TƏLİM MƏQALƏSİ 34
Həqiqət yolunda yeriyin
«Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 YƏH. 4).
NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz
İCMAL *
1. Həqiqətə gəlməyimiz barədə danışmağın hansı faydası var?
«HƏQİQƏTƏ necə gəlmisən?» Yəqin, bu sualı sizə çox veriblər. Dindaşlarımızla tanış olanda adətən ilk verdiyimiz suallardan biri bu olur. Onlar Yehovanı necə tanıdıqlarından və sevdiklərindən danışırlar, biz də məmnuniyyətlə qulaq asırıq; sonra isə özümüz böyük həvəslə həqiqəti nə üçün sevdiyimizdən danışırıq (Rom. 1:11). Bu kimi söhbətlər bizə həqiqətin nə qədər dəyərli olduğunu xatırladır. Üstəlik, həqiqət yolunda yeriməyə, yəni Yehovanın bəyəndiyi tərzdə yaşamağa daha qətiyyətli oluruq (3 Yəh. 4).
2. Bu məqalədə nə haqda danışacağıq?
2 Bu məqalədə həqiqəti nəyə görə sevdiyimizin bəzi səbəblərinə baxacağıq. Həmçinin bu dəyərli hədiyyəni qiymətləndirdiyimizi göstərməyin yolları haqda danışacağıq. Əlbəttə ki, bu müzakirədən sonra bizi həqiqət yoluna cəlb etdiyinə görə Yehovaya bir daha minnətdar olacağıq (Yəh. 6:44). Üstəlik, həqiqəti başqaları ilə bölüşmək həvəsimiz daha da artacaq.
NƏYƏ GÖRƏ BİZ «HƏQİQƏTİ» SEVİRİK?
3. Həqiqəti sevməyimizin ən başlıca səbəbi hansıdır?
3 Həqiqəti sevməyimizin səbəbləri çoxdur. Ən əsası, biz həqiqətin mənbəyi olan Yehova Allahı sevirik. Kəlamı olan Müqəddəs Kitabdan öyrənmişik ki, Yehova yerin və göyün qüdrətli Yaradanı olmaqla yanaşı, bizi sevən, nəvazişlə qayğımıza qalan səmavi Atamızdır (1 But. 5:7). Biz bilirik ki, Yehova «rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan» Allahdır (Çıx. 34:6). O, ədaləti sevir (Əşy. 61:8). Bizim əzab çəkdiyimizi görmək Ona qəlb ağrısı verir və təyin etdiyi vaxtda bizim bütün iztirablarımıza son qoymağı səbirsizliklə gözləyir (Ərm. 29:11). Bu necə də möhtəşəm olacaq! Yehovanı bu qədər sevməyimiz əbəs yerə deyil!
4, 5. Nəyə görə həvari Bulus ümidimizi gəmi lövbərinə bənzətmişdi?
4 Həqiqəti sevməyimizin başqa hansı səbəbi var? Həqiqətin bizə faydası çoxdur. Gəlin bir nümunəyə baxaq. Müqəddəs Kitabdakı həqiqətə gələcəyə olan ümidimiz daxildir. Həvari Bulus ümidin dəyərini göstərmək üçün belə demişdi: «Biz həyatımızı bu ümidə bağlamışıq. Bu ümid bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir» (İbr. 6:19). Lövbər gəmini sabit saxladığı kimi, Müqəddəs Kitaba əsaslanan ümidimiz də çətinliklər zamanı bizə səndələməməyə kömək edir.
5 Düzdür, ayənin kontekstində Bulus məsh olunmuş məsihilərin sahib olduğu göylər ümidindən danışmışdı. Amma bu sözlər yerüzü cənnətdə yaşamağı səbirsizliklə gözləyən məsihilərə də aiddir (Yəh. 3:16). Bəli, əbədi həyat ümidi haqda öyrənməyin sayəsində həyatımız mənalı olub.
6, 7. Gələcəyə dair həqiqəti öyrənməyin İvona hansı faydası olub?
6 Gəlin İvon adlı bacının nümunəsinə baxaq. O, həqiqətdə böyüməyib və uşaq olanda ölümdən qorxurdu. Bir dəfə İvon bir fikir oxumuşdu: «Bir gün açılan sabahı görməyəcəksən». Bu fikir heç cür onun beynindən çıxmırdı. İvon bacı deyir: «Həmin gecə gözümə yuxu getmədi, gələcək barədə fikirlər məni rahat buraxmırdı: “Ola bilməz, həyat bununla bitsin. Bəs mən niyə dünyaya gəlmişəm?” Mən ölmək istəmirdim!»
7 Sonra İvon yeniyetmə yaşlarında Yehovanın Şahidləri ilə tanış oldu. Həqiqəti biləndən sonra onun Cənnətdə əbədi yaşamaq ümidi yarandı. Həqiqəti bilməsinin bacıya hansı köməyi dəydi? İvon sözünə davam edir: «Mən artıq gələcəklə, ölümlə bağlı narahatçılıqlarıma görə gecələr yuxusuz qalmıram». Həqiqətin İvon üçün nə qədər dəyərli olduğunu təsəvvür etmək çətin deyil. O, gələcəyə ümidi barədə başqalarına danışmaqdan məmnunluq duyur (1 Tim. 4:16).
8, 9. a) İsanın bir məsəlindəki kişi tapdığı xəzinəni qiymətləndirdiyini necə göstərdi? b) Həqiqət sizin üçün nə dərəcədə qiymətlidir?
8 Müqəddəs Kitabdakı həqiqətə Allahın Padşahlığı haqda xoş xəbər də daxildir. İsa Məsih Padşahlıq haqqındakı həqiqəti gizli xəzinəyə bənzətmişdi. O, Mətta 13:44 ayəsində demişdi: «Səmavi Padşahlıq çöldə gizlədilmiş xəzinəyə bənzəyir. Onu bir nəfər tapıb gizlətdi. Sonra sevincindən gedib hər şeyini satdı və oranı aldı». Maraqlı məqamdır ki, həmin adam xəzinə axtarışına çıxmamışdı. Amma xəzinəni tapanda onu əldə etmək üçün böyük qurbanlar vermişdi. O, sahib olduğu hər şeyi satmışdı. Çünki başa düşürdü ki, bu xəzinə çox dəyərlidir və ondan ötrü hər şeyindən keçməyə dəyər.
9 Siz də həqiqətə bu cür yanaşırsınız? Buna şübhə yoxdur! Biz bilirik ki, bu dünyanın təklif etdiyi heç bir şey hal-hazırda Yehovaya xidmətdən duyduğumuz sevinclə və Padşahlığın hakimiyyəti altında əbədi yaşamaq ümidi ilə müqayisəyə gələ bilməz. Bizim Yehova ilə yaxın, möhkəm münasibətimiz var. Bundan ötrü istənilən qurbanı verməyə dəyər. Ən böyük sevincimiz «Onu tam razı» salmaqdır (Kol. 1:10).
10, 11. Maykl qardaşı həyat tərzində köklü dəyişikliklər etməyə nə təşviq etdi?
10 Çoxumuz Yehovanın razılığını qazanmaq üçün böyük qurbanlar vermişik. Bəziləri prestijli karyeradan imtina edib, var-dövlət sahibi olmağa can atanlar bu istəklərindən vaz keçib. Bir başqaları isə Yehovanı tanıyandan sonra həyat tərzlərində köklü dəyişikliklər ediblər. Bu insanlardan biri də Maykl qardaşdır. O, həqiqətdə böyüməyib. Gənc yaşlarında o, döyüş sənətini öyrənmişdi. Maykl deyir: «Yaxşı fiziki formada olmağımla fəxr edirdim. Hətta yenilməz olduğumu düşünürdüm». Amma Müqəddəs Kitabı araşdıranda Maykl Yehovanın zorakılığa münasibətini öyrəndi (Zəb. 11:5). Ona dərs keçən ər-arvad haqda Maykl deyir: «Onlar bir dəfə də olsun mənə döyüş sənətini atmalı olduğumu demədilər; sadəcə olaraq Müqəddəs Kitabdakı həqiqətləri öyrətməyə davam etdilər».
11 Maykl Yehovanı tanıdıqca Ona məhəbbəti artırdı. Yehovanın Öz xidmətçilərinə şəfqət göstərməsi ona dərin təsir bağışlamışdı. Tədricən Maykl həyatını dəyişəcək qərarı verməli olduğunu anladı. O deyir: «Bilirdim ki, mənim üçün ən çətin şey karateni atmaq olacaq. Amma bununla Yehovanın qəlbini sevindirəcəyimi başa düşürdüm və əmin idim ki, Ona xidmət etməkdən ötrü istənilən qurbanı verməyə dəyər». Maykl tapdığı həqiqətin dəyərli olduğunu anladı və bu, onu həyatında böyük dəyişikliklər etməyə təşviq etdi (Yaq. 1:25).
12, 13. Müqəddəs Kitab həqiqəti Mayli bacıya necə kömək etdi?
12 Müqəddəs Kitabda həqiqət qaranlıqda işıq saçan çırağa bənzədilir və bu, onun nə qədər dəyərli olduğunu göstərir (Zəb. 119:105; Efes. 5:8). Azərbaycanlı olan Mayli adlı bacı Allahın Kəlamının onun həyatına nur saçdığına görə çox minnətdardır. O, dini cəhətdən bölünmüş ailədə boya-başa çatıb, atası müsəlman, anası isə yəhudi olub. Mayli deyir: «Allahın varlığına heç vaxt şübhə eləmirdim. Amma bununla yanaşı, bəzi suallar məni narahat edirdi: “Allah nə üçün insanı yaradıb? Yaradıb ki, ömür boyu əzab çəkməsi azmış kimi, cəhənnəmdə də əbədiyyən əzab çəksin?” İnsanlar deyirdilər ki, nə olursa, Allahın izni ilə olur. Mən fikirləşirdim: “Necə ola bilər ki, Allah insanların taleyini yazsın, sonra isə kənarda durub onların necə əzab çəkdiklərinə tamaşa etsin?”»
13 Mayli usanmadan suallarına cavab axtarırdı. Bir müddət sonra o, Müqəddəs Kitabı öyrənməyə razılaşdı və Yehovanın Şahidi oldu. O deyir: «Müqəddəs Kitabdan öyrəndiklərim həyata baxışımı dəyişdi. Oradan tapdığım məntiqli, ağlabatan izahatlar mənə qəlb rahatlığı verdi». Mayli kimi hamımız bizi «qaranlıqdan Öz heyrətamiz nuruna çağıran» Yehovaya həmd ucaldırıq (1 But. 2:9).
14. Həqiqətə sevgimizi necə artıra bilərik? (Həmçinin « Digər bənzətmələr» adlı çərçivəyə baxın.)
14 Biz həqiqətin nə qədər dəyərli olduğunu göstərən sadəcə bir neçə bənzətməyə baxdıq. Şübhəsiz, siz çoxlu belə bənzətmələr bilirsiniz. Bəlkə, fərdi mütaliənizdə həqiqəti sevməyimizin digər səbəblərini araşdırasınız? Bu sizin həqiqətə sevginizi artıracaq. Həqiqətə sevginiz artdıqca bu sevginizi müxtəlif yollarla göstərmək istəyəcəksiniz.
HƏQİQƏTƏ SEVGİMİZİ NECƏ GÖSTƏRƏ BİLƏRİK?
15. Həqiqəti sevdiyimizi göstərməyin bir üsulu hansıdır?
15 Həqiqətə sevgimizi Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri müntəzəm araşdırmaqla göstərə bilərik. Axı həqiqətdə nə qədər olmağımızdan asılı olmayaraq, öyrənməli olduğumuz çox şey var. Bu jurnalın ilk sayında belə sözlər deyilmişdi: «Həqiqət “həyat” adlı biyabanda ot-ələfə bənzər yalanlar arasında az qala boğulan balaca bir çiçəyə bənzəyir. Bu çiçəyi tapmaq istəyirsinizsə, yaxşı-yaxşı axtarmalısınız... Onu dərmək üçün aşağı əyilməlisiniz. Amma bir gül dərib getməyin... Yenə axtarın, dayanmadan arayın». Mütaliə zəhmət tələb edir, amma buna dəyər.
16. Siz mütaliəni hansı üsulla edirsiniz? (Məsəllər 2:4—6).
16 Heç də hamımız mütaliə etməyi sevmirik. Amma həqiqəti daha dərindən başa düşməyimiz üçün Yehova bizi axtarmağa, aramağa təşviq edir. (Məsəllər 2:4—6 ayələrini oxuyun.) Biz bu cür zəhmət çəkəndə mütləq bunun xeyrini də görürük. Kori adlı qardaş Müqəddəs Kitabı oxuyanda ayələri bir-bir araşdırır. O deyir: «Mən hər haşiyəyə, bütün çarpaz istinadlara baxıram və əlavə axtarışlar aparıram Bu üsulla oxumağın sayəsində çox şey öyrənirəm». Mütaliəni istər bu üsulla edək, istər başqa, həqiqəti araşdırmaq üçün vaxt və güc sərf edəndə onu qiymətləndirdiyimizi göstəririk (Zəb. 1:1—3).
17. Həqiqətə uyğun yaşamaq nə deməkdir? (Yaqub 1:25).
17 Əlbəttə ki, həqiqəti sadəcə olaraq araşdırmaq kifayət deyil. Biz həqiqətin xeyrini tam şəkildə görmək üçün ona uyğun yaşamalıyıq, yəni öyrəndiklərimizə əməl etməliyik. Yalnız bu halda həqiqət bizə əsl xoşbəxtlik gətirəcək. (Yaqub 1:25 ayəsini oxuyun.) Bəs həqiqətə uyğun yaşadığımızı necə bilmək olar? Bir qardaş məsləhət görmüşdü ki, öyrəndiklərimizdən nələrə əməl etdiyimizi və nələrə əməl etmədiyimizi bilmək üçün özümüzü təhlil edək. Həvari Bulus bununla bağlı belə demişdi: «Hansı səviyyəyə çatmışıqsa çataq, gəlin bundan sonra da eyni cür irəliləyək» (Filip. 3:16).
18. Nəyə görə həqiqət yolunda yerimək üçün var gücümüzlə çalışmalıyıq?
18 Həqiqət yolunda yerimək üçün var gücümüzlə çalışmaq bizə böyük nemətlər gətirir! Həm öz həyatımız yaxşılığa doğru dəyişir, həm də Yehovanın və dindaşlarımızın qəlbi sevinir (Məs. 27:11; 3 Yəh. 4). Sizcə, həqiqəti sevmək və ona uyğun yaşamaq üçün bunlardan gözəl səbəb ola bilər?
NƏĞMƏ 144 Gözün mükafatda olsun!
^ Biz Müqəddəs Kitaba əsaslanan imanımızı, həyat yolumuzu «həqiqət» adlandırırıq. Həqiqət yolunda təzəlikcə və ya çoxdan addımlamağımızdan asılı olmayaraq, yaxşı olardı ki, həqiqəti nəyə görə sevdiyimizi bir daha nəzərdən keçirək. Beləcə, bizim Yehovanı razı salmaq qətiyyətimiz daha da güclənəcək.