Allahı yaxından tanımağın sizə hansı faydaları olacaq?
Ötən məqalələrdə Allahla yaxından tanış olmaq üçün müəyyən mövzuları araşdırdıq. Öyrəndik ki, Müqəddəs Kitaba əsasən Allahın adı Yehovadır, Onun ən əsas xüsusiyyəti məhəbbətdir. Həmçinin Onun insanların rifahı üçün əvvəllər nələr etdiyini və gələcəkdə nələr edəcəyini nəzərdən keçirdik. Amma bununla hər şey bitmir. Allah haqqında öyrənməli çox şey var. Sizdə sual yarana bilər ki, Allah haqqında öyrənməyin sizə hansı faydası var.
Yehova Allah vəd edir ki, Onu axtarsaq, tapacağıq (1 Salnamələr 28:9). Bir təsəvvür edin: Allahı axtarsanız, Onu yaxından tanısanız, Onun dostluğunu qazanacaqsınız. Bundan qiymətli nə ola bilər? (Zəbur 25:14). Bəs bu dostluqdan nə əldə edəcəksiniz?
Həqiqi xoşbəxtlik. Müqəddəs Kitabda deyilir ki, Yehova xoşbəxt Allahdır (1 Timutiyə 1:11). Allaha yaxınlaşmaq, Onun dediyi kimi yaşamaq sizi sözün əsl mənasında xoşbəxt edəcək, sizə emosional, əqli və fiziki faydalar gətirəcək (Zəbur 33:12). Allah insana həmçinin pis həyat tərzindən uzaq durmağa, faydalı vərdişlərə yiyələnməyə, insanlarla yaxşı münasibət qurmağa kömək edir. Bu isə sözsüz ki, xoşbəxtliyə yol açır. Belə yaşadıqca Zəbur kitabında yazılmış sözlər sizin ürəyinizdən xəbər verəcək: «Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur» (Zəbur 73:28).
Allahın şəxsən sizə olan qayğısı. Yehova Allah xidmətçilərinə vəd edib: «Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq» (Zəbur 32:8). Bu o deməkdir ki, Yehova Allah Şəxsən Özü xidmətçilərinə qayğı göstərir və hər birinin ehtiyacını ayrı-ayrılıqda təmin edir (Zəbur 139:1, 2). Yehova Allahla yaxşı münasibətiniz yaranandan sonra görəcəksiniz ki, O, həmişə sizinlədir.
Gözəl gələcək. İndi xoşbəxtliyə nail olmaqla yanaşı, Yehova Allah sizin üçün gözəl gələcəyə də yol açır (Əşiya 48:17, 18). Müqəddəs Kitabda deyilir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bu çətin zəmanədə Allahın verdiyi ümid gəmi lövbəri kimi bizi «möhkəm və sarsılmaz» saxlaya bilər (İbranilərə 6:19).
Bəli, Allahı yaxından tanımaq üçün, Onunla yaxın münasibət qurmaq üçün çoxlu səbəblər var. Sadalanan səbəblər onlardan cəmi bir neçəsidir. Sizi daha ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri ilə söhbət etməyə və ya jw.org saytına daxil olmağa dəvət edirik.