Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 39

Budur, böyük bir izdiham!

Budur, böyük bir izdiham!

«Budur... heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham. Onlar... Quzunun qarşısında durmuşdular» (VƏHY 7:9).

NƏĞMƏ 60 Həyatları xilas edən müjdə

İCMAL *

1. Eramızın birinci əsrinin sonlarında həvari Yəhya hansı vəziyyətdə idi?

ERAMIZIN birinci əsrinin sonlarında həvari Yəhya çox çətin bir vəziyyətdə idi. O, artıq yaşlanmışdı, Patmos adasında həbsdə idi və görünür, sağ qalan yeganə həvari idi (Vəhy 1:9). O bilirdi ki, həqiqətə qarşı çıxanlar yığıncaqlarda yalan təlimlər yayır və parçalanmaya səbəb olur. Gerçək məsihiliyin yanan kiçik ocağı da sönmək üzrə idi (Yhd. 4; Vəhy 2:15, 20; 3:1, 17).

Həvari Yəhya əyinlərində ağ libas, əllərində xurma budaqları olan «böyük bir izdiham» görmüşdü (2-ci abzasa baxın)

2. Vəhy 7:9—14 ayələrinə əsasən, Yəhyaya hansı möhtəşəm vəhy nazil olmuşdu? (Üz qabığındakı şəklə baxın.)

2 Belə bir ağır dönəmdə həvari Yəhyaya gələcəklə bağlı möhtəşəm vəhy nazil olur. Vəhydə mələklər digər dörd mələyə Allahın qullarının sonuncu möhürlənməsinə qədər böyük müsibətin məhvedici küləklərini saxlamağı tapşırır (Vəhy 7:1—3). Bu qullardan ibarət qrup Məsihlə birgə göydə idarə edəcək 144 000 nəfərdən ibarətdir (Luka 12:32; Vəhy 7:4). Daha sonra Yəhya başqa bir qrupdan söz açır. Bu qrup o qədər böyük idi ki, Yəhya təəccübünü vurğulayaraq «budur» deyir. O, hansı mənzərəyə şahid olmuşdu? Yəhya «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət, heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham» görür. Onlar «Quzunun qarşısında durmuşdular». (Vəhy 7:9—14 ayələrini oxuyun.) Gələcəkdə milyonlarla insanın həqiqi ibadətdə iştirak edəcəyini bilməyin Yəhyaya necə sevinc bəxş etdiyini bir düşünün!

3. a) Nə üçün Yəhyanın gördüyü vəhy imanımızı möhkəmləndirməlidir? b) Bu məqalədən nə öyrənəcəyik?

3 Sözsüz ki, həmin görüntü Yəhyanın imanını möhkəmləndirmişdi. Bu görüntü bizim imanımızı daha çox möhkəmləndirməlidir, çünki biz onun yerinə yetdiyi dövrdə yaşayırıq! Bizim dövrümüzdə milyonlarla insan Yehovaya ibadətə qoşulub, onlar böyük müsibətdən sağ çıxmaq və yer üzündə əbədi yaşamaq ümidinə malikdirlər. Məqalədə Yehovanın təxminən səksən il bundan öncə xalqına böyük izdihamın kim olduğunu necə açıqladığını öyrənəcəyik. Həmçinin böyük izdiham barədə iki şeyi araşdıracağıq: 1) izdihamın böyüklüyünü və 2) üzvlərinin hər xalqdan ibarət olmasını. Bu iki məqam mübarək izdihamın arasında olmaq ümidi olan hər bir kəsin imanını möhkəmləndirəcək.

BÖYÜK İZDİHAM HARADA YAŞAYACAQ?

4. Xristian dünyası nəyi anlamır və Müqəddəs Kitab Tədqiqatçıları bu sahədə onlardan necə fərqlənirdi?

4 Xristian dünyası itaətkar insanların bir gün yer üzündə əbədi yaşayacağına dair həqiqəti öyrətmir (2 Kor. 4:3, 4). Bu gün əksər xristian dinləri bütün yaxşı insanların öləndən sonra göyə getdiyini öyrədir. Lakin 1879-cu ildən etibarən «Gözətçi qülləsi» jurnalını nəşr edən Müqəddəs Kitab Tədqiqatçılarından ibarət kiçik qrup onlardan fərqlənirdi. Onlar Allahın yer üzündə Cənnəti bərpa edəcəyini və milyonlarla itaətkar insanın göydə yox, yer üzündə yaşayacağını anlayırdılar. Lakin həmin itaətkar insanların kim olduğunu aydın anlamaları müəyyən vaxt almışdı (Mət. 6:10).

5. Müqəddəs Kitab Tədqiqatçıları 144 000 nəfərlə bağlı nəyə inanırdı?

5 Şübhəsiz, Müqəddəs Kitab Tədqiqatçıları Kəlam əsasında həmçinin anlamışdı ki, bir qrup insan İsa Məsihlə birgə göydə idarə etmək üçün «yerdən satın» alınacaq (Vəhy 14:3). Həmin qrup 144 000 fəal həsr olunmuş məsihidən ibarət olub, yer üzündə olduğu müddətdə Allaha sədaqətlə ibadət edən kəslərdir. Bəs onlar böyük izdihamla bağlı nəyə inanırdı?

6. Müqəddəs Kitab Tədqiqatçıları böyük izdihamla bağlı nəyə inanırdı?

6 Yəhya aldığı vəhydə bu izdihamın «taxtın və Quzunun qarşısında» durduğunu görmüşdü (Vəhy 7:9). Bu sözlərə görə Müqəddəs Kitab Tədqiqatçıları belə nəticəyə gəlmişdilər ki, 144 000 nəfər kimi, böyük izdiham da göydə yaşayacaq. Əgər hər iki qrup göydə yaşayacaqsa, onların bir-birindən fərqi nədə olacaq? Müqəddəs Kitab Tədqiqatçıları düşünürdü ki, yer üzündə olduğu müddətdə Allaha tamlıqla itaət etməyənlər böyük izdihama daxil olacaq. Onlardan bəziləri kifayət qədər təmiz həyat tərzi sürsə də, ola bilsin, xristian kilsəsinin üzvü olaraq qalmağa davam edirdi. Müqəddəs Kitab Tədqiqatçıları belələrinin Allahı müəyyən qədər sevdiyini, lakin bu sevginin İsa Məsihlə birgə idarə edəcək qədər güclü olmadığını düşünürdülər. Və buna görə də belə qənaətə gəlmişdilər ki, böyük izdihamın Allaha məhəbbəti yetərincə möhkəm olmadığı üçün taxtda oturmağa yox, onun qarşısında durmağa layiqdir.

7. Müqəddəs Kitab Tədqiqatçıları minillik zamanı yer üzündə kimlərin yaşayacağını düşünürdülər və qədimdə yaşamış dəyərli insanlarla bağlı hansı qənaətə gəlmişdilər?

7 Bəs onda yer üzündə kimlər yaşayacaq? Müqəddəs Kitab Tədqiqatçıları düşünürdü ki, 144 000 nəfər və böyük izdiham göyə qalxandan sonra milyonlarla digər insan yer üzündə yaşayıb Məsihin minillik hakimiyyəti dövründə nemətlər alacaq. Onlar milyonlarla digər insanın Yehovaya minillikdən öncə xidmət edəcəyini gözləmirdilər. Elə fikirləşirdilər ki, bu insanlar Yehova haqqında Məsihin minillik hakimiyyəti zamanı öyrənəcəklər. Bundan sonra Yehovanın qanunlarına uyğun yaşayanlara yer üzünün əbədi sakini olmaq nəsib olacaq, Ona qarşı çıxanlar isə məhv olacaq. Müqəddəs Kitab Tədqiqatçıları həmçinin elə düşünürdü ki, həmin vaxt yer üzündə «əmir» kimi xidmət edəcək kəslər, ola bilsin, minilliyin sonunda göylərdə yaşamaq mükafatı alacaq. Minillik zamanı dirilən «qədimdə yaşamış dəyərli insanlar» da (İsa Məsih yer üzünə gəlməzdən əvvəl ölən Allaha sadiq insanlar) əmirlərin sırasında olacaq (Zəb. 45:16).

8. Müqəddəs Kitab Tədqiqatçıları Allahın niyyətində hansı üç qrupun olduğunu güman edirdi?

8 Beləliklə, Müqəddəs Kitab Tədqiqatçıları üç qrupun olduğunu düşünürdü: 1) İsa Məsihlə birgə göydə hakimiyyət sürəcək 144 000 nəfər; 2) Allaha daha az sədaqət göstərən və göydə Məsihin taxtı qarşısında duracaq böyük izdiham; 3) Məsihin minillik hakimiyyəti zamanı yer üzündə yaşayıb, Yehova haqda öyrənəcək milyonlarla digər insan *. Amma Yehovanın məsləhət bildiyi vaxt həqiqət şəfəqi bu məsələni daha da işıqlandırdı (Məs. 4:18).

HƏQİQƏT ŞƏFƏQİ DAHA DA İŞIQLANIR

1935-ci ildə keçirilən toplantıda yer üzündə yaşamağa ümid edən çox sayda insan vəftiz olundu (9-cu abzasa baxın)

9. a) Yer üzündəki böyük izdiham hansı mənada «taxtın və Quzunun qarşısında» dura bilər? b) Nə üçün Vəhy 7:9 ayəsinin bu izahı məntiqlidir?

9 Yəhyanın aldığı vəhydəki böyük izdihamın kimliyi 1935-ci ildə aydın oldu. Yehovanın Şahidləri başa düşdülər ki, böyük izdihamın «taxtın və Quzunun qarşısında» durması üçün hərfi mənada göydə olmalarına ehtiyac yoxdur. Bu, məcazi məna daşıyır. Böyük izdiham yerdə yaşayacağına rəğmən, Yehovanın hakimiyyətini tanımaqla və Ona tabe olmaqla taxtın qarşısında, fidyə qurbanlığına iman gətirməklə isə «Quzunun qarşısında» dayana bilər (Əşy. 66:1). Həmçinin Mətta 25:31, 32 ayələrində, günahlı insanlar da daxil, «bütün xalqlar»ın Məsihin şanlı taxtı önündə yığışacağı deyilir. Aydındır ki, bütün bu xalqlar göydə yox, yerdədirlər. Bu izahat məntiqlidir və nəyə görə Müqəddəs Kitabda böyük izdihamın göyə qaldırılacağı barədə heç bir məlumatın olmadığına aydınlıq gətirir. Yalnız bir qrup insana göydə əbədi həyat mükafatı vəd olunub; bu, İsa Məsihlə birgə «yer üzərində padşahlıq edəcək» 144 000 nəfərdir (Vəhy 5:10).

10. Nəyə görə böyük izdiham Yehova haqda minillikdən öncə öyrənməyə başlamalıdır?

10 Beləcə, 1935-ci ildən bəri Yehovanın Şahidləri Yəhyaya nazil olan vəhydəki böyük izdihamın sədaqətli məsihilərdən ibarət olduğunu və yer üzündə əbədi yaşamağa ümid etdiyini anlayıb. Böyük müsibətdən sağ çıxmaq üçün bu izdiham Yehova haqda minillikdən öncə öyrənməyə başlamalıdır. Onlar baş verəcək hadisələrdən qurtulmaq üçün Məsihin minillik hakimiyyətindən öncə güclü iman təzahür etdirməlidir (Luka 21:34—36).

11. Nəyə görə bəzi Müqəddəs Kitab Tədqiqatçıları minillikdən sonra kimlərinsə göyə qalxacağını düşünürdü?

11 Bəs yer üzündəki nümunəvi insanların bəzilərinin minilliyin sonunda göyə qaldırılacağı fikri haqda nə demək olar? Bu ehtimal «Gözətçi qülləsi» jurnalının 1913-cü il 15 fevral sayında irəli sürülmüşdü. Ola bilsin, bəziləri belə düşünürdü: «Nəyə görə Allahın keçmişdə yaşamış sadiq xidmətçiləri diriləndən sonra yer üzündə yaşamalıdır, amma o qədər sadiq olmayan məsihilər göylər mükafatı almalıdır?» Əlbəttə, bu cür düşüncə iki yanlış ehtimalın əsasında formalaşmışdı: 1) böyük izdihamın göydə yaşayacağı fikri, 2) böyük izdihamın Allaha daha az sədaqət göstərən məsihilərdən ibarət olması fikri.

12, 13. Məsh olunmuşlar və böyük izdiham alacaqları mükafat barədə nəyin fərqindədir?

12 Lakin qeyd olunduğu kimi, Yehovanın Şahidləri 1935-ci ildən bəri aydın başa düşürlər ki, Armageddondan sağ çıxanlar Yəhyanın vəhydə gördüyü həmin böyük izdihamdır. Onlar yer üzündə olacaq «böyük müsibətdən» çıxaraq ucadan deyəcəklər: «Xilasımıza görə taxtda oturan Allahımıza və Quzuya borcluyuq» (Vəhy 7:10, 14). Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, göylər həyatına dirilənlər üçün Allah qədimdə yaşamış sadiq xidmətçilərinə nisbətən «daha yaxşı bir tədbir görüb» (İbr. 11:40). 1935-ci ildə aydın olan izahatdan sonra qardaşlar yer üzündə yaşamaq ümidinə malik kəsləri Yehovaya xidmət etməyə daha şövqlə dəvət etməyə başladılar.

13 Böyük izdihamdan olanlar ümidlərinə görə sevinirlər. Onlar başa düşürlər ki, sədaqətli xidmətçilərindən kimin göydə, kimin yerdə xidmət edəcəyinə Yehova qərar verir. Həm məsh olunmuşlar, həm də böyük izdiham dərk edir ki, onların mükafatı yalnız Yehovanın Məsihin fidyə qurbanlığı vasitəsilə izhar etdiyi lütfü sayəsində mümkündür (Rom. 3:24).

İZDİHAMIN BÖYÜKLÜYÜ

14. Nəyə görə 1935-ci ildən sonra böyük izdihamla bağlı peyğəmbərliyin necə yerinə yetəcəyi çoxlarında sual doğururdu?

14 1935-ci ildə Yehovanın xalqı Yəhyanın vəhyini daha aydın başa düşəndən sonra, çoxlarına hələ də maraqlı idi ki, görəsən, yerüzü ümidinə malik olanların sayca çox olması necə mümkün olacaq. Məsələn, böyük izdihamın kimliyi daha aydın olanda Ronald Parkin adlı qardaş 12 yaşında idi. O deyir: «Həmin vaxt bütün dünyada haradasa 56 000 təbliğçi var idi və çoxları, bəlkə də, əksəriyyəti məsh olunmuş idi. Ona görə də böyük izdihama o qədər də böyük demək olmazdı».

15. Böyük izdihamın sayı necə artmağa başladı?

15 Amma növbəti onilliklər ərzində bir çox ölkələrə xüsusi təyinatlı müjdəçilər təyin olundu və Yehovanın Şahidlərinin sayı sürətlə artmağa başladı. 1968-ci ildə isə «Əbədi həyata aparan həqiqət» kitabı əsasında Müqəddəs Kitab dərsləri keçirilməyə başladı. Müqəddəs Kitab həqiqətlərinin sadə şəkildə izah olunması daha çox insanı həqiqətə cəlb etdi. Dörd ilin içində yarım milyondan çox insan vəftiz olundu. Katolik Kilsəsinin Latın Amerikasında və digər ölkələrdə təsir gücünü itirməsi, həmçinin Şərqi Avropa və Afrikanın bəzi yerlərində fəaliyyətimizə qoyulan qadağaların götürülməsi nəticəsində milyonlarla insan vəftiz olundu (Əşy. 60:22). Son illər ərzində Yehovanın təşkilatı insanlara Müqəddəs Kitab təlimlərini öyrənməyə kömək etmək üçün digər effektiv vəsaitlər hazırlayıb. Şübhə yoxdur ki, Yehova hal-hazırda sayı səkkiz milyondan çox olan böyük bir izdiham toplayır.

BÖYÜK İZDİHAM HƏR XALQDAN İBARƏTDİR

16. Böyük izdiham kimlərdən ibarətdir?

16 Yəhya aldığı vəhyi qələmə alarkən böyük izdihamın «hər xalqa, hər tayfaya» mənsub olduğunu qeyd edir. Daha əvvəl Zəkəriyyə peyğəmbər buna bənzər bir peyğəmbərlik söyləmişdi. O demişdi: «O günlərdə bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam bir yəhudinin ətəyindən yapışıb deyəcək: “Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir”» (Zək. 8:23).

17. Bütün xalqlardan və dillərdən olan insanlara kömək məqsədilə nələr edilir?

17 Yehovanın Şahidləri başa düşür ki, bütün dillərdən olan insanların yığılması üçün xoş xəbər çoxlu dillərdə təbliğ olunmalıdır. Yehovanın təşkilatı 130 ildən çoxdur ki, Müqəddəs Kitaba əsaslanan materialları tərcümə edir. Hal-hazırda isə tərcümə işi görülməmiş miqyasda, yüzlərlə dildə həyata keçirilir. Bütün millətlərin içindən böyük bir izdiham toplamaqla Yehova, həqiqətən də, müasir dövrdə möcüzə göstərir! Ruhani qidanın getdikcə daha çox dilə tərcümə olunması sayəsində hər xalqdan olan insanlar Yehovaya ibadətdə birləşir. Üstəlik,Yehovanın Şahidləri fəal təbliğ işləri ilə və aralarındakı məhəbbətlə tanınır. Buna şahid olmaq, həqiqətən, imanımızı möhkəmləndirir! (Mət. 24:14; Yəh. 13:35).

BU VƏHY BİZİM ÜÇÜN HANSI MƏNANI KƏSB EDİR?

18. a) Əşiya 46:10, 11 ayələrinə əsasən, nəyə görə Yehovanın böyük izdihamla bağlı peyğəmbərliyini həyata keçirməsi bizi təəccübləndirmir? b) Nəyə görə yer üzündə yaşamaq ümidi olanlar nədənsə məhrum olunduqlarını düşünmür?

18 Böyük izdihamla bağlı peyğəmbərlik qəlbimizi fərəhləndirir! Təəccüblü deyil ki, Yehova möhtəşəm şəkildə bu peyğəmbərliyi həyata keçirir. (Əşiya 46:10, 11 ayələrini oxuyun.) Böyük izdihamın üzvləri Yehovanın onlara verdiyi ümidi çox qiymətləndirir. Onlar İsa ilə göydə xidmət etmək üçün Allahın müqəddəs ruhu ilə məsh olunmadıqlarına görə özlərini nədənsə məhrum hiss etmirlər. Allahın Kəlamında müqəddəs ruhun rəhbərlik etdiyi bir çox kişi və qadın haqda oxuyuruq, buna baxmayaraq, onlar 144 000 nəfərə daxil deyillər. Məsələn, Vəftizçi Yəhya (Mət. 11:11). Yaxud Davud peyğəmbər (Həv. 2:34). Onlar və saysız-hesabsız digər insan yer üzündə yaşamaq üçün dirildiləcək. Böyük izdihamla yanaşı, onların hamısının Yehovaya və Onun hakimiyyətinə sədaqətlərini göstərmək imkanı olacaq.

19. Yəhyanın böyük izdihamla bağlı gördüyü vəhyin yerinə yetməsi yaşadığımız dövr haqda nə deyir?

19 Tarixdə ilk dəfədir ki, Allah bütün millətlərdən olan milyonlarla insanı bir ibadətdə birləşdirib. Yer üzündə, yaxud göydə yaşamağa ümid etməyimizdən asılı olmayaraq, hər birimiz əlimizdən gələni etməliyik ki, daha çox insana «başqa qoyunlar»dan ibarət böyük izdihamın sırasına qoşulmağa kömək edək (Yəh. 10:16). Tezliklə Yehova vəd etdiyi böyük müsibət zamanı bəşəriyyətə çoxlu zülmlər verən hökumətləri və dinləri məhv edəcək. Böyük izdihamın bütün üzvlərinə necə də böyük şərəf nəsib olub: onlar yer üzündə əbədiyyət boyu Yehovaya xidmət edəcək! (Vəhy 7:14).

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

^ abz. 5 Bu məqalədə Yəhyanın «böyük bir izdiham»la bağlı gördüyü vəhyi araşdıracağıq. Şübhəsiz, araşdıracaqlarımız bu mübarək izdihama aid olan hər bir kəsin imanını möhkəmləndirəcək.

^ abz. 8 «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 159—163 səhifələrinə (rus.) baxın.