Cənnətə aparan yol
Ötən məqalələrdən öyrəndik ki, Allah tezliklə bu şər dünyaya, onun bütün problemlərinə son qoyacaq. Bu mütləq olacaq! Çünki Allah Öz Kəlamında vəd edir:
«Dünya öz istəkləri ilə bərabər keçib gedir» (1 YƏHYA 2:17).
Sözsüz, sağ qalanlar da olacaq. Çünki həmin ayədə belə bir vəd də yazılıb:
«Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır».
Deməli, sağ qalmaq üçün Allahın istəyini yerinə yetirmək vacibdir. Allahın istəyinin nədən ibarət olduğunu bilmək üçün isə əvvəlcə Onu tanımalıyıq.
ALLAHI TANIYIN VƏ XİLAS OLUN
Müqəddəs Kitabda deyilir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı... tanısınlar» (Yəhya 17:3). Dünyanın sonunda xilas olub əbədi yaşamaq istəyiriksə, Allahı tanımalıyıq. Allahı tanımaq sadəcə Allahın varlığına inanmaq, yaxud Onun haqda bəzi şeyləri bilmək demək deyil. Biz Allahla dost olmalıyıq. Kiminləsə dostluğumuzu möhkəmləndirmək üçün onunla vaxt keçirmək lazımdır. Bu, Allahla dostluğa da aiddir. Gəlin Müqəddəs Kitabdan bəzi vacib həqiqətlərə nəzər salaq. Bunlar bizə Allahla dost olmağa və bu dostluğu qorumağa kömək edəcək.
ALLAHIN KƏLAMINI HƏR GÜN OXUYUN
Biz yaşamaq üçün müntəzəm qidalanırıq. Amma İsa Məsih demişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır» (Mətta 4:4).
Biz bu gün Yehovanın sözlərini Müqəddəs Kitabın səhifələrindən oxuya bilərik. Bu kitabı oxuduqca, siz Allahın keçmişdə və indi gördüyü işlərlə tanış olacaqsınız və gələcəkdə nələr edəcəyini öyrənəcəksiniz.
DUA EDİB ALLAHDAN KÖMƏK İSTƏYİN
Bəzən insan Allahın dediyi kimi yaşamaq istəyir, amma Onun günah hesab etdiyi əməllərdən əl çəkə bilmir. Bu zaman Allahı tanımağın insana çox böyük köməyi dəyə bilər.
Gəlin şərti olaraq Sakura adlandırdığımız bir qadının nümunəsinə baxaq. O, əvvəllər əxlaqsız həyat tərzi sürürdü. Ancaq Müqəddəs Kitabı araşdıranda gördü ki, Allah əxlaqsızlıq etməməyi buyurur (1 Korinflilərə 6:18). Sakura dua edib Allahdan güc istədi və pis əməlindən əl çəkə bildi. Amma onda hələ də belə istəklər baş qaldırır. O deyir: «Ağlıma natəmiz fikirlər gələndə dua edib bu barədə Yehova ilə danışıram. Bilirəm ki, bu mübarizəni təkbaşına apara bilmərəm. Dua etməyin sayəsində Yehovaya daha da yaxın oluram». Sakura kimi milyonlarla insan Allahla yaxından tanış olur. Allah onlara həyatlarında dəyişiklik etməyə güc verir, saleh ömür sürməyə kömək edir (Filippililərə 4:13).
Siz Allahı yaxından tanıdıqca, Allah da sizi tanıyacaq, sizi Özünə dost biləcək (Qalatiyalılara 4:9; Zəbur 25:14). O zaman Allahın vəd etdiyi Cənnətdə yaşaya biləcəksiniz. Bəs Cənnətdə həyat necə olacaq? Növbəti məqalə bu suala cavab verir.
a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.