Oxucuların sualları
2 Salonikililərə 3:14 ayəsində müəyyən insanları «nəzərdə saxlayın» deyilir. Bu qərarı ağsaqqallar verməlidir, yoxsa hər bir məsihinin özü?
Həvari Bulus Salonikidəki məsihilərə yazmışdı: «Kimsə bu məktubda dediklərimizə itaət etmirsə, onu nəzərdə saxlayın» (2 Salon. 3:14). Əvvəllər biz elə düşünürdük ki, bu, ağsaqqallara verilən göstərişdir. Əgər kimsə dəfələrlə verilən məsləhətə məhəl qoymayıb, Müqəddəs Kitab prinsiplərini pozmağa davam edirdisə, ağsaqqallar yığıncağı xəbərdar etmək üçün nitq söyləyə bilərdilər. Bu nitqdən sonra təbliğçilər daha onunla vaxt keçirmirdilər.
Amma bu məsələdə dəyişiklik etməyə ehtiyac var. İndi başa düşürük ki, Bulusun bu məsləhəti hər bir məsihinin şəxsən verməli olduğu qərara aiddir. Buna görə də ağsaqqalların yığıncağı xəbərdar etmək üçün nitq söyləməsinə ehtiyac yoxdur. Bəs belə bir dəyişikliyin edilməsinə səbəb nədir? Gəlin Bulusun verdiyi məsləhətin kontekstinə nəzər salaq.
Bulus qeyd etmişdi ki, yığıncaqda «bəziləri nizam-intizamı pozur». Onlara Müqəddəs Kitab əsasında məsləhət verilsə də, məhəl qoymurdular. O, əvvəlki ziyarəti zamanı belə bir göstəriş vermişdi: «İşləmək istəməyən yemək də yeməsin». Buna baxmayaraq, bəziləri özlərini dolandırmaq üçün işləmək istəmirdilər, halbuki buna mane olan heç nə yox idi. Bundan əlavə, onlar başqalarının işinə qarışırdılar. Yığıncaqdakılar bu cür insanlarla necə davranmalı idi? (2 Salon. 3:6, 10—12).
Bulus «onu nəzərdə saxlayın» demişdi. Bu yunan ifadəsi «həmin insanla münasibətdə ehtiyatı əldən verməmək» mənasını verir. Bulus bu göstərişi təkcə ağsaqqallara yox, bütün yığıncağa vermişdi (2 Salon. 1:1; 3:6). Deməli, dindaşının Müqəddəs Kitabdakı məsləhətə itaətsizlik etdiyini görən hər bir məsihi «onunla yoldaşlıq» etməmək qərarını verəcəkdi.
Bəs bu o deməkdirmi ki, həmin insanla tövbə etməyən günahkarla davrandığımız kimi davranacağıq? Xeyr. Bulus sözünün davamında belə demişdi: «Onu... qardaş sayıb öyüd-nəsihət verin». Deməli, məsihilər həmin insanla yığıncaqda və xidmətdə ünsiyyət edəcəkdi, amma onunla asudə vaxt keçirməyəcək, birlikdə istirahət etməyəcəkdi. Nəyə görə? Bulus demişdi: «Qoy o, hərəkətinə görə xəcalət çəksin». Ola bilsin, nizam-intizamı pozan məsihi başqalarının onunla vaxt keçirmədiyini görüb hərəkətinə görə xəcalət çəkəcəkdi (2 Salon. 3:14, 15).
Bu gün məsihilər bu məsləhətə necə əməl edə bilər? İlk növbədə müəyyən etməliyik ki, doğrudanmı insanın hərəkəti Bulusun dediyi kimi «nizam-intizamı pozan hərəkətdir». Bulus vicdan və ya şəxsi seçim məsələsində bizdən fərqli qərar verən insanlardan danışmırdı. Həmçinin o, xətrimizə dəyən insanları da nəzərdə tutmurdu. Bulus burada Müqəddəs Kitabdan verilmiş konkret məsləhəti qulaqardına vurub, öz bildiyi kimi davranan insanlardan danışırdı.
Bu gün dindaşımızda bu cür itaətsizlik ruhu görürüksə a, qərar verəcəyik ki, asudə vaxtımızı onunla birlikdə keçirməyək. Nəzərə alsaq ki, bu, şəxsi qərardır, bu barədə ailə üzvlərimizdən başqa heç kimlə danışmayacağıq. Bununla belə, həmin insanla yığıncaq görüşlərində və xidmətdə ünsiyyət edəcəyik. O, əməlini düzəldəndən sonra isə onunla yenidən əvvəlki kimi yoldaşlıq edəcəyik.
a Ola bilsin, məsihi əmək qabiliyyəti olduğu halda özünü təmin etməkdən boyun qaçırır, Yehovanın Şahidi olmayan kəslə görüşməyə davam edir, yığıncaqda parçalanma yaradan fikirlər söyləyir, yaxud qeybət edir (1 Kor. 7:39; 2 Kor. 6:14; 2 Salon. 3:11, 12; 1 Tim. 5:13). Bu cür davranmağa davam edən kəslər «nizam-intizamı pozur».