həqiqətləri daha dərindən başa düşürük. Üstəlik, xidmətdə öz etiqadlarımızı izah etmək üçün təzə üsullar öyrənirik. Buna bənzər tərzdə, «Oyanın!» jurnalı da bizim Allahın mövcudluğuna olan əminliyimizi daima möhkəmləndirir və bizə imanımızı müdafiə etməyi öyrədir. (1 Butrus 3:15 ayəsini oxuyun.)

19. Yehovaya verdiyi təamlara görə minnətdarlığımızı necə göstərə bilərik?

19 Yehova ruhani tələbatımızı təmin etmək üçün bizə bol-bol təamlar verir (Mət. 5:3). Gəlin bundan sonra da Yehovanın süfrəsindəki bütün təamları dadaq. Belə etməklə bizim xeyrimizə bizi öyrədən Allaha minnətdarlığımızı göstərəcəyik (Əşy. 48:17).

^ [1] (14-cü abzas) Bu nəşrlərə «Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1», eləcə də hazırda yalnız İnternet səhifəmizdə yerləşdirilən «Gənclərin sualları» rubrikası daxildir.