Oxucuların sualları
Nəyə görə Yehovanın Şahidlərinin nəşrlərindəki şəkillərdə həvari Bulus başının ortası keçəl, yaxud saçı seyrək təsvir olunur?
Əslində, bu gün heç bir insan həvari Bulusun görkəmini dəqiq təsvir edə bilməz. Nəşrlərimizdə Bulusu təsvir edən şəkillər arxeoloji dəlillərə əsaslanmır, sadəcə rəssam təxəyyülünün məhsuludur.
Amma Bulusun xarici görkəmi ilə bağlı müəyyən məlumatlar mövcuddur. Misal üçün, «Sion Gözətçi qülləsi» jurnalının 1902-ci il 1 mart sayında yazılmışdı: «Bulusun görkəminə gəlincə,.. eramızın təxminən 150-ci ilinə aid olan “Bulusun və Feklanın işləri” kitabında (ing.) onun görkəmi barədə məlumat var və ehtimal ki, bu, ən mötəbər və uzun illərdir qəbul edilmiş məlumatdır. Kitabda o, “bəstəboy, keçəl, ayaqları əyri, əzələli, qaşları çatma və burnu çox uzun” təsvir olunur».
Bir lüğətdə bu qədimi kitab barədə yazılıb: «Bu kitabda bəzi tarixi sübutların olması təəccüblü deyil» («The Oxford Dictionary of the Christian Church» 1997). O, yazıldığı dövrdən sonrakı bir neçə əsr ərzində yüksək qiymətləndirilirdi. Kitabın yunan dilində 80 əlyazmasının və müxtəlif dillərdə nüsxələrinin olması buna bir sübutdur. Odur ki, nəşrlərimizdəki rəsmlər bəzi qədimi mənbələrdə həvari Bulusun görkəmi ilə bağlı yazılan təsvirlərə uyğundur.
Hətta həvarinin sağlığında ona tənqidi yanaşanlar onun haqqında «görkəmi fağır, nitqi heçdir» deyirdilər (2 Kor. 10:10). Amma həvari Bulusun görkəmindən daha vacib şeylər var. Biz onun məsihiliyi necə qəbul etdiyini unutmamalıyıq: İsa Məsih möcüzəvi şəkildə ona görünmüşdü. Həmçinin onun Məsihin adını xalqlara bildirmək üçün seçilmiş bir alət kimi həyata keçirdiyi işləri yadımıza sala bilərik (Həv. 9:3—5, 15; 22:6—8). Həvarinin Allahın ilhamı ilə yazdığı məktubların faydasını da danmaq olmaz.
Həvari Bulus məsihi olmazdan əvvəl qazandığı nailiyyətlərlə öyünmürdü, öz görkəmi barədə də heç nə danışmamışdı (Həv. 26:4, 5; Filip. 3:4—6). Məktublarından birində o demişdi: «Mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm» (1 Kor. 15:9). Başqa bir məktubda isə yazmışdı: «Bu lütf mənə, müqəddəslər arasında kiçiklərin ən kiçiyinə verilmişdir ki, mən Məsihin ağlasığmaz sərvəti barəsindəki müjdəni xalqlara bəyan edim» (Efes. 3:8). Bəli, vacib olan həvarinin görkəmi yox, onun təbliğ etdiyi müjdədir.