TƏLİM MƏQALƏSİ 40
Axırzamanın axırında Rəbbin işində çox çalışın
«Mətin qalın, sarsılmaz olun, həmişə Rəbbin işində çox çalışın» (1 KOR. 15:58).
NƏĞMƏ 58 Sülhsevər insanları axtarırıq
İCMAL *
1. Axırzamanda yaşadığımıza bizi nə əmin edir?
SİZ 1914-cü ildən sonra dünyaya gəlmisiniz? Elədirsə, sizin həyatınız «axırzamanda» keçir (2 Tim. 3:1). Hər birimiz İsa Məsihin axırzamanda baş verəcək hadisələrlə bağlı dedikləri haqda eşitmişik. Bura müharibələr, qida qıtlığı, zəlzələlər, epidemiyalar, get-gedə artan hərc-mərclik və Yehovanın xalqının təqib olunması daxildir (Mət. 24:3, 7—9, 12; Luka 21:10—12). Biz həmçinin insanların həvari Bulusun peyğəmbərlik etdiyi kimi davrandığına şahidik. (« İnsanlar bu gün» adlı çərçivəyə baxın.) Yehovaya xidmət edən bizlər «zamanın sonunda» yaşadığımıza əminik (Mik. 4:1).
2. Hansı sualların cavabını bilməliyik?
2 1914-cü ildən bəri uzun zaman keçib, deməli, biz axırzamanın lap axırında yaşayırıq. Sonun bu qədər yaxın olduğunu nəzərə alsaq, bəzi vacib sualların cavabını bilməliyik: «Axırzamanın axırında hansı hadisələr cərəyan edəcək? Bu hadisələrin baş verəcəyi zamana qədər Yehova bizim nə etməyimizi istəyir?»
AXIRZAMANIN AXIRINDA NƏLƏR BAŞ VERƏCƏK?
3. 1 Salonikililərə 5:1—3 ayələrindəki peyğəmbərliyə əsasən, xalqlar hansı bəyanatı verəcək?
3 1 Salonikililərə 5:1—3 ayələrini oxuyun. Bu ayələrdə həvari Bulus «Yehovanın günü» barədə danışır. Burada Yehovanın günü deyildikdə yalan dinin dünya imperiyası «Böyük Babil»ə hücumla başlayan və Armageddonla bitən zaman kəsiyi nəzərdə tutulur (Vəhy 16:14, 16; 17:5). O «gün» başlamazdan az əvvəl xalqlar «sülh və təhlükəsizlik» bəyanatı verəcək. Buna bənzər ifadələri dünya liderləri millətlər arasındakı münasibətləri stabilləşdirmək barədə danışarkən istifadə edir *. Lakin Müqəddəs Kitabda bəhs olunan «sülh və təhlükəsizlik» bəyanatı fərqli olacaq. Nə üçün? Bu baş verəndə çoxları düşünəcək ki, siyasi liderlər dünyanı daha təhlükəsiz məkana çevirməyə müvəffəq oldu. Amma əslində «böyük müsibət» başlayacaq və onlar «qəfil məhvə uğrayacaqlar» (Mət. 24:21).
4. a) «Sülh və təhlükəsizlik» bəyanatı barədə nələri hələ bilmirik? b) Bu bəyanat barədə nələri artıq bilirik?
4 «Sülh və təhlükəsizlik» bəyanatı barədə müəyyən şeyləri bilirik. Lakin bilmədiyimiz şeylər də var. Biz bilmirik bu bəyanatın verilməsinə səbəb nə olacaq, yaxud o, necə veriləcək. Həmçinin bəyanatın cəmi bir dəfə, yaxud bir neçə dəfə veriləcəyi də bizə məlum deyil. Lakin hər nə olsa da, bir şeyi bilirik: bu bəyanata aldanıb, dünya liderlərinin sülhə nail ola biləcəklərini düşünməməliyik. Peyğəmbərlik olunduğu kimi, bu, gözləməli olduğumuz bəyanatdır. Bəyanatın səslənməsi «Yehovanın günü»nün başlamaq üzrə olduğuna işarə olacaq!
5. 1 Salonikililərə 5:4—6 ayələri «Yehovanın günü»nə hazır olmağımıza necə kömək edir?
5 1 Salonikililərə 5:4—6 ayələrini oxuyun. Həvari Bulusun sözlərindən «Yehovanın günü»nə hazır olmaq üçün nə etməli olduğumuzu öyrənirik. Biz başqaları kimi yatmamalıyıq, oyaq qalıb sayıqlığımızı qorumalıyıq. Misal üçün, bitərəf qalmaq, siyasi məsələlərə əsla qarışmamaq üçün ehtiyatlı olmalıyıq. Əks halda, biz «bu dünyaya məxsus» olarıq (Yəh. 15:19). Bilirik ki, yalnız Allahın Padşahlığı dünyaya sülh bəxş edə bilər.
6. Başqalarına nədə kömək etməliyik və nə üçün?
6 Özümüz oyaq qalmaqla yanaşı, başqalarına da kömək etməliyik ki, Müqəddəs Kitabda gələcəklə bağlı yazılanlardan agah olsunlar. Gəlin unutmayaq ki, böyük müsibət başlayanda insanların Yehovaya tərəf dönməsi artıq gec olacaq. Elə buna görə də, bizim təbliğ işimiz olduqca təcilidir! *
TƏBLİĞ İŞİNƏ DAVAM EDİN
7. Yehova bizim nə etməyimizi gözləyir?
7 Yehovanın gününün başlamasına qısa müddət qaldığı üçün O, var gücümüzlə təbliğ etməyimizi gözləyir. Odur ki, Rəbbin işində çox çalışıb-çalışmadığımızı yoxlamalıyıq (1 Kor. 15:58). Axırzamanda baş verəcək mühüm hadisələr barədə peyğəmbərliyində İsa Məsih bizim hansı işi görəcəyimizi vurğulamışdı. O demişdi: «Əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir» (Mark 13:4, 8, 10; Mət. 24:14). Bir təsəvvür edin, siz hər dəfə xidmətə çıxanda bu peyğəmbərliyin yerinə yetməsində iştirak edirsiniz!
8. Təbliğ işinin irəlilədiyi nədən görünür?
8 Təbliğ işinin inkişafı barədə nə demək olar? Bu iş ilbəil irəliləyir. Misal üçün, axırzamanda təbliğçilərin sayının necə artdığına fikir verək. 1914-cü ildə 43 ölkədə 5155 təbliğçi var idi. Bu gün 240 ölkədə təxminən 8,5 milyon təbliğçi var! Bununla belə, təbliğ işimiz hələ başa çatmayıb. Biz bundan sonra da bəyan etməliyik ki, bəşəriyyətin problemlərini yalnız Allahın Padşahlığı həll edəcək (Zəb. 145:11—13).
9. Nə üçün Padşahlıq haqda xəbəri təbliğ etməyə davam etməliyik?
9 Yehova bu işin başa çatdığını deyənə qədər təbliğ işimiz davam edəcək. Yehova Allahı və İsa Məsihi tanıması üçün insanların nə qədər vaxtı qalıb? (Yəh. 17:3). Bunu bilmirik. Amma bilirik ki, böyük müsibət başlayana qədər «əbədi həyata aparan yolda yeriməyə meyli olan» hər bir kəs xoş xəbərə hay verə bilər (Həv. 13:48). Hələ ki vaxt var, bu insanlara necə kömək edə bilərik?
10. Yehova insanlara həqiqəti öyrətməyimizə necə kömək edir?
10 İnsanlara həqiqəti öyrətməyimiz üçün Yehova təşkilatı vasitəsilə lazım olan hər bir şeyi verir. Misal üçün, hər həftə keçirilən həftəarası görüşlərimiz bizi xidmətdə səriştəli edir. Bu görüşlərdə ilk söhbəti və təkrar söhbəti necə edə biləcəyimizi, həmçinin Müqəddəs Kitab dərsləri keçirməyin yolunu öyrənirik. Yehovanın təşkilatı bizi həmçinin təlim vəsaitləri ilə təmin edir. Bu vəsaitlər bizə kömək edir ki...
-
söhbətə başlayaq,
-
maraq oyadaq,
-
insanlarda öyrənməyə istək yaradaq,
-
dərs keçərək həqiqəti öyrədək,
-
maraqlananları saytımızı və ibadət evini ziyarət etməyə dəvət edək.
Təbii ki, bu təlim vəsaitlərinin olması kifayət deyil. Biz onlardan istifadə etməliyik *. Məsələn, həqiqətə maraq göstərən insanla xoş söhbətdən sonra ona hər hansı buklet, yaxud jurnal saxlasanız, növbəti söhbətinizə qədər onun əlavə məlumat almaq imkanı olacaq. Hər ay təbliğ işində canla-başla iştirak etmək bizim öz öhdəçiliyimizdir.
11. Onlayn Müqəddəs Kitab dərsləri hansı məqsədlə tərtib edilib?
11 Yehova insanlara həqiqəti öyrənməyə başqa necə kömək edir? Daha bir üsul jw.org® saytındakı Onlayn Müqəddəs Kitab dərsləridir *. Onlayn dərslər hansı məqsədlə tərtib olunub? Hər ay bütün dünyada on minlərlə adam internetdə Müqəddəs Kitab dərsləri ilə bağlı axtarış aparır. Saytımızdakı dərslər insanlara Allahın Kəlamındakı həqiqəti öyrənməyə kömək edə bilər. Təbliğ etdiyiniz insanlardan bəziləri, ola bilsin, fərdi Müqəddəs Kitab dərsi keçməyə tərəddüd edir. Bu zaman onlara saytımızdakı bu bölməni göstərə, yaxud linkini göndərə bilərsiniz.
12. Onlayn Müqəddəs Kitab dərslərindən nə öyrənmək olar?
12 Onlayn Müqəddəs Kitab dərsləri növbəti mövzuları əhatə edir: «Müqəddəs Kitab və müəllifi», «Müqəddəs Kitabdakı əsas personajlar» və «Müqəddəs Kitabdakı ümidverici xəbər». Bu mövzularda növbəti suallar araşdırılır:
-
Müqəddəs Kitab bizə kömək edə bilər?
-
Yehova, İsa Məsih və mələklər kimlərdir?
-
Allah insanları nə üçün yaradıb?
-
Nə üçün dünyada əzab və pislik var?
Həmçinin Yehovanın növbəti vədlərini necə həyata keçirəcəyindən bəhs olunur:
-
əzab-əziyyətə və ölümə son qoyması,
-
ölüləri həyata qaytarması,
-
insan hökumətlərini Öz Padşahlığı ilə əvəz etməsi.
13. Onlayn dərslər Müqəddəs Kitab dərslərini əvəz edir? İzah edin.
13 Onlayn dərslər Müqəddəs Kitab dərslərini əvəz etmir. İsa Məsih bizə şagird hazırlamaq işini həvalə edib. Ümid edirik ki, onlayn dərslərdə öyrəndikləri insanlara maraqlı gələcək və onlar daha çox öyrənmək istəyəcək. Beləcə, ola bilsin, onlar Müqəddəs Kitab dərsi keçməyə razılıq verəcək. Hər dərsin sonunda oxucuya Müqəddəs Kitabı fərdi təlimatçı ilə öyrənmək üçün müraciət formasını doldurmaq təklif edilir. Saytımız vasitəsilə hər gün dünyanın müxtəlif yerlərindən Müqəddəs Kitab dərsi keçmək üçün 230-dan çox müraciət alırıq. Bu cür fərdi təlim çox önəmlidir.
ŞAGİRD HAZIRLAMAĞA DAVAM EDİN
14. İsa Məsihin Mətta 28:19, 20 ayələrində yazılmış göstərişlərinə əsasən, biz əlimizdən gələn qədər nəyi etməyə çalışırıq və nə üçün?
14 Mətta 28:19, 20 ayələrini oxuyun. Müqəddəs Kitab dərsləri keçərkən şagird hazırlamaq və İsa Məsihin əmr etdiyi hər şeyə riayət etməyi onlara öyrətmək üçün əlimizdən gələni etməliyik. Yehova Allaha ibadət etməyin və Onun Padşahlığını dəstəkləməyin onlar üçün nə qədər vacib olduğunu izah etməliyik. Bunun üçün onları öyrəndiklərini tətbiq etməyə, həyatlarını Yehovaya həsr edib vəftiz olunmağa təşviq etməliyik. Onlar yalnız bu yolla Yehovanın günündə xilas ola biləcəklər (1 But. 3:21).
15. Vaxtımızı nəyə sərf etməməliyik və nəyə görə?
15 Yuxarıda qeyd olunduğu kimi, bu günlə dövrün yekunu arasında çox az vaxt kəsiyi qalıb. Odur ki, vaxtımızı Məsihin şagirdi olmaq istəməyənlərə dərs keçməyə sərf edə bilmərik (1 Kor. 9:26). Gördüyümüz iş təcilidir! Nə qədər ki gec deyil, hələ çox adam Padşahlıq haqda müjdəni eşitməlidir.
YALAN DİNDƏN TAMAMİLƏ UZAQ DURUN
16. Vəhy 18:2, 4, 5, 8 ayələrinə əsasən, hər birimiz nə etməliyik? (Həmçinin haşiyəyə baxın.)
16 Vəhy 18:2, 4, 5, 8 ayələrini oxuyun. Bu ayələr Yehovanın bizdən daha bir şey gözlədiyini vurğulayır. Yehovanın hər bir xidmətçisi Böyük Babillə heç bir bağlılığının olmadığına əmin olmalıdır. Ola bilsin, Müqəddəs Kitabı öyrənən şəxs həqiqəti bilməzdən öncə yalan dininin üzvü olub. Ehtimal ki, o, dini mərasimlərə gedib və dini ayinlərdə iştirak edib. Yaxud da ola bilsin, bu kimi təşkilatlara maddi dəstək olub. Vəftiz olunmamış təbliğçi təyin olmazdan öncə o, yalan dinlə bütün bağlarını kəsməlidir. Əvvəllər mənsub olduğu kilsəyə, yaxud Böyük Babillə əlaqəsi olan digər dini təşkilata məktub yazaraq və ya başqa yolla artıq oranın üzvü olmadığını bildirməlidir *.
17. Məsihi hansı işlərdən uzaq durmalıdır və nəyə görə?
17 Məsihi işinin Böyük Babillə heç bir əlaqəsi olmadığına əmin olmalıdır (2 Kor. 6:14—17). Misal üçün, Yehovanın xidmətçisi kilsənin işçisi olmaz. Bundan əlavə, başqa bir yerdə işləsə də, yalan ibadət üçün istifadə olunan tikilidə işi ilə əlaqədar çox iş görmək istəməz. Və əgər məsihinin şəxsi biznesi varsa, əlbəttə, o, Böyük Babili dəstəkləyəcək heç bir iş görməz və heç bir iş müqaviləsi bağlamaz. Nəyə görə biz bu qədər qəti mövqe tuturuq? Çünki Yehovanın gözündə murdar olan dini təşkilatların işlərinə və günahlarına şərik olmaq istəmirik (Əşy. 52:11) *.
18. Bir qardaş iş məsələsində Müqəddəs Kitab prinsiplərinə necə bağlı qalmışdı?
18 İllər öncə bir ağsaqqal yaşadığı şəhərdəki kilsədə dülgərliklə bağlı xırda işlər görmək təklifi almışdı. Qardaşa iş təklif edən podratçı onun kilsə üçün heç bir iş görmədiyini bilirdi. Amma bu dəfə podratçı pis vəziyyətdə qalmışdı və kilsədəki işi görmək üçün mütləq kimisə tapmalı idi. Buna baxmayaraq, qardaş Müqəddəs Kitab prinsiplərinə bağlı qalır və həmin işdən imtina edir. Növbəti həftə yerli qəzetdə başqa bir dülgərin həmin kilsəyə xaç asdığı şəkil dərc olunmuşdu. Əgər qardaş güzəştə gedib bu işə razılaşsaydı, yəqin ki, qəzetdə onun şəkli olacaqdı. Təsəvvür etmək olar, onun dindaşları arasında qazandığı ada necə böyük xələl gələrdi! Hələ bunun Yehovaya necə təsir edəcəyini bir düşünün!
NƏ ÖYRƏNDİK?
19, 20. a) Biz nələri öyrəndik? b) Daha nələri öyrənməliyik?
19 Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, tezliklə dünya səhnəsində baş verəcək növbəti böyük hadisə xalqların «sülh və təhlükəsizlik» bəyanatı olacaq. Yehovanın bizə verdiyi təlim sayəsində bilirik ki, xalqlar əsl və davamlı sülhə nail ola bilməyəcək. Bəs bu bəyanat verilməzdən və ardınca qəfil məhv gəlməzdən öncə biz nə etməliyik? Yehova istəyir ki, biz Padşahlıq haqda müjdəni təbliğ etməyə davam edək və daha çox şagird hazırlayaq. Bundan əlavə, biz bütün yalan dinlərdən uzaq durmalıyıq. Bura Böyük Babilin üzvlüyündən çıxmaq və onunla əlaqəsi olan istənilən işdən uzaq durmaq daxildir.
20 Axırzamanın axırında başqa hadisələr də cərəyan edəcək. Yehovanın bizdən gözlədiyi başqa şeylər də var. Bunlar nələrdir və yaxın gələcəkdə baş verəcək hadisələrə özümüzü necə hazırlaya bilərik? Növbəti məqalədə bu haqda danışacağıq.
NƏĞMƏ 71 Biz Yehovanın ordusuyuq!
^ abz. 5 Tezliklə xalqlar sülh və təhlükəsizliyə nail olduqları barədə bəyanat verəcək! Bu, böyük müsibətin başlamaq üzrə olduğuna işarə olacaq. Yehova bu bəyanata qədər nə etməyimizi istəyir? Məqalə bu suala cavab tapmağa kömək edəcək.
^ abz. 3 Misal üçün, Birləşmiş Millətlər Təşkilatı öz saytında «beynəlxalq sülh və təhlükəsizliyi qoruduğunu» iddia edir.
^ abz. 6 Bu saydakı «Allahın hökmləri. O, həmişə öncədən xəbərdar edir?» adlı məqaləyə baxın.
^ abz. 23 Təlim vəsaitlərimizi istifadə etməyin yolu haqda daha ətraflı öyrənmək üçün «Gözətçi qülləsi» jurnalının 2018-ci il oktyabr sayında dərc olunan «Həqiqəti öyrədək» adlı məqaləyə baxın.
^ abz. 11 Hal-hazırda ingilis və portuqal dillərində mövcud olan bu dərslər gələcəkdə digər dillərdə də əlçatan olacaq.
^ abz. 16 Bundan əlavə, yalan dinlə əlaqəsi olan gənclər düşərgələrinə, təhsil ocaqlarına, yaxud istirahət mərkəzlərinə üzv olmamalıyıq. Məsələn, bəzi ərazilərdə dini təşkilatlar gimnaziyalar, ictimai hovuzlar, sağlamlıq ocaqları təsis edir. Gənclər üçün nəzərdə tutulan bu təşkilatlar fəaliyyətlərinin dini olmadığını iddia etsələr də, əslində dini düşüncə və dini məqsədlər aşılayan təşkilatlardır.
^ abz. 17 Dini təşkilatlara bağlılığı olan işlərə dair Müqəddəs Kitab prinsipləri barədə ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 1999-cu il 15 aprel sayında dərc olunmuş «Oxucuların sualları» rubrikasına (rus.) baxın.
^ abz. 83 ŞƏKLİN İZAHI. Xəbərlərdə elan olunan «sülh və təhlükəsizlik» bəyanatı kafedə oturan müştərilərin marağına səbəb olur. Sahə xidmətindən sonra fasilə edən məsihi ər-arvad bu xəbərə aldanmır.