Kontentə keç

Mündəricatı göstər

Nəyə görə Allah bütün duaları qəbul etmir?

Nəyə görə Allah bütün duaları qəbul etmir?

Yaradanımız Yehova Allaha bəndələrinin sidqi-ürəkdən etdiyi duaları eşitmək xoşdur. Amma müəyyən səbəblərə görə O bəzi duaları qəbul etmir. Bunlar hansı səbəblərdir? Dua edərkən nələri nəzərə almalıyıq? Gəlin bəzi ayələrə baxaq.

«Dua edəndə başqa xalqlardan olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin» (Mətta 6:7).

Yehova Allah əzbərlənmiş duaları, yaxud dua kitabından oxunan duaları qəbul etmir. O istəyir ki, ürəyimizdəkiləri Ona açıb danışaq. Əgər dostunuz sizə hər gün eyni şeyləri söyləsəydi, bu sizə necə təsir edərdi? Yaxın dostlar adətən bir-biri ilə açıq, səmimi ünsiyyət edirlər. Biz öz sözlərimizlə dua edəndə ən məhrəm hisslərimizi Allahla bölüşürük və göstəririk ki, Ona etibar edirik.

«Diləyəndə də ala bilmirsiniz, çünki yaxşı məqsədlə yox, nəfsinizi doydurmaq üçün diləyirsiniz» (Yaqub 4:3).

Əgər Allaha xoş olmayan bir əməl üçün, yaxud Ona məqbul olmayan bir şeyi əldə etmək üçün dua ediriksə, sözsüz ki, Allahın duamıza cavab verəcəyini gözləməməliyik. Məsələn, qumarbaz oyunda bəxtinin gətirməyi üçün dua edirsə, Yehova Allah onun duasını eşidər? Axı Allah buyurub ki, tamahkar olmayaq, bəxtə-taleyə inanmayaq (Əşiya 65:11; Luka 12:15). Sözsüz ki, Allah belə duaları qəbul etməz! Allahın dualarımıza cavab verməsi üçün diləklərimiz Onun Kəlamında deyilənlərə uyğun olmalıdır.

«Kim ki qulağını tıxayıb qanunu eşitmir Onun duası da iyrəncdir» (Məsəllər 28:9).

Qədimdə Allah Onun adil qanunlarına itaət etməyənlərin dualarını dinləmirdi (Əşiya 1:15, 16). Allah dəyişməyib (Məlaki 3:6). Allahın dualarımıza cavab verməsini istəyiriksə, Onun qanunlarına itaət etməliyik. Bəs əgər əvvəllər günaha yol vermişiksə, onda necə? Bu o deməkdir ki, Yehova Allah daha heç vaxt bizim dualarımızı dinləməyəcək? Xeyr! Əgər pis əməlimizdən dönüb, Allahı razı salmaq üçün əlimizdən gələni etsək, Allah bizi bağışlayacaq (Həvarilərin işləri 3:19).