Oxucuların sualları
Əşiya 60:1 ayəsindəki «qadın» kimdir və o, hansı mənada qalxıb şölə saçır?
Əşiya 60:1 ayəsində oxuyuruq: «Qalx, ey qadın, şölə saç, çünki nurun gəldi. Yehovanın calalı üzərinə şəfəq saçır». Konteksdən görmək olar ki, «qadın» deyiləndə Sion, yəni həmin vaxt Yəhudanın paytaxtı Yerusəlim nəzərdə tutulurdu (Əşy. 60:14; 62:1, 2). Bu şəhər bütün İsrail xalqını təmsil edir. Əşiyanın sözlərini oxuyanda iki sual yaranır: «Birincisi, Yerusəlim nə vaxt və necə «qalxıb» ruhani cəhətdən «şölə saçdı»? İkincisi, Əşiyanın sözləri daha geniş miqyasda yerinə yetir?»
Yerusəlim nə vaxt və necə «qalxıb» ruhani cəhətdən «şölə saçdı»? Yəhudilər 70 il Babildə əsarətdə olan vaxt Yerusəlim və məbəd dağıntılar içində idi. Amma madalılar və farslar Babil imperiyasını işğal edəndən sonra orada yaşayan bütün israillilərə vətənlərinə qayıdıb pak ibadəti bərpa etməyə izin verildi (Üzr. 1:1—4). Eramızdan əvvəl 537-ci ildən başlayaraq 12 qəbilədən qalan sadiq israillilər geri qayıtdılar (Əşy. 60:4). Onlar Yehovaya qurbanlar gətirməyə, bayramları qeyd etməyə və məbədi bərpa etməyə başladılar (Üzr. 3:1—4, 7—11; 6:16—22). Beləcə, Yehovanın calalı Yerusəlim üzərində, yəni Yehovanın bərpa olunmuş xalqı üzərində yenidən şəfəq saçmağa başladı. Xalq da ruhani zülmətdə olan digər millətlər üçün nur mənbəyi oldu.
Amma Əşiyanın bərpa ilə bağlı peyğəmbərliyi o dövrdə qismən yerinə yetdi. Çünki əksər israillilər Yehovaya axıra qədər itaətkar qalmadılar (Nəh. 13:27; Məl. 1:6—8; 2:13, 14; Mət. 15:7—9). Hətta sonralar onlar Yehovanın göndərdiyi Məsihi qəbul etmədilər (Mət. 27:1, 2). Eramızın 70-ci ilində Yerusəlim və məbəd ikinci dəfə dağıdıldı.
Yehova belə bir şeyin olacağını qabaqcadan demişdi (Dən. 9:24—27). Buradan görmək olar ki, O, Əşiya 60-cı fəsildəki peyğəmbərliyin Yerusəlim şəhəri üzərində tam şəkildə yerinə yetəcəyini nəzərdə tutmamışdı.
Əşiyanın sözləri daha geniş miqyasda yerinə yetir? Bəli, yerinə yetir. Amma başqa qadının — «ucalarda olan Yerusəlim»in üzərində. Həvari Bulus bu qadın barədə yazmışdı: «O, bizim anamızdır» (Qal. 4:26). Ucalarda olan Yerusəlim Yehovanın təşkilatının səmavi hissəsidir. Bu təşkilat sadiq ruhani varlıqlardan ibarətdir. Qadının «övladları» İsa və müqəddəs ruhla məsh olunmuş 144 000 nəfərdir. Məsh olunmuş məsihilər həvari Bulus kimi göydə yaşamağa ümid edirlər. Məsh olunmuşlar «müqəddəs xalq»ı — «Allahın İsraili»ni təşkil edirlər (1 But. 2:9; Qal. 6:16).
Ucalarda olan Yerusəlimin «qalxması» və «şölə saçması» necə baş verdi? O bunu yer üzündə yaşayan məsh olunmuş övladları vasitəsilə etdi. Onlarla baş verənlərin Əşiya 60-cı fəslindəki peyğəmbərliklə necə uzlaşdığına fikir verin.
Məsh olunmuş məsihilər nəyə görə qalxmalı idi? Çünki eramızın ikinci əsrində alaq otuna bənzədilən dönüklük baş qaldırdığı üçün məsh olunmuş məsihilər ruhani zülmətə qərq oldular (Mət. 13:37—43). Bununla da yalan dinin dünya imperiyası olan Böyük Babilin əsarətinə düşdülər. Məsh olunmuş məsihilər 1914-cü ilə kimi, ta ki «dövrün yekunu» başlayana qədər əsirlikdə qaldılar (Mət. 13:39, 40). Bundan qısa müddət sonra, 1919-cu ildə onlar azad oldular və dərhal təbliğ işində iri addımlar ataraq ruhani şölə saçmağa başladılar a. O vaxtdan bu yana bütün xalqlardan olan insanlar bu nura doğru axışır. Onların sırasında Əşiya 60:3 ayəsində bəhs olunan «hökmdarlar» — Allahın İsrailinin qalan hissəsi də var (Vəhy 5:9, 10).
Gələcəkdə məsh olunmuş məsihilərin saçdığı nur daha gur parlayacaq. Bu necə baş verəcək? Onların hamısı yerüzü həyatlarını başa vuranda Məsihin 144 000 padşah və kahindən ibarət olan gəlininin, başqa sözlə, «Yeni Yerusəlim»in bir hissəsi olacaqlar (Vəhy 14:1; 21:1, 2, 24; 22:3—5).
Yeni Yerusəlim Əşiya 60:1 ayəsinin yerinə yetməsində aparıcı rol oynayacaq. (Əşiya 60:1, 3, 5, 11, 19, 20 ayələrini Vəhy 21:2, 9—11, 22—26 ayələri ilə əlaqələndirin.) Necə ki qədim İsrail Yerusəlimdən idarə olunurdu, eynilə yeni dünya da Yeni Yerusəlim və İsa Məsih tərəfindən idarə olunacaq. Bəs Yeni Yerusəlimin göydən, «Allahın yanından» enməsi nə məna daşıyır? Bu o deməkdir ki, o, yer üzündə yaşayan insanların rifahı naminə işlər görəcək. Bütün xalqların içində Allahdan qorxan insanlar «onun nurunda yeriyəcəklər». Onlar hətta günahın və ölümün pəncəsindən qurtulacaqlar (Vəhy 21:3, 4, 24). Nəticədə, Əşiyanın və digər peyğəmbərlərin qabaqcadan dediyi kimi «hər şeyin bərpa» olunması başa çatacaq (Həv. 3:21). Bu genişmiqyaslı bərpa işi İsa Məsih padşah olanda başladı və onun minillik hakimiyyətinin sonunda bitəcək.
a 1919-cu ildə baş vermiş ruhani dirçəlmə barədə Hizqiyal 37:1—14 və Vəhy 11:7—12 ayələrində də yazılıb. Hizqiyal bütün məsh olunmuş məsihilərin ruhani bərpasından danışmışdı. Bu bərpa uzun sürən əsirlikdən sonra baş verdi. «Vəhy» kitabındakı peyğəmbərlikdə isə məsh olunmuşlardan ibarət kiçik qrupdan — rəhbərlik edən qardaşlardan danışılır. Onlar haqsız yerə həbs olunduqlarına görə məcburi fəaliyyətsiz qalmışdılar. Amma bu çox çəkmədi, qısa müddət sonra onlar ruhani mənada yenidən həyata qayıtdılar. 1919-cu ildə bu qardaşlar «sadiq və ağıllı nökər» kimi təyin olundular. (Mət. 24:45; «Pak ibadət dirçəlir!» kitabının 118-ci səhifəsinə baxın.)