Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 33

Dirilmə vədi — Allahın məhəbbətinin, hikmətinin, səbrinin təcəssümü

Dirilmə vədi — Allahın məhəbbətinin, hikmətinin, səbrinin təcəssümü

«Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (HƏV. 24:15).

NƏĞMƏ 151 Yehova çağıracaq

İCMAL *

1. Yehova həyatı nəyə görə yaradıb?

BİR VAXTLAR Yehova tək idi, amma Özünü tənha hiss etmirdi. Onun heç nəyə ehtiyacı yox idi. Bununla belə, Allah başqalarına da həyat bəxş etmək istədi. Məhəbbətdən irəli gələrək Yehova yaradılışa başladı (Zəb. 36:9; 1 Yəh. 4:19).

2. Yehovanın xəlq etdiyi xilqətə baxanda İsa Məsih və mələklər hansı hissləri keçirirdi?

2 Əvvəlcə, Yehova İsanı yaratdı. Sonra onun vasitəsilə hər şeyi, o cümlədən milyonlarla şüurlu ruhani varlıq yaratdı (Kol. 1:16). Allahla birgə çalışmaq İsaya sevinc bəxş edirdi (Məs. 8:30). Allahın yaratdığı mələklər də sevinirdilər, onların gözü qarşısında Allah İsa ilə birgə yeri və göyü yaradırdı. Mələklər sevinclərini necə göstərirdilər? Yer kürəsi yarananda onlar hayqırıb alqış oxumuşdu, şübhəsiz, Yehovanın yaratdığı hər bir şeydən sonra da, o cümlədən şah əsəri insanı yaradanda da onlar alqış oxudu (Əyy. 38:7; Məs. 8:31). Yehovanın xəlq etdiyi xilqət Onun məhəbbətinin və hikmətinin təzahürü idi (Zəb. 104:24; Rom. 1:20).

3. 1 Korinflilərə 15:21, 22 ayələrinə əsasən, İsa Məsihin fidyə qurbanlığı sayəsində nə mümkündür?

3 Allah yaratdığı gözəl Yer planetində bəşər ailəsinin əbədi yaşamasını niyyət etmişdi. Amma Adəmlə Həvva Yaradanlarına qarşı çıxanda günah və ölüm qara buludtək yer üzünü bürüdü (Rom. 5:12). Bəs Yehova buna necəsə çarə qıldı? O, dərhal bəşəriyyəti necə xilas edəcəyini bəyan etdi (Yar. 3:15). Yehova İsanı fidyə verməklə Adəmlə Həvvanın övladlarını günah və ölümdən qurtarmağı niyyət etdi. Beləcə, Yehova Ona ibadət etməyi seçən hər kəsə əbədi həyat mükafatını verə biləcəkdi (Yəh. 3:16; Rom. 6:23; 1 Korinflilərə 15:21, 22 ayələrini oxuyun).

4. Bu məqalədə hansı sualları araşdıracağıq?

4 Ölən insanların dirilməsi ilə bağlı müəyyən suallar yaranır. Dirilmə necə baş verəcək? Ölən əzizlərimiz diriləndə onları tanıya biləcəyik? Onlara qovuşanda hansı hissləri keçirəcəyik? Dirilmə vədindən Yehovanın məhəbbəti, hikməti və səbri haqda nə öyrənirik? Gəlin bu sualları bir-bir araşdıraq.

DİRİLMƏ NECƏ BAŞ VERƏCƏK?

5. Nəyə görə demək olar ki, insanlar nizamlı, mərhələli şəkildə diriləcək?

5 Yehova İsa Məsih vasitəsilə ölüləri diriltməyə başlayanda, çox yəqin ki, milyonlarla insanın hamısını eyni vaxta diriltməyəcək. Çünki yerin əhalisinin birdən-birə artması xaos yarada bilər. Yehova isə heç nəyi qarmaqarışıq etmir. O bilir ki, insanların arasında sülhün olması üçün nizam-intizam vacib rol oynayır (1 Kor. 14:33). Yehova Allah hikmət və səbir göstərərək İsa Məsihlə birlikdə Yer kürəsini mərhələli şəkildə hazırlamışdı, sonra insanları yaratmışdı. İsa Məsih də minillik hakimiyyəti zamanı Armageddondan sağ çıxanlarla birgə yer üzünü diriləcək kəslər üçün hazırlayanda eynilə hikmətlə və səbirlə davranacaq.

Armageddondan sağ çıxanlar dirilənlərə Padşahlıq və Yehovanın əmrləri haqqında öyrədəcək (6-cı abzasa baxın) *

6. Həvarilərin işləri 24:15 ayəsinə əsasən, dirilənlərin arasında kimlər olacaq?

6 Armageddondan sağ çıxanların edəcəyi ən vacib iş dirilən insanlara Allahın Padşahlığı və Yehovanın tələbləri haqqında öyrətmək olacaq. Çünki dirilən insanların əksəriyyəti qeyri-salehlər olacaq. (Həvarilərin işləri 24:15 ayəsini oxuyun.) Onlar Məsihin fidyə qurbanlığından tam yararlanmaq üçün özlərində çoxlu dəyişikliklər etməli olacaq. Təsəvvür edirsiniz, Yehovanı heç tanımayan milyonlarla insana həqiqəti öyrətmək nə qədər böyük işdir! Görəsən, bu gün olduğu kimi, onlara Müqəddəs Kitab dərsi fərdi olaraq keçiləcək? Görəsən, yenilər yığıncaqlara təyin olunacaq və onlardan sonra dirilənləri öyrətmək üçün təlim alacaq? Yaşayarıq, görərik. Amma bir şeyi bilirik ki, Məsihin minillik hakimiyyətinin sonunda «dünya başdan-başa Yehova barədə biliklə dolacaq» (Əşy. 11:9). Görün bizim min il ərzində görəcəyimiz nə qədər maraqlı, nə qədər çox işimiz olacaq!

7. Yehovanın xalqı dirilənlərə təlim verərkən nəyə görə anlayışlı ola biləcək?

7 Məsihin minillik hakimiyyəti zamanı Yehovanın yer üzündəki bütün bəndələri Onu razı salmaq üçün özlərində dəyişiklik etməli olacaq. Buna görə də onlar dirilənlərə günahlı meyilləri ilə mübarizə aparmağa və Yehovanın qanunları ilə yaşamağa kömək edərkən anlayışlı ola biləcək (1 But. 3:8). Əlbəttə ki, dirilən insanlar Yehovanın xalqının necə təvazökar olduğunu, xilasa yetişmək üçün onların da çalışdığını görəndə Yehovaya ibadətdə onlara qoşulmaq istəyəcək (Filip. 2:12).

DİRİLƏNLƏRİ TANIYA BİLƏCƏYİK?

8. Nəyə əsasən deyə bilərik ki, dirilən əzizlərini qarşılayanlar onları tanıya biləcək?

8 Bir çox səbəbə görə deyə bilərik ki, dirilən əzizlərini qarşılayanlar onları tanıya biləcək. Məsələn, keçmişdə baş verən dirilmə hadisələri göstərir ki, insanın ölümdən qısa müddət öncə görünüşü, danışığı, düşüncəsi necə idisə, Yehova ona yenidən həyat verəndə elə də olacaq. Yadınızdadırsa, İsa ölümü yuxuya, insanın dirilməsini isə yuxudan oyanmağa bənzətmişdi (Mət. 9:18, 24; Yəh. 11:11—13). İnsan yuxudan oyananda onun görünüşü və səsi yatmazdan əvvəl necə idisə elə qalır, yaddaşı da üstündə olur. Misal üçün, götürək İlazərin hadisəsini. O, dörd gün idi ki, ölmüşdü, hətta bədəni çürüməyə başlamışdı. Amma İsa onu dirildəndə İlazərin bacıları onu o dəqiqə tanıdı, təbii ki, İlazər də onları (Yəh. 11:38—44; 12:1, 2).

9. Nəyə görə deyə bilərik ki, dirilənlər kamil əqldə və bədəndə dirilməyəcək?

9 Yehova vəd edib ki, Cənnətdə heç kəs «xəstəyəm» deməyəcək (Əşy. 33:24; Rom. 6:7). Odur ki, Yehova ölən insanları həyata qaytaranda onları sağlam bədəndə dirildəcək. Amma onlar dərhal kamil olmayacaq. Əks halda, yaxınları onları tanımaz. Görünür, Məsihin minillik hakimiyyəti zamanı bütün insanlar tədricən kamilləşəcək. İsa Padşahlığı Yehovanın tabeliyinə yalnız min ilin sonunda verəcək. Onda Padşahlıq, bütün bəşəriyyəti kamilliyə yetişdirmək də daxil olmaqla, öz vəzifəsini tam şəkildə icra edəcək (1 Kor. 15:24—28; Vəhy 20:1—3).

DİRİLƏN ƏZİZLƏRİMİZƏ QOVUŞANDA HANSI HİSSLƏRİ KEÇİRƏCƏYİK?

10. Ölən insanların dirilməsi bizdə hansı hissi oyadacaq?

10 Doğmalarınıza yenidən qovuşacağınız anı təsəvvür edirsiniz? Bəlkə də, bilməyəcəksiniz sevincdən ağlayasınız, yoxsa güləsiniz. Bəlkə də, Yehovaya oxuduğunuz şaqraq nəğmələrin səsi ətrafı bürüyəcək. Şəksiz-şübhəsiz, dirilməni mümkün qılan qayğıkeş Allahımıza və İsa Məsihə məhəbbətiniz aşıb-daşacaq.

11. Yəhya 5:28, 29 ayələrinə əsasən, Allahın saleh qayda-qanunları ilə yaşayanların mükafatı nə olacaq?

11 Dirilən insanlar köhnə şəxsiyyəti əyinlərindən çıxarıb, Yehovanın saleh qayda-qanunlarına uyğun yaşayanda görün necə sevinəcəklər. Özlərində dəyişikliklər edənlər həyata qovuşmaq üçün dirilmiş olacaq. Dəyişmək istəməyənlərə isə Cənnətdə yaşamağa davam edib oradakı əmin-amanlığı pozmağa icazə verilməyəcək (Əşy. 65:20; Yəhya 5:28, 29 ayələrini oxuyun).

12. Yehova yer üzünün bütün sakinlərinə hansı sərvəti verəcək?

12 Allahın Padşahlığının idarəçiliyi altında hər kəs Məsəllər 10:22 ayəsindəki sözlərin gerçək olduğunu görəcək: «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən. O, bu bərəkətə kədər qatmaz». Yehovanın xalqı müqəddəs ruhun köməyi ilə ruhani cəhətdən sərvətli olacaq, yəni get-gedə Məsihə daha da bənzəyəcək və kamilliyə doğru irəliləyəcək (Yəh. 13:15—17; Efes. 4:23, 24). Hər ötən gün onlar daha sağlam, daha yaxşı insan olacaq. Görün bu necə xoşbəxt həyat olacaq! (Əyy. 33:25). Bəs dirilmə haqqında düşünmək bizə bu gün necə kömək edə bilər?

YEHOVANIN MƏHƏBBƏTİ HAQDA NƏ ÖYRƏNİRİK?

13. Zəbur 139:1—4 ayələrinə əsasən, Yehova bizi nə qədər yaxşı tanıyır və dirilmə buna necə sübutdur?

13 Qeyd olunduğu kimi, Yehova ölüləri dirildərkən onların yaddaşını və xasiyyətini geri qaytaracaq. Təsəvvür edirsiniz, bu nə deməkdir?! Yehova sizi o qədər sevir ki, bütün fikirlərinizə, hisslərinizə, dediklərinizə, etdiklərinizə diqqət yetirib yadında saxlayır. Hətta ölsəniz belə, xatirələrinizi, fikirlərinizi, xasiyyətinizi olduğu kimi, asanlıqla bərpa etmək iqtidarındadır. Yehovanın hər bir bəndəsini yaxından tanıması Davud padşaha da məlum idi. (Zəbur 139:1—4 ayələrini oxuyun.) Yehovanın bəndələrinə münasibəti sizdə hansı hissləri doğurur?

14. Yehovanın bizi yaxşı tanıdığını bilmək bizdə hansı hisslər hasil etməlidir?

14 Yehovanın bizi bu qədər yaxşı tanıması haqda düşünəndə qorxuya qapılmamalıyıq. Unutmayaq ki, Yehova bizi çox sevir. Hər birimiz Onun üçün xüsusiyik. Yehova həyatımız boyu bizi biz edən hər şeydən agahdır. Necə də təsəlliverici fikirdir! Odur ki, özümüzü heç zaman yalqız hiss etməməliyik. Yehova hər gün, hər an yanımızdadır, daima bizə dayaq olmaq üçün fürsət axtarır (2 Saln. 16:9).

YEHOVANIN HİKMƏTİ HAQDA NƏ ÖYRƏNİRİK?

15. Nəyə görə dirilmə ümidi Yehovanın hikmətinin sübutudur?

15 Ölüm hədəsi çox güclü silahdır. Şeytanın əlaltıları bunun vasitəsilə insanları dostlarını satmağa və etiqadlarından dönməyə məcbur edir. Amma bu üsul bizə keçmir. Bilirik ki, hətta düşmənlərimiz həyatımıza son qoysa da, Yehova bizə yenidən həyat verməyə qadirdir (Vəhy 2:10). Əminik ki, onlar nə edirlərsə etsinlər, bizi Yehovadan ayıra bilməzlər (Rom. 8:35—39). Doğrudan da, Yehova bizə dirilmə ümidi verməklə böyük hikmət təzahür etdirib! Bu ümid vasitəsilə O, Şeytanın ən güclü silahını zərərsizləşdirib, bizi isə yenilməz cəsarət silahı ilə silahlandırıb.

Qərarlarımızdan Yehovanın qayğımıza qalacağına etibar etdiyimiz görünür? (16-cı abzasa baxın) *

16. Hansı suallar Yehovaya etibarınızı yoxlamağa kömək edəcək?

16 Yehovanın düşmənləri sizi ölümlə hədələsələr, həyatınızı Yehovanın əllərinə etibar edəcəksiniz? Bunu necə bilmək olar? Növbəti suallarla özünüzü yoxlayın: «Hər gün verdiyim kiçik qərarlardan mənim Yehovaya etibar etdiyim görünür?» (Luka 16:10). «Sürdüyüm həyat tərzi Padşahlığı hər şeydən üstün tutduğum təqdirdə, Yehovanın qayğıma qalacağına inandığımı göstərir?» (Mət. 6:31—33). Əgər bu suallara cavabınız müsbətdirsə, deməli, Yehovaya etibar edirsiniz və gələcəkdə üzləşəcəyiniz istənilən sınağa hazırsınız (Məs. 3:5, 6).

YEHOVANIN SƏBRİ HAQDA NƏ ÖYRƏNİRİK?

17. a) Dirilmə Yehovanın səbirli olduğunu necə göstərir? b) Yehovanın səbrini qiymətləndirdiyimizi necə göstərə bilərik?

17 Yehova bu dünyaya son qoyacağı günü və saatı artıq təyin edib (Mət. 24:36). O, səbirsiz olub vaxtından tez hərəkətə keçməyəcək. Yehova ölüləri diriltməyin həsrətini çəkir, amma səbir göstərir (Əyy. 14:14, 15). O, vaxtı çatanda onları həyata qaytaracaq (Yəh. 5:28). Allahın səbrinə görə Ona şükür etməliyik. Onun səbri sayəsində, biz də daxil olmaqla, çoxlu adamın tövbəyə gəlmək imkanı olub (2 But. 3:9). Yehova istəyir ki, mümkün qədər çox insan əbədi həyatı qazana bilsin. Buna görə də gəlin Onun səbrini qiymətləndirdiyimizi göstərək. Bunu necə edə bilərik? «Əbədi həyata aparan yolda yeriməyə meyli olanları» axtarmaq üçün var gücümüzlə çalışmalıyıq, həmçinin onlara Yehovanı sevməyə və Ona ibadət etməyə kömək etməliyik (Həv. 13:48). Onda bizim kimi, onlar da Yehovanın səbrinin xeyrini görəcək.

18. Nəyə görə başqalarına qarşı səbirli olmalıyıq?

18 Yehova minilliyin sona çatmasını səbirlə gözləyəcək ki, biz kamil olaq. Həmin vaxta qədər isə, O, günahlarımızı bağışlamağa hazırdır. Bəs onda biz niyə başqalarında yaxşı xüsusiyyətləri görüb, onlarla səbirlə davranmayaq? Gəlin bir bacının hadisəsinə nəzər salaq. Onun yoldaşı şiddətli narahatlıq hissindən əziyyət çəkirdi və yığıncaqlara getməyi dayandırdı. Bacı deyir: «Bunu görmək mənə çox ağır idi. Bir ailə kimi gələcəklə bağlı qurduğumuz planlar alt-üst olmuşdu». Buna baxmayaraq, o, ərinə qarşı səbirlə davrandı. Bacı Yehovaya bel bağladı və ruhdan düşmədi. Yehovadan örnək götürərək ərində yaxşı xüsusiyyətləri görməyə çalışdı. Bacı deyir: «Yoldaşımın gözəl xasiyyəti var, o, bacardığı qədər öz üzərində işləməyə çalışır, yavaş-yavaş bu onda alınır». Bəli, çox vacibdir ki, ailəmizdə və yığıncaqda ciddi çətinliklərini aşmağa çalışanlara qarşı səbir göstərək!

19. Nə etməyə qətiyyətli olmalıyıq?

19 İsa Məsih və mələklər yerin yaranmasını görəndə çox sevindilər. Amma, təsəvvür edirsiniz, onlar yer üzünün kamil, Yehovanı sevən və Ona ibadət edən insanlarla dolduğunu görəndə necə sevinəcəklər? Bundan əlavə, İsa Məsihlə göydə idarə etmək üçün yer üzündən seçilmiş kəslər gördükləri işin bəşəriyyətə nə qədər fayda gətirdiyini görəndə sevinclərinin həddi-hüdudu olmayacaq (Vəhy 4:4, 9—11; 5:9, 10). Kədər göz yaşlarını sevinc göz yaşlarının əvəz etdiyi, xəstəliyin, ağrı-acının, ölümün əbədilik yox olacağı bir dünyada yaşmaq görün necə möhtəşəm olacaq (Vəhy 21:4). Həmin vaxt yetişənə qədər isə gəlin qətiyyətli olaq, məhəbbətli, hikmətli və səbirli Allahımızdan örnək alaq. Onda həyatımızda hansı çətinlik olursa olsun, sevincimizi qoruyacağıq (Yaq. 1:2—4). Bəli, Yehovanın verdiyi dirilmə vədinə görə şükranlar ucaldırıq! (Həv. 24:15).

NƏĞMƏ 141 Həyat bir möcüzə

^ abz. 5 Yehova məhəbbətli, hikmətli və səbirli Allahdır. Onun bu xüsusiyyətlərini həm yaratdıqlarından, həm də ölən insanları həyata qaytaracağı vədindən aydın görürük. Bu məqalədə dirilmə ilə bağlı yaranan bəzi sualları araşdıracağıq və öyrənəcəyik ki, Yehovanın məhəbbətinin, hikmətinin və səbrinin təcəssümü olan dirilməyə görə minnətdar olduğumuzu necə göstərə bilərik.

^ abz. 59 ŞƏKLİN İZAHI: Yüz illər öncə ölən hindu kişi Məsihin minillik hakimiyyəti dövründə dirilir. Armageddondan sağ çıxan qardaş məmnuniyyətlə həmin kişiyə Məsihin fidyə qurbanlığından faydalanmaq üçün nə etməli olduğunu öyrədir.

^ abz. 61 ŞƏKLİN İZAHI: Qardaş müdirinə izah edir ki, həftənin müəyyən günlərində işdən əlavə qala bilməz, çünki həmin günləri o, Yehovaya ibadətə ayırıb. Amma başqa günlərdə köməyinə təcili ehtiyac olsa, əlavə işləməyə hazırdır.