Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?
İsa Məsih şagirdlərinə Padşahlığın gəlməsi üçün dua etməyi öyrətmişdi, çünki bilirdi ki, yer üzündə baş verən dəhşətli hadisələr Allaha xoş deyil və Allahın Padşahlığı bu vəziyyəti düzəldə bilən yeganə hökumətdir. Bəs Allahın Padşahlığı nələri həyata keçirəcək?
ALLAHIN PADŞAHLIĞI HANSI İŞLƏRİ GÖRÜB?
Əvvəlki məqalədə İsa Məsihin verdiyi əlamətdən danışdıq. Bu əlamət Padşahı İsa Məsih olan Padşahlığın göydə təsis olunduğuna aydın sübutdur.
Müqəddəs Kitabda deyilir ki, İsa Məsih hakimiyyətə gələndə Şeytanı və cinləri göydən qovdu. Onlar yalnız yerin hüdudlarında fəaliyyət göstərə bilirlər. 1914-cü ildən vəziyyətin pisləşməsinin bir səbəbi də elə budur (Vəhy 12:7, 9).
Dünyada vəziyyətin günü-gündən pisləşməsinə baxmayaraq, Allahın Padşahlığında Padşah olan İsa Məsih bütün yer üzündə insanların rifahı üçün çox iş görür. İsa Məsihin qabaqcadan xəbər verdiyi ümumdünya maarifləndirmə işinin sayəsində çoxları Müqəddəs Kitabdakı məsləhətləri öyrənib həyatında tətbiq edir (Əşiya 2:2—4). Milyonlarla insan işə tarazlı yanaşmağı öyrənib, ailə tellərini möhkəmləndirib və maddiyyata qul olmadan maddi şeylərdən həzz almağı öyrənib. Bu insanlar həm indi xoşbəxt yaşamağı, həm də Allahın Padşahlığının təbəəsi olmağa layiq insan olmağı öyrənirlər.
ALLAHIN PADŞAHLIĞI DAHA NƏLƏR EDƏCƏK?
İsa Məsih artıq göydə idarə etsə də, yer üzünü hələ də insan hökumətləri idarə edir. Allah İsa Məsihə buyurmuşdu: «Get, düşmənlərinin arasında hakimiyyət sür» (Zəbur 110:2). Tezliklə İsa Məsih bütün düşmənlərini tamamilə məğlub edəcək, Allaha sidqi-ürəkdən tabe olanlara isə qurtuluş bəxş edəcək.
Həmin dövrdə Allahın Padşahlığı növbəti işləri həyata keçirəcək:
-
Yalan dinin kökünü kəsəcək. Allah haqqında yalanlar öyrədən və insanların həyatını ağırlaşdıran dinlər olmayacaq. Müqəddəs Kitabda yalan din fahişə kimi təsvir olunur. Onun məhv edilməsi çoxlarını dəhşətə gətirəcək (Vəhy 17:15, 16).
-
İnsan hakimiyyətinə son qoyacaq. Allahın Padşahlığı bütün insan hakimiyyətinə son qoyacaq (Vəhy 19:15, 17, 18).
-
Pis insanları məhv edəcək. Şər işlərdən əl çəkməyənlərin, Allaha tabe olmaq istəməyənlərin aqibəti necə olacaq? «Pislərin... kökü yer üzündən kəsiləcək» (Məsəllər 2:22).
-
Şeytanı və cinləri buxovlayacaq. Şeytan və cinlər xalqları azdıra bilməyəcək (Vəhy 20:3, 10).
Bütün bunların Allahın Padşahlığının tərəfində olan insanlara hansı təsiri olacaq?
ALLAHIN PADŞAHLIĞI BƏŞƏRİYYƏT ÜÇÜN NƏLƏR EDƏCƏK?
İsa Məsih göydə padşahlıq edəndə insan hökmdarlarının edə biləcəyindən qat-qat artıq işlər görəcək. İnsanların arasından seçilmiş 144 000 nəfər onunla birgə hakimiyyət sürüb, ona kömək edəcək (Vəhy 5:9, 10; 14:1, 3). O diqqət yetirəcək ki, Allahın iradəsi yer üzündə yerinə yetsin. Allahın Padşahlığı yer üzünün sakinləri üçün nə edəcək?
-
Xəstəliyi və ölümü aradan qaldıracaq. «Heç bir sakin “xəstəyəm” deməyəcək», «artıq ölüm olmayacaq» (Əşiya 33:24; Vəhy 21:4).
-
Həqiqi sülh və təhlükəsizlik hökm sürəcək. «Oğullarının əmin-amanlığı bitib-tükənməyəcək» və «hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq» (Əşiya 54:13; Mikə 4:4).
-
İnsanların mənalı işi olacaq. «Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq. Onlar nahaq yerə əlləşməyəcək» (Əşiya 65:22, 23).
-
Ətraf-aləmlə bağlı problemlər həll olunacaq. «Səhra və quraq torpaq sevinəcək, düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək» (Əşiya 35:1).
-
İnsanlar əbədi yaşamaq üçün bilik alacaq. «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).
Allah istəyir ki, siz də bu nemətləri alanlardan olasınız (Əşiya 48:18). Növbəti məqalədən öyrənəcəksiniz ki, gözəl gələcəyin sizə nəsib olması üçün indidən nə edə bilərsiniz.