Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 52

Ruh düşkünlüyünə qalib gələ bilərsiniz

Ruh düşkünlüyünə qalib gələ bilərsiniz

«Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (ZƏB. 55:22).

NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver

İCMAL *

1. Ruh düşkünlüyünün hansı zərərləri var?

HƏR GÜN problemlərlə üzləşirik. Çalışırıq, bacardığımız qədər onlara tab gətirək. Bir tərəfdən də ruh düşkünlüyü olanda, problemlərə dözmək daha çətin olur. Ona görə də ruh düşkünlüyünə əminliyimizi, cəsarətimizi, sevincimizi əlimizdən almaq istəyən oğru kimi baxmalıyıq. Məsəllər 24:10 ayəsində deyilir: «Dar gündə ruhdan düşsən, gücün tükənər». Doğrudan da, ruh düşkünlüyü gücümüzü sovura bilər. Onda problemlərin öhdəsindən gəlməyə gücümüz qalmaz.

2. Ruh düşkünlüyünə nə səbəb ola bilər və bu məqalədə nəyi müzakirə edəcəyik?

2 Bizi nələr ruhdan sala bilər? Çox şey. Həm insanın özü ilə bağlı amillər, həm də kənar amillər. Məsələn, səhvlərimiz, zəif cəhətlərimiz və xəstəliyimiz. Həmçinin arzusunda olduğumuz təyinatı almayanda və ya təbliğ etdiyimiz ərazi bərəkətli olmayanda da ruhdan düşə bilərik. Bu məqalədə öyrənəcəyik ki, ruh düşkünlüyünün öhdəsindən gəlmək üçün nə edə bilərik.

SƏHVLƏRİMİZ VƏ ZƏİF CƏHƏTLƏRİMİZ

3. Səhvlərimizə görə ruhdan düşməməyə bizə nə kömək edə bilər?

3 Biz səhvlərimizə və zəif cəhətlərimizə görə çox asanlıqla ruhdan düşə bilərik. Elə düşünə bilərik ki, səhvlərimiz ucbatından Yehova bizi yeni dünyada görmək istəmir. Amma bu cür düşüncə çox zərərlidir. Bəs səhv etməyimizə necə yanaşmalıyıq? Müqəddəs Kitabda deyilir ki, İsa Məsihdən başqa bütün insanlar günah işləyib (Rom. 3:23). Amma bu sözləri yazdıran Yehova bizdə səhv axtarmır, bizdən mükəmməllik gözləmir. Əksinə, O bizi sevdiyi üçün bizə kömək etmək istəyir. Həmçinin O, səbirlidir. Yehova görür ki, bizlər zəif cəhətlərimizlə, dəyərsizlik hissi ilə çox mübarizə aparırıq. Buna görə də bizə kömək etməyə hazırdır (Rom. 7:18, 19).

Yehova bizim həm keçmişdə, həm də indi etdiyimiz yaxşılıqlardan agahdır (5-ci abzasa baxın) *

4, 5. 1 Yəhya 3:19, 20 ayələrinə əsasən, iki bacıya ruh düşkünlüyünə məğlub olmamağa nə kömək etdi?

4 Gəlin Deboranın və Mariyanın * nümunəsinə baxaq. Uşaq yaşlarında Debora ailəsindən gördüyü pis rəftara görə özünü dəyərsiz hiss edirdi. Demək olar ki, o, ailəsindən tərif eşitməmişdi. Buna görə də özünün çox pis insan olduğunu düşünürdü. Xırda səhvlərə görə özünü çox qınayırdı, düzəlməz insan olduğunu düşünürdü. Mariyada da eyni problemlər var idi. Qohumları tərəfindən alçaldıcı rəftara məruz qalırdı. Buna görə də onda özünə qarşı güclü dəyərsizlik hissi var idi. Hətta vəftiz olunandan sonra belə özünü Allahın adını daşımağa layiq bilmirdi.

5 Amma bu iki bacı Yehovaya xidməti dayandırmadı. Onlar hərarətlə Yehovaya dua edir, narahatçılıqlarını Onunla bölüşürdülər (Zəb. 55:22). Onlar başa düşdülər ki, Yehova keçmişdə yaşadıqlarımızdan agahdır və özümüzə tənqidi yanaşmağımıza nələrin səbəb olduğunu bilir. Həmçinin O, ürəyimizdəki gözəllikləri də görür, o gözəllikləri ki, biz görə bilmirik. (1 Yəhya 3:19, 20 ayələrini oxuyun.)

6. Səhvini təkrarlayan insanda özü haqqında hansı fikir yarana bilər?

6 Ola bilər ki, insan dərinə kök salmış vərdişləri ilə mübarizə aparır. Amma bəzən məğlub olur və buna görə ruh düşkünlüyünə qapılır. Təbii ki, səhv edəndə insanın özünü qınaması normaldır (2 Kor. 7:10). Amma özümüzü həddən artıq çox qınamamalıyıq. Heç vaxt düzəlməyəcəyimizi, Yehovanın bizi bağışlamayacağını düşünməməliyik. Çünki bu belə deyil. Üstəlik, bu cür düşüncə Yehovaya xidməti dayandırmağımıza gətirib çıxara bilər. Məsəllər 24:10 ayəsində yazılan sözləri bir daha xatırlayaq. Orada deyilir ki, ruhdan düşsək, gücümüz tükənər. Bunun əvəzinə, Yehovaya dua edib əfvini diləyərək, aranızdakı məsələni həll edin (Əşy. 1:18). Yehova sizin ürəkdən tövbə etdiyinizi görüb günahınızı bağışlayacaq. Bundan əlavə, ağsaqqallara yaxınlaşın. Onlar səbirlə sizə kömək edəcək ki, ruhən dirçələsiniz (Yaq. 5:14, 15).

7. Zəifliklərimizlə mübarizə aparırıqsa, nəyə görə ruhdan düşməməliyik?

7 Fransadan olan Jan-Luk adlı ağsaqqal zəiflikləri ilə mübarizə aparanlara belə deyir: «Yehovanın gözündə saleh insan heç vaxt səhv etməyən insan yox, səhvinə görə peşman olan və onu təkrarlamamaq üçün var gücü ilə çalışan insandır» (Rom. 7:21—25). Buna görə də zəifliyinizlə mübarizə aparmağınızın sizi dəyərdən saldığını düşünməyin. Unutmayın ki, biz hamımız günah işləyirik, yalnız Yehovanın fidyə vasitəsilə göstərdiyi lütf sayəsində saleh sayıla bilərik (Efes. 1:7; 1 Yəh. 4:10).

8. Ruh düşkünlüyü ilə mübarizədə kimlərdən kömək istəyə bilərik?

8 Ruhani ailəmizin, bacı-qardaşlarımızın köməyi ilə ruh düşkünlüyünün öhdəsindən gələ bilərik! Ürəyimizi boşaltmaq istəyəndə onlar bizi can-dildən dinləyəcəklər, sözləri ilə bizə qol-qanad verəcəklər (Məs. 12:25; 1 Salon. 5:14). Nigeriyadan olan Coy adlı bacı güclü ruh düşkünlüyündən əziyyət çəkirdi. O deyir: «Bacı-qardaşlarım olmasa idi, nə edərdim? Onların dəstəyi mənim üçün sübutdur ki, Yehova dualarıma cavab verir. Hətta onlardan pərişan halda olan insanlara təsəlli verməyi öyrəndim». Amma nəzərə alın ki, heç də həmişə bacı-qardaşlarımız bizim ruhlanmağa ehtiyac duyduğumuzu bilmir. Ona görə də lazım gələ bilər ki, özümüz dindaşımıza yaxınlaşıb, köməyə ehtiyac duyduğumuzu deyək.

XƏSTƏLİKLƏ MÜBARİZƏDƏ

9. Zəbur 41:3 və 94:19 ayələri bizi necə ruhlandırır?

9 Yehovaya sığının. Naxoş olanda, xüsusilə də xroniki xəstəliyimiz olanda nikbin düşünmək çətin olur. Bu gün Yehova bizi möcüzəvi şəkildə sağaltmasa da, O bizi təsəlli edir, dözmək üçün güc verir. (Zəbur 41:3; 94:19 ayələrini oxuyun.) Məsələn, O, dindaşımızın ürəyində istək oyada bilər ki, bizə ev işlərində, alış-veriş məsələsində kömək etsin və ya bizimlə birgə dua etsin. Yaxud Kəlamından təsəlliverici fikirləri yadımıza sala bilər, məsələn, xəstəliyin, ağrı-acının olmayacağı yeni dünya ilə bağlı verdiyi möhtəşəm vədini xatırlada bilər (Rom. 15:4).

10. İsanqa bədbəxt hadisədən sonra ruh düşkünlüyünə qapılmamağa nə kömək etdi?

10 Nigeriyadan olan İsanq bədbəxt hadisə nəticəsində iflic qalıb. Həkim ona demişdi ki, o, heç vaxt gəzə bilməyəcək. «Çox sarsılmışdım, pərişan halda idim», — deyə o bölüşür. O elə bu əhvalda qaldı? Xeyr! Bəs ona nə kömək etdi? O deyir: «Nə mən, nə də arvadım Yehovaya dua etməyi və Onun Kəlamını mütaliə etməyi dayandırmadıq. Həmçinin qətiyyətli idik ki, yeni dünyada yaşamaq ümidi də daxil olmaqla, sahib olduğumuz nemətlərə görə daxilimizdə şükran hissi olsun».

Hətta zəif səhhəti olanlar da, təbliğ etmək və təbliğdən sevinc duymaq üçün yollar tapa bilər (11—13 abzaslara baxın)

11. Sindi bacıya ağır xəstəliyi zamanı sevincini qorumağa nə kömək etdi?

11 Meksikada yaşayan Sindiyə ölümcül xəstəlik diaqnozu qoyulmuşdu. Buna dözməyə ona nə kömək etdi? Sindi müalicə aldığı dövrdə qarşısına məqsəd qoydu ki, hər gün təbliğ edəcək. O deyir: «Bunun sayəsində fikrimi əməliyyatıma, ağrılarıma, xəstəliyimə yox, insanlara cəmləyə bilirdim. Belə edirdim: həkimlərlə, tibb bacıları ilə söhbət edəndə çalışırdım, onların ailələri ilə də maraqlanım, nə üçün belə ağır peşə seçdiklərini soruşurdum. Beləcə, onlara hansı mövzuların maraqlı olacağını təxmin edə bilirdim. Bəziləri deyirdi ki, tək-tük xəstə olar ki, onlardan hal-əhval tutsun. Çoxları onlarla maraqlandığıma görə minnətdarlığını bildirirdi. Hətta bəziləri mənə ünvanlarını və telefon nömrələrini vermişdi. Həyatımın bu ağır dönəmində Yehova mənim daxilimə elə sevinc vermişdi ki, özüm də məəttəl qalmışdım!» (Məs. 15:15).

12, 13. Yaşlı və xəstə insanlar xidmətdə necə iştirak edə bilir və bu hansı nəticələr verir?

12 Yaşlı və xəstə olan insanlar xidmətdə çox şey edə bilmədiklərinə görə ruh düşkünlüyünə qapıla bilərlər. Amma buna rəğmən, onların çoxu gözəl şahidlik verməyə müvəffəq olub. Birləşmiş Ştatlarda Lorel adlı bacımız 37 il «dəmir ağciyər» adlanan nəfəs aparatı ilə yaşayıb. Onda xərçəng xəstəliyi var idi, bir neçə ciddi əməliyyat keçirmişdi və xroniki dəri xəstəliyindən əziyyət çəkirdi. Bu dərəcədə ağır vəziyyətinə baxmayaraq, o, təbliği dayandırmadı. Evinə gələn tibb bacılarına və digər tibb işçilərinə təbliğ edirdi. Bu hansı bəhrələri gətirdi? O, ən azı, 17 nəfərə Yehovanın Şahidi olmağa kömək etdi! *

13 Fransadan olan Rişar adlı ağsaqqal evdən çölə çıxa bilməyən, yaxud da qocalar evində yaşayanlara maraqlı ideya verir: «Məsləhət görürəm ki, nəşrlərimizdən kiçik stend düzəltsinlər. Stend marağa səbəb olur və söhbətə yol açır. Bu cür söhbətlər ev-ev təbliğ etmək imkanı olmayan bacı-qardaşları ruhlandıra bilər». Evdən çölə çıxa bilməyən bacı-qardaşlar həmçinin məktub və ya telefon vasitəsilə də şahidlik verə bilərlər.

İSTƏDİYİMİZ TƏYİNATI ALMAYANDA

14. Davud padşah bizim üçün hansı sahədə nümunə qoyub?

14 Ola bilsin, yaşımız, sağlamlığımız və digər amillər ucbatından Yehovaya xidmətdə istədiyimiz təyinatı almayaq. Belə vəziyyətdə Davud padşahdan çox şey öyrənə bilərik. Davud padşah Yehovanın məbədini tikmək həsrətində idi. Amma biləndə ki, Yehova məbədi tikmək üçün onu yox, başqasını seçib, həmin adamı can-dildən dəstəklədi. Hətta bu layihə üçün külli miqdarda ianə etdi. Davud, həqiqətən də, bizim üçün gözəl nümunədir! (2 İşm. 7:12, 13; 1 Saln. 29:1, 3—5).

15. Hüq adlı qardaş ruh düşkünlüyünün öhdəsindən necə gəldi?

15 Fransada yaşayan Hüq adlı qardaş səhhəti ilə bağlı problemə görə ağsaqqal xidmətini dayandırmalı olmuşdu. Hətta o, evdə adi işləri də görə bilmirdi. O deyir: «Əvvəl-əvvəl çox məyus idim, özümü lazımsız hiss edirdim. Amma bir müddət sonra başa düşdüm ki, vəziyyətimlə barışmalıyam. Beləcə, Yehovaya xidmətdə bacardığım şeyləri etməkdən sevinc duymağa başladım. Təslim olmamağa qəti qərarlıyam. Cədun və onunla olan 300 nəfər kimi, mən də yorulmağıma baxmayaraq, mübarizəni davam etdirəcəyəm!» (Hak. 8:4).

16. Mələklərin nümunəsindən nə öyrənə bilərik?

16 Bu sahədə sadiq mələklər bizə gözəl nümunədir. Yehova mələklərə buyurmuşdu ki, pis padşah olan Əhəbi tovlamaq üçün təkliflərini desinlər. Mələklərin hərəsi bir şey dedi. Amma Yehova onların arasından birini seçdi və dedi ki, padşahı tovlamaq onda alınacaq (1 Pad. 22:19—22). Bəs digər sadiq mələklər ruhdan düşdü? «Əbəs yerə çalışdım», — deyə düşündü? Əlbəttə ki, yox. Mələklər təvazökardır və istəyirlər ki, bütün şərəf Yehovaya məxsus olsun (Hak. 13:16—18; Vəhy 19:10).

17. Arzusunda olduğumuz təyinatı almadığımıza görə ruhdan düşmüşüksə, nə etməliyik?

17 Unutmayın, Allahın adını daşımaq və Padşahlığını bəyan etmək ən böyük şərəfdir. Təyinatlar gəldi-gedərdi və Yehova bizə təyinatımıza görə dəyər vermir. Yehova və bacı-qardaşlar bizi təvazökar, həlim olduğumuza görə sevirlər. Buna görə də Yehovaya yalvarın ki, təvazökar və həlim qalmağınıza kömək etsin. Yehovanın Kəlamında qələmə alınan gözəl təvazökarlıq və həlimlik nümunələri üzərində düşünün. Bacardığınız sahələrdə bacı-qardaşlara canla-başla xidmət edin (Zəb. 138:6; 1 But. 5:5).

TƏBLİĞ ETDİYİMİZ ƏRAZİ BƏHRƏSİZ OLANDA

18, 19. Təbliğ etdiyiniz ərazi bəhrəsiz olsa belə, xidmətdən necə sevinc duya bilərsiniz?

18 Elə olubmu ki, təbliğ etdiyiniz ərazinin bəhrəsiz olduğunu düşünüb, məyusluğa qapılasınız? Yaxud, ola bilsin, sizin ərazidə insanları evdə tapmaq çətindir. Belə vəziyyətlərdə sevincimizi qorumaq, yaxud artırmaq üçün nə edə bilərik? « Xidmətdən sevinc duymağın yolları» adlı çərçivədə bəzi faydalı məsləhətlər var. Həmçinin təbliğ işinə düzgün yanaşmaq da vacibdir. Hansı mənada?

19 Unutmayın ki, təbliğ etməkdə əsas məqsəd Allahın adını və Padşahlığını bəyan etməkdir. İsa Məsih açıq-aydın demişdi ki, az sayda insan həyata aparan yola qədəm qoyacaq (Mət. 7:13, 14). Təbliğ işində iştirak edəndə bizə Yehova, İsa və mələklərlə əməkdaşlıq etmək şərəfi nəsib olur (Mət. 28:19, 20; 1 Kor. 3:9; Vəhy 14:6, 7). Yehova layiq olan kəsləri Özünə cəlb edir (Yəh. 6:44). İşdir, müjdələdiyimiz xəbərə insan qulaq asmasa, ola bilsin, növbəti dəfə qulaq asacaq.

20. Ərəmya 20:8, 9 ayələrindən məyusluqla mübarizə aparmaqla bağlı nə öyrənirik?

20 Biz Ərəmya peyğəmbərdən çox şey öyrənə bilərik. Onun təbliğ etdiyi ərazi çox çətin ərazi idi. İnsanlar «bütün günü» onu təhqir edir, ələ salırdı. (Ərəmya 20:8, 9 ayələrini oxuyun.) Bir məqamda peyğəmbər o qədər məyus olmuşdu ki, az qalmışdı təslim olsun. Amma o təslim olmadı. Nəyə görə? Yehovanın sözü Ərəmyanın ürəyində alovlanan atəş oldu, daha onu özündə saxlaya bilmədi! Ağlımızı və ürəyimizi Allahın Kəlamı ilə doldursaq, eyni şey bizimlə də baş verəcək. Bu, Allahın Kəlamını hər gün mütaliə edib, dərinliyinə varmaq üçün daha bir səbəbdir. Bunun sayəsində sevincimiz artdıqca-artacaq və təbliğimiz daha bəhrəli olacaq (Ərm. 15:16).

21. Ruh düşkünlüyünün öhdəsindən necə gələ bilərik?

21 Yuxarıda adı çəkilən Debora deyir: «Ruh düşkünlüyü Şeytanın istifadə etdiyi güclü silahdır». Amma istənilən silah Yehovanın qarşısında acizdir. Buna görə də ruhdan düşməyinizə nəyin səbəb olmasından asılı olmayaraq, sizə dayaq olması üçün Yehovaya yalvarın. O, səhvlərinizə və zəif cəhətlərinizə görə ruh düşkünlüyünə qapılmamağınıza kömək edəcək. Xəstəliyinizlə çarpışarkən sizə dayaq olacaq. Xidmətdəki təyinatlara tarazlı yanaşmağınıza kömək edəcək. Həmçinin təbliğ ərazinizə müsbət yanaşmağınıza kömək edəcək. Bundan əlavə, bütün narahatçılıqlarınızı Yehovaya danışın, ürəyinizi Ona boşaldın. Onun köməyi ilə biz ruh düşkünlüyü ilə mübarizədə qalib gələ bilərik.

NƏĞMƏ 41 Ey Allahım, eşit duamı

^ abz. 5 Hər birimizin pərişan olduğu, ruhdan düşdüyü anlar olur. Məqalədə belə məqamlarda köməyimizə çatacaq bəzi məsləhətləri araşdıracağıq. Görəcəyik ki, Yehovanın köməyilə ruh düşkünlüyü ilə mübarizədə qalib gələ bilərik.

^ abz. 4 Bəzi adlar şərtidir.

^ abz. 12 Lorel Nisbet bacının bioqrafiyasını «Oyanın» jurnalının 1993-cü il 22 yanvar sayından (ing.) oxuya bilərsiniz.

^ abz. 69 ŞƏKLİN İZAHI: Bacı bir müddət idi ki, ruh düşkünlüyünə qapılmışdı. Amma sonra o, keçmişdə etdiyi xidməti haqqında düşünür və Yehovaya dua edir. O əmindir ki, Yehova onun keçmişdə etdiyini və hal-hazırda etdiklərini qiymətləndirir.