Kontentə keç

Mündəricatı göstər

Azadlıq bəxş edən Allaha qulluq edin

Azadlıq bəxş edən Allaha qulluq edin

«Yehovanın ruhu haradadırsa, orada azadlıq var» (2 KOR. 3:17).

NƏĞMƏ: 49, 73

1, 2. a) Nə üçün həvari Bulusun dövründə quldarlıq və azadlıq mövzusu aktual idi? b) Həqiqi azadlığa nail olmaları üçün Bulus insanları kimə yönəldirdi?

İLK məsihilərin yaşadığı Roma ölkəsində əhali ölkədə hökm sürən ədalət, azadlıq və mövcud qanunlarla öyünürdü. Halbuki Roma imperiyası məhz qulların ağır zəhməti hesabına möhkəmlənib çiçəklənmişdi. Hətta Roma əhalisinin 30 faizinin qullardan ibarət olduğu vaxtlar olmuşdu. Aydın məsələdir ki, həmin dövrdə quldarlıq və azadlıq mövzusu, burada yaşayan məsihilər də daxil, bütün əhalinin əsas söhbət mövzusu idi.

2 Həvari Bulus yazdığı məktublarda azadlıq mövzusuna tez-tez toxunurdu. Amma müasirlərindən fərqli olaraq, onun məqsədi ictimai-siyasi islahatlar aparmaq deyildi. O, ümidini hansısa insan hökumətinin azadlığı bərpa edəcəyinə bağlamırdı, əksinə, bütün gücünü insanlara Allahın Padşahlığı haqqında xoş xəbəri müjdələməyə, İsa Məsihin fidyə qurbanlığının dəyərini izah etməyə səfərbər edirdi. Bulus dindaşlarını həqiqi azadlığın mənbəyi olan Allaha bel bağlamağa səsləyirdi. Korinflilərə yazdığı ikinci məktubda o demişdi: «Yehova ruhdur. Yehovanın ruhu haradadırsa, orada azadlıq var» (2 Kor. 3:17).

3, 4. a) Bulusu 2 Korinflilərə 3:17 ayəsindəki sözləri yazmağa nə təşviq etmişdi? b) Yehovanın bəxş etdiyi azadlığa nail olmaq üçün nə etməliyik?

3 Həvari Bulus korinflilərə yazdığı məktubun əvvəlində Musa peyğəmbərdən bəhs edir. O deyir ki, Yehovanın mələyinin hüzurunda olan Musa peyğəmbər Sina dağından enən zaman üzü şəfəq saçırdı və xalq bunu görüb qorxduğu üçün peyğəmbər üzünü niqabla örtürdü (Çıx. 34:29, 30, 33; 2 Kor. 3:7, 13). Sonra Bulus sözünə belə davam edir: «Ürək Yehovaya sarı dönəndə örtük qaldırılır» (2 Kor. 3:16). Görəsən bu sözlərin mənası nədir?

4 Keçən məqalədə qeyd olunduğu kimi, mütləq və məhdudiyyətsiz azadlığa yalnız Yehova malikdir. Deməli, «Yehovanın ruhu haradadırsa, orada azadlıq var». Yehovanın bəxş etdiyi azadlığın bizdə olması üçün Ona sarı dönməliyik, yəni Onunla möhkəm dostluq münasibətləri qurmalıyıq. Səhrada dolaşan israillilər Yehovanın onlar üçün etdiklərinə ruhani gözlərlə baxmırdılar. Misir köləliyindən qurtulmuş bu xalqın ürəyi və zehni, sanki örtülü idi, onların fikri-zikri yeni əldə etdikləri azadlıqdan istədikləri kimi istifadə etmək idi (İbr. 3:8—10).

5. a) Yehovanın ruhu bizə hansı azadlığı bəxş edir? b) Nəyin əsasında demək olar ki, hətta fiziki əsarət belə, Yehovanın bəxş etdiyi azadlığı əlimizdən ala bilməz? c) Hansı sualların üzərində düşünməliyik?

5 Yehovanın ruhunun bəxş etdiyi azadlıq deyərkən hansısa fiziki köləlikdən qurtuluş nəzərdə tutulmur. Onun verdiyi azadlıq insanların verə biləcəyi azadlıqdan qat-qat üstündür. Çünki bu azadlıq bizi günah və ölümün, həmçinin yalan din və onun adət-ənənələrinin köləliyindən xilas edir (Rom. 6:23; 8:2). Belə azadlığı kim istəməz ki?! Hətta qul və ya məhbus olan insan da bu azadlığa sahib ola bilər (Yar. 39:20—23). Əqidəsinə görə illərlə həbsdə olan Harold Kinq qardaşın həyatı bunun bariz nümunəsidir. Onun həyat hekayəsinə JW televiziyasında baxa bilərsiniz. (MÜSAHİBƏ VƏ HƏYAT HEKAYƏLƏRİ > SINAQLAR bölməsinə daxil olun.) Bəs Yehovanın bizə verdiyi azadlığı qiymətləndirdiyimiz nədən görünəcək? Bu azadlıqdan ağılla necə istifadə edə bilərik?

ALLAHIN BƏXŞ ETDİYİ AZADLIĞI QİYMƏTLƏNDİRƏK

6. İsraillilərin Yehovanın bəxş etdiyi azadlığı qiymətləndirmədikləri nədən görünür?

6 Kimsə bizə dəyərli bir hədiyyə verəndə istəyirik ona necəsə minnətdarlığımızı bildirək. Amma israillilər Yehovanın onlara bəxş etdiyi azadlığı qiymətləndirmədilər. Misirin köləliyindən təzəcə qurtulmuşdular ki, artıq orda yedikləri yeməyin həsrətini çəkməyə, Yehovanın verdiyi nemətlərə görə deyinməyə başladılar; hətta Misirə qayıtmaq sevdasına düşdülər. Onlar Misirdə yedikləri balığı, xiyarı, qarpızı, kəvəri, soğan-sarımsağı Yehovaya sərbəst ibadət etmək azadlığından üstün tutdular. Sözsüz ki, Yehova buna görə onlara çox qəzəbləndi (Say. 11:5, 6, 10; 14:3, 4). Bu, bizə də dərs olmalıdır.

7. Həvari Bulus 2 Korinflilərə 6:1 ayəsində yazdığı məsləhətə özü necə əməl edirdi? Biz bu məsləhətə necə əməl edə bilərik?

7 Həvari Bulus məsihiləri təşviq edirdi ki, Yehovanın İsa Məsih vasitəsilə bəxş etdiyi azadlığa adi yanaşmasınlar. (2 Korinflilərə 6:1 ayəsini oxuyun.) O, günah və ölümün əsarəti ucbatından əzab çəksə də, minnətdarlıq hissi ilə demişdi: «[Allaha] Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun!» Nəyə görə? Həvari bunu belə izah etmişdi: «Çünki Məsih İsa ilə vəhdətdə olanlara həyat verən ruhun qanunu [bizi] günah və ölüm qanunundan azad edib» (Rom. 7:24, 25; 8:2). Həvari Bulus kimi, biz də Yehovanın bizi günah və ölümün əsarətindən azad etməsinə heç vaxt adi yanaşmamalıyıq. Biz məhz fidyənin sayəsində Allaha təmiz vicdanla ibadət edir və bundan əsl sevinc duyuruq (Zəb. 40:8).

Azadlığınızdan Padşahlığın işi, yoxsa öz maraqlarınız üçün istifadə edirsiniz? (8—10 abzaslara baxın)

8, 9. a) Azadlığımızdan istifadə ilə bağlı həvari Butrus hansı xəbərdarlığı vermişdi? b) Bu gün hansı təhlükələrlə üzləşirik?

8 Sahib olduğumuz azadlığı qiymətləndirməkdən əlavə, ehtiyatlı olmalıyıq ki, ondan sui-istifadə etməyək. Həvari Butrus xəbərdarlıq etmişdi ki, cismani arzularımızı təmin etməkdən ötrü azadlığımızı əlimizdə bayraq tutmayaq. (1 Butrus 2:16 ayəsini oxuyun.) Bu xəbərdarlıq səhrada israillilərin başına gələnləri xatırladır. Bu gün Butrusun verdiyi xəbərdarlığa əməl etmək xüsusilə vacibdir. Çünki Şeytan və onun dünyası geyim-kecim, yeyib-içmək, istirahət, əyləncə və bu kimi sahələrdə qarşımıza çoxlu cəlbedici seçimlər qoyur. Peşəkar reklamçılar insanlarda ehtiyac duymadıqları şeyləri əldə etmək arzusu oyadır. Həqiqətən də, bu gün belə hiylələrin qurbanına çevrilib azadlığımızdan sui-istifadə etmək təhlükəsi olduqca böyükdür!

9 Həvari Butrusun məsləhəti həmçinin iş, karyera, təhsil və həyatın bu kimi digər vacib sahələrinə də aiddir. Misal üçün, məktəbdə oxuyan gənclər nüfuzlu universitetlərdə təhsil almağa təşviq olunur. Onlara universitet bitirmiş insanlarla orta təhsilli insanların aldığı məvacib arasındakı fərqi misal çəkərək əlavə təhsilin yüksəkmaaşlı, prestijli işlərə yol açdığını təlqin edirlər. Verəcəkləri qərarın bütün həyatlarına təsir edəcəyinə görə gənclər üçün ali təhsil almaq fikri ağlabatan gələ bilər. Bəs bu gənclər və onların valideynləri nələri nəzərə almalıdır?

10. Şəxsi qərar vermək azadlığından necə istifadə etməliyik?

10 Ola bilsin, bəziləri düşünür ki, bu, şəxsi seçim məsələsidir və hər kəs vicdanının yol verdiyi qədər istədiyi qərarı verə bilər. Hətta onlar Bulusun Korinfdəki məsihilərə qida ilə bağlı yazdığı sözlərlə özlərinə haqq qazandıra bilərlər: «Axı nəyə görə başqasının vicdanı mənim azadlığımı mühakimə etsin?» (1 Kor. 10:29). Düzdür, bizim təhsil, karyera kimi məsələlərdə şəxsi qərar vermək azadlığımız var. Lakin unutmamalıyıq ki, bizim azadlığımız nisbidir və verdiyimiz hər bir qərarın bir nəticəsi var. Məhz elə bu səbəbdən həvari Bulus 1 Korinflilərə 10:29 ayəsində yazdığı sözlərdən qabaq belə bir fikir söyləmişdi: «Hər şeyə izin var, ancaq hər şey insana fayda gətirmir. Hər şeyə izin var, ancaq hər şey insanı ruhən möhkəmləndirmir» (1 Kor. 10:23). Ayədən aydın görünür ki, həyatımızın istənilən sahəsində azadlığımızdan istifadə edərkən öz istəyimizdən daha vacib amillərin olduğunu unutmamalıyıq.

AZADLIĞIMIZDAN İBADƏT ÜÇÜN İSTİFADƏ EDƏK

11. Biz nə üçün azad olunmuşuq?

11 Həvari Butrus azadlıqdan sui-istifadə etməməklə bağlı məsləhət verərkən azad edilməyimizin səbəbini də göstərmişdi. O, azadlığımızdan Allahın qulları olmaq üçün istifadə etməyə təşviq etmişdi. Deməli, Yehova Məsih vasitəsilə bizi günah və ölümün əsarətindən ona görə azad edib ki, həyatımızı Ona həsr edib Onun qulları olaq.

12. Nuh peyğəmbər və onun ailəsi bizim üçün hansı nümunəni qoyub?

12 Azadlığımızdan sui-istifadə etməməyin, cismani arzuların və şan-şöhrətin qulu olmamağın ən gözəl yolu bütün diqqətimizi ruhani işlərə kökləməkdir (Qal. 5:16). Nuh peyğəmbər və onun ailəsi bu sahədə bizim üçün gözəl örnəkdir. Onlar azğın, əxlaqı pozulmuş bir cəmiyyətdə yaşayırdılar. Bununla belə, insanların düşüncə və həyat tərzinin onlara sirayət etməsinə yol vermədilər. Bəs buna necə nail oldular? Nuh peyğəmbər və ailəsi bütün vaxtını Yehovanın onlara tapşırdığı işi icra etməyə sərf etmişdi. Onlar gəmi tikməklə, özləri və heyvanlar üçün qida tədarükü görməklə, həmçinin insanları daşqın barədə xəbərdar etməklə məşğul idi. «Nuh Allahın bütün tapşırıqlarını yerinə yetirdi. Ona necə deyilmişdisə, elə də etdi» (Yar. 6:22). Nəticədə, peyğəmbər ailəsi ilə birgə daşqından xilas oldu (İbr. 11:7).

13. İsa Məsih aldığı hansı tapşırığı davamçılarına həvalə edib?

13 Yehova bizə hansı işi tapşırıb? Bilirik ki, İsa Məsih Yehovanın ona verdiyi təbliğ etmək tapşırığını öz davamçılarına həvalə edib. (Luka 4:18, 19 ayələrini oxuyun.) Bu dövrün allahı əksər insanların gözlərini, sanki kor edib: onlar dinin, maddiyyatın və siyasətin əsarətindədirlər (2 Kor. 4:4). İsa Məsihdən örnək alaraq biz insanlara Yehovanı tanımağa və Ona ibadət etməyə kömək edirik (Mət. 28:19, 20). Bu tapşırığı yerinə yetirmək elə də asan deyil. Məsələn, bəzi ərazilərdə insanlar get-gedə Allahdan uzaqlaşır, Yaradanı tanımaq istəmir, hətta bəziləri bizə qarşı sərt mövqedədirlər. Amma nəzərə alsaq ki, Yehova bizə təbliğ etmək tapşırığı verib, özümüzdən soruşmalıyıq: «Azadlığımı Yehovaya daha çox xidmət etməyə sərf edə bilərəm?»

14, 15. Yehovanın xalqı təbliğ işinə necə yanaşır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

14 Nə xoşdur ki, çoxları sonun yaxın olduğunu dərk edərək tamvaxtlı xidmətdə iştirak etmək üçün həyatlarını sadələşdirib (1 Kor. 9:19, 23). Onlardan kimisi yaşadığı ərazidə, kimisi müjdəçilərə tələbat olan ərazidə xidmət edir. Məsələn, son 5 il ərzində 250 000-dən çox təbliğçi öncül xidmətinə başlayıb və hal-hazırda onların sayı 1 100 000-ni keçib. Həqiqətən də, azadlığımızdan düzgün istifadə edib Yehovaya daha çox xidmət etmək möhtəşəm bəhrələr gətirir! (Zəb. 110:3).

15 Bu bacı-qardaşlar nəyin sayəsində azadlıqlarından düzgün istifadə edə biliblər? Gəlin Con və Cudi adlı cütlüyün nümunəsinə baxaq. Onlar ötən 30 il ərzində müxtəlif ölkələrdə xidmət ediblər. 1977-ci ildə Öncül Məktəbi təsis olunanda müjdəçilər tələbat olan əraziyə köçüb orada xidmət etməyə təşviq olunurdu. Sadə yaşamaq və nəzərlərini bu məqsəddən yayındırmamaq üçün Con qardaş dəfələrlə işini dəyişməli olmuşdu. Nəhayətdə onlar təbliğ etmək üçün başqa ölkəyə köçə bilir. Burada yeni dil öyrənmək, yad mədəniyyətə və fərqli iqlimə uyğunlaşmaq kimi çətinliklərlə üzləşsələr də, duanın və Yehovaya güvənməyin sayəsində bu maneələri aşırlar. Qardaş bölüşür ki, heç bir şey Yehovaya xidmətdə keçirdiyi illərlə müqayisəyə gələ bilməz. O deyir: «Yehova mənim üçün daha real, doğma ata qədər yaxın olmuşdu. Yaqub 4:8 ayəsində yazılmış “Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq” sözlərini indi daha yaxşı dərk edirəm. Axtardığımı — əsl mənalı həyatı tapdım».

16. Bu gün minlərlə məsihinin azadlığından düzgün istifadə etdiyi nədən görünür?

16 Bəzilərinin Con və Cudi kimi uzun illər tamvaxtlı xidmət etmək imkanı yoxdur. Onların vəziyyəti bu xidmətdə yalnız qısa müddətlik iştirak etməyə yol verir. Lakin bu bacı-qardaşların çoxu bütün dünyada aparılan tikinti layihələrində könüllü kimi xidmət etmək fürsətini əldən vermir. Məsələn, təxminən 27 000 bacı-qardaş iki həftədən tutmuş bir il və ya daha çox müddətə Uorvikdəki baş idarənin tikintisində iştirak etmişdi. Çoxları öz şəxsi işlərini müvəqqəti olaraq bir kənara qoyub tikintiyə kömək etməyə gəlmişdi. Yehovanın verdiyi azadlığı məhz Onu şərəfləndirmək və Ona həmd etmək üçün istifadə edən bu bacı-qardaşlar bizim üçün böyük örnəkdir!

17. Azadlıqlarından ağılla istifadə edənləri hansı gələcək gözləyir?

17 Çox xoşbəxtik ki, Yehovanı tanıyırıq və haqq ibadətin bəxş etdiyi azadlığa sahibik. Gəlin verdiyimiz qərarlarla bu azadlığı qiymətləndirdiyimizi göstərək. Azadlığımızdan sui-istifadə etməyək, əksinə, gəlin azadlığımızı və onun açdığı imkanları Yehovaya mümkün qədər çox xidmət etmək üçün istifadə edək. Belə etsək, «xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına» qovuşanda Yehovanın verdiyi nemətləri dadacağıq (Rom. 8:21).