Kontentə keç

Mündəricatı göstər

Bir salamın dəyəri

Bir salamın dəyəri

«SALAM. Necəsən?»

Kiminləsə görüşəndə bu kimi sözləri tez-tez istifadə edirik. Bəlkə də, salamlaşanda əl sıxır və ya qucaqlaşırıq. Əraziyə görə salamlaşma üsulları fərqlənsə də, hamısı eyni məqsədi daşıyır. Belə ki, salam verməmək və ya salamı almamaq soyuqluq və mədəniyyətsizlik kimi qəbul oluna bilər.

Bununla belə, hər kəs salamlaşmağa meyilli deyil. Bəziləri utancaqlıqdan, digərləri isə özünü dəyərsiz hesab etdiyinə görə başqaları ilə salamlaşmır. Bir başqaları üçün fərqli irqə, milliyyətə, yaşa, cinsə, sosial mövqeyə sahib insanlara salam vermək çətindir. Amma unutmamalıyıq ki, bir salamın belə, böyük dəyəri var.

Bir düşünün: «Salamlaşmağın hansı müsbət yönləri var? Allahın Kəlamı bizə salamlaşmaq ədəbi barədə nə öyrədir?»

HƏR CÜR İNSANI SALAMLAYIN

Həvari Butrus qeyri-yəhudi olan Kornilini məsihi yığıncağına qəbul edən zaman demişdi: «Allah ayrı-seçkilik etməyən Allahdır» (Həv. 10:34). Sonralar o, Allah «istəyir ki, hamı tövbəyə gəlsin» sözlərini yazmışdı (2 But. 3:9). Bu ayələri oxuyanda insanın ağlına həqiqəti yeni öyrənənlər gəlir. Lakin Butrus məsihilərə də buna bənzər sözlər demişdi: «Hər cür insana hörmət edin, bütün qardaşlığı sevin» (1 But. 2:17). Belədirsə, insanın hansı irqdən və ya mədəniyyətdən olmasından asılı olmayaraq, hər kəsi salamlamağımız yaxşı olmazdımı? Beləcə, onlara hörmət və məhəbbətimizi göstərmiş olarıq.

Həvari Bulus yığıncağı təşviq etmişdi: «Məsih sizi qəbul etdiyi kimi, siz də bir-birinizi qəbul edin» (Rom. 15:7). Bulus ona «dayaq olan» qardaşların adlarını xüsusilə qeyd etmişdi. Bu gün isə bacı-qardaşlarımızın dayağa daha çox ehtiyacı var! Axı Şeytan axırzamanda amansız hücumlarını daha da artırıb (Kol. 4:11; Vəhy 12:12, 17).

Müqəddəs Kitabdakı nümunələr göstərir ki, salam bəzən insana xoş təsir bağışlamaqdan daha böyük məna kəsb edir.

ƏMİNLİK, RUHLANDIRMA, MƏHƏBBƏT

Allah Oğlunun həyatını Məryəmin bətninə köçürən zaman onun yanına Öz mələyini göndərir. Mələk sözünə belə başlayır: «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» Məryəmin bu sözlərdən bərk həyəcanlandığını görən mələk: «Məryəm, qorxma, sən Allahın gözündə lütf tapmısan» deyir. Sonra ona bildirir ki, o, Allahın izni ilə Məsihi dünyaya gətirəcək. Bu sözlər Məryəmin ürəyinə su səpir və o, itaətkarcasına mələyə cavab verir: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun» (Luka 1:26—38).

Yehovanın elçisi olmaq mələk üçün böyük şərəf idi. Bununla belə, o, qeyri-kamil insana xəbər çatdırmağı özünə ar bilmədi. O, sözünə salamlayaraq başladı. Mələkdən nə öyrənə bilərik? Biz də başqalarını salamlamağa və onlara ürək-dirək verməyə hazır olmalıyıq. Cəmi bir-iki kəlməmizlə başqalarına dayaq ola və onları Yehovanın xalqının bir hissəsi olduqlarına əmin edə bilərik.

Bulusun Kiçik Asiya və Avropadakı yığıncaqlarda çoxlu tanışı var idi. O, yazdığı məktublarda bir çox insana salam göndərmişdi. Buna Romalılara məktubun 16-cı fəslini misal göstərmək olar. Bulus məktubunda Fibi adlı bacımızın adını çəkərək, «onu Ağamız naminə müqəddəslərə yaraşan tərzdə qəbul edin, nə köməyə ehtiyacı olsa, kömək edin» deyə qardaşları təşviq etmişdi. Priska və Akvilasa «onlara təkcə mən yox, başqa xalqların adamlarından ibarət bütün yığıncaqlar təşəkkür edirlər» sözləri ilə salamlarını göndərmişdi. Həmçinin «əzizim Epenetə salam deyin», «Ağamızın yolunda canla-başla çalışan Trifenanı və Trifosanı salamlayın» sözləri ilə bu gün bizim o qədər də məlumatımızın olmadığı bacı-qardaşlara salamlarını göndərmişdi. Bəli, həvari Bulus bacı-qardaşlardan salamını əsirgəmirdi (Rom. 16:1—16).

Təsəvvür etmək olar, bu bacı-qardaşlar özləri haqda belə xoş sözlər eşidəndə nə qədər sevinmişdilər. Şübhəsiz ki, bu, onların Bulusa və bir-birinə olan məhəbbətini artırmışdı! Bu sevgi dolu salamları eşidən məsihi yığıncağının digər üzvləri də ruhlanmış və imanda möhkəm qalmağa daha da qətiyyətli olmuşdular. Bəli, kimisə salamlayarkən ona xüsusi diqqət göstərmək, səmimi tərifləmək münasibətləri möhkəmləndirir və Yehova Allahın xidmətçiləri arasında birlik yaradır.

Həvari Bulus Puteoli limanına çatıb Romaya yaxınlaşanda bacı-qardaşlar onu qarşılamağa gəlmişdi. Uzaqdan onları görən Bulus Allaha şükür etmişdi və bu, onu ürəkləndirmişdi (Həv. 28:13—15). Bəzən elə olur ki, kiməsə gülümsəmək və ya sadəcə əl eləmək imkanımız olur. Hətta bu da insana, xüsusilə də, kədərli və ya dərdli birinə qol-qanad verə bilər.

ANLAYIŞ

Şagird Yaqub yığıncaqdakı bəzi bacı-qardaşlara ciddi məsləhət verməli idi, çünki onlar dünya ilə dostluq edərək Yehovaya xəyanət edirdilər (Yaq. 4:4). Amma gəlin görək o, məktubuna necə başlayır:

«Allahın və Ağamız İsa Məsihin qulu Yaqubdan yer üzünə səpələnmiş on iki qəbiləyə məktub: Sizə salam olsun!» (Yaq. 1:1). Sözsüz ki, Yaqubun məktubuna hamının Allah qarşısında bir olduğunu vurğulayaraq başlaması, məsihilərə onun məsləhətini qəbul etməyə kömək etmişdi. Bəli, salamlaşarkən təvazö göstərmək, hətta ciddi məsələləri müzakirə etmək üçün gözəl başlanğıcdır.

Salamlaşmaq qısa olsa belə, səmimi olmalı və məhəbbətdən irəli gəlməlidir. Hətta onun nəzərə çarpmadığını düşünsək də (Mət. 22:39). İrlandiyada bir bacı görüşün başlamasına bir neçə dəqiqə qalmış ibadət evinə çatır. O, tez-tələsik içəri girəndə bir qardaş ona tərəf çevrilib gülümsəyərək deyir: «Xoş gəlmisən. Səni görməyə şadam». Bacı səssizcə keçib yerində əyləşir.

Bir neçə həftə sonra bacı həmin qardaşa yaxınlaşıb xeyli vaxtdır ailəsində vəziyyətin gərgin olduğunu bildirərək deyir: «Həmin gün o qədər məyus idim ki, yığıncağa da gəlməyəcəkdim. Görüşdə deyilənlərin çoxu yadımda qalmadı. Amma sənin salamın yadımdadır. Həqiqətən xoş oldu. Çox sağ ol».

Qardaş verdiyi adi salamın bacıya bu qədər təsirli olduğundan xəbərsiz idi. O deyir: «Bacı deyəndə ki, iki kəlmə sözüm onu nə qədər ruhlandırıb, həmin vaxt ona salam verdiyimə görə çox sevindim. Bunu eşitmək mənim üçün də xoş oldu».

Süleyman peyğəmbər yazmışdı: «Çörəyini suya burax, günlər keçər, onu yenidən taparsan» (Vaiz 11:1). İnsanlardan, ələlxüsus, dindaşlarımızdan salamımızı əsirgəməsək, həm özümüzdə, həm də onlarda gözəl keyfiyyətlər yetişdirəcəyik. Odur ki, gəlin heç zaman bir salamın nə qədər dəyərli olduğunu unutmayaq!