Oxucuların sualları
Şeytan Həvvaya xeyirlə şəri bilmə ağacının meyvəsindən yesə, ölməyəcəyini deyəndə onu bu gün geniş yayılmış ruhun ölməzliyi fikri ilə tanış edirdi?
Görünür, yox. İblis Həvvaya demədi ki, Allahın qadağan etdiyi meyvədən yesə, cismən öləcək, amma gözəgörünməz bir hissəsi (bu gün bəziləri bunu ölməz ruh adlandırır) haradasa yaşamağa davam edəcək. Şeytan ilan vasitəsilə Həvvaya bildirdi ki, bu ağacın meyvəsindən yesə, əsla ölməyəcək. O, Həvvanın yaşamağa davam edəcəyini, yer üzündə Allahdan asılı olmadan daha yaxşı həyata sahib olacağını iddia etmişdi (Yar. 2:17; 3:3—5).
Əgər ruhun ölməzliyi haqda saxta təlim Ədəndə yaranmayıbsa, bəs nə vaxt yaranıb? Bunu dəqiq deyə bilmərik. Bir şeyi bilirik ki, yalan ibadətlər Nuh peyğəmbərin dövründəki Daşqında məhv oldu. Daşqından sonra heç bir saxta dini təlim qalmadı, çünki yalnız Nuh və ailəsi xilas olmuşdu, onlar isə pak ibadəti dəstəkləyirdi.
Deməli, bu gün geniş yayılmış ruhun ölməzliyi haqda təlim Daşqından sonra meydana gəlib. Allah Babildə insanların dillərini qarışdıranda və «insanları bütün yer üzünə» səpələyəndə, şübhəsiz, onlar özləri ilə birgə ruhun ölməzliyi təlimini də apardılar (Yar. 11:8, 9). Bu saxta təlimin nə vaxt yaranmasından asılı olmayaraq, əmin ola bilərik ki, onun arxasında «yalanın atası» Şeytan İblis durub və bu təlimin necə geniş yayıldığını görmək ona çox xoş idi (Yəh. 8:44).