Məhsul boldur!
İSA MƏSİH demişdi ki, dövrün sonunda məhsul bol olacaq (Mət. 9:37; 24:14). Bu peyğəmbərlik Ukraynanın Zakarpatye vilayətində qeyri-adi şəkildə yerinə yetir. Həmin vilayətin cəmi üç qonşu şəhərində * 50 yığıncaq və 5400-dən çox təbliğçi var. Bu o deməkdir ki, bu şəhərlərdə hər 4 nəfərdən 1-i Yehovanın Şahididir.
Bu ərazilərdə insanlar xoş xəbərə necə hay verir? Vasili adlı bir qardaş deyir: «Burada insanlar Müqəddəs Kitaba hörmətlə yanaşır, ədaləti sevir, möhkəm ailə bağlarına sahibdirlər və bacardıqları qədər bir-birinə əl tuturlar... Bizim etiqadımızla həmişə razılaşmasalar da, Müqəddəs Kitabdan ayə oxuyanda diqqətlə dinləyirlər».
Təbliğçilərin sayı əhaliyə nisbətdə daha çox olduğu ərazilərdə təbliğ edən bacı-qardaşlarımız müəyyən çətinliklərlə üzləşirlər. Misal üçün, 134 təbliğçisi olan bir yığıncağın ərazisində təbliğ ediləsi cəmi 50 ev var. Bəs təbliğçilər bu vəziyyətə necə uyğunlaşır?
Bir çox bacı-qardaşımız fədakarlıq göstərərək müjdəçilərə tələbat olan ərazilərə gedib təbliğ edirlər. Yonaş adlı 90 yaşlı bir qardaş deyir: «Bizim yığıncağın ərazisində bir təbliğçiyə cəmi 2 ev düşür. İndi yaşadığım kənddə təbliğ edirəm, amma sağlamlığım pisləşməmişdən əvvəl 160 kilometr yol gedib təyin olunmamış ərazidə macar dilində təbliğ edirdim». Doğrudan da, başqa ərazilərdə təbliğ etmək müəyyən fədakarlıq tələb edir. Qardaş sözünə davam edir: «Sübh tezdən saat 4-də dururdum ki, qatara çatım. Saat 6-ya qədər təbliğ edib axşam qatarı ilə evə qayıdırdım. Ora həftədə iki-üç dəfə gedirdim». Bəs görəsən bu əziyyəti çəkməyə dəyərdi? Qardaş deyir: «Xidmətin bu növündə iştirak etmək mənə böyük sevinc bəxş edirdi. Xoşbəxtəm ki, ucqar ərazidə yaşayan bir ailəyə həqiqəti öyrənməyə kömək etmişəm».
Təbii ki, bu ərazidəki yığıncaqların hər bir üzvünün uzaq ərazilərdə təbliğ etmək imkanı olmur. Amma onların hamısı, hətta yaşlı bacı-qardaşlar da öz yığıncaqlarının aid olduğu ərazidə canla-başla təbliğ edirlər. Belə ki, 2017-ci ildə bu üç şəhərdə keçirilmiş anma mərasimində iştirak edənlərin sayı təbliğçilərin sayından iki dəfə çox idi, bu isə o deməkdir ki, əhalinin yarısı anma mərasimində iştirak etmişdi. Sözsüz ki, harada xidmət etməyimizdən asılı olmayaraq, hələ də Rəbbin yolunda görüləsi çox iş var (1 Kor. 15:58).
^ abz. 2 Bunlar Qlubokiy Potik, Sredneye Vodyane, Nijnaya Apşa şəhərləridir.