Allahın nəzəri üstümüzdədir
İNSAN YARADILIŞI
Körpənin dünyaya göz açdığı ilk 60 dəqiqə onun həyatının həlledici məqamıdır. Bu vaxt ərzində yenicə doğulmuş körpəsi ilə təmas quran ana onun böyüməsinə və inkişafına güclü təkan verir *.
Bəs ananı yenicə doğulmuş körpəsini əzizləməyə nə sövq edir? Professor Jenet Krenşou bir jurnalda qeyd edir ki, oksitosin hormonunun yüksək səviyyəsi «doğuşdan sonra ananın körpəsinə toxunması, gözünü ona dikməsi və əmizdirməsi zamanı onda analıq hissini oyadır». Bu zaman hasil olan başqa bir hormon isə «ana ilə körpə arasında ünsiyyətin yaranmasına kömək edir» və onlar arasında bağlılığı gücləndirir («The Journal of Perinatal Education»). Bu məlumat bizə nə deyir?
Ana ilə körpə arasında sıx bağlılıq mehriban Yaradanımız Yehova * Allahın nemətidir. Davud peyğəmbər demişdi ki, onu anasının bətnindən çıxaran və ana qucağında ona dinclik verən Allah-Taaladır. O, Allaha duasında demişdi: «Doğulduğum andan Sənin əllərindəyəm, anamın bətnindən Allahım Sənsən» (Zəbur 22:9, 10).
DÜŞÜNÜN: Ananın körpəsinə daim diqqət göstərməsini və onun ehtiyaclarını qarşılamasını mümkün edən mürəkkəb bir sistemin Yaradanı məgər Öz bəndələrinə biganə yanaşar? (Həvarilərin işləri 17:29).
MÜQƏDDƏS KİTAB NƏ DEYİR?
Allahın dərgahından enmiş və Allahı hamıdan yaxşı tanıyan İsa peyğəmbər yer üzündə olarkən demişdi: «Məgər iki sərçəni bir qara qəpiyə satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür. Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb. Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz» (Mətta 10:29—31).
Tək-tük insan tapılar ki, gördüyü hər kiçik quşa nəzər salsın, qaldı ki onlardan birinin yerə düşdüyündən xəbəri olsun. Amma onların heç biri Uca Xaliqimizin nəzərindən yayınmır. Bununla belə, hətta saysız-hesabsız quşlar belə, Allahın gözündə bir insan qədər dəyərli ola bilməz. «Buna görə də qorxmayın», Allahın nəzəri daim üzərinizdədir. Siz Onun üçün çox əzizsiniz!
Allah bəndələri ilə yaxından maraqlanır və nəzəri daim onların üzərindədir
Müqəddəs Kitabdan seçilmiş ayələr
-
«Yehovanın gözləri hər yerə baxır, pisi də, yaxşını da görür» (MƏSƏLLƏR 15:3).
-
«Yehovanın gözü salehlərin üzərindədir, qulağı onların yalvarışını eşidir» (ZƏBUR 34:15).
-
«Sənin məhəbbətində hədsiz sevinc tapacağam, çünki əzab-əziyyətimi gördün, qəlbimdəki dərdi bilirsən» (ZƏBUR 31:7).
«YEHOVANIN MƏNİ SEVMƏDİYİNİ DÜŞÜNDÜYÜM ANLAR ÇOX OLUB»
Allah bəndələri ilə yaxından maraqlanır və nəzəri daim onların üzərindədir. Bunu bilmək bizim üçün nəyə görə vacibdir? İngiltərədən olan Hanna * bunun səbəbini belə izah edir:
«Yehovanın məni sevmədiyini düşündüyüm anlar çox olub. Mənə elə gəlirdi, O, dualarımı eşitmir. Fikirləşirdim, buna səbəb imanımın azlığıdır. Elə bilirdim, Allahın cəzasına düçar olmuşam, ya da O, mənim kimi dəyərsiz insana məhəl qoymur. Allah məndən üz döndərib».
İndi isə Hanna Yehovanın ona nəzər yetirdiyinə, onu sevdiyinə zərrə qədər də şübhə etmir. Bəs onun düşüncələrini nə dəyişdi? O deyir: «Bu, tədricən baş verdi. İllər əvvəl İsa Məsihin ölümü ilə bağlı Müqəddəs Kitaba əsaslanan bir məruzə dinləmişdim. Bu məruzə mənə güclü təsir bağışlamışdı, yenidən məni Yehovanın sevgisinə əmin etmişdi. Hər dəfə dualarıma cavab alanda göz yaşlarımı saxlaya bilmirdim. Bir daha əmin olurdum ki, Yehova məni çox sevir. Həmçinin Müqəddəs Kitabdan oxuduqlarım, ibadət görüşlərində eşitdiklərim sayəsində Yehova Allahı daha yaxşı tanıdım, Onun necə Allah olduğunu, bizə necə yanaşdığını başa düşdüm. İndi Yehovanın hər birimizə dayaq olduğunu, bizi sevdiyini və ayrı-ayrılıqda hər birimizi düşündüyünü açıq-aşkar görürəm».
Çox təsirli sözlərdir. Bəs Allahın bizi başa düşdüyünə, hisslərimizə biganə yanaşmadığına necə əmin ola bilərik? Növbəti məqalə bu suala aydınlıq gətirəcək.
^ abz. 3 Postnatal depressiyadan (doğuşdan sonrakı depressiya) əziyyət çəkən bəzi analar öz körpələrinə bağlana bilmir. Amma buna görə onlar özlərini qınamamalıdır. ABŞ Milli Psixi Sağlamlıq İnstitutunun məlumatına əsasən, postnatal depressiya «çox ehtimal ki, fiziki və mənəvi faktorların birgə təsirindən yaranır,.. bu, ananın etdiyi və ya etmədiyi şeylərin nəticəsində baş vermir». Bu mövzu ilə bağlı ətraflı məlumat üçün «Oyanın!» jurnalının 2003-cü il 8 iyun sayının «Diaqnoz: doğuşdan sonrakı depressiya» adlı məqaləsinə (rus.) baxın.
^ abz. 5 Müqəddəs Kitaba əsasən, Allahın adı (Zəbur 83:18).
^ abz. 15 Bu silsilə məqalələrdəki bəzi adlar şərtidir.