TƏLİM MƏQALƏSİ 7
«Müdriklərin sözlərini dinlə»
«Qulağını aç, müdriklərin sözlərini dinlə» (MƏS. 22:17).
Allahın qoyduğu nizama tabe olaq
İCMAL *
1. Hansı hallarda bizə məsləhət verilə bilər və nəyə görə hamımızın məsləhətə ehtiyacı var?
VAXTAŞIRI hər birimizin məsləhətə ehtiyacı olur. Bəzən özümüz kiməsə yaxınlaşıb məsləhət istəyirik. Bəzən isə bizə canıyanan dindaşımız yaxınlaşıb məsləhət verir. O bizi sonradan peşmançılığını çəkəcəyimiz səhv bir işdən çəkindirmək istəyir (Qal. 6:1). Yaxud ola bilər ki, bizə hansısa ciddi səhvimizdən sonra düzəliş etmək üçün məsləhət verilsin. İstənilən halda, biz verilən məsləhətə qulaq asmalıyıq. Bu bizim xeyrimizədir və həyatımızı xilas edə bilər (Məs. 6:23).
2. Məsəllər 12:15 ayəsinə əsasən, nəyə görə məsləhətə qulaq asmalıyıq?
2 Məqalənin əsas ayəsi bizi «müdriklərin sözlərini dinlə»məyə təşviq edir (Məs. 22:17). Elə insan yoxdur ki, hər şeyi bilsin, həmişə bizdən daha bilikli və daha bacarıqlı kimsə olacaq. (Məsəllər 12:15 ayəsini oxuyun.) Buna görə də məsləhətə qulaq asmaq təvazökarlığın əlamətidir. Bu göstərir ki, biz məhdudiyyətlərimizin fərqindəyik və məqsədlərimizə çatmaq üçün köməyə ehtiyacımız olduğunu anlayırıq. Müdrik padşah Süleyman Allahın ilhamı ilə yazmışdı: «Məsləhət verən çox olarsa, uğur olar» (Məs. 15:22).
3. Bizə hansı yollarla məsləhət verilə bilər?
3 Məsləhət almağımızın bir yolu Müqəddəs Kitabı və ya nəşrlərimizi oxumaqdır. Bu zaman oxuduğumuz şeylər bizi dayanıb düşünməyə, fikirlərimizdə və əməllərimizdə lazımi düzəlişlər etməyə təşviq edir (İbr. 4:12). Bəzən isə ağsaqqal və ya başqa yetkin məsihi bizə dəyişməli olduğumuz sahələri göstərə bilər. Əgər kimsə bizi çox istədiyindən Müqəddəs Kitab əsasında məsləhət verirsə, biz də öz tərəfimizdən bu məsləhətə qulaq asaraq və əməl etməyə çalışaraq minnətdarlığımızı göstərməliyik.
4. Vaiz 7:9 ayəsinə əsasən, bizə məsləhət veriləndə hansı əhvali-ruhiyyədən qaçmalıyıq?
4 Düzünü desək, insandan məsləhət qəbul etmək bizə daha çətin olur. Hətta bəzən inciyirik. Düzdür, biz qeyri-kamil olduğumuzu boynumuza alırıq, amma kimsə konkret səhvimizi göstərəndə bunu qəbul etməyə çətinlik çəkirik. (Vaiz 7:9 ayəsini oxuyun.) Ola bilər ki, özümüzə bəraət qazandıraq, məsləhət verənin niyyətini şübhə altına alaq və ya məsləhətin verilmə tərzi xoşumuza gəlməsin. Yaxud bizə məsləhət verən kəsdə səhv tutub belə deyək: «Onun özünə məsləhət verən lazımdır. O niyə mənə məsləhət verir?» Məsləhətin bizə aid olmadığını düşünsək, nəticədə onu qəbul etməyəcəyik və ya qulağımıza xoş gələn məsləhət axtaracağıq.
5. Bu məqalədə nə haqda danışacağıq?
5 Bu məqalədə Müqəddəs Kitabda adları çəkilən bəzi insanlardan danışacağıq. Görəcəyik ki, onların arasında həm məsləhətə qulaq asmayan, həm də qulaq asanlar var idi. Biz həmçinin öyrənəcəyik ki, məsləhəti qəbul etməyə və ondan faydalanmağa bizə nələr kömək edə bilər.
MƏSLƏHƏTƏ QULAQ ASMAYANLAR
6. Rəhabam padşah məsləhətə necə yanaşdı və biz bundan nə öyrənirik?
6 Gəlin Rəhabamın hadisəsinə baxaq. O, İsrailin padşahı olanda xalq onun yanına bir xahişlə gəlmişdi. Onlar dedilər ki, atası Süleymanın üzərlərinə qoyduğu boyunduruğu yüngülləşdirsin. Tərifəlayiqdir ki, Rəhabam xalqa cavab verə bilmək üçün İsrailin ağsaqqalları ilə məsləhətləşdi. Ağsaqqallar ona məsləhət gördü ki, xalqın xahişini yerinə yetirsin, onda xalq həmişə ona qulluq edəcək (1 Pad. 12:3—7). Görünür bu məsləhət Rəhabamın ürəyincə olmadı və o öz yaşıdları ilə məsləhətləşdi. Onlar təxminən qırx yaşlarında idi, sözsüz ki, həyatda müəyyən təcrübələri var idi (2 Saln. 12:13). Lakin bu məsələdə onlar Rəhabama səhv məsləhət verdilər. Onlar dedilər ki, xalqın boyunduruğunu daha da ağırlaşdırsın (1 Pad. 12:8—11). Rəhabama iki fərqli məsləhət verilmişdi. O, dua edib Yehovadan soruşa bilərdi ki, hansı məsləhəti qəbul etsin. Amma o, xoşuna gələn məsləhətə qulaq asıb, cavanların dediyini etdi. Bu, həm Rəhabam, həm də İsrail xalqı üçün fəlakətlə nəticələndi. Bizim də aldığımız məsləhət həmişə eşitmək istədiyimiz kimi olmaya bilər. Lakin məsləhət Allahın Kəlamına əsaslanırsa, biz onu qəbul etməliyik.
7. Üziyyə padşahın hadisəsindən nə öyrənirik?
7 Üziyyə padşah da məsləhəti rədd etmişdi. O, Yehovanın məbədində yalnız kahinlərin girə biləcəyi yerə daxil olub, buxur təqdim etməyə cəhd etmişdi. Yehovanın kahinləri ona dedi: «Üziyyə, Yehovaya buxur yandırmaq sənin işin deyil! Buxur yandırmaq yalnız kahinlərin... işidir». Üziyyə məsləhətə necə yanaşdı? Əgər o, məsləhəti təvazökarlıqla qəbul edib, dərhal məbəddən çıxsa idi, bəlkə də, Yehova onu bağışlayardı. Amma «Üziyyə qəzəbləndi». O nəyə görə məsləhəti qəbul etmədi? Yəqin, düşünürdü ki, padşah olduğu üçün istədiyi hər şeyi edə bilər, amma Yehova belə hesab etmirdi. Təkəbbürlü davranışına görə Yehova onu cəzalandırdı və o, «ömrünün axırınadək cüzamlı qaldı» (2 Saln. 26:16—21). Üziyyənin hadisəsindən görürük ki, kim olmağımızdan asılı olmayaraq, əgər Müqəddəs Kitaba əsaslanan məsləhəti rədd ediriksə, Yehovanın rəğbətini itirəcəyik.
MƏSLƏHƏTƏ QULAQ ASANLAR
8. Əyyub məsləhətə necə yanaşdı?
8 Müqəddəs Kitabda məsləhəti qəbul etməyən insanlarla yanaşı, məsləhəti qəbul edib xeyir tapan insanların da nümunəsi də var. Məsələn, Əyyub peyğəmbər. O, Allahdan qorxsa da, günahsız deyildi. O, çətin vəziyyətə düşəndə bəzi yanlış fikirlər söylədi. Buna görə də həm Əlihu, həm də Yehova ona birbaşa səhvini göstərdi. Əyyub buna necə yanaşdı? O, məsləhəti təvazökarlıqla qəbul etdi. O dedi: «Mən nadan-nadan danışdım... Sözlərimi geri götürürəm, torpaq içində, kül içində tövbə edirəm». Təvazökarlıq göstərdiyinə görə Yehova onun başından nemətlər tökdü (Əyy. 42:3—6, 12—17).
9. Məsləhəti qəbul etməklə Musa hansı nümunəni qoydu?
9 Musa peyğəmbər də ciddi səhvinə görə verilən düzəlişi qəbul etmişdi. Bir dəfə o, hisslərini cilovlaya bilməyib, Yehovaya şərəf gətirməmişdi. Buna görə də Yehova ona Vəd edilmiş diyara daxil olmağa icazə verməmişdi (Say. 20:1—13). Musa Yehovadan qərarını dəyişməsini xahiş edəndə Yehova ona demişdi: «Bir də Mənimlə bu haqda danışma» (Qan. 3:23—27). Yehovanın bu sözlərindən sonra Musa acıqlanmadı, əksinə, o, Yehovanın qərarı ilə razılaşdı və Yehova ona bundan sonra da İsrail xalqının rəhbəri olmasına izin verdi (Qan. 4:1). Həm Əyyub, həm də Musa peyğəmbər məsləhəti qəbul edərək bizə gözəl nümunə qoyub. Əyyub bəhanələr gətirmədən öz düşüncəsini dəyişdi. Musa onun üçün dəyərli olan imkandan məhrum olsa da, axıra qədər Yehovaya sadiq qaldı və bununla da məsləhəti qəbul etdiyini göstərdi.
10. a) Məsəllər 4:10—13 ayələrində məsləhəti qəbul etməyin faydası haqqında nə deyilir? b) Bəziləri verilən məsləhətə necə yanaşıblar?
10 Əyyub və Musa peyğəmbərin, həmçinin onlar kimi sadiq insanların nümunəsini izləməyin bizə böyük xeyri var. (Məsəllər 4:10—13 ayələrini oxuyun.) Bir çox bacı-qardaşlarımız onlardan örnək alıb. Görün Konqoda yaşayan Emanuel adlı qardaş aldığı məsləhətlə bağlı nə deyir: «Yığıncağımızda yetkin qardaşlar gördülər ki, imanım “gəmi qəzasına” uğraya bilər və dərhal dadıma çatdılar. Mən onların məsləhətinə riayət etdim, bu isə mənə bir çox problemlərdən qaçmağa kömək etdi» *. Kanadada öncül kimi xidmət edən Meqan bacı məsləhətlə bağlı deyir: «Çox vaxt mənə verilən məsləhətlər xoşuma gəlməsə də, onlar mənə lazım olan məsləhətlər olub». Xorvatiyada yaşayan Marko adlı qardaş qeyd edir: «Məsuliyyətimi itirsəm də, geriyə dönüb baxanda görürəm ki, mənə verilən məsləhət Yehova ilə münasibətlərimi yenidən möhkəmləndirməyə kömək etdi».
11. Karl Kleyn qardaş məsləhəti qəbul etməklə bağlı nəyi başa düşdü?
11 Məsləhəti qəbul edib, onun xeyrini görən digər qardaş isə Rəhbərlik Şurasının üzvü olmuş Karl Kleyn qardaşdır. O, bioqrafiyasında yaxın dostu olan Cozef Ruterford qardaşın bir dəfə ona ciddi məsləhət verməsindən danışır. Karl qardaş etiraf edir ki, əvvəl-əvvəl məsləhətə düzgün yanaşmayıb. O deyir: «Növbəti səfər Ruterford qardaş məni görəndə: “Salam, Karl!” — deyib, gülərüzlə salamladı. Lakin hələ də incik olduğum üçün onunla quru-quru salamlaşdım. Onda Ruterford qardaş mənə dedi: “Karl, ehtiyatlı ol, Şeytan səni izləyir”. Mən utanaraq dedim: “Hər şey yaxşıdır, qardaş”. Amma o görürdü ki, mən incimişəm. Buna görə məni yenə xəbərdar etdi: “Yaxşı, yenə də ehtiyatlı ol. Şeytan səni izləyir”. O, haqlı idi! Əgər biz dediyi sözə görə qardaşımıza kin saxlayırıqsa, xüsusilə də onun bu sözü deməyə səlahiyyəti çatırdısa, onda biz asanlıqla İblisin tələsinə düşə bilərik» * (Efes. 4:25—27). Karl qardaş Ruterford qardaşın məsləhətini qəbul edərək aralarındakı dostluq münasibətini qorudu.
MƏSLƏHƏTİ QƏBUL ETMƏYƏ BİZƏ NƏLƏR KÖMƏK EDƏ BİLƏR?
12. Təvazökarlıq bizə məsləhəti qəbul etməyə necə kömək edə bilər? (Zəbur 141:5).
12 Məsləhəti qəbul etməyə bizə nələr kömək edə bilər? Biz təvazökar olmalıyıq. Yadda saxlamalıyıq ki, qeyri-kamilik və bəzən ağılsız davranırıq. Əvvəldə müzakirə etdiyimiz kimi, Əyyubda səhv düşüncə var idi. Lakin o, sonradan öz düşüncəsini dəyişdi və Yehova onu mükafatlandırdı. Çünki Əyyub təvazökar idi. O, bunu özündən daha cavan olan Əlihunun məsləhətini qəbul etməklə göstərdi (Əyy. 32:6, 7). Bəzən, ola bilər ki, bizdən yaşca kiçik biri bizə məsləhət versin və ya verilən məsləhətin bizə aid olmadığını düşünək. Təvazökar olmaq bizə də bu vəziyyətlərdə məsləhəti qəbul etməyə kömək edəcək. Kanadada yaşayan bir ağsaqqal deyir: «Biz özümüzü qıraqdan görə bilmirik. Buna görə də heç kim bizə məsləhət verməsə, necə inkişaf edə bilərik? Aramızda elə bir insan yoxdur ki, onun ruhun bəhrəsini yetişdirməkdə və xidmət sahəsində inkişafa ehtiyacı olmasın». (Zəbur 141:5 ayəsini oxuyun.)
13. Məsləhətə necə yanaşmalıyıq?
13 Məsləhətə Yehovanın məhəbbətinin ifadəsi kimi baxın. Yehova bizim üçün hər şeyin ən yaxşısını istəyir (Məs. 4:20—22). O bizə Müqəddəs Kitab, nəşrlərimiz və yetkin dindaşımız vasitəsilə məsləhət verəndə Öz məhəbbətini göstərmiş olur. İbranilərə 12:9 və 10-cu ayələrində deyildiyi kimi, O, «bunu bizim xeyrimiz üçün edir».
14. Bizə məsləhət veriləndə diqqətimizi nəyə cəmləməliyik?
14 Diqqətinizi məsləhətin özünə cəmləyin, verilmə tərzinə yox. Bəzən məsləhətin verilmə tərzi tam ürəyimizcə olmur. Düzdür, məsləhət verən insan çalışmalıdır ki, məsləhəti elə versin ki, qarşı tərəfə onu qəbul etmək asan olsun * (Qal. 6:1). Amma əgər biz məsləhət alan tərəfiksə, yaxşı olar ki, diqqətimizi məsləhətin özünə cəmləyək, hətta məsləhətin elə də yaxşı tərzdə verilmədiyini hesab etsək də. Növbəti suallar üzərində düşünə bilərik: «Məsləhətin verilmə tərzi xoşuma gəlməsə də, deyilənlərdən özüm üçün nəsə götürə bilərəm? Məsləhət verən insanın səhvlərini kənara qoyub, məsləhətin özündən yararlana bilərəm?» Bizə verilən istənilən məsləhətdən özümüz üçün hansısa nəticəni çıxarsaq, hikmətli davranmış olarıq (Məs. 15:31).
MƏSLƏHƏT AXTARIN VƏ FAYDASINI GÖRÜN
15. Nəyə görə özümüz məsləhət istəməliyik?
15 Müqəddəs Kitab bizi məsləhət axtarmağa təşviq edir. Məsəllər 13:10 ayəsində deyilir: «Məsləhət axtaran... hikmətlidir». Necə də doğru sözlərdir! Kiminsə ona məsləhət verməsini gözləməyib, özləri məsləhət axtaran insanlar başqalarına nəzərən ruhani cəhətdən daha yaxşı inkişaf edir. Buna görə də məsləhət almaq üçün özünüz təşəbbüs göstərin.
16. Hansı vəziyyətlərdə məsləhət istəyə bilərik?
16 Dindaşlarımızdan nə vaxt məsləhət istəyə bilərik? Gəlin bəzi vəziyyətlərə baxaq. 1) Bir bacı təcrübəli təbliğçini Müqəddəs Kitab dərsinə dəvət edir. Sonra o öz müəllimlik qabiliyyətini püxtələşdirmək üçün bacıdan məsləhət alır. 2) Bir subay bacı paltar almaq istəyir və seçdiyi paltarla bağlı yetkin bacının fikrini öyrənir. 3) Bir qardaşa ilk dəfə açıq nitqlə çıxış etmək tapşırılır. O, təcrübəli natiqdən xahiş edir ki, onun nitqinə diqqətlə qulaq assın və nəyi yaxşılaşdırmalı olduğu barədə ona məsləhət versin. Hətta uzun illər nitqlə çıxış edən qardaşlar da nitqlərini daha da yaxşılaşdırmaq üçün təcrübəli natiqlərdən məsləhət istəyə bilərlər. Sonra da yaxşı olar ki, verilən məsləhətə əməl etsinlər.
17. Məsləhətin xeyrini necə görə bilərik?
17 Növbəti həftələr və ya aylar ərzində sizə də hansısa məsləhət veriləcək; bunu ya Müqəddəs Kitabdan və nəşrlərimizdən, ya da kiminsə vasitəsilə alacaqsınız. Bu zaman məqalədə müzakirə etdiyimiz fikirləri yadınıza salın. Həmişə təvazökar olun. Diqqətinizi məsləhətin verilmə tərzinə yox, məsləhətin özünə cəmləyin. Aldığınız məsləhəti tətbiq edin. Heç birimiz hikmətli doğulmamışıq. Amma məsləhətə qulaq asıb, tərbiyəni qəbul etsək, Allahın Kəlamında deyildiyi kimi, hikmətli olarıq (Məs. 19:20).
NƏĞMƏ 124 Sədaqətli olaq
^ abz. 6 Yehovanın xidmətçiləri bilir ki, Müqəddəs Kitaba əsaslanan məsləhətlərə qulaq asmaq çox vacibdir. Bununla belə, hərdən məsləhəti qəbul etmək çətin olur. Görəsən, nəyə görə? Nələr bizə məsləhətə qulaq asmağa və onun xeyrini görməyə kömək edə bilər?
^ abz. 10 Bəzi adlar şərtidir.
^ abz. 11 «Gözətçi qülləsi»nin 1984-cü il 1 oktyabr sayının 21—28 səhifələrinə (ing.) baxın.
^ abz. 14 Növbəti məqalədən öyrənəcəyik ki, nəzakətli şəkildə necə məsləhət verə bilərik.