Kontentə keç

Mündəricatı göstər

«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Allah duaları eşidir?

Allah duaları eşidir?

Nə vaxtsa düşünmüsünüz: «Görəsən Allah dualarımı eşidir?» Çoxlarını bu sual narahat edir. Bəzi insanlar Allaha müəyyən problem barədə nə qədər dua etsələr də, problem həll olunmur. Bu o deməkdir ki, Allah dualarımızı dinləmir? Xeyr! Müqəddəs Kitab bizi əmin edir ki, düzgün dua ediriksə, Allah duamızı eşidir. Gəlin görək orada bu barədə nə yazılıb.

ALLAH DUANIZI EŞİDİR.

«Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək» (Zəbur 65:2).

Bəzi insanlar deyirlər ki, dua edəndə özlərini yaxşı hiss edirlər. Ona görə də dualarını kiminsə dinlədiyinə inanmasalar da, dua edirlər. Amma dua sadəcə problemlər vaxtı özümüzü yaxşı hiss etməyə kömək edən sakitləşdirici vasitə deyil. Müqəddəs Kitab bizi əmin edir: «Yehova * Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır... Fəryadlarını eşidər» (Zəbur 145:18, 19).

Buna görə də əmin ola bilərik ki, Yehova Allah bəndələrinin dualarını dinləyir. O deyir: «Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm» (Ərəmya 29:12).

ALLAH ONA DUA ETMƏYİNİZİ İSTƏYİR.

«Daima dua edin» (Romalılara 12:12).

Müqəddəs Kitab bizi səsləyir ki, daima, hər an dua edək. Deməli, Yehova Allah bizim Ona dua etməyimizi istəyir (Mətta 26:41; Efeslilərə 6:18).

Nəyə görə Allah istəyir ki, Ona dua edək? Bir nümunəyə baxaq. Hansı valideynə uşağı gəlib «ata, mənə kömək et» deyəndə xoş olmur? Çox güman ki, ata uşağın nəyə ehtiyacı olduğunu, nə hiss etdiyini artıq bilir. Amma bunu uşağın dilindən eşidəndə başa düşür ki, övladı ona etibar edir. Biz də Yehova Allaha dua edəndə Ona etibar etdiyimizi, Ona yaxınlaşmaq istədiyimizi göstəririk (Məsəllər 15:8; Yaqub 4:8).

ALLAH QAYĞINIZA QALIR.

«Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).

Allah bizi sevdiyi, qayğımıza qaldığı üçün istəyir ki, Ona dua edək. Allah bizim dərdlərimizdən agahdır, nə çəkdiyimizi görür. O bizə kömək etmək istəyir.

Davud peyğəmbər bütün həyatı boyu Yehova Allaha üz tutmuş, ürəyini Ona açıb danışmışdı (Zəbur 23:1—6). Bəs Allah Davud peyğəmbərə necə yanaşırdı? Allah onu sevirdi, onun bütün dualarını dinləyirdi (Həvarilərin işləri 13:22). Allah bizim də dualarımızı eşidir, axı O bizi də sevir.

«YEHOVANI SEVİRƏM, ÇÜNKİ EŞİDİR SƏSİMİ»

Bu sözlər Müqəddəs Kitabdakı bir məzmurun yazarının sözləridir. O əmin idi ki, Allah onun dualarını eşidir və bu ona çox kömək edirdi. O özünü Allaha yaxın hiss edirdi və həyatın çətinliklərinin, ağrı-acısının öhdəsindən gəlməyə güc tapırdı (Zəbur 116:1—9).

Allahın dualarımızı eşitdiyinə ürəkdən inansaq, Ona həmişə dua edəcəyik. İspaniyanın şimalında yaşayan Pedro adlı bir kişinin 19 yaşlı oğlu avtomobil qəzasında vəfat etmişdi. Pedro ürəyindəki ağrı-acını Allaha danışırdı və dönə-dönə dua edib Ondan təsəlli, kömək istəyirdi. O deyir: «Yehova Allah dualarıma cavab verdi. Həyat yoldaşımla mənə dindaşlarımızın vasitəsilə təsəlli verdi, dayaq oldu».

Əksər hallarda Allah dualarımıza dostlarımızın dəstəyi, təsəllisi vasitəsilə cavab verir

Düzdür, dualar Pedronun oğlunu geri qaytarmadı. Amma ona və ailəsinə çox böyük kömək etdi. Pedronun həyat yoldaşı Mariya Karmen deyir: «Dua mənə bu dərdə dözməyə kömək etdi. Bilirdim ki, Yehova Allah məni başa düşür. Çünki Ona dua edəndə ürəyimə rahatlıq, sakitlik çökürdü».

Həm Müqəddəs Kitab, həm də öz təcrübələrini bölüşən insanların sözləri göstərir ki, Allah duaları eşidir. Amma bir şey də aydındır ki, Allah bütün dualara cavab vermir. Bəs nəyə görə Allah bəzi dualara cavab verir, bəzilərinə isə yox?

^ abz. 5 Yehova Allahın adıdır (Zəbur 83:18).