Aramızda birlik olsun
«Yalvarıram ki, aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi, qoy onlar da bizimlə vəhdətdə olsunlar» (YƏH. 17:20, 21).
1, 2. a) İsa Məsih həvariləri ilə birgə sonuncu dəfə dua edərkən Allahdan nə xahiş etmişdi? b) İsa Məsihin birliyə görə narahat olmasına səbəb nə ola bilərdi?
HƏVARİLƏRİ ilə sonuncu dəfə şam yeməyi yeyərkən İsa Məsih onu narahat edən bir məsələ barədə Allaha dua edir. Duasında xahiş edir ki, Allahla onun arasında vəhdət olduğu kimi, şagirdləri arasında da birlik olsun. (Yəhya 17:20, 21 ayələrini oxuyun.) Bu birliyin sayəsində möhtəşəm şahidliyin verilməsi mümkün olacaqdı və beləcə, insanlar Məsihin Allah tərəfindən göndərildiyini aydın görəcəkdilər. Bu birliyə töhfə verən məhəbbət İsanın həqiqi şagirdlərinin səciyyəvi xüsusiyyəti olacaqdı (Yəh. 13:34, 35).
2 İsa Məsihin birlik məsələsinə toxunması əsassız deyildi. Çünki o, şagirdləri arasında birliyin, həmrəyliyin olmadığını görürdü. Elə həmin axşam da onlar arasında mübahisə düşmüşdü. Əvvəllər olduğu kimi, bu dəfə də şagirdlər kimin daha böyük olması üstündə mübahisə edirdilər (Luka 22:24—27; Mark 9:33, 34). Bir dəfə isə Yaqubla Yəhya İsadan xahiş etmişdi ki, Padşahlıqda öz yanındakı hörmətli yerləri onlara versin (Mark 10:35—40).
3. Məsihin şagirdləri arasında möhkəm birliyin olmamasına səbəb nə ola bilərdi və hansı sualları müzakirə edəcəyik?
3 Məsihin şagirdləri arasında möhkəm birliyin olmamasına səbəb
təkcə şan-şöhrət arzusu deyildi. Həmin dövrdə ədavət və qərəz hissi insanlar arasında parçalanma yaratmışdı. İsa Məsihin şagirdləri bu hisslərə üstün gəlməli idi. Bu məqalədə növbəti sualların cavabını tapacağıq: İsa Məsih ona qarşı qərəzli münasibət göstəriləndə necə davranırdı? O, şagirdlərinə insanlar arasında fərq qoymamağa və birliyi qorumağa necə kömək etmişdi? İsanın təlimləri bizə birliyi qorumağa necə kömək edir?İSA MƏSİHƏ VƏ DAVAMÇILARINA QARŞI QƏRƏZLİ MÜNASİBƏT
4. İsa Məsihə qarşı hansı qərəzli münasibət var idi?
4 İsa Məsih özü də qərəzli münasibətlə üzləşmişdi. Filip Natanailə Məsihi tapdığını deyəndə Natanail demişdi: «Heç Nasirədən də fərli bir şey çıxar?» (Yəh. 1:46). Sözsüz ki, Natanail Mikə 5:2 ayəsində yazılmış peyğəmbərliyi bilirdi və Nasirəni vəd olunmuş Məsihin vətəni olmağa layiq görmürdü. Məsih cəliləli olduğu üçün nüfuzlu yəhudilər ona pis yanaşırdılar, çünki onlar cəliləlilərə yuxarıdan aşağı baxırdı (Yəh. 7:52). Bəziləri isə İsanı səməriyyəli adlandıraraq təhqir edirdi (Yəh. 8:48). Həm yəhudilər, həm də cəliləlilər səməriyyəlilərə hörmət etmir, onlardan uzaq dururdular. Çünki səməriyyəlilərin milliyyəti və dini onlarınkından fərqli idi (Yəh. 4:9).
5. Məsihin davamçıları hansı qərəzli münasibətlə üzləşmişdilər?
5 Yəhudi rəhbərləri Məsihin davamçılarına da nifrət bəsləyirdilər. Fərisilər onları lənətə gəlmiş adamlar adlandırırdı (Yəh. 7:47—49). Onlar dini məktəbdə təhsil almayan və onların adət-ənənələrinə əməl etməyən hər kəsi savadsız, heç sayırdılar (Həv. 4:13, haş.). İsa Məsihin və davamçılarının qərəzli münasibətə məruz qalmasına səbəb ətrafdakı insanların dinlərinə, cəmiyyətdəki mövqelərinə və etnik mənşələrinə görə özlərini başqalarından üstün tutması idi. Belə mühitdə yaşayan şagirdlər onlara sirayət edən bu düşüncə tərzini dəyişməli idilər. Yalnız bu halda onların arasında birlik ola bilərdi.
6. Qərəzli fikirlər bizə necə təsir edə bilər? Nümunələr çəkin.
6 Bu gün bütün dünya qərəzlə doludur. Bəzən bu qərəzin qurbanı oluruq, bəzən isə özümüz qərəzli münasibət göstəririk. Avstraliyada öncül kimi xidmət edən bir bacı deyir: «Aborigenlərə həm keçmişdə, həm də indi edilən haqsızlıq üzərində düşündükcə ağdərili insanlara nifrətim artırdı. Bu münasibəti özümə qarşı görəndə isə nifrətim daha da alovlanırdı». Kanadadan olan bir qardaş deyir: «Düşünürdüm ki, fransızdilli insanlar ingilisdilli insanlardan üstündür. Buna görə də ingilis dilində danışan insanlara xor baxırdım».
7. İsa Məsih qərəzli münasibətlə üzləşəndə necə davranırdı?
7 İsa Məsihin yaşadığı dövrdə olduğu kimi, bizim dövrdə də qərəzli münasibət insanlarda dərin kök salıb. Görəsən, İsa bu cür münasibətlə üzləşəndə necə davranırdı? İlk növbədə, o, heç vaxt qərəzli münasibət bəsləmirdi. İsa varlıya da, kasıba da, fərisiyə də, səməriyyəliyə də, hətta, vergiyığanlara və günahkarlara da təbliğ edirdi. İkincisi, o, verdiyi təlim və qoyduğu nümunə ilə şagirdlərinə öyrədirdi ki, onlar başqalarının niyyətlərini şübhə altına almasınlar və heç kimə qərəzli münasibət bəsləməsinlər.
MƏHƏBBƏT VƏ TƏVAZÖKARLIQLA QƏRƏZƏ QALİB GƏLƏK
8. Məsihi birliyi hansı prinsipə dayanır? İzah edin.
8 İsa Məsihin şagirdlərinə dediyi sözlərdən birliyimizin əsasında duran prinsipi görmək olar. O demişdi: «Siz isə bir-birinizə qardaşsınız». (Mətta 23:8, 9 ayələrini oxuyun.) İlk növbədə, Adəmdən törədiyimizə görə hamımız bacı-qardaşıq (Həv. 17:26). Lakin bu, yeganə səbəb deyil. İsa demişdi ki, davamçılarının hamısının səmavi Atası bir olduğu üçün bacı-qardaşdırlar (Mət. 12:50). Üstəlik, onlar böyük ruhani ailənin üzvü olub məhəbbət və iman telləri ilə birləşiblər. Elə buna görə də həvarilər yığıncaqlara yazdıqları məktublarda dindaşlarına bacıları və qardaşları kimi müraciət edirdi (Rom. 1:13; 1 But. 2:17; 1 Yəh. 3:13) *.
9, 10. a) Nə üçün yəhudilərin milliyyətləri ilə qürur duymağa heç bir əsasları yox idi? b) İsa Məsih millətpərəstliyin düzgün olmadığını necə göstərdi? (Məqalənin əvvəlindəki 1-ci şəklə baxın.)
9 İsa Məsih davamçılarının bir-birinə bacı-qardaş kimi yanaşmalı olduğunu vurğuladıqdan sonra təvazökarlığın vacibliyi haqda danışmışdı. (Mətta 23:11, 12 ayələrini oxuyun.) Yuxarıda da qeyd olunduğu kimi, qürur hissi həvarilər arasında parçalanma yaradırdı. Üstəlik, həmin dövrdə insanlar öz milliyyəti ilə qürur duyurdular. Məsələn, yəhudilər İbrahimin övladları olmaları ilə öyünərək özlərini başqalarından üstün hesab edirdilər. Lakin Vəftizçi Yəhya onlara demişdi: «Allah istəsə, İbrahimə bu daşlardan da övlad yaradar» (Luka 3:8).
10 İsa Məsih insanın milliyyəti ilə qurur duymasının səhv olduğunu öyrədirdi. Bir qanunşünas ondan «mən kimi sevməliyəm?» deyə soruşanda bunu izah etmək imkanı olmuşdu. O, bir səməriyyəlinin quldurlar tərəfindən döyülən yəhudiyə kömək etməsi barədə misal çəkmişdi. Yoldan ötən yəhudilər ona laqeyd yanaşsalar da, bu səməriyyəlinin ona yazığı gəlir. Məsih danışdığı bu əhvalatın sonunda qanunşünasa həmin səməriyyəli kimi davranmağı buyurmuşdu (Luka 10:25—37). Bununla İsa Məsih göstərdi ki, yəhudilər səməriyyəlidən bütün insanları sevməklə bağlı gözəl dərs götürə bilər.
11. İsa Məsihin şagirdləri nə üçün yadellilərə qərəzsiz yanaşmalı idilər və o, bu sahədə onlara necə kömək etdi?
11 İsa Məsihin şagirdləri onlara həvalə olunan tapşırığı icra etmək üçün qürur və qərəz hissindən qurtulmalı idilər. Məsih göyə qalxmazdan əvvəl şagirdlərinə «bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək» təbliğ etməyi tapşırmışdı (Həv. 1:8). O, şagirdlərinin diqqətini yadellilərin gözəl keyfiyyətlərinə yönəltməklə onları bu böyük tapşırığın icrasına qabaqcadan hazırlamışdı. Bir dəfə o, yadelli yüzbaşını güclü imanına görə tərifləmişdi (Mət. 8:5—10). Nasirədə olarkən İsa Məsih Yehovanın yadelli insanlara, məsələn, Sarfatda yaşayan dul qadına və cüzama tutulmuş arami Nemana necə kömək etdiyi haqda danışmışdı (Luka 4:25—27). Həmçinin İsa Məsih səməriyyəli qadına təbliğ etməklə yanaşı, camaatın xoş xəbərə səmimi maraq göstərdiyini görüb iki gün orada qalmışdı (Yəh. 4:21—24, 40).
BİRİNCİ ƏSRDƏKİ MƏSİHİLƏRİN QƏRƏZLƏ MÜBARİZƏSİ
12, 13. a) Həvarilər İsa Məsihin səməriyyəli bir qadına təbliğ etməsinə necə yanaşdılar? (Məqalənin əvvəlindəki 2-ci şəklə baxın.) b) Yaqubla Yəhyanın Məsihin verdiyi öyüdün məğzini anlamadığı nədən görünür?
12 Təbii ki, həvarilərə qərəz hissindən qurtulmaq asan deyildi. Onlar müəllimlərinin səməriyyəli bir qadına təbliğ etdiyini görəndə çox təəccüblənmişdi (Yəh. 4:9, 27). Ümumiyyətlə, yəhudi din xadimləri ictimaiyyət arasında qadınlarla danışmırdılar, qaldı ki, bu, pis ad qazanmış səməriyyəli olsun. İsa səməriyyəli qadınla danışan zaman həvariləri onu yemək yeməsi üçün dilə tuturdular. Lakin Məsih ruhani mövzuda söhbətə o qədər dalmışdı ki, yemək barədə heç düşünmürdü. Bəli, Atasının iradəsini yerinə yetirib bütün insanlara, o cümlədən səməriyyəlilərə təbliğ etmək İsa üçün yemək kimi idi (Yəh. 4:31—34).
13 Yaqubla Yəhya İsanın öyüdünün məğzini anlamadılar. Bu nədən görünür? İsa ilə birgə Səməriyyəni dolaşarkən şagirdlər bir kənddə gecələmək üçün yer axtarırdılar. Amma səməriyyəlilər onları evlərinə qəbul etmirdi. Buna qəzəblənən Yaqubla Yəhya İsaya demişdilər: «Ağa, istəyirsən deyək göydən alov gəlib bunları məhv etsin?» Həmin vaxt İsa onları ciddi şəkildə danlamışdı (Luka 9:51—56). Çox güman ki, eyni hadisə Yaqubla Yəhyanın öz vətəni Cəlilədə baş versəydi, onlar bu qədər əsəbiləşməzdi. Görünür, onları özündən çıxardan qərəz hissi idi. Həvari Yəhya sonralar Səməriyyədə təbliğ edəndə və insanların xoş xəbərə hay verdiyini görəndə, ola bilsin, bir vaxtlar dediyi sözlərə görə peşman olmuşdu (Həv. 8:14, 25).
14. Məsihilər arasında yaranan bir problem necə həll olundu?
14 Eramızın 33-cü ilində, Əllinci gün bayramından qısa müddət sonra bir məsələ ilə bağlı ayrı-seçkilik yaranmışdı. Dul qadınlara gündəlik yemək paylanan zaman yunandilli dul qadınlara etinasız yanaşılırdı (Həv. 6:1). Ola bilsin, bu qərəzli münasibətə dil fərqi səbəb olmuşdu. Lakin həvarilər bu məsələni tez həll elədilər. Onlar yemək paylamaq üçün nümunəvi qardaşlar təyin etdilər. Bu qardaşların hamısının adları yunan adı idi. Çox güman ki, qəlbi sınmış dul qadınlar bundan toxtaqlıq tapmışdı.
15. Butrus insanlara qərəzsiz yanaşmağı necə öyrənmişdi? (Məqalənin əvvəlindəki 3-cü şəklə baxın.)
15 Eramızın 36-cı ilində Məsihin şagirdləri bütün millətlərdən olan insanlara təbliğ etməyə başladılar. Həvari Butrus əvvəllər yalnız yəhudilərlə oturub-dururdu. Lakin sonra Allah ona aydın göstərdi ki, məsihilər ayrı-seçkilik etməməlidir. Bundan sonra Butrus Roma əsgəri Korniliyə təbliğ etmişdi. (Həvarilərin işləri 10:28, 34, 35 ayələrini oxuyun.) Daha sonra Butrus qeyri-yəhudilərlə bir yerdə yemək yemiş, onlarla vaxt keçirmişdi. Lakin illər sonra Antakyada olanda o, qeyri-yəhudilərlə bir süfrə arxasında əyləşmir və onlardan uzaq gəzməyə başlamışdı (Qal. 2:11—14). Buna görə həvari Bulus Butrusu məzəmmət etmiş, Butrus da ona verilən məsləhəti qəbul etmişdi. Bunu Kiçik Asiyadakı yəhudilərə və qeyri-yəhudilərə yazdığı ilk məktubundan görmək olar. Butrus bu məktubda bütün qardaşlığı sevməyin vacibliyini qeyd etmişdi (1 But. 1:1; 2:17).
16. Birinci əsrdə yaşayan məsihilər necə tanınırdı?
16 Aydındır ki, həvarilər İsadan hər cür insana məhəbbət bəsləməyi öyrənmişdi (Yəh. 12:32; 1 Tim. 4:10). Lakin onların düşüncə tərzlərini dəyişmələri xeyli zaman aldı. İlk məsihilər bir-birinə məhəbbət bəsləməklə tanınırdı. İkinci əsrdə yaşamış yazıçı Tertullian qeyri-məsihilərin məsihilər barədə dediklərini qeyd etmişdi: «Bir-birlərini sevirlər... bir-birləri uğrunda canlarından belə keçməyə hazırdırlar». Birinci əsrdə yaşayan məsihilər yeni şəxsiyyəti geyinməyin sayəsində Yehovadan örnək alaraq bütün insanlara eyni gözlə baxmağı öyrəndilər (Kol. 3:10, 11).
17. Ürəyimizdəki qərəzli fikirləri necə qoparıb ata bilərik? Nümunələr çəkin.
17 Ola bilsin, bizə də ürəyimizdəki qərəzli fikirlərdən qurtulmaq üçün vaxt lazımdır.
Fransadan olan bacı deyir: «Yehova mənə məhəbbətin, bölüşməyin, bütün insanları sevməyin nə demək olduğunu öyrədib. Lakin mən hələ də insanlara olan qərəzli münasibətimlə mübarizə aparıram. Bu, o qədər də asan deyil. Ona görə də durmadan bu barədə dua edirəm». İspaniyadan olan bir bacı deyir: «Bəzən daxilimdə bir etnik qrupa qarşı duyduğum qərəzli fikirlərlə vuruşuram. Bu döyüşdən çox vaxt qalib çıxsam da, bilirəm ki, savaşı davam etdirməliyəm. Birlik içində yaşayan ailənin bir üzvü olduğuma görə çox xoşbəxtəm. Yehovaya şükürlər olsun!» Gəlin hər birimiz özümüzü, daxili hisslərimizi dürüstcəsinə yoxlayaq. Bəlkə, bizdə də qərəz hissi var və həmin iki bacı kimi bu hissləri boğmalıyıq?MƏHƏBBƏT ARTANDA QƏRƏZƏ YER QALMIR
18, 19. a) Hər kəsi qəbul etmək üçün hansı əsasımız var? b) Bunu necə edə bilərik?
18 Gəlin unutmayaq ki, biz bir vaxtlar Allahdan uzaq idik (Efes. 2:12). Yehova bizi «məhəbbət ipləri ilə» özünə bağladı (Huşə 11:4 haş.; Yəh. 6:44). İsa Məsih isə bizi qəbul etdi. O, Allahın ailəsinin üzvü olmağımız üçün bizə yol açdı. (Romalılara 15:7 ayəsini oxuyun.) İsa Məsih qeyri-kamil olan bizləri qəbul etdisə, gərək ki, kimisə qəbul etməmək bizim ağlımızın ucundan belə keçməsin!
19 Bu gün məhv olmaq üzrə olan bu şər dünyada şübhəsiz ki, parçalanma, qərəz və ədavət get-gedə artacaq (Qal. 5:19—21; 2 Tim. 3:13). Yehovanın xidmətçisi olan bizlər yuxarıdan nazil olan hikmətə can atırıq, o hikmət ki, ayrı-seçkilikdən uzaqdır və sülh bəxş edir (Yaq. 3:17, 18). Müxtəlif ərazilərdə yaşayan insanlarla dostluq münasibətləri qurmaqdan, fərqli mədəniyyətlərə uyğunlaşmaqdan və hətta başqa dillər öyrənməkdən böyük zövq duyuruq. Biz bu cür davrananda əmin-amanlığımız çay kimi, salehliyimiz dəniz dalğaları kimi olur (Əşy. 48:17, 18).
20. Ürəyimizə və düşüncəmizə məhəbbət hakim olanda nə baş verir?
20 Yuxarıda haqqında bəhs etdiyimiz Avstraliyadan olan bacı Müqəddəs Kitabı öyrənməyin ona necə təsir etdiyi barədə deyir: «Həqiqi bilik qapıları üzümə taybatay açıldı. Mən yeni ürək və yeni düşüncəyə yiyələndim. Beləcə, daxilimdə kök salmış qərəz və nifrət buzu gözümün önündəcə əriyib yox oldu». Kanadadan olan qardaş isə deyir ki, irqçilik insanları tanımamaqdan irəli gəlir və «insanların xüsusiyyətləri onların hansı ərazidə doğulmasından asılı deyil». Bu qardaş ingilisdilli bacı ilə evləndi! Bu kimi nümunələr sübut edir ki, məhəbbət qərəzə qalib gələ bilər və gəlir də! Bəli, məhəbbət bizi qırılmaz iplərlə birləşdirir (Kol. 3:14).
^ abz. 8 «Qardaşlar» deyilərkən məsihi yığıncağındakı bacılar da nəzərdə tutula bilər. Bulus Romalılara yazdığı məktubda «qardaşlar» deyə müraciət etsə də, sözsüz ki, bacıları da nəzərdə tuturdu. Çünki bəzi bacıların da adını çəkmişdi (Rom. 16:3, 6, 12). Uzun illərdir ki, «Gözətçi qülləsi» jurnalında yığıncaqlardakı məsihilərə «bacı-qardaşlar» deyə müraciət olunur.