Dünyanın sonuna az qalıb?
Yəqin eşitmisiniz, Müqəddəs Kitabda yazılıb ki, dünyanın sonu olacaq (1 Yəhya 2:17). Bu o deməkdir ki, insanlar məhv olacaq? Yer kürəsindən bütün canlıların kökü kəsiləcək? Planetimiz dağılacaq?
MÜQƏDDƏS KİTABA ƏSASƏN, XEYR!
Nə məhv olmayacaq?
BƏŞƏRİYYƏT
Müqəddəs Kitabda deyilir: «Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq, onu boş yerə deyil, yaşayış üçün» yaradıb (ƏŞİYA 45:18).
YER KÜRƏSİ
Müqəddəs Kitabda deyilir: «Bir nəsil gedir, o biri nəsil gəlir, amma Yer əbədi durur» (VAİZ 1:4).
MƏNASI: Müqəddəs Kitaba əsasən, Yer kürəsi heç vaxt məhv olmayacaq, orada həmişə yaşayış olacaq. Bəs onda dünyanın sonu deyiləndə nə nəzərdə tutulur?
DÜŞÜNÜN: Müqəddəs Kitabda bu dünyanın sonu Nuh peyğəmbərin dövründə baş verən hadisə ilə müqayisə edilir. Həmin vaxt yer zorakılıqla dolu idi (Yaradılış 6:13). Amma Nuh peyğəmbər saleh ömür sürürdü. Buna görə də Allah Nuh peyğəmbərlə ailəsini sağ saxladı, şər insanları isə daşqın göndərib məhv elədi. Həmin dövrdə baş verən hadisə haqda Müqəddəs Kitabda deyilir: «O vaxt mövcud olan bəşər daşqın suları altında qalıb məhv olmuşdu» (2 Butrus 3:6). Bununla da, həmin dövrdə mövcud olan dünyaya son qoyulmuşdu. Bəs nə məhv edilmişdi? Yer kürəsi yox, orada yaşayan şər insanlar. Deməli, Müqəddəs Kitabda dünyanın sonu deyiləndə Yer planetinin məhv edilməsi nəzərdə tutulmur. Şər insanların və onların təsis etdiyi quruluşun məhvi nəzərdə tutulur.
Nə sona yetəcək?
ƏZAB-ƏZİYYƏT VƏ ŞƏR ƏMƏLLƏR
Müqəddəs Kitabda deyilir: «Az qalıb! Artıq pis adam olmayacaq, yerinə baxacaqsan, o, yoxdur. Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (ZƏBUR 37:10, 11).
MƏNASI: Nuh peyğəmbərin dövründəki daşqın dünyadan pisliyin kökünü həmişəlik kəsmədi. Daşqından sonra şər insanlar yenə də dünyanı acınacaqlı hala saldılar. Amma tezliklə Allah pisliyə son qoyacaq. Onun Kəlamında deyilir: «Artıq pis adam olmayacaq». Allah göydə qurduğu Padşahlıq vasitəsilə pisliyin kökünü kəsəcək. Yer üzündə yalnız əməlisaleh insanlar yaşayacaq və bu Padşahlıq bütün dünyanı idarə edəcək.
DÜŞÜNÜN: Sizcə, dünya rəhbərləri Allahın Padşahlığına tabe olacaq? Müqəddəs Kitabda deyilir ki, tabe olmayacaq. Əfsuslar olsun ki, onlar Allahın Padşahlığına qarşı çıxacaqlar (Zəbur 2:2). Bu nə ilə nəticələnəcək? Allahın Padşahlığı insan hökumətlərini «əzib yox edəcək, özü isə əbədi duracaq» (Dənyal 2:44). Bəs nəyə görə insan hakimiyyətinə son qoyulmalıdır?
İnsan hakimiyyətinə SON!
Müqəddəs Kitabda deyilir: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (ƏRƏMYA 10:23).
MƏNASI: İnsanlar bir-biri üzərində hakimiyyət sürmək üçün yaradılmayıblar. Onlar başqa insanları idarə etməyi bacarmırlar, problemləri həll etməkdə acizdirlər.
DÜŞÜNÜN: Bir ensiklopediyada deyilir ki, ayrı-ayrılıqda hökumətlər «bəşəriyyətə qənim kəsilən yoxsulluğu, aclığı, xəstəliyi, təbii fəlakətləri, müharibə və ya zorakılığı aradan qaldıra» bilmir. Orada həmçinin qeyd olunur: «Bəzi insanlar... düşünür ki, bütün dünyanı yalnız bir hökumət idarə edərsə, bu pisliklərin kökünü kəsmək mümkün olar» («Britannica Academic»). Ancaq bir məsələ var ki, dünyadakı dövlətlər birləşsə də, dünyanı yenə də fani insanlar idarə edəcək. Onlar isə sadalanan bu problemləri aradan qaldırmaq iqtidarında deyil. Allahın Padşahlığı bütün dünyadakı problemləri birdəfəlik aradan qaldırmağa qadir olan yeganə hökumətdir.
Deməli, Müqəddəs Kitaba əsasən, saleh insanlar bu şər dünyanın sonundan qorxmamalıdır. Əksinə, bunu səbirsizliklə gözləməlidir! Çünki dağılıb gedən bu köhnə dünyanın yerini Allahın qurduğu möhtəşəm yeni dünya tutacaq!
Bəs yeni dünya nə zaman olacaq? Növbəti məqalədə bu suala Müqəddəs Kitab əsasında cavab verilir.