«Ekstremal idman növləri» Həyatınızı riskə atmağa dəyər?
Müqəddəs Kitabın baxışı
«Ekstremal idman növləri» Həyatınızı riskə atmağa dəyər?
«GETDİKCƏ DAHA ÇOX İNSAN İZLƏYİCİ MÖVQEYİNİ TƏRK EDİB ÖZÜ TƏYYARƏDƏN PARAŞÜTLƏ TULLANIR, KƏNDİRLƏ DAĞA DIRMAŞIR, ŞƏLALƏDƏ QAYIQLA ÜZÜR, KÖPƏKBALIQLARININ OLDUĞU SULARDA ÜZÜR» («WILLOW GLEN RESIDENT» QƏZETİ).
BU sözlər idman sahəsində getdikcə vüsət alan bir meyli təsvir edir. Hazırda təhlükəli idman növləri çox populyardır *. İnsanlar velosipedlə, xizəklə, skeytbordla ən dik yamacları, ən hündür qayaları fəth etməyə, ən uzun məsafəyə tullanmağa çalışırlar. Bəli, bu insanlar həyatları ilə oynayırlar. Bir jurnalda deyildiyi kimi, ekstremal idman növlərinin populyarlığının getdikcə artması göstərir ki, istər həvəskar olsun, istərsə də peşəkar idmançı, milyonlarla insan ən təhlükəli, ən çətin şeylərə əl atmağa hazırdır ki, təki qorxularına üstün gəlsin, daha çox həyəcan yaşaya bilsin» («Time»).
Lakin bu idman növlərinin populyarlığı artdıqca, adi idman növlərini də təhlükəli şəkildə icra etdikcə xəsarət alan insanların da sayı artır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında idman zamanı xəsarət alaraq təcili yardıma müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artmışdı, məsələn, skeytbord sürənlər 33 faiz, snoubord sürənlər 31 faiz, dağa dırmaşanlar isə əvvəlki illərdən 20 faiz çox olmuşdu. Digər idman növlərinin isə nəticəsi daha da faciəvi olur. Belə ki, ekstremal idman ucbatından ölüm hallarının sayı getdikcə artır. Bu idman növlərinin tərəfdarları onların təhlükələrindən xəbərdardırlar. Məsələn, ekstremal xizəkçi olan bir qadın demişdi: «Mən daima ölümlə üz-üzəyəm». Bir professional snoubordçu isə demişdi: «Əgər zədələnmirsənsə, deməli, var gücünlə çalışmırsan».
Bütün bunları nəzərə alsaq, məsihi bu kimi idman növləri ilə məşğul ola bilər? Müqəddəs Kitab bu məsələdə qərar verməyə necə kömək edə bilər? Allahın həyata baxışını nəzərdən keçirsək, bu suallara cavab tapacağıq.
Allahın həyata baxışı
Müqəddəs Kitabda deyilir ki, Yehova həyat mənbəyidir (Zəbur 36:9). O, insanları yaradıb. Üstəlik, bizə həyatdan zövq almaq üçün hər şey verib (Zəbur 139:14; Həvarilərin işləri 14:16, 17; 17:24—28). Buna görə də istəyir ki, bizə bəxş etdiyi həyatın qədrini bilək. Bunu İsrail xalqına verdiyi qanun və prinsiplərdən görürük.
Tövratda tələb olunurdu ki, hər kəs başqalarının həyatını qorumaq üçün lazımi addımlar atsın. Bunu etmədiyi üçün kiminsə ölümünə bais olan adam qan tökməkdə günahkar sayılırdı. Məsələn, o vaxtlar evlərin damı düz olurdu. Ev tikdirən adam damın kənarlarına məhəccər çəkməli idi. Əks halda, evinin damından kimsə yıxılıb ölsəydi, qanı onun boynunda qalacaqdı (Qanunun təkrarı 22:8). Yaxud götürək başqa bir vəziyyəti. Öküz gözlənilmədən kimisə vurub öldürsəydi, öküzün yiyəsi günahkar olmayacaqdı. Yox əgər öküzün vurağan olduğu məlum idisə və yiyəsi bu barədə xəbərdar edilmişdisə, amma yenə də öküzü bağlı saxlamamışdısa, o zaman adam öldürən öküzün sahibi günahkar sayılırdı və öldürülməli idi (Çıxış 21:28, 29). Həyat Yehovanın gözündə qiymətlidir, buna görə də Tövratda həyatı qorumaqla bağlı çoxlu qanunlar var.
Allahın sadiq xidmətçiləri başa düşürdülər ki, hətta konkret qanun olmayanda belə, nə özlərinin, nə də başqalarının həyatını təhlükəyə atmamalıdırlar. Məsələn, bir dəfə Davud padşah demişdi: «Kaş Beytləhm darvazasının yanındakı hovuzun suyundan olaydı, içəydim!» Həmin vaxt Beytləhm filiştlilərin əlində idi. Davudun bu arzusunu eşidən üç döyüşçü filiştlilərin ordugahına girmiş, Beytləhmdəki hovuzdan su çəkib Davuda gətirmişdilər. Davud isə suyu içməmişdi. Onu yerə töküb demişdi: «Allahıma ağır gedər! Bunu edə bilmərəm! Su gətirmək üçün həyatlarını oda atan bu adamların qanını necə içim? Axı onlar bu suyu gətirmək üçün canlarını təhlükəyə atıblar» (1 Salnamələr 11:17—19). Davudun nəzərində sadəcə istəyini yerinə yetirmək üçün həyatı təhlükəyə atmaq ağlasığmaz hərəkət idi.
İsa Məsih də eyni cür düşünürdü. Bir dəfə, çox ehtimal, görüntüdə İblis ona dedi ki, özünü məbədin ən hündür yerindən atsın, görsün mələklər onu qoruyacaq. Ancaq İsa ona dedi: «Allahın Yehovanı sınağa çəkmə» (Mətta 4:5—7). Bəli, Davud da, İsa da başa düşürdü ki, həyatı təhlükəyə atmaq Allahın gözündə günahdır.
Ola bilsin, düşünürsünüz: «Yaxşı bəs necə müəyyən edim ki, hansı idman ekstremal, yaxud təhlükəlidir?» İndiki zəmanədə hətta ən adi, öz-özlüyündə təhlükəli olmayan əyləncə növünü də təhlükəli idman növünə çevirə bilərlər. Belə olan halda necə bilmək olar ki, nə məqbuldur, nə yox?
Həyatını təhlükəyə atmağa dəyər?
Əgər hansısa idman növü ilə məşğul olmaq istəyiriksə, gərək özümüzlə dürüst olaq. Bu, qərar verməyə kömək edəcək. Məsələn, özümüzə bu sualları verə bilərik: «Bu idmandan nə qədər adam zədələnir? Bəs xəsarət almamaq üçün mən təlim almışam, yaxud da qoruyucu vasitələrim var? Yıxılsam, düz tullanmasam, yaxud da qoruyucu vasitələrim işə düşməsə, nəticə necə olacaq? Xırda zədə alacağam, yoxsa böyük xəsarət almaq, hətta ölmək ehtimalım var?»
Əgər məsihi təhlükəli idman növləri ilə məşğul olmağa davam edirsə, Yehova ilə münasibətləri pozulacaq, həmçinin yığıncaqda məsuliyyətlər almağa yararlı olmayacaq (1 Timutiyə 3:2, 8—10; 4:12; Titusa 2:6—8). Aydındır ki, hətta əylənəndə də məsihilər Yaradanın fikrini nəzərə almalı, unutmamalıdırlar ki, həyat Onun gözündə müqəddəsdir.
[Haşiyə]
^ Bəzi idman növlərində binalardan, körpülərdən, uçurumdan paraşütlə tullanırlar. Bu elə təhlükəli hesab olunur ki, hətta Amerika Birləşmiş Ştatlarında Milli Park xidməti tərəfindən qadağan olunub.