Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 19

Saleh insanı heç nə büdrətməz

Saleh insanı heç nə büdrətməz

«Qanununu sevənlərin əmin-amanlığı boldur, onları heç nə büdrətməz» (ZƏB. 119:165).

NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!

İCMAL *

1, 2. Bir sosioloq hansı sözləri yazmışdı və bu məqalədə nəyi araşdıracağıq?

BU GÜN milyonlarla insan İsaya iman etdiyini iddia etsə də, onun öyrətdiyinə əməl etmir (2 Tim. 4:3, 4). Belə ki, bir sosioloq yazmışdı: «Bu gün aramızda başqa İsa yaşasaydı və o, gerçək İsanın öyrətdiklərini öyrətsə idi,.. görəsən, iki min il bundan qabaqkı insanlar kimi, biz də onu rədd edərdik? Cavab birmənalı şəkildə budur: “Bəli, rədd edərdik”».

2 Birinci əsrdə çoxları İsanın təlimlərini eşitmiş, möcüzələrinin şahidi olmuşdu, amma İsaya iman gətirməmişdilər. Nəyə görə? Ötən məqalədə insanlara İsanın ardınca getməyə mane olan dörd amili araşdırdıq. İndi isə əlavə dörd amilə nəzər salacağıq. Görəcəyik ki, nəyə görə insanlar İsanın davamçılarını qəbul etmir və biz büdrəməmək üçün nə edə bilərik.

1) İSA AYRI-SEÇKİLİK ETMİRDİ

Çoxları İsanı oturub-durduğu insanlara görə qəbul etmədi. Bəs bu şeylər bizim dövrdə də insanlara əngəl ola bilər? (3-cü abzasa baxın) *

3. İsanın hansı hərəkəti bəzilərini büdrətmişdi?

3 Yer üzündə olarkən İsa fərq qoymadan hər cür insanla oturub-dururdu. O, varlılarla və nüfuzlu insanlarla bir süfrə arxasında otururdu, həmçinin kasıba, fəqir-füqəraya da çox vaxt ayırırdı. O, insanların günahkar hesab etdiyi kəslərə şəfqətlə yanaşırdı. Özlərini saleh sayan bəzi insanlar İsanın bu davranışına görə onu qəbul etmirdi. Onlar İsanın şagirdlərindən soruşurdu: «Niyə siz vergiyığanlarla, günahlılarla yeyib-içirsiniz?» İsa belə cavab vermişdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır. Mən salehləri yox, günahlıları tövbəyə çağırmağa gəlmişəm» (Luka 5:29—32).

4. Əşiya peyğəmbərin sözlərinə əsasən, yəhudilər Məsihlə bağlı nəyi bilməli idilər?

4 Allahın Kəlamında nə deyilir? Məsih yer üzünə gəlməzdən çox-çox əvvəl Əşiya peyğəmbər çoxlarının onu qəbul etməyəcəyini qeyd etmişdi. Peyğəmbərlikdə yazılmışdı: «Ona həqarət edirdilər, ondan gen gəzirdilər... Sanki, çöhrəsi bizdən gizli idi. Ona həqarət edirdilər, biz onu heç sayırdıq» (Əşy. 53:3). Peyğəmbərlikdə insanların Məsihdən gen gəzəcəyi deyilirdi. Ona görə də İsanın dövründə yaşayan yəhudilər əksər insanların onu qəbul etməyəcəyini bilməli idi.

5. Bu gün əksər insanlar İsanın davamçılarına necə yanaşır?

5 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Əksər din xadimləri tanınmış, varlı, dünyanın gözündə hikmətli sayılan insanlara rəğbət bəsləyir. Halbuki bu insanlar Allahın nifrət etdiyi əməllərlə məşğuldur. Elə həmin bu din xadimləri Yehovanın əzmli, təmiz əxlaqlı xidmətçilərinə xor baxır, səbəb isə onların dünyanın gözündə nüfuza sahib olmamasıdır. Bulusun da dediyi kimi, Allah bu dünyanın «heç sayılanlarını» seçir (1 Kor. 1:26—29). Yehova üçün bütün sadiq xidmətçiləri dəyərlidir.

6. İsa Mətta 11:25, 26 ayələrində nə demişdi və biz ondan necə örnək götürə bilərik?

6 Şübhələrə qapılmamaq üçün nə etməliyik? (Mətta 11:25, 26 ayələrini oxuyun.) Bu dünyanın Allahın xalqına baxışlarının təsiri altına düşməyin. Yehovanın Öz niyyətini yerinə yetirmək üçün yalnız təvazökar insanları seçdiyini unutmayın (Zəb. 138:6). Bir düşünün, Yehova bu dünyanın hikmətli və ağıllı saymadığı insanlar vasitəsilə, nə qədər böyük işlər həyata keçirib.

2) İSA YANLIŞ TƏLİMLƏRİ İFŞA EDİRDİ

7. Nəyə görə İsa fərisiləri ikiüzlü adlandırmışdı və bu onlara necə təsir etmişdi?

7 Din xadimləri insanlara düzgün ibadət tərzini öyrətmədikləri üçün İsa onları qorxmadan məzəmmət edirdi. Məsələn, o, fərisilərin ikiüzlü olduqlarını ifşa etmişdi; onlar əllərinin yuyulmasına valideynlərinin qeydinə qalmaqdan daha çox əhəmiyyət verirdilər (Mət. 15:1—11). Ola bilsin, İsanın fərisilərlə bağlı dediyi sözlər şagirdlərini təəccübləndirmişdi. Çünki onlar soruşmuşdu: «Xəbərin var ki, fərisilər sənin sözlərindən qəzəbləniblər?» İsa onlara belə cavab vermişdi: «Göydəki Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. Qoy qəzəblənsinlər. Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər» (Mət. 15:12—14). Din xadimləri İsanın sözlərinə qəzəblənsə də, bu, İsanı həqiqəti deməkdən çəkindirmirdi.

8. İsa heç də hər dini inancın Allaha məqbul olmadığını necə göstərmişdi?

8 İsa həmçinin yalan dini təlimləri də ifşa edirdi. O, bütün dini inancların Allaha məqbul olduğunu demirdi. Əksinə, bildirmişdi ki, çoxları məhvə aparan geniş yolda gedəcək, həyata aparan ensiz yolu az adam tapacaq (Mət. 7:13, 14). O, bəzilərinin özlərini üzdən Allah adamı kimi aparacağını, amma əslində isə Allaha ibadət etməyəcəyini demişdi. İsa xəbərdarlıq etmişdi: «Özünüzü yalançı peyğəmbərlərdən gözləyin. Onlar yanınıza qoyun cildində gəlirlər, halbuki daxildə yırtıcı canavardırlar. Onları bəhrələrindən tanıyacaqsınız» (Mət. 7:15—20).

İsa yalan inancları və əməlləri rədd etdiyinə görə çoxları onu qəbul etmədi. Bəs bu şeylər bizim dövrdə də insanlara əngəl ola bilər? (9-cu abzasa baxın) *

9. İsa hansı yalan dini təlimləri ifşa etmişdi?

9 Allahın Kəlamında nə deyilir? Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, Məsih Allahın evinin qeyrətini çəkəcək (Zəb. 69:9; Yəh. 2:14—17). Bu xüsusiyyətdən irəli gələrək o, yalan dini təlimləri və əməlləri ifşa edirdi. Məsələn, fərisilər ruhun ölməz olduğuna inanırdı. İsa isə ölümü yuxuya bənzətmişdi (Yəh. 11:11). Saddukilər dirilməni inkar edirdi, İsa isə dostu İlazəri diriltmişdi (Yəh. 11:43, 44; Həv. 23:8). Fərisilər hər şeyi Allahın və taleyin adına yazırdılar. İsa isə Allaha ibadət edib-etməməyin insanın öz seçimi olduğunu öyrədirdi (Mət. 11:28).

10. Nəyə görə çoxları öyrətdiyimiz təlimlərə görə bizi qəbul etmir?

10 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Biz Müqəddəs Kitab vasitəsilə bəzi dini təlimlərin yalan olduğunu göstərdiyimiz üçün çoxları bizi qəbul etmir. Din xadimləri insanlara öyrədir ki, Allah pisləri cəhənnəmdə əməllərinə görə cəzalandırır. Onlar bu yalan təlim vasitəsilə insanları qorxuya salıb öz nəzarətləri altında saxlamaq istəyirlər. Biz Yehovanın, məhəbbətli Allahın xidmətçiləri kimi bu yalan təlimi ifşa edirik. Bundan əlavə, din xadimləri ruhun ölməz olduğunu öyrədir. Biz bu təlimin bütpərəstlikdən gəldiyini göstəririk. Bu təlim doğru olsaydı, dirilmənin mənası olmazdı. Həmçinin din xadimləri hər şeyin qabaqcadan müəyyən olunduğunu iddia etsələr də, biz insanın iradə azadlığına sahib olduğunu və Allaha ibadət edib etməməyi seçmək ixtiyarında olduğunu öyrədirik. Bu təlimləri ifşa etməyimiz din xadimlərinə necə təsir edir? Çox vaxt bu onları qəzəbləndirir.

11. İsanın Yəhya 8:45—47 ayələrindəki sözlərinə əsasən, Allah xalqına nə buyurur?

11 Şübhələrə qapılmamaq üçün nə etməliyik? Həqiqəti seviriksə, Allahın sözünə iman edib, əməl etməliyik. (Yəhya 8:45—47 ayələrini oxuyun.) Şeytan İblisdən fərqli olaraq, biz həqiqətə bağlı qalırıq, etiqadımıza zidd gedən hərəkətlərə heç vaxt yol vermirik (Yəh. 8:44). Allah buyurur ki, Onun xalqı, İsa kimi, pislikdən ikrah etsin və yaxşılığa sarılsın (Rom. 12:9; İbr. 1:9).

3) İSA TƏQİBLƏRƏ MƏRUZ QALIRDI

İsa dirəkdə edam olunduğuna görə çoxları onu qəbul etmədi. Bəs bu şeylər bizim dövrdə də insanlara əngəl ola bilər? (12-ci abzasa baxın) *

12. Nəyə görə İsanın ölüm tərzi bir çox yəhudiyə onu qəbul etməyə mane oldu?

12 Başqa hansı səbəbə görə İsanın dövründə yəhudilər onu qəbul etmədi? Həvari Bulus demişdi: «Biz... dirəkdə edam olunmuş Məsihi təbliğ edirik. O, yəhudilər üçün bir maneə, digər xalqlar üçün səfehlikdir» (1 Kor. 1:23). Nəyə görə İsanın ölüm tərzi bir çox yəhudiyə onu qəbul etməyə mane oldu? Onların zənnincə, İsanın dirəkdə edam olunması onun Məsih yox, cinayətkar və günahkar olduğunu göstərirdi (Qan. 21:22, 23).

13. İsaya görə büdrəyən yəhudilər nəyi dərk etmirdilər?

13 Bu səbəbə görə büdrəyən yəhudilər dərk etmirdilər ki, İsa günahsızdır, o, yalan ittihamların və haqsızlığın qurbanı olub. İsanın məsələsinə baxanlar üçün haqq-ədalət heç bir əhəmiyyət daşımırdı. İsanı məhkum etmək üçün tez-tələsik yəhudi ali məhkəməsi quruldu və məhkəmə prosesində heç bir qayda-qanuna riayət olunmadı (Luka 22:54; Yəh. 18:24). Hakimlər İsanın əleyhinə söylənilən ittihamları və dəlilləri qərəzsiz şəkildə dinləmək əvəzinə, onu ölümə məhkum etmək üçün yalan şəhadət axtarırdılar. Cəhdləri boşa çıxanda baş kahin İsanın öz sözlərində səhv tapmağa çalışdı. Bu, hüquqi qanunlara tamamilə zidd idi (Mət. 26:59; Mark 14:55—64). İsa diriləndən sonra isə bu ədalətsiz hakimlər daha bir pis əmələ əl atdılar. Onlar sərdabəni qoruyan Roma əsgərlərinə «böyük məbləğdə gümüş pul verdilər» və tapşırdılar ki, şayiə yayıb, İsanın davamçılarının onun cəsədini oğurlandığını desinlər (Mət. 28:11—15).

14. Məsihin ölümü ilə bağlı Müqəddəs Yazılarda nə peyğəmbərlik olunmuşdu?

14 Allahın Kəlamında nə deyilir? İsanın dövründəki yəhudilərin əksəriyyəti Məsihin ölməli olduğunu qəbul etməsə də, diqqət yetirin Müqəddəs Yazılarda nə peyğəmbərlik olunmuşdu: «Canını ölümə verdi, asilərə tay tutuldu, çoxlarının günah yükünü daşıdı, asilər üçün imdad dilədi» (Əşy. 53:12). Deməli, İsanın günahkar kimi edam olunması yəhudilərə onu qəbul etməyə mane olmamalı idi.

15. Yehovanın Şahidlərinə qarşı irəli sürülən hansı ittihamlar bəzilərinin büdrəməsinə səbəb olmuşdu?

15 Bəs bizim dövrdə bu cür problem var? Sözsüz ki! İsa haqsız yerə ittiham olunub məhkum edildiyi kimi, Yehovanın Şahidləri də özlərinə qarşı eyni haqsız münasibəti görürlər. Bir neçə nümunəyə baxaq. Birləşmiş Ştatlarda 1930—1950-ci illərdə Allaha azad şəkildə ibadət etmək uğrunda məhkəmələrdə çoxlu mübarizələr aparmışıq. Bəzi hakimlərin bizə qarşı qərəzli olduqları açıq-aşkar görünürdü. Kanadanın Kvebek əyalətində Katolik kilsəsi ilə dövlət birləşib bizim fəaliyyətimizə qarşı çıxırdı. Bir çox təbliğçi sadəcə olaraq insanlara Allahın Padşahlığı haqqında danışdığı üçün həbs olunmuşdu. Almaniyada qəddar nasist rejimində çoxlu sayda sadiq gənc qardaşımız qətlə yetirilmişdi. Son illərdə Rusiyada bir çox bacı-qardaşımız insanlara Müqəddəs Kitab haqda danışdıqlarına görə təqsirli bilinib həbs olunub. Dövlətin zənnincə, onlar «ekstremist fəaliyyət» ilə məşğuldurlar. Hətta rus dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» qadağan edilib və «ekstremist material» kimi qeydə alınıb. Səbəb isə orada Yehovanın adının olmasıdır.

16. 1 Yəhya 4:1 ayəsində yazıldığı kimi, nəyə görə Yehovanın Şahidləri haqda söylənilən yalan məlumatlara aldanmamalıyıq?

16 Şübhələrə qapılmamaq üçün nə etməliyik? Faktları araşdırın. Dağüstü vəzində İsa dinləyicilərini xəbərdar etmişdi ki, bəziləri onlar haqqında «hər cür yalan və pis söz» danışacaqlar (Mət. 5:11). Bu yalanlar Şeytandan qaynaqlanır. Onun təsiri ilə əleyhdarlar həqiqəti sevənlər haqda çirkin böhtanlar yayırlar (Vəhy 12:9, 10). Bizə qarşı çıxanların bütün yalanlarını rədd etməliyik. Heç vaxt yol verməməliyik ki, bu cür yalanlar ucbatından qorxuya düşək və imanımız zəifləsin. (1 Yəhya 4:1 ayəsini oxuyun.)

4) İSAYA XAİN ÇIXAN, ONU TƏRK EDƏNLƏR OLDU

Çoxları İsanı Yəhudanın xəyanətinə görə qəbul etmədi. Bəs bu şeylər bizim dövrdə də insanlara əngəl ola bilər? (17 və 18-ci abzaslara baxın) *

17. Nəyə görə bəziləri İsanın ölümündən əvvəl baş verən hadisələrə görə büdrəyə bilərdi?

17 Ölümünə az qalmış 12 həvarisindən biri İsaya xain çıxdı. Başqa bir həvarisi onu üç dəfə dandı. Qalan həvariləri isə onu tərk etdi (Mət. 26:14—16, 47, 56, 75). Bu şeylər İsa üçün gözlənilməz deyildi. O özü də bunların baş verəcəyini demişdi (Yəh. 6:64; 13:21, 26, 38; 16:32). Bəlkə də, həvarilərin belə davrandığını görənlərdən kimsə büdrəyib, düşünə bilərdi: «Bu cür insanların arasında olmaq istəmirəm!»

18. İsanın ölümü ərəfəsində hansı peyğəmbərliklər yerinə yetdi?

18 Allahın Kəlamında nə deyilir? Əsrlər öncə Yehova Kəlamı vasitəsilə açıqlamışdı ki, Məsih 30 gümüşə satılacaq (Zək. 11:12, 13). Ona satqın çıxan kəs isə yaxın dostlarından biri olacaq (Zəb. 41:9). Həmçinin Zəkəriyyə peyğəmbər yazmışdı: «Çobanı vur, qoy sürü pərən-pərən olsun» (Zək. 13:7). Bu hadisələri görən səmimi qəlbli insanlar büdrəməməli idi. Əksinə, bu peyğəmbərliklərin İsanın üzərində yerinə yetdiyini görəndə imanları güclənməli idi.

19. Səmimi qəlbli insanlar nəyi bilir?

19 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Bizim dövrümüzdə də Yehovanın Şahidləri arasından bəzi tanınmış şəxslər həqiqəti tərk edib, dönük olub, sonra isə başqalarını da öz ardınca aparmağa cəhd edib. Onlar kütləvi informasiya vasitələrində və internetdə Yehovanın Şahidləri haqda pis xəbərlər, təhrif olunmuş məlumatlar və ağ yalanlar yayırlar. Amma bu şeylər səmimi qəlbli insanları büdrətmir. Onlar bilirlər ki, bunların olacağı Müqəddəs Kitabda qabaqcadan deyilmişdi (Mət. 24:24; 2 But. 2:18—22).

20. Həqiqətdən üz döndərənlərin bizi büdrətməməsi üçün nə edə bilərik? (2 Timutiyə 4:4, 5).

20 Şübhələrə qapılmamaq üçün nə etməliyik? Biz müntəzəm mütaliə etməklə, daima dua etməklə və Yehovanın bizə həvalə etdiyi işlə məşğul olmaqla imanımızı möhkəm saxlamalıyıq. (2 Timutiyə 4:4, 5 ayələrini oxuyun.) Möhkəm imanımız olsa, Yehovanın Şahidlərinin əleyhinə xəbərlər eşidəndə təlaşa düşməyəcəyik (Əşy. 28:16). Yehovaya, Onun Kəlamına və dindaşlarımıza olan məhəbbət bizə kömək edəcək ki, həqiqətdən üz döndərənlər bizi büdrətməsin.

21. Əksər insanlar xoş xəbəri qəbul etməsə də, nəyə əminik?

21 Birinci əsrdə bir çoxları büdrədi və İsanı qəbul etmədi. Amma onu qəbul edənlər də az deyildi. Onların arasında yəhudi Sinedrionun ən azı bir üzvü, hətta «çoxlu sayda kahin» də var idi (Həv. 6:7; Mət. 27:57—60; Mark 15:43). Eynilə, bu gün də milyonlarla insan həqiqət yolunda büdrəmədən irəliləyir. Çünki onlar Allahın Kəlamındakı həqiqətləri bilir və sevirlər. Kəlamda deyilir: «Qanununu sevənlərin əmin-amanlığı boldur, onları heç nə büdrətməz» (Zəb. 119:165).

NƏĞMƏ 124 Sədaqətli olaq

^ abz. 5 Ötən məqalədə keçmişdə insanlara İsanı qəbul etməyə mane olan dörd amili araşdırdıq. Gördük ki, bu amillərdən dolayı insanlar bu gün də İsanın davamçılarını qəbul etmir. Bu məqalədə isə daha dörd amili araşdıracağıq. Həmçinin görəcəyik ki, Yehovanı sevən səmimi qəlbli insanları nəyə görə heç nə büdrətmir.

^ abz. 60 ŞƏKLİN İZAHI. İsa Mətta və vergiyığanlarla bir süfrədə əyləşib.

^ abz. 62 ŞƏKLİN İZAHI. İsa alverçiləri məbəddən qovur.

^ abz. 64 ŞƏKLİN İZAHI. İsaya işgəncə dirəyini daşıdırlar.

^ abz. 66 ŞƏKLİN İZAHI. Yəhuda İsanı öpüşlə satır.