TƏLİM MƏQALƏSİ 22
Görünməyən ənamları qiymətləndirək
«Biz gözümüzü... görünməyən şeylərə dikmişik, çünki görünən şeylər müvəqqəti, görünməyən şeylər isə əbədidir» (2 KOR. 4:18).
NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr
İCMAL *
1. İsa Məsih səmavi xəzinə barədə nə demişdi?
BÜTÜN ənamları görmək mümkün deyil. Əslində, ən dəyərli ənamlar görünməyən ənamlardır. İsa Məsih Dağüstü vəzində maddi şeylərdən qat-qat üstün olan səmavi xəzinə barədə danışmışdı. O, fikrinə belə yekun vurmuşdu: «Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq» (Mət. 6:19—21). Nəyi xəzinə, yəni çox dəyərli hesab etsək, ürəyimiz də bizi onun ardınca getməyə sövq edəcək. Səmavi xəzinə toplamaq üçün Allah qarşısında təmiz ada sahib olmalıyıq. İsa Məsihin dediyi kimi, bu cür xəzinə heç vaxt məhv olmur və oğurlanmır.
2. a) 2 Korinflilərə 4:17, 18 ayələrində həvari Bulus bizi nəyə təşviq edir? b) Bu məqalədə nəyi araşdıracağıq?
2 Həvari Bulus «gözümüzü... görünməyən şeylərə» dikməyə təşviq edir. (2 Korinflilərə 4:17, 18 ayələrini oxuyun.) Bu görünməyən şeylər xəzinədir və bu xəzinənin içində yeni dünyada sahib olacağımız ənamlar var. Bu məqalədə indi sahib ola biləcəyimiz dörd görünməyən ənamı nəzərdən keçirəcəyik. Bunlar Allahla dostluq, dua ənamı, Allahın müqəddəs ruhunun köməyi və təbliğ işində aldığımız səmavi dəstəkdir. Məqalə boyu həmçinin bu görünməyən ənamları qiymətləndirməyin yollarını araşdıracağıq.
YEHOVA ALLAHLA DOSTLUQ
3. Görünməyən xəzinələr arasında ən dəyərlisi nədir və ona sahib olmaq necə mümkündür?
3 Görünməyən xəzinələr arasında ən dəyərlisi Yehova Allahla dostluqdur (Zəb. 25:14). Müqəddəs Allahın günahlı insanla dostluq etməsi necə mümkündür? İsa Məsihin «bəşəriyyətin günahını yuyan» fidyə qurbanlığı sayəsində (Yəh. 1:29). İsa Məsih öz həyatını fəda etməzdən əvvəl Yehova əmin idi ki, o, son nəfəsinədək sadiq qalacaq. Buna görə də İsa Məsihin ölümündən öncə yaşamış insanların Onunla dost olmasına izin vermişdi (Rom. 3:25).
4. Məsihilikdən öncə Allahın dostu olmuş insanlar kimlər idi?
4 Gəlin məsihilikdən öncə Allahın dostu olmuş insanları yadımıza salaq. İbrahim peyğəmbər möhtəşəm iman sahibi idi. Hətta peyğəmbərin ölümündən 1000 ildən çox vaxt keçəndən sonra da Yehova onu Öz dostu adlandırmışdı (Əşy. 41:8). Bəli, ölüm belə Yehovanı Öz dostlarından ayıra bilməz. İbrahim peyğəmbər bu gün də Yehovanın yaddaşında yaşayır (Luka 20:37, 38). Yehovanın digər dostu Əyyub peyğəmbərdir. Yehova hüzuruna toplaşmış mələklərin önündə qulu Əyyubdan arxayın olduğunu demişdi. Onu «dürüst, kamil, Allahdan qorxan, şərdən uzaq duran» adam adlandırmışdı (Əyy. 1:6—8). Bəs təxminən 80 il ərzində bütpərəst diyarda yaşamağına rəğmən, sədaqətini qorumuş Dənyal peyğəmbər haqda Yehova nə düşünürdü? Mələklər yaşa dolmuş peyğəmbəri düz üç dəfə «istəkli bəndə» adlandırmışdı (Dən. 9:23; 10:11, 19). Əmin ola bilərik ki, Yehova həyata göz yummuş dəyərli dostlarını dirildəcəyi günü həsrətlə gözləyir (Əyy. 14:15).
5. Yehova ilə dostluğun təməlində nə durur?
5 Bu gün Yehovanın dostu olan nə qədər qeyri-kamil insan var? Milyonlarla. Bunu haradan bilirik? Bütün dünyada çoxlu sayda kişi, qadın və uşaq davranışı ilə Allahın dostu olmaq istədiyini göstərir. Müqəddəs Kitabda yazılıb ki, Yehova «saleh adamla dostluq edər» (Məs. 3:32). Bu dostluğun təməlində İsa Məsihin fidyə qurbanlığına iman durur. Yehova Allah fidyə qurbanlığını əsas tutaraq izin verir ki, özümüzü Ona həsr edib vəftiz olaq. Biz bu vacib addımları atanda Kainatda ən ali Varlığın, Yehovanın dostu olan, həyatını Ona həsr etmiş milyonlarla məsihinin sırasına qoşuluruq!
6. Allahla dostluğun bizim üçün qiymətli olduğunu necə göstərə bilərik?
6 Allahla dostluğun bizim üçün qiymətli olduğunu necə göstərə bilərik? Yüz ildən artıq müddət ərzində sadiq ömür sürmüş İbrahim və Əyyub peyğəmbərdən örnək götürərək, biz də nə qədər xidmət etməyimizdən asılı olmayaraq, Allaha sadiq qalmalıyıq. Dənyal peyğəmbər kimi, Allahla dostluq bizim üçün də canımızdan qiymətli olmalıdır (Dən. 6:7, 10, 16, 22). Yehovanın köməyi ilə üzləşə biləcəyimiz istənilən çətinliyi aşaraq dostluq bağlarımızı möhkəm saxlaya bilərik (Filip. 4:13).
DUA ƏNAMI
7. a) Məsəllər 15:8 ayəsinə əsasən, Yehova dualarımıza necə yanaşır? b) Yehova dualarımıza necə cavab verir?
7 Görünməyən xəzinələrdən biri də duadır. Adətən dostlar bir-biri ilə fikirlərini, hisslərini bölüşür. Bunu Yehova ilə dostluğa da şamil etmək olar. Yehova Öz Kəlamı vasitəsilə bizimlə danışır, bizə fikirlərini, hisslərini əyan edir. Biz isə Onunla dua vasitəsilə danışırıq. Duada ən məhrəm fikirlərimizi, hisslərimizi Onunla bölüşürük. Dualarımızı dinləmək Yehovaya çox xoşdur. (Məsəllər 15:8 ayəsini oxuyun.) Mehriban dostumuz Yehova dualarımızı dinləməklə yanaşı, onlara cavab da verir. Hərdən cavabı tez alırıq, hərdən isə eyni məsələ barədə dəfələrlə dua etməli oluruq. Bununla belə, əmin ola bilərik ki, duamızın cavabını lazımi vaxtda və ən yaxşı şəkildə alacağıq. Amma Allah duamıza gözlədiyimiz kimi yox, başqa cür də cavab verə bilər. Misal üçün, bəlkə də, O, üzləşdiyimiz çətinliyi aradan qaldırmayacaq, amma ona dözmək üçün bizə hikmət və güc verəcək (1 Kor. 10:13).
8. Dua ənamını qiymətləndirdiyimizi necə göstərə bilərik?
8 Bənzərsiz dua ənamını qiymətləndirdiyimizi necə göstərə bilərik? Bunun bir üsulu Allahın «həmişə dua edin» buyruğuna əməl etməkdir (1 Salon. 5:17). Yehova bizi dua etməyə məcbur etmir. Əksinə, iradə azadlığımıza hörmətlə yanaşır və «daima dua edin» deyə nəsihət edir (Rom. 12:12). Odur ki, gün ərzində dəfələrlə dua etməklə bu ənamı qiymətləndirdiyimizi göstəririk. Əlbəttə ki, dua edərkən Yehovaya şükr etməyi və Onu mədh etməyi də unutmamalıyıq (Zəb. 145:2, 3).
9. Bir qardaş dua ənamı barədə nə düşünür, bəs siz bu barədə nə düşünürsünüz?
9 Yehovaya xidmət etdikcə, Onun dualarımıza necə cavab verdiyini gördükcə, dua ənamına minnətdarlığımız daha da artmalıdır. Gəlin görək 47 il tamvaxtlı xidmətdə olmuş Kris adlı qardaş nə deyir: «Hər səhəri Yehovaya dua ilə açmaq ifadəolunmaz bir hissdir. Sübh şəfəqi şeh üstündə bərq vuran zaman Yehova ilə danışmaq möhtəşəmdir! Bu məni Yehovanın bəxş etdiyi bütün ənamlara, o cümlədən dua ənamına görə şükr etməyə sövq edir. Günün sonunda dua edəndən sonra isə təmiz vicdanla başımı yastığa qoyuram».
MÜQƏDDƏS RUH ƏNAMI
10. Nəyə görə müqəddəs ruh ənamını qiymətləndirməliyik?
10 Daha bir görünməyən qiymətli ənam Allahın fəal qüvvəsidir. İsa Məsih bizi Luka 11:9, 13). Yehova müqəddəs ruhu vasitəsilə bizi qüvvətləndirir, hətta bizə «insan gücündən üstün olan güc» verir (2 Kor. 4:7; Həv. 1:8). Allahın müqəddəs ruhunun sayəsində üzləşə biləcəyimiz istənilən çətinliyə dözə bilərik.
daima müqəddəs ruh diləməyə təşviq edir (11. Müqəddəs ruh bizə nədə kömək edir?
11 Müqəddəs ruh Yehovaya xidmətdə sahib olduğumuz təyinatları icra etməyə kömək edir. Müqəddəs ruhun sayəsində bacarıq və qabiliyyətlərimizi püxtələşdirə, məsihi öhdəliklərini yerinə yetirə bilirik. Biz dərk edirik ki, Yehovaya xidmətdə əldə etdiyimiz nailiyyətlərə öz gücümüzlə yox, müqəddəs ruhun gücü ilə sahib olmuşuq.
12. Zəbur 139:23, 24 ayələrinə əsasən, müqəddəs ruhun bizə necə kömək etməsini diləyə bilərik?
12 Müqəddəs ruhu qiymətləndirdiyimizi daha bir yolla göstərə bilərik. Yehovaya dua edə bilərik ki, bizə ürəyimizdəki yanlış fikir və istəkləri müəyyən etməyə kömək etsin. (Zəbur 139:23, 24 ayələrini oxuyun.) Bu barədə dua etsək, Yehova müqəddəs ruhu vasitəsilə yanlış fikir və istəklərimizi bizə aşkar edəcək. Bundan sonra isə onlarla mübarizə aparmaq üçün Allahdan müqəddəs ruh diləməliyik. Bununla göstərəcəyik ki, Yehovanın müqəddəs ruhunu üstümüzdən götürməsinə səbəb olacaq heç bir şey etmək istəmirik (Efes. 4:30).
13. Müqəddəs ruh ənamına görə minnətdarlığımızı necə artıra bilərik?
13 Müqəddəs ruh ənamına görə minnətdarlığımızı artırmaq üçün bu gün onun sayəsində hansı işlərin görüldüyü barədə düşünməliyik. İsa Məsih göyə qalxmazdan öncə şagirdlərinə demişdi: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və... yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Bu sözlər necə deyilmişdisə, elə də yerinə yetdi. Müqəddəs ruhun sayəsində bu gün dünyanın dörd bir yanında yaşayan təxminən səkkiz milyon yarım insan Yehovaya ibadətdə birləşib. Həmçinin biz ruhani cənnətdə yaşayırıq, çünki Allahın müqəddəs ruhu hər birimizdə məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq kimi xüsusiyyətlər yetişdirir. Bunların hamısı «ruhun bəhrəsi»nə daxildir (Qal. 5:22, 23). Bəli, müqəddəs ruh ənamı bənzərsiz ənamdır!
SƏMAVİ KÖMƏK
14. Xidmətdə iştirak edərkən hansı dəstəyi alırıq?
14 Başqa bir görünməyən ənama da sahibik. Bu, Allahla və Onun təşkilatının səmavi hissəsi ilə birlikdə çalışmaqdır (2 Kor. 6:1). Hər dəfə şagird hazırlamaq işində iştirak edəndə onlarla əməkdaşlıq etmiş oluruq. Həvari Bulus özü və bu işdə çalışan digərləri barədə demişdi: «Biz Allahın əməkdaşlarıyıq» (1 Kor. 3:9). Xidmətdə iştirak edəndə biz həmçinin İsanın əməkdaşları oluruq. İsa Məsih davamçılarına «bütün xalqların içində şagird hazırlayın» tapşırığını verərkən demişdi: «Mən... həmişə sizinləyəm» (Mət. 28:19, 20). Bəs mələklər? Nə xoşdur ki, «yer üzünün sakinlərinə... əbədi müjdə» bəyan edərkən mələklər bizə lazımi istiqamət verir! (Vəhy 14:6).
15. Xidmətimizdə Yehovanın hansı vacib rolu var? Müqəddəs Kitabdan nümunə çəkin.
15 Bu səmavi kömək sayəsində nələrə nail oluruq? Padşahlıq xəbəri toxumunu səpəndə bəzi toxumlar münbit torpağa düşür və böyüyür (Mət. 13:18, 23). Ürəkdəki toxumları böyüdən və bəhrəli edən kimdir? İsa Məsih demişdi: «Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz» (Yəh. 6:44). Müqəddəs Kitabda buna dair konkret nümunə var. Həvari Bulusun Filippi şəhərindən kənarda bir qrup qadına şahidlik verdiyi hadisəni yadımıza salaq. Müqəddəs Kitabda bu qadınlardan biri, Lidiya barədə yazılıb: «Yehova onun ürəyini açdı ki, o, Bulusun dediklərini qəbul etsin» (Həv. 16:13—15). Yehova Lidiya kimi milyonlarla insanı Özünə cəlb edib.
16. Xidmətdə əldə etdiyimiz nailiyyətlərə görə şərəfi kimə verməliyik?
16 Xidmətdə əldə etdiyimiz nailiyyətlərə görə kimə borcluyuq? Bulusun Korinf yığıncağına yazdığı növbəti sözlər bu suala cavab verir: «Mən əkdim, Apollos suladı, Allah isə böyütdü. Buna görə əkən də, sulayan da heç nədir, çünki böyüdən Allahdır» (1 Kor. 3:6, 7). Bulus kimi, biz də xidmətdə əldə etdiyimiz nailiyyətlərə görə şərəfi Yehovaya verməliyik.
17. Allahla, Məsihlə və mələklərlə birgə çalışmağın bizim üçün şərəf olduğunu necə göstərə bilərik?
17 Allahla, Məsihlə və mələklərlə birgə çalışmağın bizim üçün şərəf olduğunu necə göstərə bilərik? Xoş xəbəri müjdələmək işində əlimizdən gələni etməklə. Bu işi görməyin müxtəlif yolları var. Məsələn, ictimai ərazilərdə və ev-ev şahidlik vermək (Həv. 20:20). Qeyri-formal şahidliyi sevənlər də az deyil. Onlar tanımadıqları insanlarla mehribanlıqla salamlaşıb söhbətə başlamağa çalışırlar. İnsanlar söhbətə maraq göstərəndə ehmalca söhbəti Padşahlıq haqda müjdəyə yönəldirlər.
18, 19. a) Həqiqət toxumunu necə suvarırıq? b) Yehovanın Müqəddəs Kitabı öyrənən bir nəfərə necə kömək etdiyini nəql edin.
18 «Allahın əməkdaşları» olan bizlər həqiqət toxumlarını səpməklə yanaşı, onları suvarmalıyıq. Buna görə də kimsə
maraq göstərəndə təkrarən onun yanına gedirik. Yaxud da başqasının onunla əlaqə saxlayıb Müqəddəs Kitab dərsinə başlamasını təşkil edirik. Dərsdən-dərsə Yehovanın onun ürəyində və düşüncəsində necə dəyişiklik etdiyini görmək bizi çox sevindirir.19 Cənubi Afrikada yaşayan Rapalalani adlı bir ara həkiminin nümunəsinə nəzər salaq. O, cadu-piti ilə insanları müalicə edirdi. Müqəddəs Kitab dərslərində öyrəndikləri xoşuna gəlirdi. Amma orada ölən əcdadlarla əlaqə yaratmaq barədə yazılanları qəbul etmək ona çətin idi (Qan. 18:10—12). Zaman keçdikcə, o, Yehovanın köməyi ilə düşüncəsini dəyişdi. Bu iş onun yeganə dolanışıq yeri olsa da, bir müddət sonra işini atdı. Hal-hazırda 60 yaşı olan bu qardaş deyir: «Yehovanın Şahidlərinə çox minnətdaram. Onların mənə çox köməyi dəyib, mənə iş tapmağa kömək ediblər. Əsas da Yehovaya minnətdaram. O mənə həyatımda dəyişikliklər etməyə kömək edib. İndi mən Yehovanın vəftiz olunmuş xidmətçisi kimi təbliğ işində iştirak edirəm».
20. Nə etmək əzmindəsiniz?
20 Bu məqalədə görünməyən dörd ənamdan danışdıq. Bu ənamların ən dəyərlisi Yehova ilə yaxın dost olmaq şərəfidir. Bu ənam sayəsində digər görünməyən ənamların da faydasını görürük: dua vasitəsilə Yehovaya yaxınlaşırıq, Onun müqəddəs ruhunun köməyini görürük və xidmətdə səmavi kömək alırıq. Gəlin bundan sonra da görünməyən ənamlara görə minnətdarlığımızı artıraq. Yehova kimi gözəl Dostumuz olduğuna görə daima şükür edək!
NƏĞMƏ 145 Allahın cənnət vədi
^ abz. 5 Əvvəlki məqalədə Allahın bəxş etdiyi görünən ənamlardan danışdıq. Bu məqalədə isə görünməyən ənamlardan və onları qiymətləndirməyin yollarından söz açacağıq. Məqalə bu ənamların Mənbəyinə, Yehova Allaha minnətdarlığımızı artıracaq.
^ abz. 58 ŞƏKLİN İZAHI. 1) Bir bacı Yehovanın yaratdıqlarını seyr edə-edə Onunla dostluğu barədə düşünür.
^ abz. 60 ŞƏKLİN İZAHI. 2) Həmin bacı Yehovaya dua edir ki, təbliğ etməsi üçün ona cəsarət versin.
^ abz. 62 ŞƏKLİN İZAHI. 3) Müqəddəs ruhun köməyi ilə bacı Padşahlıq haqda müjdəni qeyri-formal şəkildə təbliğ edir.
^ abz. 64 ŞƏKLİN İZAHI. 4) Bacı qeyri-formal şahidlik verdiyi qadınla Müqəddəs Kitab dərsi keçir. Bacı mələklərin dəstəyi ilə təbliğ və şagird hazırlamaq işində iştirak edir.