TƏLİM MƏQALƏSİ 44
Kəlamdakı hər incəliyi görün
«Həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini tam [qavrayın]» (EFES. 3:18).
NƏĞMƏ 95 Həqiqət nuru parlayır
İCMAL a
1, 2. Müqəddəs Kitabı mütaliə etməyin ən yaxşı yolu hansıdır? Nümunə çəkin.
TƏSƏVVÜR edin ki, ev almaq istəyirsiniz. Evin təkcə bayır tərəfindən şəklinə baxmaq kifayət edərdi? Yəqin, istəyərdiniz ki, evi canlı görəsiniz, həm çöl tərəfini, həm də bütün otaqlarını bir-bir gəzəsiniz, hər bir qarışına diqqətlə baxasınız. Bəlkə, evin çertyojuna da nəzər salardınız. Bəli, gələcək evinizin hər künc-bucağını görmək istəyərdiniz.
2 Eyni şeyi Allahın Kəlamını mütaliə edən zaman da etməliyik. Bir yazıçı Müqəddəs Kitabı «hündür qüllələri və dərin bünövrəsi olan nəhəng bir tikiliyə» bənzətmişdi. Bəs onda orada yazılanların hamısını necə öyrənmək olar? Əgər onu tez-tələsik oxusanız, yalnız təməl həqiqətləri başa düşəcəksiniz, başqa sözlə desək, «Allahın müqəddəs sözləri ilə bağlı ibtidai təlimləri» biləcəksiniz (İbr. 5:12). Buna görə də Müqəddəs Kitabın «içinə girib» oradakı incəlikləri görməyə çalışın. Bunu etməyin ən gözəl yolu müxtəlif hissələrin bir-biri ilə necə əlaqəli olduğunu görməkdir. Məqsəd qoyun ki, təkcə nəyə inandığınızı yox, həmçinin buna nəyə görə inandığınızı da dərk edəsiniz.
3. Həvari Bulus dindaşlarını nəyə təşviq edirdi və nə üçün? (Efeslilərə 3:14—19).
3 Allahın Kəlamının hər incəliyini görmək üçün oradakı dərin həqiqətləri öyrənməliyik. Bulus məsihiləri təşviq etmişdi ki, Allahın Kəlamının dərinliyinə varıb «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» tam qavrasınlar. Bunun sayəsində onların imanları «möhkəm» və «mətin» olacaqdı. (Efeslilərə 3:14—19 ayələrini oxuyun.) Biz də eyni şeyi etməliyik. Bəs Allahın Kəlamındakı dərin həqiqətləri hərtərəfli görmək üçün onu necə tədqiq etməliyik?
DƏRİN HƏQİQƏTLƏRİ KƏŞF EDİN
4. Yehovaya yaxınlaşmaq üçün nə edə bilərik? Misal çəkin.
4 Məsihilər üçün Müqəddəs Kitabı yalnız səthi başa düşmək kifayət deyil. Biz müqəddəs ruhun köməyi ilə «Allahın dərin sirlərini belə» öyrənməyə can atırıq (1 Kor. 2:9, 10). Bəlkə, Yehovaya yaxınlaşmağınıza kömək edəcək mövzuları araşdırasınız? Məsələn, araşdıra bilərsiniz ki, Yehova qədimdə xidmətçilərinə Öz məhəbbətini necə göstərmişdi və bu Onun sizi də sevdiyini necə sübut edir. Həmçinin Yehovanın qədimdə hansı ibadəti təsis etdiyini araşdırmaq və onu indiki ibadətinizlə müqayisə etmək olar. Yaxud İsa Məsihin üzərində yerinə yetmiş peyğəmbərlikləri dərindən öyrənə bilərsiniz.
5. Fərdi mütaliə zamanı hansı mövzunu araşdırmaq istəyərdiniz?
5 Müqəddəs Kitabı mütaliə etməyi sevən bir neçə nəfərdən soruşmuşdular ki, görsünlər onlar hansı mövzuları daha dərindən araşdırmaq istəyərdilər. Onların verdiyi cavablardan bəziləri « Fərdi mütaliə üçün mövzular» adlı çərçivədə qeyd olunub. Bu mövzuları araşdırmaq sizə böyük sevinc gətirəcək. Bunları «Gözətçi qülləsi nəşrlərinin indeksi» (türk.) və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinin köməyi ilə edə bilərsiniz. Dərin mütaliə imanınızı möhkəmləndirəcək və siz «Allahın elminə» yetişəcəksiniz (Məs. 2:4, 5). İndi dərin mövzulardan bəzilərinə diqqət yetirəcəyik.
ALLAHIN NİYYƏTİ BARƏDƏ DƏRİN DÜŞÜNÜN
6. a) Yehovanın niyyətini hər zaman yerinə yetirdiyini göstərən nümunə çəkin. b) Nəyə görə deyə bilərik ki, Yehovanın insanlarla və Yer kürəsi ilə bağlı niyyəti əbədidir?
6 Məsələn, götürək Müqəddəs Kitabda Allahın niyyəti ilə bağlı deyilənləri. Yehova nəyisə etməyə qərar verəndə hansısa konkret yoldan asılı olmur. Bunu bir nümunə əsasında izah etmək olar. Təsəvvür edin ki, kəndə getmək istəyirsiniz. Amma görürsünüz ki, böyük bir ağac aşıb, yolu bağlayıb. Bu yolla kəndə getmək mümkün deyil, buna görə də başqa yol seçirsiniz. Əlbəttə ki, biz niyyət etdiyimiz hər şeyə həmişə çata bilmərik. Amma Yehovaya niyyətinə çatmağa heç nə mane ola bilməz, O buna istənilən yolla çata bilər. Axı O, «hər şeyi Öz məqsədi üçün qurub» (Məs. 16:4). Həmçinin Müqəddəs Kitabda yazılıb ki, Yehovanın niyyəti «əbədidir» (Efes. 3:11). Hansı mənada? Yehova niyyətinin tam şəkildə yerinə yetməsi üçün əsrlərin keçməsinə izin verib. Həm də Onun gerçəkləşdirdiyi hər bir şey əbədi qalacaq. Bəs Yehovanın niyyəti nədir? O, niyyətini yerinə yetirmək üçün nələri dəyişib?
7. Adəmlə Həvva üsyan edəndən sonra Yehova niyyətini yerinə yetirmək üçün hansı dəyişikliyi etdi? (Mətta 25:34).
7 Yehova Adəm və Həvvaya onlarla bağlı niyyətini bildirmişdi. Onlara demişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun... Yerdəki digər canlıların üzərində hökmranlıq edin» (Yar. 1:28). Lakin Adəmlə Həvva Yehovaya üsyan etdi və bəşər ailəsinə günah daxil oldu. Amma bu, Yehovaya niyyətini həyata keçirməyə mane olmadı. Yehova niyyətini həyata keçirmək üçün başqa yol seçdi. O, dərhal qərar verdi ki, bir Padşahlıq qursun; bu Padşahlıq Onun insanlarla və Yer kürəsi ilə bağlı əzəli niyyətini yerinə yetirsin. (Mətta 25:34 ayəsini oxuyun.) Yehova təyin etdiyi vaxtda Oğlunu yer üzünə göndərdi. İsa Padşahlıq haqda təbliğ etdi və insanları günahdan, ölümdən xilas etmək üçün öz həyatını qurban verdi. Sonra İsa dirildi və Allahın Padşahlığının Padşahı təyin olundu. Dərinliyə varsaq, Yehovanın niyyəti barədə hələ çox şey öyrənə bilərik.
8. a) Müqəddəs Kitabın mövzusu nədir? b) Efeslilərə 1:8—11 ayələrinə əsasən Yehovanın əsas niyyəti nədir? (Üz qabığındakı şəklə baxın.)
8 Yehova İsanın idarə etdiyi Padşahlıq vasitəsilə yer üzü ilə bağlı niyyətini yerinə yetirərək adına bəraət qazandıracaq. Bu, Müqəddəs Kitabın əsas mövzusudur. Yehovanın niyyəti dəyişilməzdir. O, söz verib ki, hər şey dediyi kimi olacaq (Əşy. 46:10, 11; İbr. 6:17, 18). Yer kürəsi Cənnətə çevriləcək. Adəmlə Həvvanın kamil, saleh nəsli əbədi yaşayacaq (Zəb. 22:26). Amma Yehovanın daha geniş məqsədi var. Onun əsas niyyəti odur ki, göydə və yerdə olan bütün şüurlu varlıqların arasında birlik yaratsın. Onda onların hamısı Yehovanın rəhbərliyini qəbul edib Ona sədaqətlə qulluq edəcək. (Efeslilərə 1:8—11 ayələrini oxuyun.) Doğrudan da, Yehova Öz niyyətini möhtəşəm şəkildə həyata keçirir. Buna valeh olmamaq mümkün deyil.
GƏLƏCƏYİNİZ BARƏDƏ DƏRİN DÜŞÜNÜN
9. Müqəddəs Kitabı oxuyub gələcəyimizi hara kimi görə bilərik?
9 Yehovanın Ədən bağında söylədiyi peyğəmbərliyi yadımıza salaq. Bu peyğəmbərlik Yaradılış 3:15 ayəsində yazılıb b. Orada Yehovanın niyyətinin həyata keçməsi üçün hansı hadisələrin baş verəcəyindən danışılır. Amma həmin hadisələr min illiklər sonra baş verəcəkdi. Məsələn, bu hadisələrdən biri qadının övladının əsas hissəsi olan Məsihin İbrahim peyğəmbərin nəslindən gəlməsi idi (Yar. 22:15—18). Sonra peyğəmbərlik olunduğu kimi eramızın 33-cü ilində İsa Məsih dabanından sancıldı (Həv. 3:13—15). Bu peyğəmbərliyə aid olan son hadisə Şeytanın başının əzilməsi olacaq. Bunun baş verməsinə isə min ildən çox vaxt qalıb (Vəhy 20:7—10). Bəs görəsən, Şeytan dünyası ilə Yehovanın təşkilatı arasındakı düşmənçilik ən son həddə çatanda nələr baş verəcək?
10. a) Tezliklə hansı hadisələr baş verəcək? b) Ağlımızı və ürəyimizi necə hazırlaya bilərik? (Haşiyəyə baxın.)
10 Müqəddəs Kitabdan bu barədə çox şey öyrənə bilərik. Yer üzünü lərzəyə gətirəcək hadisələr barədə düşünək. Birincisi, dünya liderləri «sülh və təhlükəsizlik» bəyanatını verəcək (1 Salon. 5:2, 3). Onlar bütün yalan dinlərə hücum edəndə qəfil böyük müsibət başlayacaq (Vəhy 17:16). Bundan sonra, ola bilsin, «insan Oğlunun qüdrətlə, calal içində buludların üzərində» gəlməsinin fövqəlbəşər nümayişi olacaq (Mət. 24:30). İsa Məsih insanları mühakimə edib quzuları keçilərdən ayıracaq (Mət. 25:31—33, 46). Şeytan da boş dayanmayacaq. O, bütün nifrətini töküb Məcuc ölkəsindən olan Yəcucu, yəni millətlər birliyini Allahın xalqına qarşı qaldıracaq (Hizq. 38:2, 10, 11). Böyük müsibətin hansısa məqamında yer üzündəki məsh olunmuş məsihilər göyə toplanacaq. Onlar Məsihlə və onun səmavi ordusu ilə birgə böyük müsibətin sonunda, Armageddon müharibəsində döyüşəcəklər c (Mət. 24:31; Vəhy 16:14, 16). Sonra isə yer üzündə Məsihin minillik hakimiyyəti dövrü başlayacaq (Vəhy 20:6).
11. Əbədi həyat sizin üçün nə deməkdir? (Həmçinin şəklə baxın.)
11 İndi isə uzaq gələcəyimiz barədə düşünək. Müqəddəs Kitabda deyilir ki, Yaradanımız «insanların ürəyinə əbədiyyət» qoyub (Vaiz 3:11). Başa düşürsünüz, bu sizin üçün, Yehova ilə münasibətiniz üçün nə deməkdir? «Yehovaya yaxınlaş» kitabının 319-cu səhifəsində (türk.) gələcəyə marağımızı artıran gözəl sözlər yazılıb: «Yüz, min, milyon, hətta milyard il yaşayandan sonra Yehova haqda indikindən qat-qat çox şey biləcəyik. Amma hələ də saysız-hesabsız heyrətamiz həqiqətləri kəşf etməyə davam edəcəyik... Əbədi həyat ağlımıza gəlməyəcək qədər dolğun, rəngarəng olacaq. Bu həyatı ən gözəl edən məqam isə Yehovaya daha da yaxınlaşmağımız olacaq». Müqəddəs Kitabı mütaliə edən zaman daha nələri araşdıra bilərik?
SƏMAVİ ALƏMƏ BAXIN
12. Səmavi aləmə necə baxa bilərik? Nümunə çəkin.
12 Müqəddəs Kitabın sayəsində Yehovanın «ucalarda» olan məskəni barədə müəyyən təsəvvürümüz olur (Əşy. 33:5). Orada Yehova Allah və Onun təşkilatının səmavi hissəsi ilə bağlı valehedici məlumatlar var (Əşy. 6:1—4; Dən. 7:9, 10; Vəhy 4:1—6). Məsələn, biz Hizqiyalın gördüyü görüntülər barədə oxuya bilərik. Göylər açılanda və Allahdan görüntülər nazil olanda o, valehedici şeylər görmüşdü (Hizq. 1:1).
13. İbranilərə 4:14—16 ayələrinə əsasən İsanın göydə gördüyü işlərlə bağlı nəyi qiymətləndirirsiniz?
13 Həmçinin İsanın padşah və mərhəmətli baş kahin kimi göydə gördüyü işlər barədə düşünün. Biz onun vasitəsilə duada «Allahın lütf taxtına» yaxınlaşa bilirik və «dara düşəndə» Ondan mərhəmət, kömək istəyirik. (İbranilərə 4:14—16 ayələrini oxuyun.) Qoy Yehovanın və İsanın bizim üçün həm keçmişdə, həm də indi etdikləri barədə düşünmədiyimiz bir gün belə olmasın. Onların bizə sevgisi qəlbimizi isindirir və Yehovaya ibadətdə əlimizdən gələni etməyə təşviq edir (2 Kor. 5:14, 15).
14. Yehovaya və İsaya minnətdarlığımızı bildirməyin ən yaxşı üsullarından biri nədir? (Həmçinin şəkillərə baxın.)
14 Yehovaya və İsaya minnətdarlığımızı necə göstərə bilərik? Bunun ən gözəl üsullarından biri başqalarına Yehovanın Şahidi olmağa və İsanın ardınca getməyə kömək etməkdir (Mət. 28:19, 20). Həvari Bulus Yehovaya və İsaya minnətdarlıqdan irəli gələrək belə də etmişdi. O bilirdi ki, Yehovanın iradəsi «hər cür [insanın] xilas olub həqiqət barəsində dəqiq biliyə» yiyələnməsidir (1 Tim. 2:3, 4). Bulus daha çox insana kömək etmək üçün xidmətdə əlindən gələni edirdi. O istəyirdi ki, «hər cür vasitədən istifadə edib kimlərisə xilas» edə bilsin (1 Kor. 9:22, 23).
ALLAHIN KƏLAMINI ARAŞDIRMAQDAN ZÖVQ ALIN
15. Zəbur 1:2 ayəsinə əsasən bizi nə xoşbəxt edəcək?
15 Birinci məzmurun yazarı xoşbəxt insanı təsvir edərək belə sözlər yazmışdı: «O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır» (Zəb. 1:1—3). Bir Müqəddəs Kitab tərcüməçisi bu ayələrlə bağlı belə sözlər demişdi: «İnsan ilahi nəsihətlərdən o qədər həzz almalıdır ki, onu axtarmalı, araşdırmalı və xeyli vaxt ayırıb üzərində düşünməlidir. Müqəddəs Kitabın oxucusu oradakı hikmətə baş vurmadığı hər bir gününü bada vermiş olur» («Studies in the Psalms»). Kəlamdakı incəlikləri, orada yazılanların bir-biri ilə əlaqəsini görməyə çalışdıqca mütaliəniz sizə zövq verəcək. Allahın Kəlamının hər bir incəliyini görməyə çalışmaq insana sözlə ifadəolunmaz dərəcədə zövq verir!
16. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
16 Yehovanın Kəlamında bizə açıqladığı gözəl həqiqətləri başa düşmək çətin deyil. Növbəti məqalədə dərin həqiqətlərdən biri barədə — Yehovanın ruhani məbədi haqda danışacağıq. Bulus ibranilərə məktubunda bu məbədi təsvir etmişdi. Ümid edirik, bu mövzunu araşdırmaq xoşunuza gələcək.
NƏĞMƏ 94 Allahın Kəlamına görə minnətdarıq
a Müqəddəs Kitabı araşdırmaq bizə ömür boyu sevinc gətirə bilər. Bunun bizə böyük xeyri var və bizi səmavi Atamıza daha da yaxınlaşdırır. Bu məqalədə görəcəyik ki, Allahın Kəlamının «genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» necə tədqiq edə bilərik.
b «Gözətçi qülləsi» jurnalının 2022-ci il iyul sayında yerləşən «Sizə aidiyyəti olan qədim peyğəmbərlik» adlı məqaləyə baxın.
c Yaxın gələcəkdə dünyanı sarsıdacaq hadisələrə özünüzü hazırlamaq üçün «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 230-cu səhifəsinə baxın.