Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 35

Həmişə səbirli olun

Həmişə səbirli olun

«Səbri geyinin» (KOL. 3:12).

NƏĞMƏ 114 «Səbirli olun»

İCMAL a

1. Siz nəyə görə səbirli insanlara dəyər verirsiniz?

 SƏBİRLİ insanı kim sevməz? Nəyisə gözləyərkən özündən çıxmayan insanları görəndə onlara hörmətimiz yaranır. Səhvimizə baxmayaraq bizimlə səbirlə davranan insanlara dəyər veririk. Bizə Müqəddəs Kitabı öyrədən müəllimlərimizə də minnətdarıq. Onların səbrini az sınamamışıq. Biz Müqəddəs Kitabdakı həqiqətləri öyrənənə, qəbul edənə və tətbiq edənə kimi onlar nə qədər gözləməli olublar. Ən əsası isə bizimlə səbirlə davranan Yehova Allaha minnətdarıq! (Rom. 2:4).

2. Hansı vəziyyətlərdə səbirli olmaq çətin ola bilər?

2 İnsanlarda səbir xüsusiyyətini dəyərləndirsək də, bəzən özümüz səbirli ola bilmirik. Məsələn, tıxacda ilişib qalanda sakitliyi qorumaq çətin olur. Özü də ki, harasa gecikiriksə, səbrimiz lap tarıma çəkilir. Yaxud da kimsə bizi qıcıqlandıranda hövsələdən çıxırıq. Bəzən isə Yehovanın vəd etdiyi yeni dünyanı gözləməyə səbrimiz çatmır. İstəyərdiniz, daha səbirli olasınız? Bu məqalədə görəcəyik ki, səbirli olmaq nə deməkdir və nəyə görə bu vacib xüsusiyyətdir. Həmçinin daha səbirli olmağın yollarını öyrənəcəyik.

SƏBİRLİ OLMAQ NƏ DEMƏKDİR?

3. Səbirli insanı kimsə əsəbiləşdirəndə o necə davranır?

3 Gəlin səbir göstərməyin dörd yolundan danışaq. Birincisi, səbirli insan tez özündən çıxmır. Stres altında olanda və ya kimsə onu əsəbiləşdirəndə o, sakitliyini qoruyur və əvəz çıxmır. Müqəddəs Kitabda «səbir» ifadəsinə ilk dəfə Yehovanı təsvir edən ayədə rast gəlinir. Orada deyilir ki, «Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan» Allahdır (Çıx. 34:6).

4. Səbirli insan gözləməli olanda necə davranır?

4 İkincisi, səbirli insan sakitcə gözləməyi bacarır. Əgər nəsə gözlədiyindən uzun çəkirsə, o, təlaş keçirmir, hövsələdən çıxmır (Mət. 18:26, 27). Sakitcə gözləməyin vacib olduğu çox vəziyyətlər var. Məsələn, kimsə danışanda sözünü kəsmədən səbirlə dinləməyi bacarmalıyıq (Əyy. 36:2). Həmçinin şagirdimizə hansısa təlimi izah edəndə, yaxud pis vərdişindən yaxa qurtarmağa kömək edəndə səbirli olmaq lazım gələ bilər.

5. Səbir göstərməyin digər yolu hansıdır?

5 Üçüncüsü, səbirli insan tələskən deyil. Düzdür, bəzi vəziyyətlərdə cəld hərəkət etmək lazımdır. Amma səbirli insana hansısa vacib iş tapşırılanda o, tələm-tələsik bu işə başlayıb tez onu başından etməyə çalışmır. Əksinə, lazımınca vaxt ayırıb edəcəyi işi planlaşdırır. İşə başlayanda isə onu keyfiyyətli görmək üçün nə qədər lazımdırsa, o qədər vaxt ayırır.

6. Səbirli insan çətinliklərə necə yanaşır?

6 Dördüncüsü, səbirli insan şikayət etmədən çətinliklərə dözür. Bunu nəzərə alaraq demək olar ki, səbir xüsusiyyəti dözümlə bağlıdır. Əlbəttə ki, yaxın dostumuza ürəyimizi açıb dərdimizi danışmaqda pis bir şey yoxdur. Bununla belə, səbirli insan çalışacaq ki, çətinliyə dözsün və bu zaman müsbət şeyləri görməyi bacarsın (Kol. 1:11). Bir məsihi kimi biz bütün bu sahələrdə səbir göstərməliyik. Nəyə görə? Gəlin bunun bir neçə səbəbini araşdıraq.

SƏBİRLİ OLMAĞIN VACİBLİYİ

Əkinçi səbirlə gözləyir, arxayındır ki, vaxtı çatanda əkdiyini biçəcək; biz də səbirlə gözləyirik, əminik ki, Yehova vaxtı çatanda bütün vədlərini yerinə yetirəcək (7-ci abzasa baxın)

7. Yaqub 5:7, 8 ayələrinə əsasən nəyə görə səbir vacibdir? (Həmçinin şəklə baxın.)

7 Xilas olmağımız üçün səbirli olmaq mütləqdir. Yehovanın keçmişdəki sadiq xidmətçiləri kimi biz də Onun vədlərini gerçəkləşdirəcəyi vaxtı səbirlə gözləməliyik (İbr. 6:11, 12). Müqəddəs Kitabda bizim vəziyyətimiz əkinçinin vəziyyətinə bənzədilir. (Yaqub 5:7, 8 ayələrini oxuyun.) Əkinçi məhsulu əkmək və sulamaq üçün çox əziyyət çəkir, amma çox şey günəşdən və yağışdan asılı olduğu üçün onun dəqiq nə vaxt yetişəcəyini bilmir. Buna görə də o, səbirlə gözləyir və əmindir ki, bir gün əkdiyini biçəcək. Eynilə biz də Ağanın «hansı gün gələcəyini» bilməsək də, ibadətimizlə bağlı işlərlə məşğul oluruq (Mət. 24:42). Biz səbirlə gözləyirik, əminik ki, vaxtı çatanda Yehova bütün vədlərini yerinə yetirəcək. Əgər səbirsiz olsaq, gözləməkdən yorularıq və yavaş-yavaş həqiqətdən uzaqlaşarıq. Həmçinin səbirsiz davranıb bizə indi həzz verəcək şeylərin dalınca gedərik. Lakin səbirli olsaq, axıra kimi dözüb xilas olacağıq (Mik. 7:7; Mət. 24:13).

8. Səbir başqaları ilə yaxşı münasibəti qorumağa necə kömək edir? (Koloslulara 3:12, 13).

8 Səbir başqaları ilə yaxşı münasibəti qorumağa kömək edir. Bu xüsusiyyətin sayəsində kimsə danışanda biz diqqətlə qulaq asırıq (Yaq. 1:19). İnsanlarla aramızda mehriban münasibət olur. Səbir kömək edir ki, gərgin vəziyyət yarananda tez reaksiya verməyək və xoşagəlməz ifadələr işlətməyək. Həmçinin səbirli olsaq, başqası xətrimizə dəyəndə qəzəblənməyəcəyik. Ondan əvəz çıxmayacağıq, əksinə, bir-birimizə qarşı həmişə səbirli olub bir-birimizi ürəkdən bağışlayacağıq. (Koloslulara 3:12, 13 ayələrini oxuyun.)

9. Qərar verərkən səbir xüsusiyyəti bizə necə kömək edir? (Məsəllər 21:5).

9 Səbir xüsusiyyəti daha yaxşı qərarlar verməyə də kömək edir. Bunun sayəsində tez-tələsik, hisslərə qapılıb qərar verməyəcəyik. Əksinə, müxtəlif variantları götür-qoy edəcəyik və onların içindən ən yaxşısını seçəcəyik. (Məsəllər 21:5 ayəsini oxuyun.) Məsələn, əgər iş axtarırıqsa, ola bilsin, qarşımıza çıxan ilk işi qəbul etmək istəyək və onun ibadətimizə mane olacağına məhəl qoymayaq. Amma səbirliyiksə, biz vaxt ayırıb müəyyən amilləri ölçüb-biçəcəyik. Məsələn, yola nə qədər vaxtımız gedəcək? Neçə saat işləməli olacağıq? Bu iş ailəmizə və Yehova ilə münasibətimizə necə təsir edəcək? Səbirli olsaq, yanlış qərar verməyəcəyik.

DAHA SƏBİRLİ OLMAĞIN YOLLARI

10. Məsihiyə səbir xüsusiyyətini yetişdirməyə və onu itirməməyə nə kömək edə bilər?

10 Duada Yehovadan səbir istəyin. Səbir ruhun bəhrəsinin bir hissəsidir (Qal. 5:22, 23). Buna görə də onu yetişdirmək üçün Yehovadan müqəddəs ruh istəməliyik. Əgər hansısa vəziyyətdə səbir kasamızın dolduğunu hiss ediriksə, Yehovadan müqəddəs ruhu «durmadan» diləməliyik (Luka 11:9, 13). Həmçinin xahiş edə bilərik ki, vəziyyətə Onun kimi baxa bilək. Duadan sonra isə hər gün var gücümüzlə çalışmalıyıq ki, səbir göstərək. Səbirli olmaq üçün dua etdikcə və səbirli olmağa çalışdıqca bu xüsusiyyət ürəyimizdə getdikcə daha dərin kök salacaq və bizim xasiyyətimizə çevriləcək.

11, 12. Yehovanın səbri nədən görünür?

11 Müqəddəs Kitabdakı nümunələr barədə dərindən düşünün. Orada səbirlə davranan çox insan haqda yazılıb. Onların nümunəsi barədə düşünməklə səbirli olmağın yollarını öyrənə bilərik. Məqalədə bu nümunələrdən bəzilərini araşdıracağıq. Amma əvvəlcə gəlin ən böyük səbir nümunəsi olan Yehovadan danışaq.

12 Şeytan Ədən bağında Yehovanın adına qara yaxdı. O, Həvvanı Yehovanın ədalətli və məhəbbətli Hökmdar olmadığına inandırmağa çalışırdı. Amma Yehova böhtançını dərhal məhv etmədi. Səbirli və təmkinli davrandı. Bilirdi ki, ən yaxşı Hökmdar olduğunun sübut olunması üçün vaxt lazımdır. Bunu gözlədiyi müddətdə O, adına atılan böhtanlara dözür. Üstəlik, Yehova səbirlə gözləyir ki, daha çox insanın əbədi həyatı almaq imkanı olsun (2 But. 3:9, 15). Bunun nəticəsində milyonlarla insan Onu tanıyıb. Əgər Yehovanın səbrinin xeyri barədə düşünsək, sonun gəlişini gözləmək bizə daha asan olacaq.

Kimsə bizi özümüzdən çıxarmağa çalışsa da, səbir sayəsində sakitliyimizi qoruyacağıq (13-cü abzasa baxın)

13. İsa Məsih Atasının səbir xüsusiyyətini mükəmməl şəkildə necə əks etdirmişdi? (Həmçinin şəklə baxın.)

13 Yehovanın səbir xüsusiyyətini ən mükəmməl şəkildə əks etdirən İsa Məsihdir. O, yer üzündə olarkən böyük səbir göstərmişdi. Yəqin, ona səbirli davranmaq həmişə asan olmurdu. Əsas da ikiüzlü mirzələrə və fərisilərə qarşı (Yəh. 8:25—27). Amma o da Atası kimi qəzəblənməyə tələsmirdi. İsanı təhqir etsələr də, özündən çıxartmağa çalışsalar da, o, heç vaxt əvəz çıxmırdı (1 But. 2:23). O, bütün çətinliklərə gileylənmədən tab gətirirdi. Elə buna görə də Müqəddəs Kitabda deyilir ki, «günahlıların o cür ədavətli sözlərinə dözən İsa haqqında ciddi düşünün» (İbr. 12:2, 3). Yehovanın köməyi ilə biz də qarşımıza çıxan istənilən sınağa səbirlə dözə bilərik.

Əmin ola bilərik ki, İbrahim peyğəmbər kimi səbirli olsaq, Yehova bizə həm indi mükafat verəcək, həm də vəd etdiyi yeni dünyada daha çox nemətlər bəxş edəcək (14-cü abzasa baxın)

14. İbrahim peyğəmbərin səbrindən nə öyrənirik? (İbranilərə 6:15). (Həmçinin şəklə baxın.)

14 Ola bilsin, sonla bağlı gözlədiklərimiz hələ yerinə yetməyib. Bəlkə də, biz bu dünyanın sonunun çoxdan gələcəyinə ümid edirdik və indi narahatıq ki, birdən o günü görməyə ömrümüz yetməz. Bəs bundan sonra da səbirlə gözləməyə bizə nə kömək edə bilər? Gəlin İbrahim peyğəmbərin nümunəsinə baxaq. İbrahim 75 yaşında olanda onun hələ övladı yox idi. Həmin vaxt Yehova ona belə bir vəd vermişdi: «Səndən böyük bir xalq törəyəcək. Bunu Mən edəcəyəm» (Yar. 12:1—4). İbrahim bu vədin yerinə yetdiyini gördü? Tam yox. Fərat çayını keçdikdən və 25 il gözlədikdən sonra möcüzəvi şəkildə oğlu İshaq dünyaya gəldi. Bundan 60 il sonra isə nəvələri Eyslə Yaqub anadan oldu. (İbranilərə 6:15 ayəsini oxuyun.) Amma nəslinin böyük xalqa çevrildiyini və onların Vəd edilmiş diyarı miras aldığını görmək İbrahim peyğəmbərə nəsib olmadı. Bununla belə, bu mömin insanın Yaradanla möhkəm dostluğu var idi (Yaq. 2:23). İbrahim diriləndə biləcək ki, onun imanı və səbri sayəsində yer üzündəki bütün xalqlar mübarək qılınıb (Yar. 22:18). Sözsüz, o çox sevinəcək. Buradan nə öyrənirik? Biz Yehovanın bütün vədlərinin elə indicə yerinə yetdiyini görməsək də, əmin ola bilərik ki, İbrahim peyğəmbər kimi səbirli olsaq, Yehova bizə həm indi mükafat verəcək, həm də vəd etdiyi yeni dünyada daha çox nemətlər bəxş edəcək (Mark 10:29, 30).

15. Fərdi mütaliə zamanı nəyi araşdırmaq olar?

15 Müqəddəs Kitabda səbir göstərmiş hələ çox adamın nümunəsi var (Yaq. 5:10). Bəlkə, fərdi mütaliəniz zamanı onlar barədə araşdırma aparasınız? b Məsələn, Davud İsrailin gələcək padşahı olmaq üçün məsh ediləndə gənc yaşlarında idi. Amma bu padşahlığı almaq üçün o, uzun illər gözləməli oldu. Yaxud götürək Şəmunu və Hənnəni. Onlar Yehovaya sədaqətlə qulluq edərək vəd olunmuş Məsihin gəlişini gözləyirdi (Luka 2:25, 36—38). Bu kimi nümunələri araşdırarkən növbəti suallar üzərində düşünün: «Bu insana səbir göstərməyə nə kömək edib? Bunun ona hansı xeyri olub? Mən ona necə bənzəyə bilərəm?» Həmçinin səbirsizlik edən insanlar barədə də mütaliə edə bilərsiniz (1 İşm. 13:8—14). Növbəti suallara cavab tapmağa çalışın: «Bu insanın səbirsizlik etməsinə nə səbəb oldu? Bu nə ilə nəticələndi?»

16. Səbirli olmağın hansı xeyri var?

16 Səbirli olmağın xeyri barədə düşünün. Səbirli olanda daha xoşbəxt, daha sakit oluruq. Buna görə də səbir bizim fiziki və emosional sağlamlığımızı yaxşılaşdırır. Həmçinin insanlara səbir göstərəndə onlarla aramızdakı münasibət daha yaxşı olur. Yığıncaqda birlik yaranır. Bizi təbdən çıxarmağa çalışan insana uymayıb sakitliyimizi qoruyanda gərginliyin böyüməsinin qarşısını alırıq (Zəb. 37:8, haşiyə; Məs. 14:29). Ən əsası isə səbirli olanda səmavi Atamıza bənzəyirik və Ona daha da yaxın oluruq.

17. Daima nəyə çalışmalıyıq?

17 Doğrudan da, səbir çox gözəl xüsusiyyətdir. Onu yetişdirməyə dəyər! Düzdür, səbirli olmaq bəzən çətin olur. Amma Yehovanın köməyi ilə özümüzdə bu xüsusiyyəti inkişaf etdirə bilərik. Yeni dünyanın gəlişini səbirlə gözlədiyimiz müddətdə isə əmin ola bilərik ki, «Yehovanın gözü Ondan qorxanların, Ondan məhəbbət umanların üzərindədir» (Zəb. 33:18). Gəlin səbri geyinmək əzmimizi heç vaxt itirməyək!

NƏĞMƏ 41 Ey Allahım, eşit duamı

a Şeytan dünyasında səbirli insanı günün günorta çağı çıraqla axtarsan, ancaq taparsan. Amma Müqəddəs Kitabda deyilir ki, biz səbri geyinməliyik. Məqalədə səbir xüsusiyyətinin vacibliyindən və onu yetişdirməyin yollarından danışacağıq.

b Səbir barədə oxumaq üçün «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində «Hisslər, xüsusiyyətlər və davranış» başlığı altında «Səbir» yarımbaşlığına baxın.