Kontentə keç

Mündəricatı göstər

Dünyəvi düşüncəni rədd edək

Dünyəvi düşüncəni rədd edək

«Diqqətli olun ki, heç kəs sizi bu dünyanın baxışlarına, insan ehkamlarına əsaslanan fəlsəfə ilə... əsir almasın» (KOL. 2:8).

NƏĞMƏ: 38, 31

1. Həvari Bulus dindaşlarına hansı nəsihəti vermişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

ERAMIZIN 60—61-ci illəridir. Həvari Bulus Romada həbsdədir. O, Kolos şəhərindəki dindaşlarına məktub yazıb onları «ruhun verdiyi dərrakə»yə sahib olmağa səsləyir (Kol. 1:9). Onun nəsihəti növbəti sözlərlə davam edir: «Bunu ona görə deyirəm ki, heç kəs sizi hiylə-kələklə aldatmasın. Diqqətli olun ki, heç kəs sizi bu dünyanın baxışlarına, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə əsir almasın. Bunlar Məsihdən deyil» (Kol. 2:4, 8). Sonra Bulus dünyada geniş yayılmış bəzi fikirləri ifşa edir və dünyəvi düşüncənin fani insan üçün nəyə görə cəlbedici olduğunu izah edir. Məsələn, o, deyir ki, dünyəvi düşüncə insana özünü başqalarından daha ağıllı, daha üstün olduğunu hiss etdirə bilər. Həvari Bulusun məktubunun məqsədi bacı-qardaşları dünyəvi düşüncəni rədd etməyə və yanlış əməllərdən uzaq durmağa səsləmək idi (Kol. 2:16, 17, 23).

2. Nə görə dünyəvi düşüncəni ayırd etməyi bacarmaq vacibdir?

2 Bu dünya Allahın qayda-qanunlarına laqeyd yanaşır. Belə münasibət bizə də təsir edib imanımızı tədricən zəiflədə bilər. Biz hər yandan dünyəvi düşüncə ilə əhatə olunmuşuq. İstər televiziyada, istər İnternetdə, istərsə də iş yerində və ya məktəbdə dünyəvi düşüncənin ünsürləri tərənnüm edilərək kütləyə aşılanır. Bu məqalədə dünyəvi düşüncənin qurbanı olmamaq üçün nə etməli olduğumuz barədə danışılacaq, beş yanlış fikir və onları ifşa edən arqumentlər araşdırılacaq.

ALLAHA İNANMAĞA EHTİYAC VARMI?

3. Bir çox insan arasında hansı fikir geniş yayılıb və buna səbəb nədir?

3 «Allaha inanmadan da yaxşı insan olmaq olar». Dünyanın bir sıra ölkələrində insanların Allaha inanmadıqlarını, heç bir dinə aid olmadıqlarını deməsi normal hala çevrilib. Ola bilsin, onlar Allahın varlığı məsələsinin dərinliyinə heç varmayıblar; sadəcə sərbəst, istədikləri kimi yaşamaq fikri onları daha çox cəlb edir. (Zəbur 10:4 ayəsini oxuyun.) Başqaları isə «Allaha iman etmədən də mənəviyyatlı insan ola bilərəm» fikrini əllərində bayraq edirlər.

4. «Allah yoxdur» iddiasına necə arqument gətirə bilərik?

4 «Allah yoxdur» iddiasının məntiqi əsası varmı? Həyatın yaranması ilə bağlı elmə üz tutanda insan asanlıqla məlumat dumanında itə bilər. Amma bir az düşünsək, cavab çox sadədir: əgər adi binanı ucaltmaq üçün şüur gərəkdirsə, deməli, canlı aləmin yaranmasında şüurun iştirakı labüddür. Əslində, ən sadə hüceyrənin quruluşu istənilən binanın layihəsindən qat-qat mürəkkəbdir, çünki hüceyrə özü-özünü törətmək qabiliyyətinə malikdir. Hüceyrə genetik kodundakı göstərişləri daşıya və yeni hüceyrəyə ötürə bilir. Bəs bu hüceyrələri kim yaradıb? Müqəddəs Kitab bu suala belə cavab verir: «Hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır» (İbr. 3:4).

5. «Allahsız da nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etmək olar» fikrinə necə arqument gətirərdiniz?

5 Əgər kimsə «Allahsız da nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etmək olar» deyərsə, necə arqument gətirərdiniz? Müqəddəs Kitabda deyilir ki, Allaha inanmayanların arasında da mənəviyyatlı insanlar var (Rom. 2:14, 15). Ola bilsin, onlar ata-anaya böyük hörmət göstərir, onları candan sevirlər. Amma gəlin düşünək, mehriban Yaradanı, Onun pisi yaxşıdan ayırmaq üçün qoyduğu qanunları danan insanın əxlaqı nə vəziyyətdə ola bilər?! (Əşy. 33:22). Hətta bir çox dərrakəli insan dərk edir ki, Allahın köməyi olmasa, bu dünya düzələn deyil. (Ərəmya 10:23 ayəsini oxuyun.) Kim düşünürsə ki, Allahsız və Onun qanunları olmadan da nəyin yaxşı nəyin pis olduğunu ayırd etmək olar özünü aldadır (Zəb. 146:3).

HANSISA DİNİN ÜZVÜ OLMAĞA EHTİYAC VARMI?

6. Bir çox insan din barədə hansı fikirdədir?

6 «İnsan dinsiz də xoşbəxt ola bilər». Bu dünyəvi düşüncə bir çoxlarını cəlb edir, çünki onlar üçün din keçmişin qalığı və cansıxıcı bir şeydir. Bəzi insanları isə Allahdan uzaqlaşdıran, əksər dinlərin cəhənnəm təlimini təbliğ etməsi, insanlardan məcburi pul yığması, siyasətçiləri dəstəkləməsidir. Buna görə də «insan dinsiz də xoşbəxt ola bilər» deyənlərin sayı günü-gündən artır. Bəzən onlardan belə sözlər eşitmək olar: «Allahla bağlı mövzular mənə maraqlıdır, amma hansısa dinin üzvü olmaq istəmirəm».

7. Həqiqi din insanı necə xoşbəxt edir?

7 Doğrudanmı, insan dinsiz xoşbəxt ola bilər? Əgər heç bir saxta dinə aid deyilsə, bəlkə də ola bilər. Amma Yehova Allahsız əsl xoşbəxtlik mümkün deyil. Yehova həmişə bəndələrinin rifahı üçün çalışır, buna görə də O, «xoşbəxt Allah»dır (1 Tim. 1:11). Onun xidmətçiləri də başqalarına kömək etdikləri üçün xoşbəxtdirlər (Həv. 20:35). Gəlin görək həqiqi din insana necə təsir edir. Həqiqi din insanlara ailə münasibətlərini möhkəmləndirməyə kömək edir. Onları həyat yoldaşına hörmət etməyə, ailə quruluşunu müqəddəs tutmağa, zinadan uzaq durmağa, uşaqları əxlaqlı və tərbiyəli böyütməyə, ailə üzvlərini ürəkdən sevməyə səsləyir. Həmçinin həqiqi din insanları birləşdirərək mehriban bir ailənin, ümumdünya qardaşlığın üzvü edir. (Əşiya 65:13, 14 ayələrini oxuyun.)

8. «Xoşbəxtlik nədən asılıdır?» sualına Mətta 5:3 ayəsi əsasında necə cavab vermək olar?

8 «Xoşbəxt olmaq üçün ibadət mütləq deyil» fikrini necə təkzib edə bilərik? Gəlin növbəti sualın üzərində düşünək: bu gün insanlar xoşbəxtliyi nədə görür? Kimisi karyera qurmaqda, kimisi idmanda, kimisi əyləncədə. Bəziləri isə ailəsi və dost-tanışları ilə vaxt keçirəndə özünü xoşbəxt hiss edir. Həqiqətən də bu şeylər bizə məmnunluq gətirir, amma insan ona tükənməz xoşbəxtlik gətirən ali məqsəd üçün yaradılıb. Heyvanlardan fərqli olaraq, biz Yaradanımızı tanımaq, Ona sidqi-ürəkdən ibadət etmək şərəfinə layiq görülmüşük. Allah bizi elə yaradıb ki, bu tələbatımızı ödəyəndə xoşbəxtlik tapırıq. (Mətta 5:3 ayəsini oxuyun.) Misal üçün, biz dindaşlarımızla bir yerdə Yehova Allaha ibadət edəndə ruhlanır, özümüzü xoşbəxt hiss edirik (Zəb. 133:1). Həmrəy qardaşlığın üzvü olmaq, əxlaqlı həyat sürmək, gələcəyə ümidlə baxmaq da bizə dərin məmnunluq gətirir.

ƏXLAQ QANUNLARINA EHTİYAC VARMI?

9. a) Cinsi yaxınlıq məsələsində hansı dünyəvi düşüncə geniş yayılıb? b) Nəyə görə Allahın Kəlamında nikahdankənar cinsi əlaqə qadağan olunur?

9 «Nikahdankənar cinsi əlaqədə olmağın nəyi pisdir ki?» Ola bilsin, ətrafımızdakı insanlar bizə deyir: «Həyat kef çəkmək üçündür. Nikahdankənar cinsi əlaqədə olmağın nəyi pisdir ki?» Amma biz əxlaqsızlıq məsələsində tolerant olmamalıyıq. Çünki Müqəddəs Kitab əxlaqsızlığı qadağan edir *. (1 Salonikililərə 4:3—8 ayələrini oxuyun.) Yaradanımız olduğu üçün Yehovanın bizə qanunlar vermək ixtiyarı var. Allahın qanununa görə, cinsi yaxınlıq rəsmi nikahda olan kişi və qadın arasında olmalıdır. Allah bu qanunları bizi sevdiyi üçün verib. Onlar bizim xeyrimizədir. Bunlara əsasən yaşayan ailələrdə məhəbbət, hörmət və qarşılıqlı etibar hökm sürür. Allah Onun qanununu bilə-bilə pozan insanları cəzasız qoymayacaq (İbr. 13:4).

10. Məsihi cinsi əxlaqsızlıqdan necə uzaq dura bilər?

10 Allahın Kəlamı bizə cinsi əxlaqsızlıqdan necə uzaq dura biləcəyimizi öyrədir. Bunun əsas yolu nəyə baxdığımıza diqqət yetirməkdir. İsa Məsih demişdi: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur. Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at» (Mət. 5:28, 29). Odur ki, məsihi pornoqrafiyaya baxmaqdan, əxlaqsız sözləri olan mahnılara qulaq asmaqdan qaçınmalıdır. Həvari Bulus yazmışdı: «Yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa... meyilləri öldürün» (Kol. 3:5). Bundan əlavə, biz düşüncələrimizi nəzarətdə saxlamalı və nə haqda danışdığımıza fikir verməliyik (Efes. 5:3—5).

BU DÜNYADA ÖZÜMÜZƏ KARYERA QURMALIYIQMI?

11. Nə görə karyera qurmaq istəyi məsihini cəlb edə bilər?

11 «Karyera xoşbəxt gələcəyə zəmanətdir». Ola bilsin, ətrafınızdakı insanlar sizi karyera qurmağa təşviq edir. Bəzən karyera insana ad-san, vəzifə, var-dövlət vəd edir. Karyera qurmaq istəyi bu gün çox insanların həyat amalına çevrildiyi üçün, bu düşüncə məsihiyə də sirayət edə bilər.

12. Uğurlu karyeranı xoşbəxt gələcəyin zəmanəti hesab etmək olarmı?

12 Bəs doğrudanmı, karyeraya yüksələrək vəzifə və ad-san qazanmaq insana tükənməz xoşbəxtlik gətirir? Əsla! Unutmayın ki, Şeytan da başqalarını idarə etmək və şan-şöhrət qazanmaq arzusu ilə yaşayırdı və istəyinə nail oldu. Bəs o, xoşbəxtdirmi? Xeyr! Müqəddəs Kitabda deyilir ki, o, çox qəzəblidir (Mət. 4:8, 9; Vəhy 12:12). Bizə isə başqalarına Allahın Kəlamını öyrətmək, onların gələcəyə ümidlə baxdığını görmək sonsuz xoşbəxtlik bəxş edir. Bu dünyada hansı karyera insana bu cür xoşbəxtliyi yaşada bilər?! Üstəlik, bu dünya insanları rəqabətə, bir-birini əzməyə, bir-birinin paxıllığını çəkməyə sövq edir. Sonda isə onlar daxildə boşluq hiss edirlər, sanki «külək dalınca» qaçıblar (Vaiz 4:4).

13. a) İşə münasibətimiz necə olmalıdır? b) Salonikililərə yazdığı məktuba əsasən, həvari Bulus xoşbəxtliyi nədə görürdü?

13 Təbii ki, yaşamaq üçün işləmək lazımdır. Məsihinin özünə ürəyincə olan peşə seçməsində qəbahət bir şey yoxdur. Amma iş həyat amalımıza çevrilməməlidir. Bununla bağlı İsa Məsih demişdir: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz» (Mət. 6:24). Diqqətimizi Allaha xidmətə və Onun Kəlamını insanlara öyrətməyə cəmləsək, misilsiz sevinc taparıq. Bu sevinci həvari Bulus da dadmışdı. Məsihi olmamışdan əvvəl onun tutduğu mövqe iudaizmdə ona gözəl karyera vəd edirdi. Amma həvari əsl xoşbəxtliyi şagird hazırlamağa başlayandan sonra dadmışdı, o, insanların müjdəyə hay verdiyini, onların dəyişdiyini görəndə xoşbəxt olurdu. (1 Salonikililərə 2:13, 19, 20 ayələrini oxuyun.) Bəli, heç bir karyera insanı bu cür xoşbəxt edə bilməz.

Allahın Kəlamını insanlara öyrətmək daimi sevinc bəxş edir (12 və 13-cü abzasa baxın)

İNSAN BƏŞƏRİYYƏTİN PROBLEMLƏRİNİ HƏLL EDƏ BİLƏRMİ?

14. «İnsanlar öz problemlərini özləri həll edə bilər» fikri nəyə görə bəzilərini cəlb edir?

14 «İnsanlar özləri öz problemini həll edə bilər». Bu dünyəvi düşüncə bəzilərini cəlb edir. Çünki əgər bu iddia doğrudursa, deməli, insan Allahın rəhbərliyinə ehtiyac duymur və istədiyi kimi yaşaya bilər. Həmçinin bəzi araşdırmaların son illər müharibələrin, cinayətkarlığın, xəstəliklərin və yoxsulluğun azaldığını deməsi bu iddianı daha da inandırıcı edir. Bir hesabatda deyilir: «Bəşəriyyət get-gedə düzəlir, çünki insanlar dünyanı gözəlləşdirmək qərarına gəlib». Bütün bunlar nəyi göstərir? Doğrudanmı insanlar bəşəriyyətin əsrlərdir yaşadığı problemləri həll etməyə başlayıblar? Bu suala cavab vermək üçün gəlin bu problemlərə bir qədər yaxından baxaq.

15. Bəşəriyyətin problemlərinin başından aşdığını hansı faktlar sübut edir?

15 Müharibə: I və II Dünya müharibələri 60 milyondan çox insanın həyatına son qoyub. Amma bu, insanlara dərs olmadı. 2015-ci ilə qədər müharibə və təqiblər nəticəsində təxminən 65 milyon insan ev-eşiyindən didərgin düşüb. Təkcə 2015-ci il ərzində isə təqribən 12,4 milyon insan bu fəlakətlə üzləşib. Cinayətkarlıq: Bəzi ölkələrdə cinayətkarlığın müəyyən növləri azalsa da, kiber cinayətkarlıq, məişət zəminində zorakılıq, terrorizm kimi cinayətlər yüksək həddə çatıb. Həmçinin çoxları korrupsiyanın qlobal şəkildə artdığından şikayətlənir. Gördüyümüz kimi, bəşəriyyət cinayətkarlığa son qoymaq qüvvəsində deyil. Xəstəlik: Bəzi xəstəliklərin qarşısı alınsa da, 2013-cü ildə dərc olunan bir hesabatda deyilir ki, hər il orta hesabla yaşı 60-dan aşağı olan 9 milyona yaxın insan ürək, insult, xərçəng, şəkər və tənəffüs yolları xəstəliklərindən ölür. Yoxsulluq: Dünya Bankının araşdırmasına əsasən, Afrikada hədsiz yoxsulluqdan əziyyət çəkən insanların sayı 1990-cı ildə 280 milyon idisə, 2012-ci ildə bu say 330 milyona çatıb.

16. a) Nə üçün bəşəriyyətin problemlərini yalnız Allahın Padşahlığı həll edə bilər? b) Əşiya peyğəmbər və məzmurçu Padşahlığın bəxş edəcəyi nemətlər haqda nə yazmışdılar?

16 İndiki iqtisadi və siyasi sistem yalnız özünü düşünən qüvvələrin əlindədir. Aydındır ki, bu cür qüvvələrin idarəçiliyi müharibələrə, cinayətkarlığa, yoxsulluğa son qoya bilməz. Buna yalnız Allahın Padşahlığı qadirdir. Gəlin görək bu Padşahlıq bəşəriyyət uğrunda nələr edəcək. Müharibə: Allahın Padşahlığı müharibəyə səbəb olan xudbinliyi, korrupsiyanı, vətənpərvərlik hissini, saxta dinləri, eləcə də Şeytanın özünü yerli-dibli yox edəcək (Zəb. 46:8, 9). Cinayətkarlıq: Allahın Padşahlığı heç bir hökumətin qadir olmadığı bir şeyə artıq indidən nail olub: milyonlarla insana bir-birini sevməyi, bir-birinə etibar etməyi öyrədir (Əşy. 11:9). Xəstəlik: Yehova mömin bəndələrinə mükəmməl sağlamlıq verəcək (Əşy. 35:5, 6). Yoxsulluq: Allah yoxsulluğu aradan qaldıracaq, xidmətçilərinə puldan, vardan qat-qat dəyərli olan ruhani və fiziki firavanlıq bəxş edəcək (Zəb. 72:12, 13).

«NECƏ CAVAB VERMƏYİ BİLƏCƏKSİNİZ»

17. Dünyəvi düşüncəni necə rədd edə bilərik?

17 İnanclarımıza zidd gedən hansısa dünyəvi fikri eşidəndə gəlin Müqəddəs Kitabın bu haqda nə dediyini araşdıraq və təcrübəli bir məsihi ilə bu məsələni müzakirə edək. Bu fikrin nəyə görə cəlbedici səsləndiyi, nə üçün yanlış olduğu və onu necə təkzib edə biləcəyimiz barədə düşünək. Əslində, hər birimiz Bulusun Kolosdakı yığıncağa verdiyi məsləhətə əməl etməklə özümüzü dünyəvi düşüncədən qoruya bilərik. Həvari Bulus demişdi: «Kənar adamlara qarşı müdrik davranın... Onda hər kəsə necə cavab verməyi biləcəksiniz» (Kol. 4:5, 6).

^ abz. 9 Bəziləri Müqəddəs Kitabın bir neçə tərcüməsində yer alan Yəhya 7:53—8:11 ayələrini əsas tutub deyir ki, yalnız günahsız insan başqasını əxlaqsızlığa görə mühakimə edə bilər. Amma orijinal əlyazmalarda bu ayələr yoxdur. Allahın İsrail xalqına verdiyi bir qanunda deyilir: «Kimsə başqasının arvadı ilə bir yerdə tutulsa, onların hər ikisini, qadınla yatan kişini də, qadını da öldürmək lazımdır» (Qan. 22:22).