TƏLİM MƏQALƏSİ 42
İtaətkarsınız?
«Yuxarıdan nazil olan hikmət... itaətkardır» (YAQ. 3:17).
NƏĞMƏ 101 Birlik içində yaşayaq
İCMAL a
1. Nəyə görə itaətkar olmaq çətin olur?
DAVUD padşah Yehovanı sevirdi. Amma bəzən ona itaətkar olmaq çətin olurdu. Buna görə də Yehovaya belə dua etmişdi: «Sənə itaət etməyə həvəs oyat içimdə» (Zəb. 51:12). Hərdən itaətkar olmaq bizə də çətin olur. Nəyə görə? Əvvəla, ona görə ki, itaətsizlik bizə irsən keçib. İkincisi, Şeytan bizi özünə oxşadıb üsyankarlığa sövq etmək istəyir (2 Kor. 11:3). Üçüncüsü, «hal-hazırda itaətsiz adamlarda fəaliyyət göstərən... ruh», yəni üsyankarlıq ruhu dünyanı bürüyüb (Efes. 2:2). Buna görə də Yehovaya və Onun səlahiyyət verdiyi kəslərə itaət etmək üçün gərək günaha meylimizlə mübarizə aparaq, İblisin və onun dünyasının təzyiqinə qarşı duraq.
2. «İtaətkar» olmaq nə deməkdir? (Yaqub 3:17).
2 Yaqub 3:17 ayəsini oxuyun. Yaqub yazmışdı ki, hikmətli adam «itaətkardır». İtaətkar olmağımız sayəsində Yehovanın müəyyən səlahiyyət həvalə etdiyi kəslərə canla-başla tabe olacağıq. Amma kimsə bizdən Yehovanın əmrini pozmağımızı istəsə, əlbəttə ki, belə insana itaət etməyəcəyik (Həv. 4:18—20).
3. Səlahiyyət sahiblərinə itaət etməyimiz Yehova üçün nəyə görə önəmlidir?
3 Ola bilsin, bizə Yehovaya itaət etmək hansısa insana itaət etməkdən daha asan gəlsin. Axı Yehovanın bütün buyruqları kamildir (Zəb. 19:7). Səlahiyyəti olan kəslər barədə isə bunu demək olmaz. Buna baxmayaraq, Yehova valideynlərə, hökumət işçilərinə və ağsaqqallara müəyyən səlahiyyət həvalə edib (Məs. 6:20; 1 Salon. 5:12; 1 But. 2:13, 14). Onlara itaət edəndə Yehovaya itaət etmiş oluruq. Gəlin görək bu cür insanların verdiyi göstərişlərlə razı olmasaq da, onlara necə itaət edə bilərik.
VALİDEYNLƏRİNİZƏ İTAƏT EDİN
4. Nəyə görə uşaqların çoxu valideynlərinə itaət etmir?
4 Bu gün gənclərin çevrəsindəki yaşıdları «valideynlərinə itaət» etmir (2 Tim. 3:1, 2). Nəyə görə onlar itaətkar deyil? Çünki bəziləri görür ki, valideynlərinin dedikləri ilə etdikləri üst-üstə düşmür, özlərinin etmədiyi şeyi uşaqlarından gözləyirlər. Bir başqaları isə ata-anasının verdiyi məsləhətlərin zəmanəyə uyğun olmadığını və ya qaydaların çox sərt olduğunu düşünür. Əziz gənclər, sizdə də belə fikirlər olub? Bu zaman sizə Yehovanın bu əmrinə əməl etmək çətin gələ bilər: «Rəbbin iradəsinə uyğun olaraq valideynlərinizin sözünə qulaq asın, çünki bu, Allahın gözündə düzgündür» (Efes. 6:1). Bu əmrə uyğun davranmağa sizə nə kömək edə bilər?
5. Luka 2:46—52 ayələrinə əsasən İsanın valideynlərinə qulaq asmağında diqqətəlayiq məqam nə idi?
5 İtaətkarlığı İsadan öyrənə bilərsiniz, o bu sahədə ən gözəl nümunədir (1 But. 2:21—24). İsa qeyri-kamil valideynləri olan kamil övlad idi. Yusiflə Məryəm bəzən onu başa düşməsə də, müəyyən səhvlər etsə də, İsa onlara hörmət edirdi (Çıx. 20:12). Onun 12 yaşı olanda baş vermiş bir hadisəni yadımıza salaq. (Luka 2:46—52 ayələrini oxuyun.) İsa valideynləri ilə birlikdə Yerusəlimə getmişdi. Amma Yusiflə Məryəm geri qayıdanda gördülər ki, İsa yanlarında yoxdur. Təbii ki, bütün uşaqlarının bir arada olmasına nəzarət etmək onların öhdəçiliyi idi. Onlar İsanı tapanda Məryəm onu danlamağa başladı. İsa anasına deyə bilərdi ki, onu nahaq yerə qınayır, amma o, belə demədi, əksinə valideynlərinə qısa və hörmətcil cavab verdi. Yusiflə Məryəm «İsanın nədən danışdığını başa düşmədilər». Hər necə olsa da, İsa «bundan sonra da valideynlərinin sözündən çıxmadı».
6, 7. Uşaqlara valideynlərinin sözünə qulaq asmağa nə kömək edə bilər?
6 Əziz gənclər, valideynləriniz sizi başa düşməyəndə və ya özləri hansısa səhvləri edəndə onlara itaət etmək sizə çətin gəlir? Bu zaman sizə nə kömək edə bilər? Birincisi, Yehovanın hansı hisslər keçirdiyini düşünün. Müqəddəs Kitabda deyilir ki, valideynlərinizin sözünə qulaq asmağınız «Ağaya xoş gedir» (Kol. 3:20). Yehova bilir ki, bəzən valideynləriniz sizi tam başa düşmür və ya qoyduqları qaydalar sərt olur. Belə olanda da onlara itaət edin, onda Yehova sizdən razı qalacaq.
7 İkincisi, valideynlərinizin keçirdiyi hisslər barədə düşünün. Onların sözünə itaət edəndə ürəkləri sevinir və sizə etibarları artır (Məs. 23:22—25). Bu həm də sizə onlarla daha yaxın olmağa kömək edəcək. Belçikadan olan Aleksandr qardaş deyir: «Valideynlərimin buyruqlarını yerinə yetirdikcə münasibətlərimiz yaxşılaşdı, daha mehriban, daha xoşbəxt olduq» b. Üçüncüsü, yadda saxlayın ki, itaətkar olmağınız sabah sizə xeyir gətirəcək. Braziliyada yaşayan Paulo deyir: «Ata-anamın sözünə qulaq asmaq mənə Yehovaya və digər səlahiyyətli şəxslərə itaət etməyə kömək etdi». Allahın Kəlamında valideynlərə itaət etməyin belə bir vacib səbəbi vurğulanır: «Beləcə, güzəranın xoş, yer üzündə ömrün uzun olacaq» (Efes. 6:2, 3).
8. Çoxlarını valideynlərinin sözünə qulaq asmağa nə təşviq edir?
8 Valideynlərinə itaətkarlığın xeyrini çox gənc görüb. Braziliyadan olan Luizanın valideynləri müəyyən müddət ona telefon almağa icazə vermirdilər. O, əvvəl-əvvəl bunun səbəbini başa düşə bilmirdi. Luiza əsas gətirirdi ki, onun yaşında olanların çoxunun telefonu var. Amma Luiza sonra başa düşdü ki, valideynləri əslində onu bu yolla qoruyub. O, indi belə deyir: «Valideynlərimin qoyduğu qayda-qanunlara əlimi-qolumu bağlayan “dəli köynəyi” kimi yox, həyatımı qoruyan təhlükəsizlik kəməri kimi baxıram». Birləşmiş Ştatlardan olan Elizabetə isə indinin özündə də hərdən valideynlərinə qulaq asmaq çətin olur. Amma o bunun öhdəsindən belə gəlir: «Valideynlərimin qoyduğu hansısa qaydanı tam başa düşməyəndə bundan əvvəlki qaydalarının məni necə qoruduğunu yadıma salıram». Monika isə deyir ki, ata-anasının sözünə qulaq asanda həmişə xeyir tapıb, qulaq asmayanda isə ziyanını görüb.
HÖKUMƏTƏ TABE OLUN
9. Çoxları qanunlara tabe olmaqla bağlı nə düşünür?
9 Çox adam qəbul edir ki, ölkəni idarə edən «hökumət» olmalıdır və onun qoyduğu qaydaların heç olmasa bəzilərinə əməl etmək lazımdır (Rom. 13:1). Amma bəzən elə həmin adamlar bəyənmədikləri, onlara ağır gələn qanunlara əməl etmir. Götürək elə vergi məsələsini. Bir Avropa ölkəsində sorğuda iştirak edənlərin dörddə biri hesab edir ki, «sənə ağlabatan gəlməyən vergiləri ödəməyə bilərsən». Təəccüblü deyil ki, bu ölkənin əhalisi vergilərin təxminən 65 faizini ödəyir.
10. Nəyə görə hətta xoşumuza gəlməsə belə qanunlara itaət etməliyik?
10 Müqəddəs Kitabdan görmək olar ki, biz insan hökumətləri ucbatından əzab çəkirik, onları Şeytan idarə edir və onlar tezliklə məhv ediləcək (Zəb. 110:5, 6; Vaiz 8:9; Luka 4:5, 6). Amma orada həmçinin yazılıb ki, «hökumətə qarşı çıxan Allahın təsis etdiyi quruluşa qarşı çıxır». Hökumətlər Allahın nizam-intizamı qorumaq üçün təsis etdiyi müvəqqəti quruluşdur və bizdən onlara nisbi tabeçilik gözlənilir. Odur ki, biz «hər kəsə haqqını» verməliyik. Bura vergi ödəmək, hörmət göstərmək və itaət etmək daxildir (Rom. 13:1—7). Ola bilsin, hansısa qanun bizə haqsız görünsün, rahatlığımızı pozsun və ya ona itaət etmək bizə baha-başa gəlsin. Buna baxmayaraq, Yehovanın xatirinə biz hökumətin qanunlarına tabe olacağıq. Amma əlbəttə ki, Yehovanın əmrini pozmağı tələb edən qanunlar bura aid deyil (Həv. 5:29).
11, 12. Luka 2:1—6 ayələrinə əsasən Yusiflə Məryəm çətin olsa da, qanuna tabe olmaqdan ötrü nələr etmişdi? Bəs nəticə necə oldu? (Həmçinin şəkillərə baxın.)
11 Yusiflə Məryəm bizim üçün gözəl nümunədir. Bu ər-arvad onlar üçün asan olmayanda belə hökumətə tabe olurdu. (Luka 2:1—6 ayələrini oxuyun.) Məryəmin hamiləliyinin təxminən doqquzuncu ayında onların itaətkarlığı sınandı. Roma imperatoru Sezar Avqust əhalinin siyahıya alınması üçün fərman verdi. Yusiflə Məryəm dağlı-təpəli yollarla haradasa 150 kilometr qət edib Beytləhmə getməli idi. Bu heç də asan səyahət olmayacaqdı, əsas da Məryəm üçün. Yəqin, onlar həm Məryəmin, həm də doğulmamış körpənin sağlamlığına görə narahat idilər. Birdən yolda Məryəmin doğuş sancıları tutsaydı, necə olacaqdı? Axı o, bətnində gələcək Məsihi daşıyırdı. Bu onlara hökumətin əmrinə itaətsizlik etməyə haqq qazandırardı?
12 Yusiflə Məryəmin narahat olmaq üçün yetərincə səbəbi olsa da, onlar qanuna tabe oldu. Yehova da onların itaətini qiymətləndirib qeydlərinə qaldı. Məryəm sağ-salamat Beytləhmə çatdı, sağlam uşaq dünyaya gətirdi, hətta Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetməsində pay sahibi oldu! (Mik. 5:2).
13. İtaətkarlığımız dindaşlarımıza hansı xeyri gətirir?
13 Hökumətə tabe olmağın həm özümüzə, həm də başqalarına xeyri var. Məsələn, qanunu pozmadığımız üçün cəza almırıq (Rom. 13:4). Həmçinin itaətkarlığımız sayəsində hökumət Yehovanın Şahidləri barədə yaxşı fikirdə olur. Misal üçün, uzun illər əvvəl Nigeriyada əsgərlər görüş vaxtı ibadət evinə daxil olmuşdu. Onlar vergiyə qarşı olan qiyamçıları axtarırdı. Amma rəis «Yehovanın Şahidləri vergi əleyhdarları deyil» deyib əsgərlərə əmr etdi ki, zalı tərk etsinlər. Hər dəfə hökumətin qanunlarına tabe olanda Allahın xalqının reputasiyasını daha da yaxşılaşdırırsınız. Bu isə günlərin bir günü dindaşlarınızı qoruya bilər (Mət. 5:16).
14. Bir bacıya hökumətə tabe olmağa nə kömək etmişdi?
14 Amma bəzən insan hökumətə tabe olmaq istəmir. Birləşmiş Ştatlarda yaşayan Coana bacı deyir: «Ailə üzvlərim hökumətin əlindən çox çəkib, ona görə də itaətkar olmaq mənim üçün həddən artıq çətin idi». Amma Coana məqsədyönlü şəkildə düşüncəsini dəyişməyə çalışdı. Birincisi, o, internetdən dövlətin əleyhinə olan postları oxumağa son qoydu (Məs. 20:3). İkincisi, dua etdi, Yehovadan kömək istədi ki, hökumətdə nəyinsə dəyişəcəyinə yox, Ona ümid etsin (Zəb. 9:9, 10). Üçüncüsü, Coana nəşrlərimizdən bitərəfliklə bağlı məqalələr oxudu (Yəh. 17:16). O, indi deyir ki, hökumətə hörməti və itaəti sayəsində ürəyində «sözlə ifadə olunmaz qədər rahatlıq var».
YEHOVANIN TƏŞKİLATINDAN GƏLƏN GÖSTƏRİŞLƏRƏ İTAƏT EDİN
15. Yehovanın təşkilatından gələn göstərişlərə tabe olmaq nəyə görə bəzən çətin olur?
15 Yehova buyurur ki, yığıncağa «rəhbərlik edənlərə itaət» edək (İbr. 13:17). Ağamız İsa kamil olsa da, rəhbərlik etmək üçün təyin etdiyi qardaşlar qeyri-kamildir. Onlara itaət etmək bizə bəzən asan olmur, əsas da onlar istəmədiyimiz bir şeyi bizə buyuranda. Bu, bir dəfə Butrusa da çətin olmuşdu. Mələk ona demişdi ki, Musanın Qanununda napak hesab olunan heyvanların ətini yesin, Butrus isə bundan imtina etmişdi, özü də bir dəfə yox, düz üç dəfə (Həv. 10:9—16). Nəyə görə? Çünki o bu məsələdə başqa cür davranmağa alışmışdı, yeni göstəriş isə ona ağlabatan gəlmirdi. Əgər kamil mələyin göstərişinə itaət etmək Butrusa çətin idisə, görün qeyri-kamil insanlardan aldığımız göstərişə itaət etmək bizə nə qədər çətin ola bilər!
16. Verilən göstəriş Bulusa ağlabatan görünməsə də, o nə etdi? (Həvarilərin işləri 21:23, 24, 26).
16 Həvari Bulus hətta ona məntiqsiz gələn göstərişlərə də itaət edirdi. Bulus barədə şayiələr gəzirdi, guya o, camaata təbliğ edir ki, «Musanın Qanunundan dönsünlər». Bu şayiələr yəhudi məsihilərin də qulağına çatmışdı (Həv. 21:21). Buna görə də Yerusəlimdəki ağsaqqallar Bulusa dedi ki, özü ilə dörd nəfər götürüb məbədə getsin və paklansın; hamı görsün ki, o, Qanuna riayət edir. Bulus məsihilərin artıq Qanunun tabeliyində olmadığını bilirdi, həm də o, heç bir səhv iş görməmişdi. Amma yenə də Bulus ağsaqqalların bir sözünü iki etmədi, səhərisi gün «həmin kişiləri yanına alıb onlarla birlikdə paklandı». (Həvarilərin işləri 21:23, 24, 26 ayələrini oxuyun.) Bulusun itaəti sayəsində bacı-qardaşlar arasındakı birlik pozulmadı (Rom. 14:19, 21).
17. Stefanidən nə öyrənirsiniz?
17 Stefani bacıya qardaşların verdiyi bir qərarı qəbul etmək çətin olmuşdu. O, yoldaşı ilə əcnəbidilli qrupda həvəslə xidmət edirdi. Amma sonra filial komitəsi bu qrupu ləğv etdi və onlar yenidən ana dillərində olan yığıncağa təyin olundu. Stefani deyir: «Çox dilxor olmuşdum. Ana dilimizdə olan yığıncaqda təbliğçilərə tələbatın olmadığını düşünürdüm». Buna baxmayaraq, o bu yeni göstərişə tabe oldu. Stefani sözünə əlavə edir: «Zamanla gördüm ki, bu qərar hikmətli imiş. Yığıncağımızda həqiqətdə tək olan çox məsihi var. Biz onlar üçün ruhani valideyn olduq. Həmçinin mən fəaliyyətini bərpa etmiş bir bacıya dərs keçirəm. Üstəlik, fərdi mütaliə üçün indi daha çox vaxtım var. Vicdanım da rahatdır ki, itaətkarlıq göstərmək üçün əlimdən gələni etdim».
18. İtaətkar olmağın hansı xeyri var?
18 İtaətkar olmağı öyrənmək mümkündür. İsa «itaətli olmağı» öyrənmişdi, amma o bunu mükəmməl şəraitdə yox, «çəkdiyi əzablar sayəsində» öyrənmişdi (İbr. 5:8). Onun kimi biz də çox vaxt itaətkarlığı məhz çətin vəziyyətdə olanda öyrənirik. Məsələn, COVID-19 pandemiyasının başlanğıcında ibadət evlərində yığışmaq və ev-ev təbliğ etmək dayandırılmışdı. Bu göstərişə itaət etmək sizə çətin idi? Bununla belə, itaətkarlığınız sizi qorudu, yığıncaqda birlik oldu və Yehova da razı qaldı. İndi hamımıza böyük müsibətdə alacağımız göstərişlərə tabe olmaq daha asan olacaq. Verilən göstərişlərə itaət etmək həyatımızı xilas edəcək! (Əyy. 36:11).
19. Nəyə görə itaətkar olmaq istəyirsiniz?
19 Öyrəndik ki, itaətkarlıq göstərməyin saysız-hesabsız xeyri var. Amma Yehovaya itaət etməyimizin əsas səbəbi odur ki, Onu sevirik və qəlbini sevindirmək istəyirik (1 Yəh. 5:3). Biz heç vaxt Yehovanın borcunun altından çıxa bilmərik (Zəb. 116:12). Amma Ona və üzərimizdə olan səlahiyyətli şəxslərə itaət edə bilərik. İtaətkarlığımız hikmətli olduğumuzu göstərəcək. Hikmətli olmağımız isə Yehovanın qəlbini sevindirir (Məs. 27:11).
NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir
a İnsanın bizə göstəriş verməyə səlahiyyəti çatsa da, çatmasa da, qeyri-kamil olduğumuz üçün bəzən itaətkar olmaq bizə çətin olur. Bu məqalədə valideynlərə, hökumətə və yığıncaqda rəhbərlik edən qardaşlara itaət etməyin xeyrindən danışacağıq.
b Valideynlərinizin qoyduğu qaydalara itaət etmək çətindirsə, onlarla bu barədə danışmaq üçün jw.org saytında yerləşən «Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?» məqaləsindən yaxşı məsləhətlər tapa bilərsiniz.
c ŞƏKLİN İZAHI. Yusiflə Məryəm Sezarın fərmanına itaət edib qeydiyyatdan keçmək üçün Beytləhmə getdi. Bu gün də məsihilər hökumətin qoyduğu yol-hərəkət qaydalarına, vergi tələblərinə, sağlamlıqla bağlı göstərişlərə itaət edir.