Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

«Hərədən bir şey öyrəndim»

«Hərədən bir şey öyrəndim»

ƏLCƏZAİRDƏ qızğın döyüşlər gedirdi. Mən fransız ordusunda xidmət edirdim. Biz Əlcəzair dağlarında düşərgə salmışdıq. Bir gecə zülmət qaranlıqda postda tək keşik çəkirdim. Əlimdə avtomat qum kisələrinin arxasında durmuşdum. Birdən ətrafdakı sükut yaxınlaşan ayaq səsləri ilə pozuldu. Yerimdə donub qaldım. Təzəcə 20 yaşım olmuşdu. Nə ölmək istəyirdim, nə də öldürmək. Buna görə də yalvardım: «Ay Allah! Kömək et!»

Məni qorxuya salan bu hadisə həyatımı büsbütün dəyişdi. Çünki bundan sonra Yaradan haqda düşünməyə başladım. Həmin gecə nəyin baş verdiyini deməzdən öncə istəyərdim sizə bir az uşaqlığımdan danışım. Uşaq vaxtı yaşadıqlarım düşüncəmin formalaşmasında və Allahı axtarmağımda böyük rol oyanıb.

ATAMDAN ÖYRƏNDİYİM HƏYAT DƏRSLƏRİ

Mən 1937-ci ildə Fransanın şimalında, mədən şəhəri olan Gesnaində anadan olmuşam. Atam kömür mədənində işləyirdi. O mənə əməksevərliyi aşılayıb. Atamda həmçinin ədalət hissi güclü idi. O, təhlükəli şəraitdə işləyən mədən işçilərinə qahmar çıxırdı. Mədən işçilərinin rifahını yaxşılaşdırmaq üçün onların hüquqlarını qoruyan təşkilatlara qoşulmuşdu. Keşişlərin ikiüzlülüyü də atama pis təsir edirdi. Onlar yağ-bal içində yaşasalar da, güc-bəla ilə dolanan mədən işçilərinin çörəyinə və puluna göz dikirdilər. Atam keşişlərin hərəkətindən o qədər iyrənmişdi ki, mənə dinlə bağlı heç nə öyrətmədi. Ümumiyyətlə, ailəmizdə heç vaxt Allah haqqında danışmamışıq.

Böyüdükcə mən də, atam kimi, haqsızlığı götürmürdüm. İnsanların Fransada yaşayan əcnəbilərə qərəzli münasibətini ədalətsizlik hesab edirdim. Mən immiqrantların uşaqları ilə futbol oynayırdım, onların arasında olmaq mənə çox xoş idi. Üstəlik, anam fransız yox, polyak idi. Müxtəlif irqli insanların ayrı-seçkilik etmədən sülh içində yaşamasının arzusunda idim.

HƏYAT HAQDA CİDDİ DÜŞÜNMƏYƏ BAŞLADIM

Orduda xidmət edərkən

Mən 1957-ci ildə hərbi xidmətə çağırıldım. Elə o müddətdə də əvvəldə danışdığım hadisə başıma gəlmişdi. Mən: «Ay Allah! Kömək et!» — deyə yalvarandan sonra gördüm ki, gələn düşmən əsgəri yox, çöl eşşəyidir. Ürəyim yerinə gəldi. Həm bu hadisə, həm də müharibənin özü məni həyatım barədə ciddi düşünməyə təşviq etdi. Həyatın mənası nədədir? Allah bizim əzablarımıza necə yanaşır? Nə vaxtsa əbədi sülh olacaq?

Ailəmin yanına məzuniyyətə gələndə bir Yehovanın Şahidi ilə tanış oldum. O mənə fransız dilində Müqəddəs Kitab verdi. Əlcəzairə qayıdandan sonra onu oxumağa başladım. Vəhy 21:3, 4 ayələri mənim diqqətimi çəkdi. Orada yazılıb: «Allahın çadırı insanlarladır... O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq». Bu sözləri oxuyanda məəttəl qaldım. Düşündüm: «Görəsən, belə şey ola bilər?» O vaxtlar Allah və Müqəddəs Kitab barədə demək olar ki, heç nə bilmirdim.

1959-cu ildə hərbi xidməti bitirəndən sonra Fransua adlı bir Yehovanın Şahidi ilə tanış oldum. O mənə Müqəddəs Kitabdan çox şey öyrətdi. Məsələn, Müqəddəs Kitabdan göstərdi ki, Allahın adı Yehovadır (Zəb. 83:18). Həmçinin izah etdi ki, Yehova dünyada ədaləti bərqərar edəcək, yer üzünü cənnətə çevirəcək və Vəhy 21:3, 4 ayələrində yazılmış sözləri həyata keçirəcək.

Öyrəndiklərim ağlabatan idi, onlar qəlbimə rahatlıq gətirdi; amma eyni zamanda keşişlərə qarşı ürəyimdə qəzəb oyandı. Müqəddəs Kitabda yazılmayan şeyləri öyrətdiklərinə görə onların iç üzünü açmaq istəyirdim. Görünür, hələ də atamın düşüncələrinin təsiri altında idim, həm də səbirsiz idim. Vaxt itirmədən bir tədbir görmək istəyirdim.

Fransua və Yehovanın Şahidi olan yeni dostlarım hirsimi cilovlamağa kömək etdilər. Onlar mənə izah etdilər ki, məsihilərə insanları mühakimə etmək yox, Allahın Padşahlığı haqqında xoş müjdəni danışıb, ümid vermək tapşırılıb. İsa belə edirdi və öz davamçılarına da bu işi görməyi tapşırmışdı (Mət. 24:14; Luka 4:43). Həmçinin insanların inancları ilə razı olmasam da, onlarla mehriban və nəzakətlə danışmağı öyrənməli idim. Müqəddəs Kitabda da yazıldığı kimi, «Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim davranmalı»dır (2 Tim. 2:24).

Mən özümdə lazımi dəyişikliklər etdim və 1959-cu ildə rayon toplantısında Yehovanın Şahidi kimi vəftiz olundum. Orada Anjela adlı bir məsihi ilə tanış oldum. O mənim ürəyimə çox yatdı. Mən onun olduğu yığıncağa getməyə başladım və 1960-cı ildə evləndik. Anjela möhtəşəm qadındır, gözəl həyat yoldaşıdır və həqiqətən, Yehovadan qiymətli bir hədiyyədir (Məs. 19:14).

Toy günümüz

HİKMƏTLİ VƏ TƏCRÜBƏLİ QARDAŞLARDAN ÇOX ŞEY ÖYRƏNDİM

İllər ərzində hikmətli və təcrübəli qardaşlardan çoxlu vacib dərslər öyrəndim. Öyrəndiyim ən əsas şeylərdən biri o idi ki, istənilən çətin tapşırığın öhdəsindən gəlmək üçün təvazökar olmalıyıq. Məsəllər 15:22 ayəsində yazılan hikmətli sözlərə əməl etməliyik. Orada yazılıb: «Məsləhət verən çox olarsa, uğur olar».

Fransada rayon nəzarətçisi kimi xidmət edən vaxtlar, 1965-ci il

1964-cü ildə bu ayədə yazılan sözlərin nə qədər doğru olduğunu gördüm. Həmin il rayon nəzarətçisi kimi xidmət etməyə başladım. Mən yığıncaqları ziyarət edib bacı-qardaşları ruhlandırmalı və imanlarını möhkəmləndirməli idim. Amma o vaxt cəmi 27 yaşım var idi və təcrübəm də az idi, buna görə də səhvlər edirdim. Amma çalışırdım səhvlərimdən nəticə çıxarım. Ən əsası, mənə məsləhət verən bacarıqlı və təcrübəli qardaşlardan çoxlu dəyərli dərslər öyrəndim.

Yadıma düşən bir hadisəni danışmaq istəyirəm. Parisdə bir yığıncağı ziyarət edəndən sonra ruhən yetkin bir qardaş mənimlə təklikdə danışmaq istədiyini dedi. Mən razılaşdım. O dedi:

— Lui, həkim evə gələndə kimin yanına gedir?

— Xəstənin, — deyə cavab verdim.

— Düzdür. Amma mən fikir vermişəm ki, sən daha çox ruhani cəhətdən sağlam olanlarla vaxt keçirirsən, məsələn, yığıncağın nəzarətçisi ilə. Halbuki yığıncağımızda ruhdan düşmüş, yeni və utancaq olan çoxlu bacı-qardaşımız var. Onlarla vaxt keçirsən, yeri gəlsə, evlərinə nahara getsən, çox şad olarlar.

Qardaşın bu məsləhəti çox yerində, çox dəyərli bir məsləhət idi. Onun Yehovanın quzularına olan sevgisi məni çox düşündürdü. Buna görə də qürurumu sındırıb, onun dediyinə dərhal əməl etdim. Belə qardaşlara görə Yehovaya minnətdaram.

1969 və 1973-cü illərdə Kolombda (Paris) keçirilən iki beynəlxalq toplantıda Ərzaq təchizatı şöbəsinə nəzarətçi təyin olunmuşdum. 1973-cü ildə keçirilən toplantıda beş gün ərzində təxminən 60 000 nəfəri qida ilə təmin etmək lazım idi. Heç bilmirdim bu işin öhdəsindən necə gələcəyəm. Məsəllər 15:22 ayəsindəki nəsihət, yəni başqaları ilə məsləhətləşmək yenə dadıma çatdı. Qida sahəsində təcrübəsi olan ruhən yetkin qardaşlarla məsləhətləşdim. Onların arasında qəssablar, əkinçilər, aşbazlar və bazarlıqdan başı çıxan qardaşlar var idi. Onlarla birlikdə dağ boyda işi aşırdıq.

1973-cü ildə Anjela ilə mən Fransa Beytelində xidmət etməyə dəvət olunduq. Oradakı ilk təyinatım da çox çətin idi. Mənə Kamerundakı bacı-qardaşları ədəbiyyatla təmin etmək tapşırılmışdı. Orada isə 1970—1993-cü illər ərzində fəaliyyətimiz qadağa altında idi. Məni yenə həyəcan bürüdü. Fransada təbliğ işinə nəzarət edən qardaş, görünür, bunu hiss etdi. O məni ürəkləndirib dedi: «Kamerundakı bacı-qardaşlarımızın ruhani qidaya çox ehtiyacı var, gəl onları ac qoymayaq». Mən də onları qidasız qoymadım.

Kamerundan olan Yehovanın Şahidləri ilə birgə Nigeriyada xüsusi görüşdəyik, 1973-cü il

Kamerundan olan ağsaqqallarla görüşmək üçün bir neçə dəfə ora ilə həmsərhəd olan ölkələrə səyahət etdim. Bu cəsur və hikmətli qardaşlar Kameruna müntəzəm olaraq ruhani qida göndərməyim üçün yollar tapmağa kömək etdi. Yehova işimizi avand etdi. Təxminən 20 il ərzində bir dəfə də olmadı ki, Yehovanın bu ölkədəki xalqına «Gözətçi qülləsi» jurnalının və «Müqəddəs ibadətimiz» adlı aylıq nəşrin hansısa sayı çatdırılmasın.

Anjela ilə mən Kamerundan olan rayon nəzarətçisi və onların yoldaşları ilə birgə Nigeriyanı ziyarət edirik, 1977-ci il

DƏYƏRLİ HƏYAT YOLDAŞIMDAN ÇOX ŞEY ÖYRƏNDİM

Anjela ilə görüşdüyüm andan onun ruhani keyfiyyətləri diqqətimi çəkib. Ailə qurandan sonra isə onun bu keyfiyyətləri daha çox özünü büruzə verdi. Elə evliliyimizin ilk günü o mənə dedi ki, Yehovaya dua edim, Ona bir ər-arvad kimi var gücümüzlə xidmət etmək istədiyimizi deyim. Yehova duamıza cavab verdi.

Anjela mənim Yehovaya daha çox etibar etməyimə həmişə kömək edib. Məsələn, 1973-cü ildə bizi Beyteldə xidmət etməyə dəvət edəndə mən bir az tərəddüd etdim. Çünki rayon nəzarətçisi kimi gördüyüm işi çox sevirdim. Amma Anjela mənə xatırlatdı ki, biz həyatımızı Yehovaya həsr etmişik. Məgər onda təşkilatının bizə tapşırdığı istənilən işi görməli deyilik? (İbr. 13:17). Bu sözə necə etiraz etmək olardı? Beləcə, biz Beytel xidmətinə başladıq. Birgə ömür sürdüyümüz uzun illər ərzində həyat yoldaşımın bəsirətli, dərrakəli, ruhani düşüncəli olması nikah tellərimizi gücləndirib və bizə yaxşı qərarlar verməyə kömək edib.

Anjela ilə Fransa Beytelinin həyətində

Artıq yaşa dolmuşuq. Anjela həmişəki kimi mənə həmdəm olur. Məsələn, əksəriyyəti ingilis dilində keçirilən teokratik məktəblərdə oxumaq üçün bu dili püxtələşdirməyə başladıq. Bunun üçün çox çalışırdıq. Həmin vaxt yetmişdən çox yaşımız olsa da, ingilis dilli yığıncağa keçdik. Fransadakı Beyteldə filial komitəsinin üzvü olduğum üçün yeni dil öyrənməyə vaxt tapmaq mənim üçün çətin idi. Amma Anjela ilə mən bir-birimizə dəstək olurduq. İndi yaşımız səksəni haqlasa da, biz hələ də yığıncaq görüşlərinə həm ingilis, həm də fransız dilində hazırlaşırıq. Həmçinin çalışırıq ki, yığıncağımızda və xidmətdə gücümüz çatan qədər tez-tez iştirak edək.

Yehova ingilis dili öyrənmək üçün çəkdiyimiz zəhməti bəhrəsiz qoymadı. 2017-ci ildə bizə möhtəşəm bir nemət nəsib etdi. Biz Patersondakı Gözətçi Qülləsinin Təlim Mərkəzində Filial Komitələrinin üzvləri və Həyat Yoldaşları üçün Məktəbdə oxumağa dəvət aldıq.

Yehova böyük Nəsihətçidir (Əşy. 30:20). Elə buna görə də Onun qocalı-cavanlı bütün xidmətçiləri ən ali təhsili alır! (Qan. 4:5—8). Fikir vermişəm ki, həm Yehovaya, həm də təcrübəli bacı-qardaşlara qulaq asan gənclər ruhani cəhətdən yaxşı inkişaf edir və Yehovanın sadiq xidmətçisi olur. Məsəllər 9:9 ayəsində yazılıb ki, «ağıllı adama öyüd-nəsihət versən, hikməti artar. Salehə bilik versən, elmi çoxalar».

Hərdənbir Əlcəzairin dağlarındakı o dəhşətli zülmət gecə yadıma düşür, üstündən təxminən 60 il keçib. Heç bilməzdim ki, məni qarşıda belə gözəl həyat gözləyir. Hərədən bir şey öyrəndim. Yehova həqiqətən də həm mənə, həm də Anjelaya nemətlərlə dolu gözəl həyat nəsib edib. Odur ki, biz Yehovadan və Onu sevən təcrübəli bacı-qardaşlardan bundan sonra da vacib şeylər öyrənməyə qəti qərarlıyıq.