Kontentə keç

Mündəricatı göstər

Əbədi yaşamaq üçün yaradılmışıq

Əbədi yaşamaq üçün yaradılmışıq

KİM İSTƏMƏZ Kİ, uzun və xoşbəxt ömür sürsün? Təsəvvür edirsiniz, əbədi, sağlam və xoşbəxt yaşaya bilsəydik, necə gözəl olardı? Doğmalarımızla daha çox vaxt keçirə bilərdik, dünyanı gəzib-dolaşardıq, yeni bacarıqlara yiyələnərdik, daha hikmətli olardıq, maraqlandığımız şeyləri daha dərindən öyrənərdik.

Bu arzu qeyri-təbiidir? Qətiyyən. Müqəddəs Kitabda deyilir ki, bu arzunu Allah bizim ürəyimizə qoyub (Vaiz 3:11). Orada həmçinin yazılıb ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Belə isə məhəbbətli Allah ürəyimizə əbədi yaşamaq arzusunu qoyub, sonra isə bu arzunun gerçəkləşməsini qeyri-mümkün edərdi? Bu, ağlabatandır?

Birmənalı şəkildə demək olar ki, ölüm dost deyil. Müqəddəs Kitabda ölüm «düşmən» adlanır (1 Korinflilərə 15:26). Bu həyatda ölüm kimisini tez yaxalayır, kimisini gec, amma əvvəl-axır hamını haqlayır. Çoxları ölümün adı gələndə qorxuya düşür. Bəs bu düşmən nə vaxtsa məhv ediləcək? Belə bir şey mümkündür?

ÜMİD ÜÇÜN ƏSAS

Bəlkə də, sizə təəccüblü gələcək, amma Allah insanların ölməsini heç vaxt niyyət etməyib. Tövrat kitabında yazılanlar sübut edir ki, Allahın niyyəti insanların yer üzündə əbədi yaşaması olub. Yehova * Allah insanı yaratmazdan əvvəl Yer kürəsini yaşayış üçün hərtərəfli hazırlamışdı. Sonra ilk insanı Adəmi yaradıb, Ədən bağı adlanan cənnətdə yerləşdirmişdi. Bundan sonra Allah yaratdıqlarının hamısına baxmış və görmüşdü ki, hər şey çox yaxşıdır (Yaradılış 1:26, 31).

Adəm kamil, Allahın bənzərində yaradılmışdı (Qanunun təkrarı 32:4). Adəmin arvadı Həvva da qüsursuz, əqli və fiziki cəhətdən kamil idi. Yehova Allah onlara demişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun. Dənizdəki balıqların, göydəki qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin» (Yaradılış 1:28).

Yer üzünü insanlarla doldurmaq üçün vaxt lazım idi. Həvva övladlar dünyaya gətirməli idi, onların da öz övladları olmalı idi. Bu o vaxta qədər davam edəcəkdi ki, yer üzü Allahın niyyət etdiyi kimi, insanlarla dolsun (Əşiya 45:18). Əgər Adəmin və Həvvanın ömrü yalnız övladlarını və nəvələrini görməyə çatacaqdısa, onlar bütün yer üzünün övladları ilə məskun olduğunu görməyəcəkdilərsə, o zaman Yehova Allahın onlara belə bir tapşırıq verməsi nə qədər məntiqəuyğun olardı?

Yaxud götürək heyvanlar üzərində hökmranlıq etmək tapşırığını. Allah Adəmə demişdi ki, heyvanlara ad versin. Bunun üçün vaxt lazım idi (Yaradılış 2:19). Heyvanlara hökmranlıq etmək üçün isə Adəm onlara yaxşı bələd olmalı, onlara necə qulluq etməyi bilməli idi. Bu isə lap çox vaxt aparacaqdı.

Allahın yer üzünü doldurmaq və heyvanlara hökmranlıq etmək əmri göstərir ki, ilk insan cütlüyü uzun ömür sürmək üçün yaradılmışdı. Əslində, Adəm, doğrudan da, uzun ömür sürdü.

ALLAHIN NİYYƏTİ ODUR Kİ, İNSANLAR YER ÜZÜNDƏKİ CƏNNƏTDƏ ƏBƏDİ YAŞASINLAR

ONLAR UZUN ÖMÜR SÜRDÜLƏR

Adəm 930 il

Mətuşələh 969 il

Nuh 950 il

Bu gün 70—80 il

Müqəddəs Kitabda yazılanlardan görürük ki, bir zamanlar insanlar bizdən qat-qat çox yaşayıblar. Orada yazılıb ki, Adəm 930 il ömür sürmüşdü. Sonra 900 ildən çox yaşayan daha altı nəfərin adı çəkilir: Şeys, Ənuş, Qinan, Yarəd, Mətuşələh və Nuh. Onların hamısı Nuh əyyamındakı Daşqından əvvəl yaşamışdılar. Nuh özü də Daşqından əvvəl 600 il yaşamışdı (Yaradılış 5:5—27; 7:6; 9:29). Bu qədər çox yaşamaq necə mümkün olub?

Bu insanların hamısı bəşəriyyətin kamilliyə yaxın olduğu dövrdə yaşamışdı. Görünür, onların uzunömürlü olmasının əsas səbəbi bu olmuşdur. Bəs kamillik uzun ömürlə necə bağlıdır? Ölüm necə məhv ediləcək? Bu sualların cavabını bilmək üçün əvvəlcə insanların nəyə görə qocalıb öldüyünü başa düşməliyik.

[Haşiyə]

^ abz. 6 Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.