Kontentə keç

Mündəricatı göstər

Xidmətə hazır könüllülər Myanmada

Xidmətə hazır könüllülər Myanmada

«MƏHSUL bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Luka 10:2). İsa Məsih tərəfindən 2000 il öncə söylənilmiş bu sözlər, sanki Myanma haqda deyilib. 55 milyon əhalisi olan Myanmada xoş müjdəni yayan cəmi 4200 təbliğçi var.

Lakin «biçin Sahibi» Yehova cənub-şərqi Asiyada biçin işinə köməklik göstərmək üçün müxtəlif ölkələrdən olan yüzlərlə bacı-qardaşın ürəyində həvəs oyadıb. Bəs onlar vətənlərindən ayrılıb Myanmaya köçmək qərarına necə gəldilər? Bura köçmək üçün hansı dəstəyi aldılar? Verdikləri qərarın mükafatı nə oldu? Gəlin bunu onların dilindən eşidək.

«ÖNCÜLLƏRƏ EHTİYACIMIZ VAR, GƏLİN!»

Bir neçə il bundan öncə Yaponiyada öncül kimi xidmət edən Kazuhiro epilepsiya tutması keçirir və huşunu itirir. Onu xəstəxanaya aparırlar. Həkim ona 2 il maşın sürməməyi məsləhət görür. Kazuhiro bunu eşidəndə çox pis olur. «Bəs mən ən sevdiyim işi — öncüllüyü necə davam etdirəcəyəm?» — deyə narahatlıq keçirir. Kazuhiro Yehovaya hərarətlə dua edib yalvarır ki, öncül xidmətini davam etdirmək üçün bir yol açsın.

Kazuhiro və Mari

O deyir: «Bu hadisədən bir ay sonra səhhətimin pis olmasından xəbər tutan Myanmadakı dostum mənə zəng edib dedi: “Myanmada camaat avtobusla gedib-gəlir. Burada maşınsız da öncül xidmətini davam etdirə bilərsən”. Həkimimdən Myanmaya getmək üçün səhhətimin əl verib-vermədiyini soruşdum. Onun cavabı məni təəccübləndirdi. O dedi: “Myanmadan beyin üzrə bir mütəxəssis hal-hazırda Yaponiyadadır. Səni onunla tanış edərəm. Əgər bir də epilepsiya keçirsən, həmin həkim səni müalicə edər”. Həkimin bu sözlərini Yehovanın duama cavabı kimi qəbul etdim».

Kazuhiro dərhal Myanma filialına e-mail göndərib yoldaşı ilə orada öncül kimi xidmət etmək istədiklərini bildirir. Beş günün içərisində filialdan cavab gəlir: «Öncüllərə ehtiyacımız var, gəlin!» Kazuhiro və həyat yoldaşı Mari maşınlarını satır, vizalarını və biletlərini alıb yola düşürlər. Hal-hazırda onlar Mandalayda jestdilli qrupda sevinclə xidmət edir. Kazuhiro deyir: «Yaşadıqlarımız Allahın Zəbur 37:5 ayəsində verdiyi vədə etibarımızı möhkəmləndirdi. Orada yazılıb: “Yolunu Yehovaya tapşır, Ona güvən, O, sənin işini hasil edər”».

YEHOVA YOLUMUZU AÇIR

2014-cü ildə Myanmadakı Yehovanın Şahidlərinə xüsusi toplantıya ev sahibliyi etmək şərəfi nəsib oldu. Toplantıya xarici ölkələrdən çoxlu qonaq qatıldı. Onlardan biri Birləşmiş Ştatlardan olan 34 yaşlı Monik bacıdır. Bacı deyir: «Toplantıdan qayıdandan sonra Yehovaya dua etdim ki, həyat yolunda mənə yol göstərsin. Ruhani məqsədlərim barədə valideynlərimlə də danışdım. Hamımız belə qənaətə gəldik ki, Myanmaya geri qayıtmalıyam. Amma bu qərarımı həyata keçirmək üçün müəyyən vaxt lazım oldu. Bununla bağlı çox dua etməli oldum». Monik bunun səbəbini belə izah edir:

Monik və Li

«İsa Məsih davamçılarına bir iş görməzdən əvvəl məsrəfləri hesablamağı məsləhət görürdü. Buna görə mən də özümdən soruşdum: “Köçməyə imkanım çatır? İşə çox vaxt sərf etmədən həmin ölkədə özümü təmin edə biləcəyəm?” Gördüm ki, dünyanın o biri tayına köçmək üçün yetərincə pulum yoxdur». Bəs necə olur ki, Monik köçür? (Luka 14:28).

O deyir: «Bir gün müdirim məni yanına çağırdı. Qorxdum ki, məni işdən çıxarmaq istəyir. Amma əksinə oldu. Müdir yaxşı işçi olduğuma görə məni təriflədi. Sonra isə dedi ki, mənə pul mükafatı ayırıb. Ayrılan pul borc-xərcimi ödəmək üçün kifayət idi!»

Monik 2014-cü ilin dekabr ayından bəri Myanmada xidmət edir. Gəlin görək o, tələbat olan ərazidə xidməti barədə nə deyir: «Burada olduğuma görə çox xoşbəxtəm. Hal-hazırda üç nəfərlə Müqəddəs Kitab dərsi keçirəm. Onlardan birinin 67 yaşı var. Bu qadın məni həmişə təbəssümlə qarşılayır və bərk-bərk qucaqlayır. Allahın adının Yehova olduğunu eşidəndə göz yaşlarını saxlaya bilməmişdi. O, belə sözlər demişdi: “Həyatımda ilk dəfədir ki, Allahın adının Yehova olduğunu eşidirəm. Məndən iki dəfə kiçik olsan da, mənə həyatda ən vacib şeyi öyrətdin”. Nə yalan deyim, mən də onunla ağlamışdım. Bu kimi hadisələr tələbat olan ərazidə xidmət etməyin nə qədər məmnunluq bəxş etdiyini göstərir». Bu yaxınlarda Monik bacıya Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq şərəfi nəsib olmuşdu.

Digərlərini Myanmaya köçməyə həvəsləndirən «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2013-cü il buraxılışında bu ölkə haqda yazılmış məlumat oldu. 30-dan çox yaşı olan Li adlı bacı Cənub-Şərqi Asiyada yaşayırdı və onun tamgünlük iş yeri var idi. Bacı «İllik fəaliyyət» kitabında Myanma haqda yazılanları oxuduqdan sonra orada xidmət etmək barədə düşünür. O deyir: «2014-cü ildə Yanqonda keçirilən xüsusi toplantıda iştirak edəndə Myanmadakı çinlilərə təbliğ etmək üçün bura köçən bir ər-arvadla tanış oldum. Çin dilini bildiyim üçün qərara gəldim ki, Myanmaya köçüb həmin qrupa dəstək olum. Moniklə birgə Mandalay şəhərində məskunlaşdıq. Yehovanın köməyi ilə, eyni məktəbdə yarımştat iş və yaxınlıqda ev tapdıq. Havanın qızmar olmasına və bəzi narahatlıqlara baxmayaraq, buradakı xidmətimdən sevinc duyuram. Myanma əhalisi sadə həyat tərzi sürsə də, çox nəzakətlidir və xoş müjdəni dinləməyə vaxt ayırır. Yehovanın Öz işini necə sürətləndirdiyinə şahid olmaq möhtəşəmdir. Mən əminliklə deyə bilərəm ki, Mandalayda xidmət etməyim Yehovanın istəyidir».

YEHOVA DUALARI QƏBUL EDİR

Təbliğçilərə tələbat olan əraziyə köçmüş bir çox məsihi duanın gücünü öz üzərində hiss edib. Məsələn, 37 yaşlı Cumpa və 35 yaşlı yoldaşı Nau Yaponiyada jestdilli yığıncaqda xidmət edirdi. Onlar hansı səbəbə görə Myanmaya köçmək qərarına gəlir? Cumpa deyir: «Yoldaşımla mənim həmişə təbliğçilərə tələbat olan ölkədə xidmət etmək məqsədimiz olub. Yaponiyada jestdilli yığıncağımızda xidmət edən bir qardaş Myanmaya köçdü. Əlimizdə pul az olsa da, 2010-cu ilin may ayında biz də köçdük. Myanmadakı bacı-qardaşlar bizi çox mehriban qarşıladılar!» Qardaş Myanmadakı jestdilli insanların xoş xəbərə münasibəti barədə belə deyir: «Maraq göstərənlərin sayı çoxdur. Jest dilində videolar göstərəndə onlar heyran qalır. Yehovaya xidmət etmək üçün buraya köçmək qərarını verdiyimizə görə çox xoşbəxtik!»

Nau və Cumpa

Cumpa və Nau maddi çətinliyin öhdəsindən necə gəldilər? Qardaş deyir: «Üç ildən sonra əlimizdə olan-qalan pul qurtarmaq üzrə idi. Növbəti ilin kirayə haqqını ödəməyə pulumuz çatmırdı. Yoldaşımla gecə-gündüz dua edirdik. Günlərin bir günü filialdan məktub gəldi. Biz müvəqqəti xüsusi öncül kimi xidmət etmək dəvəti almışdıq! Yehovaya həmişə bel bağlayır və Onun əlinin üzərimizdə olduğunu görürük. O, hərtərəfli bizim qayğımıza qalır». Bu yaxınlarda Cumpa və Nau da Padşahlıq Müjdəçiləri Məktəbini bitirdi.

YEHOVA ÇOXLARINI TƏŞVİQ EDİR

İtaliyadan olan 43 yaşlı Simon qardaşı və Yeni Zelandiyadan olan 37 yaşlı həyat yoldaşı Annanı Myanmaya köçməyə nə təşviq edib? «2013-cü ilin “İllik fəaliyyət” kitabında Myanma haqqında olan məlumat!» — deyə bacı bölüşür. Simon qardaş isə deyir: «Myanmada olmaq bizim üçün böyük şərəfdir. Burada həyat olduqca sadədir və Yehovanın işinə daha çox töhfə verə bilirəm. Tələbat olan ərazidə xidmət edən zaman Yehovanın bizim qayğımıza necə qaldığını duymaq həqiqətən heyrətamiz hissdir» (Zəb. 121:5). Anna bacı deyir: «Heç vaxt bu qədər xoşbəxt olmamışam. Həyatımız çox sadədir. Yoldaşımla daha çox vaxt keçirirəm və bunun sayəsində münasibətlərimiz daha möhkəm olub. Həmçinin yeni dostlar qazanmışıq. Burda insanlar Yehovanın Şahidlərinə qarşı qərəzli münasibət bəsləmir və həqiqətə böyük maraq göstərirlər». Gəlin görək necə.

Simon və Anna

Anna bacı deyir: «Bir gün mağazada bir tələbə qıza təbliğ etdim və onunla görüş təyin etdim. O, görüşə bir rəfiqəsi ilə gəldi. Növbəti dəfə özü ilə bir neçə rəfiqəsini, sonra isə daha bir neçə rəfiqəsini gətirdi. Hal-hazırda mən onların beşi ilə Müqəddəs Kitab dərsi keçirəm». Simon qardaş deyir: «Sahədəki insanlar çox mehriban və maraq doludurlar. Həqiqətə çox adam maraq göstərir. Düzünü desəm, onların hamısına baş çəkməyə vaxtımız çatmır».

Saçio və Mizuho

Myanmaya köçənlər bu qərarı verməzdən öncə hansı addımları atıblar? Yaponiyadan olan Mizuho bacı deyir: «Yoldaşım Saçioyla mən həmişə təbliğçilərə tələbat olan ölkədə təbliğ etməyi arzulamışıq. Amma bilmirdik hansı ölkəyə gedək. “İllik fəaliyyət” kitabının Myanma haqqında olan 2013-cü il buraxılışını oxuyanda oradakı hadisələr bizə o qədər təsir etdi ki, Myanmada xidmət etmək barədə düşünməyə başladıq». Saçio qardaş deyir: «Bir həftəlik Myanmanın böyük şəhərlərindən biri olan Yanqona bir növ kəşfiyyata getmək qərarına gəldik. Bu qısa səfərdən sonra anladıq ki, bura köçməliyik».

SİZ DƏ DƏVƏTƏ HAY VERƏ BİLƏRSİNİZ?

Jan, Danika, Rodni və Cordan

50-dən çox yaşları olan Rodni və yoldaşı Jan, həmçinin oğlu Cordan və qızı Danika tələbat olan ərazidə xidmət etmək məqsədilə 2010-cu ildə Avstraliyadan Myanmaya köçüb. Rodni qardaş deyir: «İnsanların Allah haqqında öyrənməyə nə qədər həvəsli olduğuna heyran qaldıq. Digər ailələrə də Myanma kimi ərazilərə köçüb xidmət etməyi dönə-dönə tövsiyə edirəm. Çünki bunun ailəmizin ruhaniliyinə necə gözəl təsir etdiyi göz qabağındadır! Bu gün əksər gənclərin fikri-zikri telefonda, maşında, işdə və sairə bu kimi şeylərdədir. Bizim uşaqlarımızın başı isə xidmət üçün yeni sözlər öyrənməyə qarışıb. Onlar Müqəddəs Kitabla tanış olmayan insanlarla söhbət aparmağı, ibadət görüşlərində şərhlər verməyi öyrənirlər və özlərini digər bu kimi ruhani işlərə həsr ediblər».

Oliver və Anna

Birləşmiş Ştatlardan olan 37 yaşlı Oliver qardaş başqalarına da bu cür xidmət növünü tövsiyə edir. O, bunun səbəbini belə izah edir: «Öyrəşdiyim, mənə rahat olan yeri qoyub başqa ərazidə Yehovaya xidmət etməyin böyük üstünlükləri var. Bunun sayəsində istənilən vəziyyətdə Yehovaya bel bağlamağı öyrəndim. Hal-hazırda əməkdaşlıq etdiyim bacı-qardaşları əvvəllər tanımasam da, etiqadlarımız bizi birləşdirir. Belə bir şey yalnız Allahın Padşahlığında mümkündür». Bu gün Oliver və yoldaşı Anna çinlilərə təbliğ edir.

Trazel

Avstraliyadan olan 52 yaşlı Trazel bacı Myanmada 2004-cü ildən bəri xidmət edir. O deyir: «Şəraiti yol verən hər kəsə tələbat olan ərazidə xidmət etməyi qətiyyətlə tövsiyə edirəm. Öz təcrübəmdən görmüşəm ki, əgər insanın xidmət etmək istəyi varsa, Yehova mütləq onun cəhdlərinə mükafat verəcək. Xəyalıma da gətirə bilməzdim ki, belə bir həyat sürərəm. Bu, arzu edə biləcəyim ən xoşbəxt, ən mənalı həyatdır!»

Xidmət etmək məqsədilə Myanmaya köçən bu bacı-qardaşların təəssüratları qoy sizin də təbliğçilərə tələbat olan ərazilərə köçüb səmimi insanlara kömək etmək istəyinizi alovlandırsın. Bu bacı-qardaşlar bir ağızdan deyir: «Myanmaya gəl, bizə kömək et!»