Kontentə keç

Mündəricatı göstər

«Saleh insanın sevinci Yehova olacaq»

«Saleh insanın sevinci Yehova olacaq»

DİANA bacının yaşı səksəni haqlayıb. Onun həyat yoldaşı Alsheymer xəstəliyindən əziyyət çəkirdi və ölümündən öncə bir neçə il qocalar evində qalmalı olmuşdu. Üstəlik, bacı iki oğlunu itirmişdi və süd vəzi xərçəngi ilə mübarizə aparırdı. Yaşadıqlarına baxmayaraq, Diana bacının yığıncaq üzvləri onu ibadət evində və xidmətdə görəndə nurlu çöhrəsindən təbəssümün əksik olmadığına şahid olur.

Con adlı qardaş 43 ildən çox vaxt ərzində səyyar nəzarətçi kimi xidmət edib. O, bu xidmət növünü o qədər sevirdi ki, həyatını onsuz təsəvvür etmirdi. Amma xəstə qohumunun qayğısına qalmaq üçün Con bu xidmət növünü dayandırmalı olur və hal-hazırda yaşadığı ərazidəki yığıncaqda xidmət edir. Conu tanıyanlar onu böyük toplantılarda görəndə heç dəyişilmədiyinə fikir verirlər. Con elə həmin şən Condur.

Diana və Con sevinclərini necə qoruyub saxlaya biliblər? Necə ola bilər ki, insan fiziki və emosional cəhətdən əzab çəkdiyi halda sevincli olsun? Artıq sevdiyi təyinatda olmayan kəs heç nəyə baxmayaraq, necə xoşbəxt ola bilər? Müqəddəs Kitabda bu suallarımıza cavab var: «Saleh insanın sevinci Yehova olacaq» (Zəb. 64:10). Əgər biz nəyin əsl sevinc gətirdiyini, nəyin gətirmədiyini bilsək, bu vacib həqiqəti daha yaxşı başa düşəcəyik.

MÜVƏQQƏTİ SEVİNC

Bəzi şeylər insana demək olar ki, həmişə sevinc gətirir. Bir-birini sevən iki nəfərin ailə qurmasını təsəvvür edin. Yaxud valideyn olmaq və ya hər hansı teokratik təyinat almaq haqda düşünün. Bu şeylər insana xoşbəxtlik gətirir, çünki hamısı Yehovanın bizə bəxş etdiyi ənamlardır. Yehova nikah quruluşunun banisidir, insanın dünyaya övlad gətirməsi Onun möcüzəsidir, həmçinin yığıncaqda verilən təyinatlar da Ondandır (Yar. 2:18, 22; Zəb. 127:3; 1 Tim. 3:1).

Amma sevinc gətirən bəzi şeylər müvəqqəti ola bilər. Əfsus ki, bəzən həyat yoldaşı sədaqətsiz çıxır və ya vəfat edir (Hizq. 24:18; Huşə 3:1). Bəzi uşaqlar valideynlərinə və Allaha itaətsizlik edir, hətta elə olur ki, yığıncaqdan kənar olunurlar. Məsələn, İşmuilin oğulları Yehovaya məqbul ibadət etmirdilər, Davudun hərəkətləri öz ailəsinə bəla gətirmişdi (1 İşm. 8:1—3; 2 İşm. 12:11). Bu cür hadisələr heç də sevinc gətirmir, əksinə, kədər və məyusluqla nəticələnir.

Eynilə, Allahın xalqı arasında malik olduğumuz təyinatlar səhhətimizin zəif olması, ailə məsuliyyətləri, yaxud təşkilatda baş verən dəyişikliklərə görə dayana bilər. Təyinatlarında bu cür dəyişikliklər olan bacı-qardaşlar əvvəllər gördükləri işdən duyduqları məmnunluq üçün darıxdıqlarını deyirlər.

Aydındır ki, bizə sevinc bəxş edən bu kimi şeylər müəyyən mənada müvəqqəti və nisbidir. Bəs elə bir sevinc varmı ki, insanın şəraiti gözlənilmədən pisləşəndə belə itməsin? Gərək ki var, çünki İşmuil, Davud və digərləri üzləşdikləri sınaqlara baxmayaraq, sevinclərini qorumuşdular.

TÜKƏNMƏZ SEVİNC

İsa Məsih sevincin əslində nə olduğunu yaxşı bilirdi. O, yer üzünə gəlməzdən öncə, göydə yaşayan vaxt sözsüz ki, çox yaxşı şəraitdə idi və Yehovanın «hüzurunda hər zaman sevinirdi» (Məs. 8:30). Amma yer üzünə gələndən sonra ağır sınaqlarla üzləşmişdi. Bununla belə, Allahın iradəsini yerinə yetirmək ona zövq verirdi (Yəh. 4:34). Bəs Məsihin həyatının ən əzablı son saatları haqda nə demək olar? Müqəddəs Kitabdan oxuyuruq: «O, qarşıda onu gözləyən sevincə görə... işgəncə dirəyində çəkdiyi əzablara dözdü» (İbr. 12:2). Odur ki, İsa Məsihin sevinc xüsusiyyəti ilə bağlı dediyi iki fikrə diqqət yetirmək üçün əsasımız var.

Bir dəfə Məsihin 70 şagirdi təbliğ edib geri qayıdır. Onlar möcüzələr etdiklərinə və cinləri qovduqlarına görə sevinc içində idilər. Amma İsa Məsih onlara demişdi: «Cinlərin sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin» (Luka 10:1—9, 17, 20). Bəli, Yehovanın onlardan razı qalması sahib olduqları üstünlüklərdən daha vacib idi. Allahın bu sədaqətli şagirdləri unutmaması onlara daha çox sevinc gətirməli idi.

Başqa bir hadisə zamanı İsa Məsih camaata təlim verəndə bir yəhudi qadın deyir ki, belə gözəl müəllimin anası çox xoşbəxtdir. Amma İsa onun sözünə düzəliş edir: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:27, 28). İnsanın övladı ilə fəxr etməsi gözəl hissdir, amma Yehovaya itaət edərək Onunla gözəl münasibətdə olmaq insanın ürəyini daha çox şad edir.

Doğrudan da, Allahın bizdən razı olduğunu bilmək böyük xoşbəxtlikdir. Sınaqlar özü-özlüyündə bizə sevinc gətirməsə də, Allahın bizdən razı olması hissini əlimizdən almır. Əksinə, sınaqlar zamanı sədaqətimizi qoruyanda qəlbimizdəki sevinc daha da artır (Rom. 5:3—5). Həmçinin Allah Ona etibar edən insanlara müqəddəs ruh verir, sevinc isə müqəddəs ruhun bəhrəsidir (Qal. 5:22). Bu fikir Zəbur 64:10 ayəsindəki «saleh insanın sevinci Yehova olacaq» sözlərini başa düşməyə kömək edir.

Cona sevincini qorumağa nə kömək etdi?

Elə buna görə də Diana və Con üzləşdikləri çətinliklərə baxmayaraq, sevinclərini qoruya bilmişdilər. Diana deyir: «Uşaq anasına sığındığı kimi, mən də Yehovaya pənah gətirirdim». Bəs o, Allahın razılığını necə hiss edirdi? Diana deyir: «Yehovanın mənə əvvəlki kimi üzümdə təbəssümlə xidmət etməyə necə kömək etdiyini hiss edirəm». Bəs Con sevdiyi səyyar xidmətini dayandırandan sonra nəyin sayəsində xidmətdə sevincini və fəallığını qoruya bilib? O deyir: «1998-ci ildə Xidməti Təkmilləşdirmə Məktəbində tədris etmək təyinatı alandan bəri heç vaxt olmadığı qədər fərdi mütaliə etmişəm». Con və həyat yoldaşı illər ərzində Yehovanın onlara tapşırdığı istənilən işi həvəslə gördüklərinə görə bu dəyişikliyi qəbul etmək onlara elə də çətin olmamışdı. Con deyir: «Heç heyifsilənmədik».

Zəbur 64:10 ayəsindəki sözlərin doğruluğuna çox adam əmin olub. Məsələn, Birləşmiş Ştatlarda 30 ildən çox Beyteldə xidmət etmiş bir ər-arvad xüsusi öncül kimi sahəyə təyin olunmuşdu. Onlar deyir: «İnsanın sevdiyi bir şeyi itirəndə kədərlənməsi normaldır. Amma ömür boyu kədərlənmək də olmaz». Bu ər-arvad dərhal yığıncaqla əməkdaşlıq etməyə başladı. Onlar deyir: «Biz bəzi konkret şeylər barədə dua edirdik. Dualarımızın eşidildiyini görmək bizi çox ruhlandırırdı və sevinc bəxş edirdi. Təyin olunduğumuz yığıncağa gələndən sonra yığıncağın digər üzvləri də öncüllüyə başladı, üstəlik Müqəddəs Kitabı öyrənib yaxşı inkişaf edən iki şagirdimiz oldu».

«ƏBƏDİYYƏN SEVİNİN»

Düzdür, həmişə sevincli olmaq asan deyil. Həyat yollarının enişi də var, yoxuşu da. Bununla belə, Yehova Zəbur 64:10 ayəsində yazılan sözlərlə bizə əminlik verir. Hətta bəzən ruhdan düşsək də, əmin ola bilərik ki, şəraitimizdə baş verən dəyişikliklərə baxmayaraq, sədaqətli qalsaq, sevincimiz Yehova olacaq. Üstəlik, Yehovanın «yeni göylər və yeni yer»lə bağlı vədinin gerçəkləşəcəyini görə biləcəyik. Onda hər kəs kamil olacaq, Yehovanın yaratdıqlarına və nemətlərinə görə əbədiyyən sevinib şadlanacaq (Əşy. 65:17, 18).

Bir təsəvvür edin: kamil sağlamlığımız olacaq və hər gün enerji dolu olacağıq. Keçmişdə bizə qəlb yarası vuran hadisələrin xatirəsi artıq bizə əzab verməyəcək. Müqəddəs Kitab bizi əmin edir ki, «köhnə şeylər yada düşməyəcək, daha xatırlanmayacaq». Dirilmə möcüzəsi bizi sevdiyimiz insanlara qovuşduracaq. Məsihin diriltdiyi 12 yaşlı qızın valideynləri kimi, milyonlarla insanın sevinci yerə-göyə sığmayacaq (Mark 5:42). Nəhayətdə, yer üzündə yaşayan hər bir insan sözün əsl mənasında saleh olacaq və onların sevinci əbədiyyən Yehova olacaq.