Kontentə keç

Mündəricatı göstər

Allahın mərhəmətini əks etdirək

Allahın mərhəmətini əks etdirək

«Yehova, Yehova, rəhmli və mərhəmətli... Allah» (ÇIX. 34:6).

NƏĞMƏ: 57, 147

1. Yehova Allah Özünü Musaya hansı yöndən tanıtdı və nə üçün bu, vacib məqamdır?

BİR GÜN Allah Özünü Musa peyğəmbərə tanıtmaq üçün ona adını və xüsusiyyətlərini bəyan edir. Yehova Musaya nə qədər qüdrətli və hikmətli olduğunu deyə bilərdi. Amma O, ilk olaraq rəhmli və mərhəmətli olduğunu bildirir. (Çıxış 34:5—7 ayələrini oxuyun.) Musa peyğəmbər Allahın ona dayaq olduğuna əmin olmaq istəyirdi. Buna görə də Yehova ona Öz bəndələrinə kömək etməyə hazır olduğunu göstərən xüsusiyyətlərini sadalayır (Çıx. 33:13). Məgər Allahın məhz rəhmli və mərhəmətli olduğunu vurğulaması sizi riqqətə gətirmir? Bu məqalədə başqalarının dərdinə yanıb onların hayına yetməyə səsləyən mərhəmət xüsusiyyətindən danışılacaq.

2, 3. a) Mərhəmətin insan təbiətinə xas olduğunu nə göstərir? b) Nəyə görə mərhəmət xüsusiyyəti haqqında öyrənmək lazımdır?

2 Yehova Allah insanı Öz bənzərində yaradıb. O, mərhəmətli olduğuna görə bu xüsusiyyət insana da xasdır, hətta Yehovanı tanımayanlara belə (Yar. 1:27). Müqəddəs Kitabda çoxlu mərhəmət təzahürlərinə rast gəlmək olar. Misal üçün, bir dəfə Süleyman padşahın yanına iki qadın gəlmişdi. Onların hər ikisi eyni körpənin anası olduğunu iddia edirdi. Bu körpənin anasının əslində kim olduğunu müəyyən etmək üçün peyğəmbər uşağı qılıncla iki yerə bölməyi əmr edir. Onda körpənin həqiqi anasının mərhəmət hissi buna yol vermir; körpəyə bir şey olmasın deyə, onun o biri qadına verilməsinə belə razı olur (1 Pad. 3:23—27). Yaxud götürək fironun qızını. O, yəhudi körpələrin öldürülməli olduğunu bilsə də, Musaya yazığı gəlir və onu övladlığa götürür (Çıx. 2:5, 6).

3 Nəyə görə mərhəmət haqqında ətraflı öyrənmək lazımdır? Çünki Yehova istəyir ki, biz Ondan örnək götürək (Efes. 5:1). Allah insanı mərhəmət göstərmək qabiliyyəti ilə yaratsa da, Adəmin günahlı övladları olan bizlər xudbinliyə meyilliyik. Çox vaxt tərəzimizdəki «mən» daşı «sən» daşından ağır gəlir. Bəs başqalarına can yandırmağı necə öyrənə bilərik? Gəlin bu mövzuya aid müvafiq prinsipləri araşdıraq. İlk növbədə, Yehovanın və bəzi insanların necə mərhəmət göstərdiklərinə nəzər salaq. Sonra Yehovanın mərhəmətini necə əks etdirə biləcəyimizi və bunun bizə hansı faydalar gətirəcəyini araşdıraq.

KAMİL MƏRHƏMƏT NÜMUNƏSİ

4. a) Yehova mələklərini Səduma nə üçün göndərdi? b) Lut və qızlarının hadisəsindən Yehovanın mərhəməti barədə nə öyrənirik?

4 Müqəddəs Kitabda Yehovanın mərhəmətinə çox rast gəlmək olar. Məsələn, Onun Lut peyğəmbərlə necə davrandığını yadımıza sala bilərik. Lut Sədumla Əmurə əhlinin azğınlığına görə əzab çəkirdi. Bu xalq o qədər əxlaqsız idi ki, Yehova onları məhv etmək qərarına gəlir (2 But. 2:7, 8). Lutu xilas etmək üçün Allah Öz mələklərini göndərir. Mələklər Lutu və onun ailə üzvlərini məhvə düçar olmuş şəhərləri tərk etməyə tələsdirir. «Lut ləng tərpənirdi. Amma Yehovanın ona rəhmi gəldiyindən [mələklər] Lutun, arvadının və qızlarının əlindən tutub onları şəhərdən çıxardılar» (Yar. 19:16). Bu hadisə göstərir ki, Yehova Allah sadiq bəndələrinin qarşılaşdığı çətinliklərdən agahdır (Əşy. 63:7—9; Yaq. 5:11, haş.; 2 But. 2:9).

5. 1 Yəhya 3:17 ayəsi və digər bu kimi ayələr bizə rəhmli olmağa necə kömək edir?

5 Mərhəmətli Allahımız Yehova Öz xalqına da mərhəmətli olmağı öyrədir. Bunu İsrail xalqına verdiyi qanunlardan görmək olar. İsraildə kiməsə borca pul verən şəxs həmin adamın paltarını girov götürə bilərdi. (Çıxış 22:26, 27 ayələrini oxuyun.) Amma gün batana kimi paltarı yiyəsinə qaytarmalı idi ki, onun yatanda əyni isti olsun. Daşürəkli insan paltarı geri qaytarmaq istəməyə bilərdi. Yehova isə xalqına rəhmli olmağı öyrədirdi. Bu qanunun əsasında duran prinsip bizi nəyə təşviq edir? Biz də dindaşımıza kömək eləməyə imkanımız olduğu halda onun «soyuqdan donmasına» yol verməməliyik (Kol. 3:12; Yaq. 2:15, 16; 1 Yəhya 3:17 ayəsini oxuyun).

6. Yehovanın İsrail xalqına mərhəmət göstərməsindən nə öyrənirik?

6 İsrail xalqı günaha batanda belə, Yehovanın onlara rəhmi gəlirdi. Müqəddəs Kitabda yazılıb: «Ata-babalarının Allahı Yehova elçilərini göndərib dönə-dönə onlara xəbərdarlıq etdi, çünki xalqına, məskəninə yazığı gəlirdi» (2 Saln. 36:15). Eynilə, biz də günahlı həyat sürən insanlara mərhəmət göstərməliyik. Çünki onların tövbə edib Allahın rəğbətini qazanmaq imkanı var. Yehova istəmir ki, Onun hökm günündə kimsə məhv olsun (2 But. 3:9). Buna görə, hələ ki o gün gəlməyib, gəlin Yehovanın xəbərdarlığını car çəkib insanlara Onun rəhmini duyuraq.

7, 8. Bir ailə başına gələn hadisələrdən hansı qənaətə gəlmişdi?

7 Yehovanın Öz xalqına rəhm göstərdiyinə dair çoxlu misal çəkmək olar. Məsələn, bir ailənin başına gələn hadisəyə baxaq. Bu hadisə 1990-cı illərin əvvəllərində, Balkanlarda etnik münaqişələr zamanı baş vermişdi. İki oğlu olan bu ailə avtobusla Bosniyadan Serbiyaya böyük toplantıya gedirdi. Avtobusda başqa Yehovanın Şahidləri də var idi. Oğlanların valideynləri toplantıda vəftiz olacaqdı. Sərhəddə əsgərlər onların milliyyətini öyrənəndə avtobusdan düşürür, qalan bacı-qardaşları isə buraxırlar. Ailəni iki gün sərhəddə saxlayandan sonra məsul zabit öz rəisi ilə əlaqə saxlayıb onlarla nə edəcəyini soruşur. Zabit düz ailənin qarşısında danışdığı üçün rəisin sözlərini hamı aydın eşidir: «Aparın onları güllələyin».

8 Zabit digər əsgərlərlə danışan vaxt iki yad insan bu ailəyə yaxınlaşıb sakitcə Yehovanın Şahidləri olduqlarını deyir. Bu ailənin başına gələnləri avtobusda olanlardan eşitmişdilər. Bu iki nəfər oğlanlara deyir ki, tez gedib onların maşınına minsinlər, çünki sərhəddə uşaqların sənədləri yoxlanılmırdı. Sonra onlar uşaqların valideynlərinə deyirlər ki, sərhəd-keçid məntəqəsinin arxasından fırlanıb sərhədin o biri tayında onları gözləsinlər. Ailənin böyük oğlu 12 yaşlı Milan * bilmir onların bu sözünə gülsün, yoxsa ağlasın. Valideynləri təəccüblə deyir: «Siz nə danışırsınız? Heç qoyarlar gedək?» Bununla belə, onlar deyildiyi kimi edir. Maraqlıdır ki, həmin vaxt əsgərlər düz onlara tərəf baxsalar da, baş verənləri görmədilər, sanki, gözləri tutulmuşdu. Valideynlərlə uşaqları sərhədin o biri tayında qovuşub Allaha şükr edə-edə toplantının keçirildiyi şəhərə yollanırlar. Onlar əmin idi ki, bu, dualarının cavabı idi! Müqəddəs Kitabdan bilirik ki, Yehova bəndələrini qurtarmaq üçün həmişə möcüzəvi şəkildə vəziyyətə müdaxilə etməyib (Həv. 7:58—60). Milan isə başlarına gələnlərdən belə qənaətə gəlir: «Bizi xilas edən Yehova idi. Elə bil, mələklər əsgərlərin gözünü bağlamışdılar» (Zəb. 97:10).

9. İsa Məsih onun ardınca gələn insanlara necə münasibət bəsləyirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

9 İsa Məsih də bizim üçün gözəl mərhəmət nümunədir. İsanın onun yanına gələn camaata rəhmi gəlirdi, çünki onlar «çobansız qoyunlar kimi yazıq və dağınıq idilər». Bəs Ağamız onların acınacaqlı vəziyyətini görüb nə etdi? «Onlara çox şey öyrətməyə başladı» (Mət. 9:36; Mark 6:34 ayəsini oxuyun). Məsihin bu insanlara münasibəti ilə fərisilərin münasibəti arasında dağlar qədər fərq var idi. Fərisilər xalqdan ötrü barmaqlarını da tərpətmək istəmirdilər (Mət. 12:9—14; 23:4; Yəh. 7:49). Bəs bizim ruhani cəhətdən susuz olan insanlara canımız yanmalı deyil, onların susuzluğunu yatızdırmalı deyilik?

10, 11. Hansı hallarda mərhəmət göstərməyimiz münasib olmazdı?

10 Bununla belə, mərhəmət göstərmək həmişə məqsədəuyğun olmur. Yuxarıda Müqəddəs Kitabdan çəkdiyimiz misallardan da gördüyümüz kimi, Yehova mərhəməti münasib bildiyi hallarda göstərir. Amma Müqəddəs Kitabda münasib olmayan mərhəmət nümunələri də var. Məsələn, Talut padşahın Aqaqa göstərdiyi mərhəmət yersiz idi. Aqaq padşah Allahın xalqının düşməni idi və Yehova Taluta onu öldürməyi tapşırmışdı. Lakin Talut itaətsizlik göstərərək onun canına qıymamışdı, üstəlik, əmaliqələrin sürüsünün ən yaxşı heyvanlarını sağ saxlamışdı. Talutun özbaşınalığına görə Yehova onu İsrail padşahı kimi rədd etdi (1 İşm. 15:3, 9, 15). Yehova adil Hakimdir, O, insanların ürəyinə bələd olduğuna görə, rəhm göstərməyin nə vaxt məqsədəuyğun olub-olmadığını yaxşı bilir (Mərs. 2:17; Hizq. 5:11). Tezliklə Allah Ona itaətsizlik edən insanların üzərində hökmünü icra edəcək (2 Salon. 1:6—10). O vaxt Allahsız insanlara mərhəmət göstərmək vaxtı olmayacaq. Əslində, onları məhv etməklə Yehova saleh bəndələrinə mərhəmət göstərmiş olacaq.

11 Kimin sağ qalıb, kimin məhv olacağına dair qərarı biz vermirik. Bizim öhdəmizə düşən iş insanlara əlimizdən gələn qədər kömək etməkdir. Gəlin görək, mərhəməti əməldə necə göstərmək olar. Bir neçə sahəni nəzərdən keçirək.

MƏRHƏMƏTİN TƏZAHÜRLƏRİ

12. Gündəlik həyatda insanlara qarşı mərhəməti necə göstərə bilərik?

12 Yardımsevər olaq. Məsihin davamçıları üçün başqalarına, ələlxüsus da dindaşlarına mərhəmət göstərmək əsas tələbdir (Yəh. 13:34, 35; 1 But. 3:8). Mərhəmət sözünün bir mənası başqalarının halına yanmaq deməkdir. Mərhəmətli insan digərlərinin dadına çatmağa çalışır. Gəlin insanlara mərhəmət göstərmək imkanını əldən verməyək. Məsələn, köməyə ehtiyacı olanlara zəruri işlərini görməyi təklif etmək olar (Mət. 7:12).

Gəlin mərhəməti əməldə göstərək (12-ci abzasa baxın)

13. Təbii fəlakətlər zamanı Allahın xalqının hansı xüsusiyyətləri özünü qabarıq şəkildə büruzə verir?

13 Təbii fəlakət qurbanlarına yardım edək. Təbii fəlakət qurbanlarının çəkdiyi əzabı görmək insanı mərhəmət göstərməyə sövq edir. Yehovanın Şahidləri belə məqamlarda həmişə kömək əllərini uzadırlar (1 But. 2:17). 2011-ci ildə Yaponiyada zəlzələ və sunami baş vermişdi. Ciddi zərər çəkmiş ərazilərin birində yaşayan bir bacı deyir ki, Yaponiyanın dörd bir yanından və digər ölkələrdən gələn könüllülərin evlərə vurulan zərəri aradan qaldırmağa necə can qoyduğunu görəndə «ürəyim dağa dönürdü, qəlbimə rahatlıq çökürdü». Bacı əlavə edir: «Həmin vaxt Yehovanın sevgisini gördüm, qardaşlıq məhəbbətinin nə olduğunun şahidi oldum. Anladım ki, bütün dünyadakı dindaşlarımız bizim üçün dualar edir».

14. Yaşlılara və xəstələrə necə qayğı göstərə bilərik?

14 Yaşlıların və xəstələrin qayğısına qalaq. İnsanların xəstəlik və qocalıqdan əziyyət çəkdiyini görəndə onların halına acımağımız təbiidir. Hər birimiz bütün əzablara son qoyulacağı günü həsrətlə gözləyirik, Allahın Padşahlığının gəlməsi üçün dua edirik. Eyni zamanda, yaşlı və xəstə insanlara kömək etmək üçün əlimizdən gələni əsirgəməməliyik. Bir yazıçının anası Alsheymer xəstəliyindən əziyyət çəkirdi. Bir dəfə o, paltarını batırmışdı. Qadın özünü təmizləməyə çalışan vaxt qapının zəngi çalınır. Qapıda onun yanına tez-tez gəlib gedən iki Yehovanın Şahidi durmuşdu. Bacılar qadının vəziyyətini görüb öz köməklərini təklif edirlər. Qadın deyir: «Düzü, çox utanıram, amma köməyinizə ehtiyacım var». Bacılar onu yuyub təmizləyirlər. Sonra ona çay süzüb, birlikdə söhbət edirlər. Qadının oğlu bacılara bu yaxşılıqlarına görə o qədər minnətdar idi ki, sonradan yazmışdı: «Bu insanların qarşısında baş əyirəm. Onların sözləri ilə əməlləri üst-üstə düşür». Yaşlılara və xəstələrə qarşı duyduğumuz mərhəmət bizi onların çəkdiyi əzablara qarşı etinasız qalmamağa təşviq etməli deyilmi? (Filip. 2:3, 4).

15. Təbliğ xidməti bizə hansı imkanı açır?

15 İnsanlara Allahı tanımağa kömək edək. İnsanların problemlərin, qayğıların içində itib-batdığını görəndə onlara kömək etmək istəyirik. Ən böyük köməyimiz o olar ki, onlara Allah haqqında və Padşahlığının bəşəriyyət üçün edəcəyi gözəl işlər haqqında danışaq. Həmçinin Allahın bəyəndiyi kimi yaşamağın ən gözəl həyat yolu olduğunu anlamalarına kömək edə bilərik (Əşy. 48:17, 18). Təbliğ xidməti Allahı ucaltmaq, insanlara mərhəmət göstərmək üçün ən gözəl imkandır. Bu işə daha çox töhfə verə bilərik? (1 Tim. 2:3, 4).

MƏRHƏMƏTİN ÖZÜMÜZƏ XEYRİ

16. Mərhəmətli olmağın insanın özünə hansı faydası var?

16 Psixi sağlamlıq üzrə mütəxəssislər qeyd edirlər ki, mərhəmət hissi insanın səhhətinə və başqaları ilə münasibətinə müsbət təsir göstərir. Başqalarının hayına yetəndə insan özünü daha xoşbəxt hiss edir, həyata daha nikbin baxır, tənhalıq hissinə, mənfi fikirlərə az meyilli olur. Bəli, mərhəmətli olmağın faydalarını saymaqla bitməz (Efes. 4:31, 32). İnsanlardan öz köməyini əsirgəməyən məsihi qəlb rahatlığı duyur, çünki bilir ki, Allahın buyurduğu kimi davranır. Mərhəmət insana qayğıkeş valideyn, yaxşı həyat yoldaşı, gözəl dost olmağa kömək edir. Başqalarına mərhəmət göstərən özü də dar günündə köməksiz qalmaz. (Mətta 5:7; Luka 6:38 ayələrini oxuyun.)

17. Nə üçün mərhəmətli olmalıyıq?

17 Mərhəmət göstərməyin başlıca səbəbi öz rifahımız olmamalıdır. İlk səbəbimiz mərhəmət və sevgi mənbəyi olan Yehova Allahı təqlid etmək, adını ucaltmaq olmalıdır (Məs. 14:31). Yehova Allah bizim üçün mükəmməl nümunədir. Gəlin Onun mərhəmətini əks etdirək. Bunun sayəsində qardaşlıq sevgimiz artar, bütün insanlarla münasibətimiz xoş olar (Qal. 6:10; 1 Yəh. 4:16).

^ abz. 8 Ad şərtidir.