Kontentə keç

Mündəricatı göstər

Kim Yehovanın tərəfindədir?

Kim Yehovanın tərəfindədir?

«Siz Allahınız Yehovadan qorxmalı, Ona qulluq etməli, Ona bağlanmalısınız» (QAN. 10:20).

NƏĞMƏ: 28, 32

1, 2. a) Yehovanın tərəfində olmaq nə üçün hikmətli addımdır? b) Bu məqalədə söhbət nədən gedəcək?

YEHOVAYA bağlanmaq ağıllı hərəkətdir. Yehova hər kəsdən qüdrətli, hikmətli və məhəbbətlidir! Onun tərəfində olmağı kim istəməz ki?! (Zəb. 96:4—6). Bununla belə, Allahın bəzi xidmətçiləri müəyyən vəziyyətlərdə Yehovanın tərəfini tutmamışdılar.

2 Bu məqalədə Yehovanın tərəfində olduğunu iddia edib, Onun nifrət etdiyi işlər görən bəzi insanlar barədə danışacağıq. Onların hadisələrindən Yehovaya tam sadiq qalmaqla bağlı vacib dərslər öyrənəcəyik.

YEHOVA ÜRƏKLƏRİ ARAŞDIRIR

3. Yehova Qabilə nə üçün danışdı və ona nə dedi?

3 Gəlin Qabillə baş verənlərə xatırlayaq. O, Yehovadan başqa heç bir allaha ibadət etmirdi. Bununla belə, onun ibadəti Yehovaya məqbul deyildi. Yehova onun ürəyində pis fikirlərin baş qaldırdığını görürdü (1 Yəh. 3:12). Buna görə də O, Qabilə demişdi: «Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan? Ancaq belə etməsən, onda bil ki, yolunun üstündə günah pusqu qurub, o, səni ələ keçirmək istəyir. İndi nə edəcəksən, ona üstün gələcəksən?» (Yar. 4:6, 7). Yehova, sanki Qabilə belə deyirdi: «Əgər tövbə edib mənim tərəfimi tutsan, Mən də sənin tərəfində olaram».

4. Yehovanın tərəfində olmaq imkanı olsa da, Qabil nə etdi?

4 Qabil düşüncə tərzini dəyişsə idi, Yehova onun ibadətini qəbul edərdi. Amma o, məsləhətə qulaq asmadı. Yanlış düşüncəsi və xudbinliyi onu yanlış hərəkətə sövq etdi (Yaq. 1:14, 15). Gənc yaşlarında bəlkə o, heç ağlına da gətirməzdi ki, nə vaxtsa Yehovaya qarşı çıxacaq. Amma sonralar o, ağlasığmaz bir iş tutdu — Yehovanın xəbərdarlığına məhəl qoymayıb doğma qardaşını öldürdü!

5. Hansı düşüncə tərzi bizi Yehovanın lütfündən məhrum edə bilər?

5 Bu gün də aramızda Allaha ibadət edə-edə yanlış yolla gedənlər ola bilər (Yhd. 11). Məsələn, ola bilsin, hansısa məsihi yığıncaqlara müntəzəm gəlir, təbliğ xidmətində fəal iştirak edir, lakin eyni zamanda əxlaqsız fantaziyaların, tamahın və dindaşına qarşı nifrət hissinin düşüncəsinə hakim olmasına yol verir (1 Yəh. 2:15—17; 3:15). Bütün bunlar isə günah işləməyə gətirib çıxara bilər. Bəlkə də, ətrafdakı insanlar bizim düşüncə və davranışımızdan xəbərsizdirlər. Lakin Yehova hər şeyi görür və bütün ürəyimizlə Onun tərəfini tutub-tutmadığımızı bilir. (Ərəmya 17:9, 10 ayələrini oxuyun.)

6. Yehova günahlı meyillərimizə üstün gəlməyə necə kömək edir?

6 Bununla belə, Yehova dərhal üstümüzdən xətt çəkmir. Görəndə ki, xidmətçiləri səhv yoldadır onlara deyir: «Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» (Məl. 3:7). Xüsusilə də hansısa zəifliklərimizlə mübarizə aparan zaman Yehova bizim pisliyə müqavimət göstərməyimizi istəyir (Əşy. 55:7). Belə etsək, Yehova da bizə tərəf dönəcək, günahlı meyillərə qalib gələ bilməyimiz üçün bizə ruhani, mənəvi və fiziki cəhətdən dayaq olacaq (Yar. 4:7).

«ALDANMAYIN!»

7. Süleyman peyğəmbər Yehova ilə münasibətlərini necə korladı?

7 Süleyman peyğəmbərin hadisəsindən də çox şey öyrənirik. Cavanlığında o, məsləhət üçün Yehovaya üz tutardı. Yehova ona böyük hikmət verdi, üstəlik, Yerusəlimdə möhtəşəm bir məbəd tikməyi ona həvalə etdi. Bununla belə, Süleyman Yehova ilə dostluq münasibətlərini itirdi (1 Pad. 3:12; 11:1, 2). Allahın Qanununda aydın yazılmışdı: «Padşah çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər» (Qan. 17:17). Süleyman bu qanuna əməl etmədi və özünə 700 arvad aldı. Üstəlik, evinə 300 cariyə gətirdi (1 Pad. 11:3). Arvadlarının çoxu israilli deyildi və onlar saxta allahlara ibadət edirdilər. Beləliklə, Süleyman həmçinin Allahın başqa millətdən arvad almamaqla bağlı verdiyi qanunu da pozdu (Qan. 7:3, 4).

8. Süleyman peyğəmbər Yehovaya qarşı nə dərəcədə ağır günahlar etdi?

8 Süleyman peyğəmbərin Yehovanın tələblərindən tədricən uzaqlaşması onun ciddi günahlar işləməsinə gətirib çıxardı. O, bütpərəstlərin allahı Əşturətə və Kəmuşa səcdəgahlar tikdi. Özü də düz Yehovaya məbəd ucaltdığı Yerusəlimlə üzbəüz dağda! (1 Pad. 11:5—8; 2 Pad. 23:13). Süleyman arvadlarına qoşulub bütlərə sitayiş edirdi. Bəlkə də, o, özünü inandırmışdı ki, Yehovanın məbədində qurbanlar gətirməyə davam etsə, Yehova onun itaətsizliyinə göz yumacaq.

9. Süleyman peyğəmbərin Yehovanın xəbərdarlıqlarına qulaq asmaması nə ilə nəticələndi?

9 Lakin Yehova heç vaxt günaha göz yummur. Müqəddəs Kitabda deyilir: «Yehova Süleymana qəzəbləndi, çünki onun ürəyi... Yehovadan uzaqlaşmışdı. O Allahdan ki, iki dəfə ona görünüb, başqa allahların dalınca getməməyi əmr etmişdi. Ancaq Süleyman Yehovanın əmrinə tabe olmadı». Buna görə də o, Yehovanın lütfünü və dəstəyini itirdi. Nəticədə, bir də heç vaxt Süleymanın xələflərinə bütün İsrail üzərində padşahlıq etmək nəsib olmadı və sonrakı nəsillərinin başına böyük bəlalar gəldi (1 Pad. 11:9—13).

10. Yehova ilə münasibətlərimizi nə korlaya bilər?

10 Süleyman peyğəmbərin hadisəsindən gördüyümüz kimi, Yehovanın qanunlarını dərk etməyən və onlara hörmət etməyən insanlarla dostluq ruhaniliyimiz üçün ən böyük təhlükələrdən biridir. Bu, ola bilsin, yığıncaqda olub, amma ruhani cəhətdən zəif olan insanlardır, yaxud da Yehovaya ibadət etməyən qohumlarımız, qonşularımız, məktəb və iş yoldaşlarımızdır. Hər kim olsa da, əgər oturub-durduğumuz kəslər Yehovanın qanunlarına ehtiramla yanaşmırsa, onlar yavaş-yavaş bizim də Yehova ilə münasibətlərimizi korlaya bilər.

Oturub-durduğunuz insanlar Yehova ilə münasibətlərinizə necə təsir edir? (11-ci abzasa baxın)

11. İnsanın bizim üçün pis dost olduğunu necə müəyyən edə bilərik?

11 1 Korinflilərə 15:33 ayəsini oxuyun. Demək olar ki, çox insanda hansısa gözəl xüsusiyyətlər var və Yehovaya ibadət etməyən bir çoxları heç də pis əməl sahibləri deyil. Çox güman ki, sizin də bu cür tanışlarınız var. Bəs bu, o deməkdirmi ki, onlarla oturub-durmağınızda pis heç nə yoxdur? Onların Yehova ilə münasibətlərinizə təsiri barədə düşünün. Həmin şəxslər Yehova ilə dostluğunuzu möhkəmləndirməyə kömək edir? Onların fikri-zikri nədədir? Misal üçün, onların söhbətləri ancaq geyim-kecim, pul, ən son texnika, əyləncə, yaxud da digər maddi şeylərdən ibarət deyil ki? Onlar bütün günü onun-bunun dalınca danışmırlar ki? Ədəbsiz zarafatlar etməyi xoşlayırlar? İsa Məsih demişdi: «İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mət. 12:34). Dost-tanışlarınızın Yehova ilə münasibətlərinizə pis təsir etdiyini hiss edirsinizsə, qəti addım atıb onlarla münasibətlərinizə sərhəd qoyun, hətta lazım gələrsə, əlaqəni kəsin (Məs. 13:20).

YEHOVA TAM SƏDAQƏT TƏLƏB EDİR

12. a) Misirdən çıxandan qısa müddət sonra Yehova israillilərə nə deyir? b) İsraillilər Yehovanın sədaqətlə bağlı tələbinə necə yanaşır?

12 İsraillilərin Misirdən çıxmasından qısa müddət sonra baş verənlərdən də çox şey öyrənə bilərik. Camaat Sina dağının önündə toplaşan zaman Yehova iştirakını onlara möhtəşəm şəkildə əyan edir. Qeyri-adi qara bulud peyda olur. Göy guruldayır, ildırım çaxır, tüstü ətrafı bürüyür, get-gedə güclənən şeypur səsinə bənzər bir səs eşidilir (Çıx. 19:16—19). Bu zaman Yehova xalqa müraciət edib deyir: «Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham». Yehova xalqı əmin edir ki, Onu sevib, əmrlərinə əməl edənlərə məhəbbət göstərəcək. (Çıxış 20:1—6 ayələrini oxuyun.) Başqa sözlə, Yehova onlara belə deyir: «Əgər mənim tərəfimi tutsanız, Mən də sizin tərəfinizdə olacağam». Həmin vaxt bu sözləri eşidən xalqın arasında olsaydınız, yəqin siz də, bütün israillilər kimi «Yehovanın bizə söylədiyi hər şeyə əməl etməyə hazırıq» deyərdiniz (Çıx. 24:3). Lakin çox keçməmiş baş verən bir hadisə zamanı israillilərin sədaqəti sınanır.

13. Hansı vəziyyət israillilərin sədaqətini sınağa çəkdi?

13 Qara bulud, göy gurultusu və Yehovanın göstərdiyi digər əsrarəngiz əlamətlər israilliləri vahiməyə salır. Buna görə də camaat Musa peyğəmbərdən xahiş edir ki, Yehova ilə o danışsın. Beləcə, peyğəmbər Sina dağına qalxır (Çıx. 20:18—21). O, dağda uzun müddət qalır. İsraillilər indi səhrada başçısız qalmışdılar? Görünür, xalqın imanı Musa peyğəmbərin onların arasında olmasına bağlı idi. Əl-ayağa düşən xalq Haruna deyir: «Bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik» (Çıx. 32:1, 2).

14. İsraillilər hansı fikirlə özlərini aldadırdılar və Yehova buna necə yanaşdı?

14 Xalq bilirdi ki, bütpərəstlik Yehovaya qarşı ciddi günahdır (Çıx. 20:3—5). Bunu bilə-bilə onlar qızıl danaya sitayiş etdilər! Açıq-aşkar itaətsizlik etmələrinə rəğmən israillilər hələ də Yehovanın tərəfində olduqlarını düşünürdülər. Hətta Harun da danaya olunan sitayişi «Yehovaya həsr olunmuş bayram» adlandırmışdı! Yehova buna necə yanaşdı? O, bunu xəyanət olaraq qəbul etdi. Yehova Musaya belə dedi: «Bu xalq rəzillik edir. Buyurduğum yoldan yaman tez döndülər». Buna görə də Yehova «od püskürən» qəzəbiylə yeni yaranmış İsrail xalqını yox etmək istəyir (Çıx. 32:5—10).

15, 16. Musa peyğəmbər və Harun bütünlüklə Yehovanın tərəfində olduğunu necə göstərdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

15 Lakin Yehova mərhəmətli Allahdır. O, İsrail xalqını məhv etmir. Əksinə, sədaqətli olanlara Onun tərəfini tutmaq imkanı verir (Çıx. 32:14). Musa peyğəmbər xalqın qızıl dananın qarşısında mahnı oxuyub rəqs etdiyini görəndə bütü əzib toza döndərir. Sonra deyir: «Kim Yehovanın tərəfindədir yanıma gəlsin!» Bu çağırışa cavab olaraq «bütün lavililər onun ətrafına» toplaşır (Çıx. 32:17—20, 26).

16 Büt düzəltməsinə baxmayaraq, Harun sonradan peşman olur və lavililərlə birgə Yehovanın tərəfini tutur. Yehovaya sadiq olan bu insanlar Onun tərəfini tutmaqla günahkarları dəstəkləmədiklərini göstərdilər. Bu, çox ağıllı hərəkət idi, çünki həmin gün minlərlə insan bütə sitayiş etdiyinə görə həyatını itirir. Lakin Yehovanın tərəfində olanlar sağ qalır. Yehova onları mübarək qılacağına söz verir (Çıx. 32:27—29).

17. Həvari Bulusun qızıl dana ilə bağlı yazdıqlarından nə öyrənirik?

17 Həvari Bulus qızıl dana ilə bağlı hadisəni xatırladaraq növbəti xəbərdarlığı vermişdi: «Bütün bunlar bizə ibrət olmalıdır ki,.. onlardan bəziləri kimi, bütpərəst olmayaq». «[Bu nümunələr] bu dövrün sonunda yaşayan bizlər üçün xəbərdarlıq məqsədilə yazılıb. Buna görə də möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın» (1 Kor. 10:6, 7, 11, 12). Həvari Bulusun sözlərindən görmək olar ki, hətta Yehovaya ibadət edən insanlar da, Onun bəyənmədiyi işləri görməkdən sığortalanmayıb. Nəfsinə uyan kəslər hətta elə düşünə bilərlər ki, Yehova ilə hələ də yaxşı münasibətləri var. Lakin insanın Yehovanın dostu olmaq istəməsi və ya Ona sadiq olduğunu deməsi hələ o demək deyil ki, Allah ondan razıdır (1 Kor. 10:1—5).

18. Nələr bizi Yehovadan uzaqlaşdıra bilər və bu, nə ilə nəticələnir?

18 İsraillilər Musa peyğəmbərin onların gözlədiyi vaxt Sina dağından enmədiyini görəndə təşvişə düşdükləri kimi, bu gün də məsihilər Yehovanın hökm gününün gecikdiyini düşünüb əndişələnə bilər. Onlara elə gələ bilər ki, bu vədlərin gerçəkləşməsinə hələ çox var və ya onların həyata keçməsi imkansızdır. Ehtiyatlı olmasa, bu kimi düşüncələr məsihini Yehovanın iradəsini arxa plana qoyub öz istəklərinin dalınca qaçmasına gətirib çıxara bilər. Nəticədə, belə insan yavaş-yavaş Yehovadan uzaqlaşaraq, ruhən möhkəm olan vaxt ağlına belə gətirmədiyi işlərlə məşğul ola bilər.

19. Nəyi yadda saxlamalıyıq və nə üçün?

19 Yehovanın Ona hər sahədə itaət etməyimizi və Ona tamamilə sadiq qalmağımızı tələb etdiyini əsla unutmamalıyıq (Çıx. 20:5). Yehovaya ibadətdən az da olsa yayınmaqla Şeytanın məqsədinə qulluq etmiş olacağıq, bu isə bizim zərərimizədir. Odur ki, həvari Bulusun sözlərinə diqqət yetirməliyik: «Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz. Siz həm “Yehovanın süfrəsindən”, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz» (1 Kor. 10:21).

YEHOVAYA BAĞLANIN!

20. Doğru yoldan sapanda Yehova bizə necə kömək edir?

20 Qabilin, Süleymanın və Sina dağındakı israillilərin tövbə edib yollarından dönmək imkanı var idi (Həv. 3:19). Gördüyümüz kimi, Yehova doğru yoldan sapan insanların üstündən xətt çəkməyə tələsmir. Məsələn, O, Harunu bağışladı. Bu gün də Yehova Müqəddəs Kitab, ona əsaslanmış nəşrlər, dindaşlarımızın məsləhəti vasitəsilə bizi səhv yoldan çəkindirir. Bu xəbərdarlıqlara qulaq asarıqsa, Allahımızın bizə mərhəmət göstərəcəyinə əmin ola bilərik.

21. Yehovaya sədaqətimiz sınananda nəyə əzmli olmalıyıq?

21 Yehova bizə hədər yerə lütf göstərmir (2 Kor. 6:1). Bu lütf bizə «allahsızlığı və bu dünyaya xas istəkləri» rədd etmək imkanı verir. (Titusa 2:11—14 ayələrini oxuyun.) Nə qədər ki bu zəmanədə yaşayırıq, Yehovaya sədaqətimizi sınayan vəziyyətlərlə üzləşəcəyik. Gəlin tamamilə Yehovanın tərəfində olmağa qəti-qərarlı olaq və unutmayaq ki, biz Allahımız Yehovadan qorxmalı, Ona qulluq etməli, Ona bağlanmalıyıq! (Qan. 10:20).