İman — möhkəmləndirən xüsusiyyət
İMAN qeyri-adi qüvvəyə malikdir. Məsələn, Şeytan bizi ruhani cəhətdən öldürmək istəsə də, iman sayəsində onun «bütün alovlu oxlarını söndürə» bilirik (Efes. 6:16). İman dağ boyda problemləri aşmağa kömək edir. İsa Məsih şagirdlərinə demişdi: «İmanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək» (Mət. 17:20). Nəzərə alsaq ki, iman bizi ruhani cəhətdən möhkəmləndirməyə qadirdir, növbəti sualların üzərində düşünmək faydalı olardı: «İman nədir? Ürəyin vəziyyəti imana necə təsir edir? İmanı necə möhkəmləndirmək olar? Kimə iman etməliyik?» (Rom. 4:3).
İMAN NƏDİR?
İman sadəcə Allahın Kəlamında yazılanlara inanmaq deyil. Çünki Allahın varlığına «cinlər də inanır və qorxularından tir-tir əsirlər» (Yaq. 2:19). Bəs onda iman nədir?
Müqəddəs Kitabda imanın iki yönündən bəhs olunur. Birincisi, «iman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir» (İbr. 11:1a). İmanınız varsa, deməli, Yehovanın dediklərinin həqiqət olduğuna və yerinə yetəcəyinə qətiyyən şübhə etmirsiniz. Misal üçün, Yehova israillilərə demişdi: «Əgər gündüz, gecə öz vaxtında olmasın deyə, gündüzlə, gecə ilə bağlı əhdimi poza bilsəniz, yalnız onda qulum Davudla bağladığım əhd pozula bilər» (Ərm. 33:20, 21). Siz nə vaxtsa günəşin doğub batmayacağına, beləcə, gündüzlə gecənin olmayacağına görə narahat olmusunuz? Əgər siz Yer kürəsinin öz oxu və günəş ətrafında dövr etməsini tənzimləyən fiziki qanunlara şübhə etmirsinizsə, bu qanunları qoyan Yaradanın Öz vədlərini yerinə yetirməyə qadir olduğuna niyə şübhə edəsiniz ki?! (Əşy. 55:10, 11; Mət. 5:18).
İkincisi, iman «gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir» (İbr. 11:1b). Gözlə görünməyən şeylərin varlığına dair hansı nümunəni çəkmək olar? Təsəvvür edin ki, uşaq sizdən soruşur: «Haradan bilirsən ki, hava var?» Siz havanı heç vaxt görməsəniz də, yəqin ki, uşağa nəfəsi, küləyi və digər şeyləri nümunə çəkərək havanın mövcudluğuna dair sübutlar gətirəcəksiniz. Uşaq bu sübutlara qane olarsa, görmədiyi şeyin varlığına inanacaq. Eynilə, iman da tutarlı sübutlara əsaslanır (Rom. 1:20).
ÜRƏYİN VƏZİYYƏTİ ÖNƏMLİDİR
Nəzərə alsaq ki, iman sübutlara əsaslanır, ilk növbədə «həqiqət barəsində dəqiq biliyə» yiyələnmək gərəkdir (1 Tim. 2:4). Lakin bu, kifayət deyil. Həvari Bulus yazmışdı ki, «insan ürəyində iman» etməlidir (Rom. 10:10). Sadəcə həqiqətə inanmaq yox, onu dəyərləndirmək gərəkdir. Yalnız bu zaman insan imanı təzahür etdirməyə, yəni həqiqətə uyğun yaşamağa təşviq olunur (Yaq. 2:20). Həqiqəti ürəkdən qiymətləndirməyən insan əvvəlcədən formalaşmış fikirlərinə yapışıb qalaraq, yaxud cismani istəklərinə bəraət qazandırmağa çalışaraq, hətta tutarlı sübutları belə qəbul etməyəcək (2 But. 3:3, 4; Yhd. 18). Elə buna görə Müqəddəs Kitabın yazıldığı dövrdə möcüzələri gözü ilə görənlərin heç də hamısı iman etməmişdi (Say. 14:11; Yəh. 12:37). Bəli, Allahın müqəddəs ruhu yalana inanmaq istəyənlərin yox, yalnız həqiqəti sevənlərin ürəyində iman hasil edir (Qal. 5:22; 2 Salon. 2:10, 11).
DAVUD İMANINI NECƏ MÖHKƏMLƏNDİRMİŞDİ?
Möhkəm iman sahiblərindən biri də Davud peyğəmbər idi (İbr. 11:32, 33). Amma onun bütün ailə üzvlərində bu cür güclü iman yox idi. Misal üçün, Davud Calutun İsrailə meydan oxumasına qəzəblənəndə böyük qardaşı Əlyab onu məzəmmət etmiş və bununla da Yehovanın xilas etməyə qadir olduğuna imanının zəif olduğunu göstərmişdi (1 İşm. 17:26—28). Heç kəs imanla doğulmur, nə də iman valideynlərdən irsən keçmir. Deməli, Davudun imanı onun Allahla münasibətləri nəticəsində yaranmışdı.
Zəbur kitabının 27-ci məzmurunda Davudun bu cür güclü imanı necə yetişdirdiyini görmək olar (1-ci ayə). Davud keçmişdə başına gələnlər və Yehovanın onu düşmənlərdən necə qurtardığı barədə düşünürdü (2 və 3-cü ayələr). O, Yehovanın ibadət üçün təsis etdiyi evi çox qiymətləndirirdi (4-cü ayə). Davud dindaşları ilə birgə Yehovanın çadırında ibadət edirdi (6-cı ayə). O, daima Yehovaya üz tutub dua edirdi (7 və 8-ci ayələr). Davud həmçinin Yehovanın ona yol göstərməsini istəyirdi (11-ci ayə). İman Davud üçün o qədər önəmli idi ki, hətta demişdi: «İnanmasaydım, halım necə olardı!» (13-cü ayə).
İMANI NECƏ MÖHKƏMLƏNDİRMƏLİ?
Davudun Zəbur 27-ci məzmurda təsvir olunan düşüncə tərzini və vərdişlərini təqlid edərək siz də onun kimi möhkəm imana sahib ola bilərsiniz. Qeyd olunduğu kimi, iman dəqiq biliyə əsaslanır. Odur ki, Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri nə qədər çox araşdırsanız, müqəddəs ruhun bəhrəsi olan bu xüsusiyyəti yetişdirmək bir o qədər asan olacaq (Zəb. 1:2, 3). Mütaliə edərkən dərindən düşünməyə vaxt ayırın. Bitkinin böyüməsi üçün torpaq nə qədər vacibdirsə, düşünmək də minnətdarlığın artması üçün bir o qədər vacibdir. Yehovaya minnətdarlığınız artdıqca imanınızı təzahür etdirmək — yığıncaq görüşlərinə gəlib Ona ibadət etmək və ümidiniz barədə başqaları ilə bölüşmək istəyiniz də artacaq (İbr. 10:23—25). Bununla yanaşı, «həmişə dua etməyin və ruhdan düşməməyin» vacibliyini dərk etmək də imanın göstəricisidir (Luka 18:1—8). Odur ki, «həmişə dua edin» və Yehovanın qayğınızı çəkdiyinə əmin olun (1 Salon. 5:17; 1 But. 5:7). İman bizi saleh əməllərə təşviq edir, əməllərimiz isə imanımızı möhkəmləndirir (Yaq. 2:22).
İSA MƏSİHƏ İMAN EDİN
Şagirdləri ilə keçirdiyi sonuncu gecə İsa Məsih demişdi: «Allaha da iman edin, mənə də» (Yəh. 14:1). Odur ki, biz təkcə Yehova Allaha yox, İsa Məsihə də iman etməliyik. İsa Məsihə imanımızı necə təzahür etdirə bilərik? Gəlin üç üsula nəzər salaq.
Birincisi, fidyəyə Allahın şəxsən sizə olan bəxşişi kimi yanaşın. Həvari Bulus demişdi: «Məni sevən və canını uğrumda fəda edən Allahın Oğluna imanla yaşayıram» (Qal. 2:20). İsa Məsihə iman edəndə fidyənin sizin üçün verildiyinə, onun günahlarınızın bağışlanması üçün əsas olduğuna, əbədi yaşamaq ümidi bəxş etdiyinə və Allahın sizə duyduğu məhəbbətin ən böyük təzahürü olduğuna əmin olduğunuzu göstərirsiniz (Rom. 8:32, 38, 39; Efes. 1:7). Fidyənin sizə kömək edə biləcəyinə həqiqətən inanırsınızsa, özünüz barədə mənfi düşüncələr sizi ağuşuna almayacaq (2 Salon. 2:16, 17).
İkincisi, dua vasitəsilə Yehovaya yaxınlaşın. Fidyə sayəsində Yehovaya «cəsarətlə dua edə» bilərik ki, dara düşəndə bizə «mərhəmət və lütf» göstərsin (İbr. 4:15, 16; 10:19—22). Dua günaha yol verməmək əzmimizi möhkəmləndirir (Luka 22:40).
Üçüncüsü, İsa Məsihə itaət edin. Həvari Yəhya yazmışdı: «Oğula iman edən əbədi həyata qovuşacaq. Oğula itaət etməyənsə həyata qovuşmayacaq, Allahın qəzəbinə düçar olacaq» (Yəh. 3:36). Diqqət yetirin ki, Yəhya itaətsizlik etməyi imanın əksi olaraq göstərmişdi. Odur ki, siz İsa Məsihə iman edəndə ona itaət etmiş olursunuz. «Məsihin qanunu»na, yəni onun öyrətdiyi və əmr etdiyi hər bir şeyə əməl etməklə Məsihə itaət etdiyinizi göstərirsiniz (Qal. 6:2). Həmçinin ona itaət etdiyiniz «sadiq və ağıllı nökər» vasitəsilə verdiyi rəhbərliyə boyun əyməyinizdən görünür (Mət. 24:45). Məsihə itaət etmək sizi möhkəmləndirərək, qasırğa kimi görünən problemlərə tab gətirməyinizə kömək edəcək (Luka 6:47, 48).
«SON DƏRƏCƏ MÜQƏDDƏS İMANINIZIN TƏMƏLİ ÜZƏRİNDƏ» MÖHKƏMLƏNİN
Bir dəfə bir kişi İsaya demişdi: «İmanım var! Nədə imanım çatışmır, mənə kömək et!» (Mark 9:24). Onun müəyyən qədər imanı olsa da, təvazökarlıqla daha çox imana ehtiyac duyduğunu söyləmişdi. Bu kişi kimi, hər birimizin daha çox imana ehtiyac duyduğumuz anlar olacaq. Biz indidən imanımızı möhkəmləndirə bilərik. Gördüyümüz kimi, Allahın Kəlamını oxuyub üzərində dərindən düşünməklə imanımızı möhkəmləndirmiş oluruq. Beləcə, Yehovaya minnətdarlığımız artır. Həmçinin dindaşlarımızla birgə Yehovaya ibadət edəndə, ümidimiz barədə başqaları ilə bölüşəndə və daima dua edəndə imanımız möhkəmlənir. Özümüzü son dərəcə müqəddəs imanın təməli üzərində möhkəmləndirməklə biz ən böyük mükafatı alırıq — Allahın məhəbbətindən ayrılmırıq (Yhd. 20, 21).