Kontentə keç

Mündəricatı göstər

Biz Yehovaya məxsusuq

Biz Yehovaya məxsusuq

«Allahı Yehova olan xalq nə bəxtiyardır! Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!» (ZƏB. 33:12).

NƏĞMƏ: 40, 50

1. Nə üçün deyə bilərik ki, hər şey Yehovaya məxsusdur? (Məqalənin əvvəlindəki şəklə baxın.)

HƏR ŞEY Yehova məxsusdur! «Göylər, göylərin göyləri, yer və yerdə olan hər şey» Allahımız Yehovaya məxsusdur! (Qan. 10:14; Vəhy 4:11). Bəli, bütün bəşəriyyəti Yehova yaradıb, odur ki, hamı Ona məxsusdur (Zəb. 100:3). Bununla belə, Yehova tarix boyu müəyyən qrup insanları Özünün məxsusi xalqı kimi seçib.

2. Müqəddəs Kitabda kimlərin Yehovanın məxsusi xalqı olduğu deyilir?

2 Misal üçün, Zəbur 135-ci məzmurda qədim İsraildə Yehovaya sədaqətlə xidmət edənlərin Onun «xüsusi mülkü» olduğu deyilir (Zəb. 135:4). Huşə kitabında isə peyğəmbərlik olunmuşdu ki, israilli olmayanlardan da bəziləri Yehovanın xalqı olacaq (Huşə 2:23). Bu peyğəmbərlik Yehova İsanın gələcək hakimiyyət şəriklərinin sırasına qeyri-yəhudiləri də daxil etməyə başladığı zaman yerinə yetdi (Həv. 10:45; Rom. 9:23—26). Müqəddəs ruhla məsh edilən və göydə yaşamaq üçün seçilən bu insanlar «müqəddəs xalq» adlanır. Onlar Yehovanın «məxsusi ümməti»dir (1 But. 2:9, 10). Bəs yer üzündə yaşamaq ümidi olan sadiq məsihilər barədə nə demək olar? Yehova onları da «xalqım» və «seçilmişlərim» adlandırır (Əşy. 65:22).

3. a) Bu gün kimlərin Yehova Allahla xüsusi münasibətləri var? b) Bu məqalədə söhbət nədən gedəcək?

3 Bu gün göylərdə yaşamaq ümidinə malik «kiçik sürü» və yer üzündə yaşamaq ümidinə malik «başqa qoyunlar» «bir sürüdə» birləşib, Yehovaya bir xalq kimi ibadət edir (Luka 12:32; Yəh. 10:16). Sözsüz, Onunla xüsusi münasibətlərimizin olmasına izin verdiyi üçün Allahımız Yehovaya hədsiz minnətdarlığımızı bildirmək istəyərdik. Gəlin bir neçə sahəyə nəzər salaq və görək bu sahələrdə Yehovaya minnətdarlığımızı necə göstərə bilərik.

HƏYATIMIZI YEHOVAYA HƏSR EDİRİK

4. Onunla xüsusi münasibətlərimizin olmasına izin verdiyi üçün Yehovaya minnətdarlığımızı bildirməyin bir yolu hansıdır və İsa Məsih bunu necə etmişdi?

4 Özümüzü bütünlüklə Yehovaya həsr etməklə Ona minnətdarlığımızı göstəririk. Suda vəftiz olunmaqla biz insanların qarşısında rəsmi şəkildə bəyan edirik ki, artıq bizim Sahibimiz Yehovadır və könül xoşluğu ilə Ona itaət edəcəyik (İbr. 12:9). İsa Məsih də öz vəftizi ilə bunu göstərmişdi. Dünyaya gəldiyi gündən Allaha həsr olunmuş xalqın üzvü olsa da, o, özünü Yehovanın iradəsini yerinə yetirməyə həsr etdi. Bununla o, sanki Yehovaya növbəti sözləri dedi: «Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram» (Zəb. 40:7, 8).

5, 6. a) İsa Məsih vəftiz olan zaman Yehova hansı sözləri demişdi? b) Hər şey Ona məxsus olduğu halda, nəyə görə Yehova özümüzü Ona həsr etməyimizi qiymətləndirir? Nümunə çəkin.

5 İsa Məsih vəftiz olanda Yehova hansı sözləri demişdi? Müqəddəs Kitabda yazılıb: «İsa vəftiz olan kimi sudan çıxdı. Birdən göylər açıldı, Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir. Bu zaman göydən bir səs gəldi: “Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam”» (Mət. 3:16, 17). Düzdür, İsa Məsih onsuz da səmavi Atasına məxsus idi, bununla belə, Oğlunun könül xoşluğu ilə bütün həyatını Ona həsr etdiyini görmək Yehova üçün çox xoş idi. Eynilə, Yehova bizim də həsrolunmamızı dəyərləndirir, üstəlik, bizə nemətlər bəxş edəcəyini vəd edir (Zəb. 149:4).

6 Hər şey Ona məxsus olduğu halda, nəyə görə Yehova özümüzü Ona həsr etməyimizi qiymətləndirir? Gəlin buna bir nümunə əsasında baxaq. Bir kişinin gözəl gül bağçası olur. Günlərin bir günü balaca qızı güllərdən birini dərib atasına bağışlayır. Qız onsuz da atasına məxsus olan bu gülü ona necə hədiyyə edə bilər axı? Ata bu haqda heç düşünmür də. Əksinə, qızından hədiyyə almaq onun üçün çox xoşdur. Axı bu, qızının ona olan sevgisindən xəbər verir. Sözsüz ki, bu bir gül ata üçün bağdakı bütün güllərdən daha dəyərlidir. Eynilə, Yehova da həyatımızı bütünlüklə Ona həsr etməyimizi çox qiymətləndirir (Çıx. 34:14).

7. Məlaki peyğəmbər Yehovanın Ona canla-başla xidmət edənlərə bəslədiyi hisslər barədə nə yazır?

7 Məlaki 3:16 ayəsini oxuyun. Əgər özünüzü Yehovaya həsr edib vəftiz olmamısınızsa, bu addımın vacibliyi barədə düşünün. Sözsüz ki, hər kəs var olan andan Yehovaya məxsusdur. Amma Yehovanı Hökmdarınız olaraq qəbul edib özünüzü Ona həsr edən zaman Onun nə qədər şad olacağını bir təsəvvür edin (Məs. 23:15). Nəzərə alın ki, Yehova Ona cani-dildən xidmət edənləri tanıyır və onların adlarını Öz «xatirə kitabı»na yazır.

8, 9. Yehova adları «xatirə kitabı»nda yazılan şəxslərdən nə tələb edir?

8 Adımızın Yehovanın «xatirə kitabı»nda yazılması üzərimizə müəyyən öhdəçilik qoyur. Məlaki peyğəmbər qeyd edir ki, biz Yehovadan qorxmalı və Onun adını düşünməliyik. Lakin Yehovadan başqa bir kəsə və ya bir şeyə ibadət edəriksə, adımız Onun simvolik xatirə kitabından silinəcək (Çıx. 32:33; Zəb. 69:28).

9 Nəticə etibarilə, bizim Yehovaya həsr olunmağımız təntənəli vəddən və suda vəftiz olunmaqdan daha çox şeyi ehtiva edir. Bunlar həyatda cəmi bir dəfə olan şeylərdir və tezliklə keçmişdə qalır. Lakin Yehovaya ibadət bizim həyat yolumuz olmalıdır. Həm indi, həm gələcəkdə, bir sözlə, nə qədər ki yaşayırıq, bizim həyat tərzimizdən Yehovaya tabe olduğumuz görünməlidir (1 But. 4:1, 2).

DÜNYAYA XAS İSTƏKLƏRİ RƏDD EDİRİK

10. Yehovaya itaət edənlərlə etməyənlər arasında hansı fərq aydın görünməlidir?

10 Öncəki məqalədə Qabil, Süleyman peyğəmbər və israillilərdən danışdıq. Onların hamısı Yehovaya ibadət etdiklərini iddia etsələr də, Ona tam sədaqət göstərmirdilər. Bu nümunələr aydın göstərir ki, Yehovaya məxsus olan kəs salehliyin tərəfində durmalı və pislikdən uzaq olmalıdır (Rom. 12:9). Odur ki, Məlaki peyğəmbərin «xatirə kitabı» barədə yazdıqlarından sonra Yehovanın növbəti sözləri qələmə alınıb. Yehova deyir ki, «saleh adamla şər adam arasında, Allaha qulluq edənlə etməyən arasında» fərq aydın görünməlidir (Məl. 3:18).

11. Nə üçün özümüzü bütünlüklə Yehovaya həsr etdiyimiz aydın görməlidir?

11 Bizi Öz xalqının arasında olmaq şərəfinə layiq bildiyi üçün Yehovaya minnətdarlığımızı bildirməyin başqa bir yolu da var: ruhani inkişafımız hamı tərəfindən aydın görünməlidir (1 Tim. 4:15; Mət. 5:16). Özünüzə sual verin: «Mənim Yehovaya tam sədaqət göstərdiyim kənardan aydın görünür? Yehovanın Şahidi olduğumu söyləmək üçün fürsət axtarıram?» Seçdiyi şəxsin başqalarının qarşısında Ona məxsus olduğunu deməkdən utanması Yehovaya çox ağır gedər (Zəb. 119:46; Mark 8:38 ayəsini oxuyun).

Yehovanın Şahidi olduğunuz həyat tərzinizdən aydın görünür? (12, 13-cü abzaslara baxın)

12, 13. Hansı davranışlarına görə bəzilərinin Yehovanın Şahidi olduğunu demək çətindir?

12 Əfsuslar olsun ki, bəzi məsihilər Yehovaya qulluq etməyən insanlardan elə də fərqlənmir, onlar «dünyanın ruhu»nu əks etdirirlər (1 Kor. 2:12). Bu ruh insanları cismani istəklərinin dalınca düşməyə sövq edir (Efes. 2:3). Misal üçün, bu qədər məsləhətlərin verilməsinə baxmayaraq, bəziləri hələ də geyim-kecim məsələsində abır-həyanı gözləmir. Onlar dar və açıq-saçıq paltarlar geyinirlər. Hətta ibadət görüşlərinə də belə gəlirlər. Yaxud da əcaib saç kəsimləri və saç düzümləri edirlər (1 Tim. 2:9, 10). Nəticədə, ictimaiyyət arasında onların Yehovaya məxsus olduqlarını, yaxud dünya ilə dostluq etdiklərini müəyyən etmək çətin olur (Yaq. 4:4).

13 Bəzi Yehovanın Şahidlərinin dünyadan tamamilə uzaq durmadığı başqa sahələrdə də aydın görünür. Onların şənlik məclislərində necə rəqs etməsi, özlərini aparmaq tərzi heç də məsihilərə yaraşmır. Bu bacı-qardaşların sosial şəbəkələrdə paylaşdıqları şəkillər və yazdıqları şərhlər onların cismani düşüncəli insan olduğundan xəbər verir. Düzdür, bu hərəkətlər ciddi günah deyil ki, yığıncaqda cəza alsınlar, amma bununla onlar nümunəvi davranmağa çalışan məsihi həmyaşıdlarına mənfi təsir göstərə bilərlər. (1 Butrus 2:11, 12 ayələrini oxuyun.)

Bütünlüklə Yehovanın tərəfini tutmayan insanların sizə mənfi təsir göstərməsinə yol verməyin

14. Yehova ilə dostluq münasibətlərimizi qorumaq üçün bizdən nə tələb olunur?

14 Bu dünyadakı hər şey insanları diqqətlərini cismin istəyinə, gözlərin istəyinə və varın nümayişə qoyulmasına yönəltməyə sövq edir (1 Yəh. 2:16). Lakin biz Yehovaya məxsus olduğumuz üçün «allahsızlığı və bu dünyaya xas istəkləri rədd edib bu zəmanədə sağlam düşüncə ilə, salehlik və möminliklə» həyat sürməliyik (Tit. 2:12). Danışığımızdan, davranışımızdan, yeməyimizdən, içməyimizdən, geyimimizdən, xarici görünüşümüzdən, işə münasibətimizdən, ümumiyyətlə, bütün həyat tərzimizdən aydın görünməlidir ki, biz həyatımızı tamamilə Yehovaya həsr etmişik. (1 Korinflilərə 10:31, 32 ayələrini oxuyun.)

BİR-BİRİMİZİ HƏRARƏTLƏ SEVİRİK

15. Nə üçün dindaşlarımıza qarşı mehriban və məhəbbətli olmalıyıq?

15 Yehova ilə münasibətlərimizin bizim üçün nə qədər dəyərli olduğunu göstərməyin bir yolu da var. Bu, dindaşlarımıza qarşı münasibətimizdir. Onlar da Yehovaya məxsusdurlar. Əgər bu faktı heç vaxt unutmasaq, bacı-qardaşlarımızla həmişə mehriban davranacaq və onlara məhəbbət bəsləyəcəyik (1 Salon. 5:15). İsa Məsih davamçılarına demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35).

16. Musanın qanunundan Yehovanın xalqına bəslədiyi hisslər barədə nə öyrənirik?

16 Bir-birimizə qarşı necə davranmalı olduğumuzu anlamaq üçün gəlin bir nümunəyə nəzər salaq. Yehovanın məbədindəki əşyalar məxsusi olaraq pak ibadət üçün ayrılmışdı. Musanın qanunda bu əşyaların istifadəsi ilə bağlı təfsilatı ilə göstərişlər verilmişdi. Bu göstərişlərə əməl etməyən hər bir kəs öldürülməli idi (Say. 1:50, 51). Əgər insanların ibadətdə istifadə olunan bu cansız əşyalara münasibəti Yehova üçün bu qədər vacib idisə, görün Özünü Ona həsr etmiş sədaqətli xidmətçilərinə göstərilən münasibət Yehova üçün nə qədər önəmlidir! Xalqının Yehova üçün nə qədər dəyərli olduğu Onun növbəti sözlərindən görünür: «Sizə toxunan Mənim göz bəbəyimə toxunur» (Zək. 2:8).

17. Yehova nəyə «diqqətlə qulaq asır»?

17 Məlaki peyğəmbər qeyd edir ki, Yehova xalqının bir-biri ilə necə danışdığına «diqqətlə qulaq asır» (Məl. 3:16). Bəli, «Yehova Ona məxsus olanları tanıyır» (2 Tim. 2:19). O, dediyimiz hər sözdən, etdiyimiz hər şeydən agahdır (İbr. 4:13). Dindaşlarımızla xoş davranmayanda Yehova bunu görür. Eləcə də, onlara qarşı qonaqpərvər, əliaçıq, bağışlayan və mehriban davrandığımız zaman bunun Yehovanın gözündən yayınmadığına əmin ola bilərik (İbr. 13:16; 1 But. 4:8, 9).

«YEHOVA XALQINI ATMAZ»

18. Bizi xalqının bir üzvü olmaq şərəfinə layiq bildiyi üçün Yehovaya minnətdarlığımızı necə göstərə bilərik?

18 Bizi xalqının bir üzvü olmaq şərəfinə layiq bildiyi üçün, əlbəttə ki, Yehovaya minnətdarlığımızı göstərmək istəyirik. Həyatımızı Ona həsr edərək Ona məxsus olduğumuzu göstərməyimiz verə biləcəyimiz ən hikmətli qərardır. «Bu pozğun və əxlaqsız nəslin içində» yaşasaq da, insanların bizim «ləkəsiz və məsum olub» «nur kimi» parladığımızı görmələrini istəyirik (Filip. 2:15). Biz Yehovanın nifrət etdiyi hər bir şeydən uzaq durmağa qəti qərarlıyıq (Yaq. 4:7). Dindaşlarımızın Yehovaya məxsus olduğunu nəzərə alaraq, onlara məhəbbət və hörmət göstəririk (Rom. 12:10).

19. Yehova Ona məxsus olanları necə mükafatlandırır?

19 Müqəddəs Kitabda belə bir vəd var: «Yehova xalqını atmaz» (Zəb. 94:14). Başımıza nə gəlirsə-gəlsin, bu vəd Yehovanın bizi tərk etməyəcəyinə zəmanətdir. Hətta ölsək belə, Yehovanın bizə məhəbbəti soyumayacaq (Rom. 8:38, 39). «Yaşayırıqsa, Yehova üçün yaşayırıq, ölürüksə, Yehova üçün ölürük. Bəli, yaşasaq da, ölsək də, Yehovaya məxsusuq» (Rom. 14:8). Yehovanın bütün əziz bəndələrini həyata qaytaracağı günü səbirsizliklə gözləyirik (Mət. 22:32). O, günü bu gün də bizə bol-bol nemətlər bəxş edir. Həqiqətən də, «Allahı Yehova olan xalq nə bəxtiyardır! Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!» (Zəb. 33:12).