Çoxlu bar verək
«Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şərəflənir» (YƏH. 15:8).
1, 2. a) Ölümündən öncə İsa Məsih şagirdlərinə nə söyləmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Təbliğ etməyimizin səbəbini nə üçün unutmamalıyıq? c) Bu məqalədə nə müzakirə olunur?
İSA MƏSİH həvariləri ilə keçirdiyi sonuncu gecə onlarla uzun-uzadı söhbət etmiş, onları çox sevdiyini demişdi. Həmçinin ötən məqalədə bəhs etdiyimiz meynə məsəlini çəkmişdi. Məsih bu məsəl vasitəsilə həvarilərini bundan sonra da çoxlu bar verməyə, yəni Allahın Padşahlığı haqda xoş xəbəri dözümlə təbliğ etməyə təşviq etmişdi (Yəh. 15:8).
2 Bununla belə, İsa Məsih həvarilərinə təkcə nə etməli olduqlarını yox, bunu nə üçün etməli olduqlarını da söyləmişdi. Həvarilərinin bundan sonra da təbliğ edə bilmələri üçün əsaslı səbəblər gətirmişdi. Bu səbəbləri biz də yadda saxlasaq, xalqların hamısına dözümlə şəhadət verməyə təşviq olunacağıq (Mət. 24:13, 14). Odur ki, gəlin görək Müqəddəs Kitabda təbliğ etməyimizin hansı dörd səbəbi göstərilir və Yehova hansı dörd ənam vasitəsilə bizə dözümlə bəhrə verməyə kömək edir.
YEHOVAYA ŞƏRƏF GƏTİRİRİK
3. a) Yəhya 15:8 ayəsində təbliğ etməyimizin hansı səbəbi qeyd olunub? b) İsa Məsihin meynə haqda məsəlində üzüm nəyin timsalıdır və nə üçün bu, yerində olan müqayisədir?
3 Təbliğ etməyimizin başlıca səbəbi insanlar qarşısında Yehovaya şərəf gətirmək və Onun adını müqəddəs tutmaqdır. (Yəhya 15:1, 8 ayələrini oxuyun.) İsa Məsih meynə haqda məsəlində demişdi ki, bağban Yehovanın, meynə (üzüm tənəyi) özünün, budaqlar isə onun davamçılarının timsalıdır (Yəh. 15:5). Deməli, üzümlər Məsihin davamçılarının gətirdiyi bəhrənin, yəni təbliğ işinin timsalıdır. Məsih həvarilərinə demişdi: «Siz çoxlu bar verəndə... Atam şərəflənir». Yaxşı məhsul vermiş meynə bağbana başucalığı gətirdiyi kimi, biz də əlimizdən gələni edib Padşahlıq müjdəsini car çəkəndə Allaha şərəf gətiririk (Mət. 25:20—23).
4. a) Allahın adını necə müqəddəs tuta bilərik? b) Allahın adını müqəddəs tutmaq şərəfi sizdə hansı hisslər doğurur?
4 Bəs təbliğ işi ilə Allahın adının müqəddəs tutulması arasında hansı əlaqə var? Allahın adı mütləq mənada müqəddəsdir və biz Onun adını daha da müqəddəsləşdirə bilmərik. Bununla belə, Əşiya peyğəmbərin dediklərinə diqqət yetirək: «Siz ordular Allahı Yehova[nı]... müqəddəs tutun!» (Əşy. 8:13). Allahın adını müqəddəs tutduğumuzu göstərməyin bir yolu bu adı bütün adlardan uca tutmaq və insanlara bu adı müqəddəs tutmağa kömək etməkdir (Mət. 6:9). Məsələn, Yehova Allahın ülvi sifətləri, bəşəriyyətlə bağlı dəyişməz niyyəti barədə həqiqəti bəyan edəndə Onun adını Şeytanın böhtanlarından müdafiə edirik (Yar. 3:1—5). Həmçinin ərazimizdəki insanlara Yehovanın «şana, şərəfə, qüdrətə» layiq olduğunu göstərməklə də Onun adını müqəddəs tutmuş oluruq (Vəhy 4:11). 16 ildir öncül olan Rune adlı qardaşımız deyir: «Düşünəndə ki, mənə Kainatın Yaradanı barədə danışmaq şərəfi nəsib olub, qəlbim şükranla dolur. Bu hiss təbliğ etmək istəyimi daha da artırır».
YEHOVAYA VƏ İSA MƏSİHƏ MƏHƏBBƏTİMİZİ GÖSTƏRİRİK
5. a) Yəhya 15:9, 10 ayələrində təbliğ etməyimizin hansı səbəbi göstərilir? b) İsa Məsih davamçılarının dözüm göstərməli olacağını necə vurğulamışdı?
5 Yəhya 15:9, 10 ayələrini oxuyun. Təbliğ etməyimizin digər vacib səbəbi Yehovaya və İsa Məsihə duyduğumuz dərin məhəbbətdir (Mark 12:30; Yəh. 14:15). İsa Məsih şagirdlərinə demişdi ki, onun məhəbbətini qoruyub-saxlasınlar. O, nəyə görə belə demişdi? Çünki illər boyu İsanın davamçısı olaraq yaşamaq üçün dözüm lazımdır. Məsih şagirdlərinə dözümün lazım olacağını vurğulamaq üçün Yəhya 15:4—10 ayələrində «qalın», «itirməyin», «qoruyub-saxlayın» kimi sözlər istifadə etmişdi.
6. Məsihin məhəbbətini qoruyub-saxlamaq istəyimiz nədən görünəcək?
6 Məsihin məhəbbətini və rəğbətini qoruyub-saxlamaq istəyimiz nədən görünəcək? Onun göstərişlərinə itaət etməyimizdən. İsa «mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi» sözləri ilə göstərir ki, o, bizə buyurduğu şeyi özü də edirdi. Məsih bizim üçün gözəl nümunə qoyub (Yəh. 13:15).
7. İtaətkarlıq və məhəbbət bir-birilə necə əlaqəlidir?
7 İsa Məsih şagirdlərinə itaətkarlığın və məhəbbətin bir-birilə bağlı olduğunu növbəti sözlərlə göstərmişdi: «Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir» (Yəh. 14:21). İsa Məsihin təbliğ etmək göstərişinə itaət edəndə biz həm də Allaha məhəbbətimizi göstərmiş oluruq, çünki İsanın göstərişləri Atasının niyyətini əks etdirir (Mət. 17:5; Yəh. 8:28). Bizim Yehovaya və İsa Məsihə göstərdiyimiz məhəbbətin qarşılığında onlar da bizə olan məhəbbətlərini qoruyub-saxlayırlar.
İNSANLARI XƏBƏRDAR EDİRİK
8, 9. a) Təbliğ etməyimizin daha hansı səbəbi var? b) Hizqiyal 3:18, 19 və 18:23 ayələrindəki sözlər təbliğ xidmətimizi davam etdirməyə necə təkan verir?
8 Təbliğ etməyimizin başqa bir səbəbi Yehovanın yaxınlaşan günü barədə insanları xəbərdar etməkdir. Müqəddəs Kitabda «salehlik carçısı» adlanan Nuh peyğəmbər şübhəsiz ki, Daşqından öncə insanları yaxınlaşan fəlakət barədə xəbərdar edirdi. (2 Butrus 2:5 ayəsini oxuyun.) Bunu haradan bilirik? İsanın dediyi sözlərə diqqət yetirək: «O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi. Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular. İnsan Oğlunun hüzuru zamanı da belə olacaq» (Mət. 24:38, 39). İnsanlar Nuh peyğəmbərin car çəkdiyi xəbərə laqeyd münasibət göstərsələr də, o, usanmadan təbliğ etməyə davam edirdi.
9 Bu gün Allahın Padşahlığı haqda müjdəni bəyan etməyimizin sayəsində insanların Allahın bəşəriyyətlə bağlı niyyətini öyrənmək imkanı yaranır. Yehova Allahın istəyinə uyğun olaraq, biz də insanların xoş xəbərə hay verib əbədi yaşamasını istəyirik (Hizq. 18:23). Həmçinin ev-ev və ictimai yerlərdə təbliğ etməklə mümkün qədər çox insanı Allahın Padşahlığının tezliklə bu allahsız dünyanı məhv edəcəyi barədə xəbərdar edirik (Hizq. 3:18, 19; Dən. 2:44; Vəhy 14:6, 7).
İNSANLARI SEVİRİK
10. a) Mətta 22:39 ayəsində təbliğ etməyimizin hansı səbəbi göstərilir? b) Filippi şəhərində Bulus və Silanın gözətçiyə necə kömək etdiyini nəql edin.
10 Təbliğ etməyimizin daha bir vacib səbəbi başqalarını sevməyimizdir (Mət. 22:39). Məhəbbət bizi bundan sonra da dözümlə təbliğ etməyə təşviq edir. Çünki şərait dəyişəndə insanın münasibətinin də dəyişə biləcəyini bilirik. Həvari Bulusun və əməkdaşı Silanın başına gələnləri yadımıza salaq. Filippi şəhərində olanda əleyhdarları onları həbsə atır. Gecəyarısı qəfil zəlzələ baş verir, həbsxana silkələnir və qapılar taybatay açılır. Gözətçi dustaqların qaçdığını sanıb özünü öldürməyə cəhd edir. Bu zaman Bulus qışqırır: «Canına qıyma». Sonra gözətçi təşviş içində soruşur: «Nə edim ki, xilas olum?» Onlar gözətçiyə deyirlər: «İsaya iman et, onda sən də, evindəkilər də xilas olacaqsınız» (Həv. 16:25—34).
11, 12. a) Həbsxana gözətçisi ilə bağlı hadisəni xidmətimizə necə tədbiq etmək olar? b) Hansı işi görməyə hazır olmaq istəyirik?
11 Həbsxana gözətçisi ilə bağlı hadisəni xidmətimizə necə tədbiq etmək olar? Diqqət yetirin ki, gözətçi zəlzələ baş verəndən sonra fikrini dəyişərək kömək istəmişdi. Eynilə, bu gün xoş xəbərə hay
verməyən bəzi insanlar onları qəfil silkələyən hadisələrlə üzləşəndə fikirlərini dəyişib kömək axtara bilərlər. Misal üçün, ola bilsin, kimsə uzun müddət işlədiyi işi itirdiyi üçün sarsılıb, kimisinin təzəlikcə ailəsi dağılıb. Bir başqası ağır xəstəliyə tutulduğunu öyrənib və ya əzizini itirdiyi üçün pərişandır. Bu kimi hadisələrlə üzləşəndə bəziləri həyatın mənası üzərində düşünməyə başlayır. Bəlkə də, kimsə həbsxana gözətçisi kimi, «Nə edim ki, xilas olum?» sualını verir. Belə insanlarla qarşılaşanda, ola bilsin, onlar ömürlərində ilk dəfə xoş xəbərə qulaq asmaq istəsinlər.12 Bu səbəbdən, xidmət işimizi sədaqətlə davam etdirsək, insanların bizi dinləməyə hazır olduğu vaxt onlara təsəlli verə biləcəyik (Əşy. 61:1). 38 ildir tamvaxtlı xidmətdə olan Şarlotta bacı deyir: «Bu gün insanlar çox çarəsizdir. Onlar xoş xəbəri eşitməyə möhtacdırlar». 34 ildir öncül kimi xidmət edən Eyvor bacı deyir: «İnsanlar heç vaxt bu qədər sıxıntı içində olmayıblar. Onlara kömək etməyi çox istəyirəm. Bu, məni təbliğ etməyə təşviq edir». İnsanlara duyduğumuz sevgi təbliğ xidmətini davam etdirməyimiz üçün çox güclü səbəbdir!
DÖZMƏYƏ KÖMƏK EDƏN ƏNAMLAR
13, 14. a) Yəhya 15:11 ayəsində hansı ənamdan bəhs olunur? b) İsa Məsihin duyduğu sevinci necə duya bilərik? c) Sevinc hissi xidmətimizə necə təsir edir?
13 İsa Məsih həvariləri ilə keçirdiyi sonuncu gecə onlara alacaqları ənamlardan danışmışdı. Bu ənamlar sayəsində onlar dözümlə bəhrə verə biləcəkdilər. Söhbət hansı ənamlardan gedir? Bu ənamlardan biz necə yararlana bilərik?
14 Sevinc ənamı. İsa Məsihin təbliğ etmək tapşırığını yerinə yetirməyi yük hesab etməliyik? Qətiyyən. Meynə haqqında məsəli çəkdikdən sonra o, Allahın Padşahlığının carçılarının sevinc əldə edəcəklərini demişdi. (Yəhya 15:11 ayəsini oxuyun.) İsa Məsih bizi əmin edir ki, onun duyduğu sevinci biz də duya bilərik. Bu, necə mümkündür? Yuxarıda qeyd olunduğu kimi, Məsih özünü meynəyə, şagirdlərini isə budaqlara bənzətmişdi. Nə qədər ki budaq meynəyə bağlıdır, o, meynədən su və qidalı maddələr alır. Buna bənzər şəkildə, Məsihin izləri ilə gedib onunla vəhdətdə qalsaq, onun Allahın iradəsini yerinə yetirməkdən duyduğu sevinci biz də duyacağıq (Yəh. 4:34; 17:13; 1 But. 2:21). 40 ildən çoxdur öncül kimi xidmət edən Hanni bacı deyir: «Hər dəfə təbliğ edəndən sonra duyduğum sevinc hissi mənə Yehovaya xidmətimi davam etdirməyə stimul verir». Doğrudan da, duyduğumuz sevinc bizə hətta laqeydliklə üzləşdiyimiz ərazilərdə belə, təbliğ etməyə güc verir (Mət. 5:10—12).
15. a) Yəhya 14:27 ayəsində hansı ənamdan bəhs olunur? b) Nə üçün sülh ənamı bəhrə verməyə kömək edir?
15 Sülh ənamı. (Yəhya 14:27 ayəsini oxuyun.) Həvariləri ilə keçirdiyi sonuncu gecə İsa demişdi: «Öz sülhümü sizə bağışlayıram». Məsihin bağışladığı bu sülh ənamı bəhrə verməyə necə kömək edir? Dözümlə təbliğ edəndə biz daxilimizdə sülh hissi, qəlb rahatlığı duyuruq, çünki bilirik ki, Yehova və Məsih bizdən razıdır (Zəb. 149:4; Rom. 5:3, 4; Kol. 3:15). Ömrünün 45 ilini tamvaxtlı xidmətdə keçirən Ulf qardaş deyir: «Təbliğ xidməti həyatıma əsl məna və məmnunluq bəxş edir, baxmayaraq ki, çox yoruluram». Bizə həqiqi qəlb rahatlığı bəxş edən Allahımız Yehovaya şükürlər olsun!
16. a) Yəhya 15:15 ayəsində hansı ənamdan danışılır? b) Həvarilər Məsihin dostları olaraq qalmaq üçün nə etməli idilər?
Yəh. 15:11—13). Daha sonra o qeyd etmişdi: «Mən sizə dost deyirəm». İsa Məsihin dostu olmaq necə də böyük şərəfdir! Həvarilər bu dostluğu qorumaq üçün nə etməli idilər? Onlar daima bar gətirməli idilər. (Yəhya 15:14—16 ayələrini oxuyun.) Bundan təxminən iki il əvvəl İsa həvarilərinə buyurmuşdu: «Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mət. 10:7). İndi, o, həvariləri ilə keçirdiyi sonuncu gecə onları başladıqları işi davam etdirməyə təşviq edir (Mət. 24:13; Mark 3:14). Məsihin bu tapşırığını icra etmək asan deyildi, amma həvarilər bunun öhdəsindən gələ və beləcə, Məsihin dostu olaraq qala bilərdilər. Necə? Başqa bir ənamın köməyi sayəsində.
16 Dostluq ənamı. Qəlbindəki sevinci həvarilərinin də tam duymasını istədiyini dedikdən sonra İsa Məsih onlara fədakar məhəbbət göstərməyin vacibliyini başa salmışdı (17, 18. a) Yəhya 15:16 ayəsində hansı ənamdan danışılır? b) Bu ənam İsanın davamçılarına necə kömək etmişdi? c) Bizi hansı ənamlar möhkəmləndirir?
17 Dualara cavab ənamı. İsa Məsih demişdi: «Atam mənim adımla dilədiyiniz hər şeyi sizə [verəcək]» (Yəh. 15:16). Sözsüz ki, bu vəd həvariləri möhkəmləndirmişdi! * Həvarilər Məsihin tezliklə öləcəyini tam dərk etmirdilər. Buna görə də Ağaları ölən zaman onlar özlərini köməksiz hiss edə bilərdilər, lakin onlar tək deyildilər. Həvarilər Padşahlıq müjdəsini təbliğ etmək üçün ehtiyac duyduqları istənilən kömək barədə Yehovaya dua edə bilərdilər. Yehova həmişə onların dualarına cavab verməyə hazır idi. Çox keçmədən həvarilər dualarına aldıqları cavabı öz gözləri ilə gördülər (Həv. 4:29, 31).
18 Bu gün də belədir. Dözümlə bəhrə gətirsək, Məsihlə dostluğumuzu qoruyacağıq. Bundan əlavə, əmin ola bilərik ki, Yehova Padşahlıq haqda müjdəni təbliğ edən zaman qarşılaşdığımız istənilən maneəni aşmaq üçün dilədiyimiz dualara cavab verməyə hazırdır (Filip. 4:13). Dualarımıza cavab almaq və İsa Məsihin dostu olmaq bizim üçün böyük şərəfdir! Yehovadan aldığımız bu ənamlar bundan sonra da bəhrə vermək üçün bizi möhkəmləndirir (Yaq. 1:17).
19. a) Nə üçün təbliğ xidmətini davam etdiririk? b) Allahın tapşırığını başa çatdırmağa bizə nə kömək edir?
19 Bu məqalədə təbliğ işini davam etdirməyin 4 səbəbini araşdırdıq. Öyrəndik ki, təbliğ etməklə 1) Yehovaya şərəf gətirir və adının müqəddəs tutulmasına vəsilə oluruq, 2) Yehovaya və İsa Məsihə məhəbbətimizi göstəririk, 3) insanları Allahın günün yaxınlaşması barədə xəbərdar edirik, 4) insanlara sevgimizi göstəririk. Həmçinin sevinc, sülh, dostluq və dualara cavab ənamları haqqında öyrəndik. Bu ənamlar Allahın tapşırığını icra etmək əzmimizi daha da möhkəmləndirir. Dözümlə bəhrə vermək üçün əlimizdən gələni etməyimiz Yehova Allah üçün çox xoşdur!
^ abz. 17 İsa Məsih həvariləri ilə söhbəti zamanı onları dəfələrlə əmin etmişdi ki, nə diləsələr alacaqlar (Yəh. 14:13; 15:7, 16; 16:23).