Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 40

Sizə verilmiş əmanəti qoruyun

Sizə verilmiş əmanəti qoruyun

«Ey Timuti, sənə verilmiş əmanəti qoru» (1 TİM. 6:20).

NƏĞMƏ 29 Daşıdığımız ada layiq yaşayaq

İCMAL *

1, 2. 1 Timutiyə 6:20 ayəsinə əsasən, Timutiyə nələr həvalə olunmuşdur?

BİZ bəzən dəyərli şeylərimizi başqalarına əmanət edirik. Məsələn, pulumuzu banka qoyuruq. Arxayınıq ki, pulumuz etibarlı yerdədi, nə itəcək, nə də oğurlanacaq. Buna görə də kiməsə dəyərli bir şey əmanət etməyin nə demək olduğunu yaxşı bilirik.

2 1 Timutiyə 6:20 ayəsini oxuyun. Həvari Bulus Timutiyə xatırlatmışdı ki, ona dəyərli bir şey — Allahın bəşəriyyətlə bağlı niyyəti haqqında həqiqət əmanət olunub. Həmçinin Timutiyə «Allahın sözünü» təbliğ etmək həvalə olunmuşdu (2 Tim. 4:2, 5). Bulus Timutiyə tapşırmışdı ki, ona verilmiş əmanəti qorusun. Bulus kimi, bizə də dəyərli şeylər əmanət olunub. Bunlar nədir? Yehovanın bizə əmanət etdiyi xəzinəni nəyə görə qorumalıyıq?

ƏMANƏT OLUNMUŞ DƏYƏRLİ HƏQİQƏTLƏR

3, 4. Müqəddəs Kitabdakı həqiqətlərin qiymətli olmasının bəzi səbəbləri hansılardır?

3 Yehova bizə lütf edərək Kəlamındakı dəyərli həqiqətlər haqqında dəqiq bilik verib. Bu həqiqətlər çox dəyərlidir, çünki onlar bizə Yehova ilə yaxın münasibətlər qurmağın və əsl xoşbəxtliyə nail olmağın yolunu öyrədir. Biz bu həqiqətləri qəbul edib, onlara uyğun yaşayanda yalan təlimlərdən və əxlaqsız əməllərdən azad oluruq (1 Kor. 6:9—11).

4 Bu həqiqətləri dəyərli edən digər amil isə odur ki, Yehova onları «əbədi həyata aparan yolda yeriməyə meyli olan» təvazökar insanlara açır (Həv. 13:48). Bu təvazökar insanlar qəbul edir ki, hal-hazırda Yehova Müqəddəs Kitabdakı həqiqətləri sadiq və ağıllı nökər vasitəsilə öyrədir (Mət. 11:25; 24:45). Biz bu həqiqətləri təkbaşına anlaya bilmərik, onları anlamaq qədər isə dəyərli heç nə yoxdur (Məs. 3:13, 15).

5. Yehova bizə başqa nə əmanət edib?

5 Yehova həmçinin bizə Onunla və niyyəti ilə bağlı həqiqəti başqalarına öyrətmək kimi şərəfli iş əmanət edib (Mət. 24:14). Çatdırdığımız müjdə çox dəyərlidir, çünki bunun sayəsində insanlar Yehovanın xalqının sıralarına qoşulur və əbədi yaşamaq ümidi əldə edir (1 Tim. 4:16). Şəraitimiz daxilində az və ya çox xidmət etməyimizdən asılı olmayaraq, biz hal-hazırda görülən ən vacib işə töhfə veririk (1 Tim. 2:3, 4). Yehovanın əməkdaşı olmaq necə də böyük şərəfdir! (1 Kor. 3:9).

ƏMANƏTƏ XƏYANƏT ETMƏYİN!

Bəziləri Yehovaya xidmət etməyi dayandırsa da, Timuti həqiqətdə möhkəm qalmışdı (6-cı abzasa baxın)

6. Əmanəti qoruya bilməyənlərlə nə baş verdi?

6 Timutinin yaşadığı dövrdə bəziləri Allahın əməkdaşı olmaq şərəfini qiymətləndirmədilər. Məsələn, Dimas dünyanı sevib, Bulusla xidmət etmək şərəfini əldən verdi (2 Tim. 4:10). Görünür, Figel və Hermogen Bulusun üzləşdiyi təqiblərlə üzləşməkdən qorxduqları üçün təbliğ etməyi dayandırdılar (2 Tim. 1:15). Himeney, Aleksandr və Filit dönük oldular və həqiqəti tərk etdilər (1 Tim. 1:19, 20; 2 Tim. 2:16—18). Yəqin ki, bu insanların hamısı bir vaxtlar ruhən güclü idi. Amma onlar nəyin əsl dəyərə malik olduğunu ayırd edə bilmədilər.

7. Şeytan bizi yoldan çıxarmaq üçün hansı fəndlərə əl atır?

7 Yehovanın əmanətinə xəyanət edək deyə Şeytan hansı fəndlərə əl atır? Gəlin bəzilərinə nəzər salaq. O, əyləncə və kütləvi informasiya vasitəsilə bizi həqiqətdən soyudacaq fikirlər və hərəkətlər aşılayır. Dost-tanışımızın təzyiqi, yaxud təqiblər vasitəsilə bizi qorxutmağa çalışır, istəyir ki, təbliğ işini dayandıraq. Həmçinin istəyir ki, dönüklərin saxta biliklərinə qulaq asıb həqiqətdən dönək (1 Tim. 6:20, 21).

8. Danielin başına gələnlərdən nə öyrənirik?

8 Ehtiyatlı olmasaq, tədricən həqiqətdən uzaqlaşarıq. Gəlin əvvəllər videooyunlar oynamağı çox sevən Daniel * adlı bir qardaşın nümunəsinə baxaq. O deyir: «Haradasa on yaşım olandan videooyunlar oynamağa başladım. Əvvəl-əvvəl oynadığım oyunlar, demək olar ki, zərərsiz idi. Amma vaxt keçdikcə zorakı və spiritizmlə əlaqəli oyunlar oynamağa başladım». Vəziyyət o yerə gəlib çatmışdı ki, qardaş gün ərzində təxminən 15 saat videooyun oynayırdı. Daniel deyir: «Daxilimdə hiss edirdim ki, oynadığım oyunlar və onlara bu qədər vaxt sərf etməyim məni Yehovadan uzaqlaşdırır. Amma mən özümü inandırmışdım ki, Müqəddəs Kitabda deyilənlər mənə aid deyil». Əgər ehtiyatlı olmasaq, əyləncə çox asanlıqla bizi həqiqətdən soyuda bilər. Bu baş versə, Yehovanın bizə verdiyi əmanəti itirə bilərik.

ƏMANƏTİ NECƏ QORUYA BİLƏRİK?

9. 1 Timutiyə 1:18, 19 ayələrinə əsasən, Bulus Timutini nəyə təşviq etmişdi?

9 1 Timutiyə 1:18, 19 ayələrini oxuyun. Bulus Timutini əsgərə bənzətmişdi və tapşırmışdı ki, «şanlı mübarizəni» davam etdirsin. Bu mübarizə fiziki yox, ruhani mübarizə idi. Hansı mənada məsihilər döyüşdə olan əsgərə bənzəyir? Məsihin əsgəri kimi bizə hansı xüsusiyyətləri inkişaf etdirmək lazımdır? Gəlin görək Bulusun bənzətməsindən hansı beş dərsi öyrənirik. Bunlar bizə həqiqətdən bərk-bərk yapışmağa kömək edəcək.

10. Nəyə görə mömin insan olmalıyıq?

10 Mömin insan olmağa can atın. Yaxşı əsgər sədaqətli olur. O, sevdiyi kəsləri və ya dəyər verdiyi şeyləri qorumaq naminə döyüşür. Bulus Timutini təşviq edirdi ki, mömin insan, yəni Allaha sədaqətli insan olmaq üçün var gücü ilə çalışsın (1 Tim. 4:7). Allaha məhəbbətimiz və sədaqətimiz nə qədər güclü olsa, həqiqətdən yapışmaq istəyimiz də bir o qədər güclü olacaq (1 Tim. 4:8—10; 6:6).

Uzun iş günündən sonra yığıncağa qatılmaq üçün bəzən özümüzü məcbur etməli oluruq. Amma əmin ola bilərik ki, bunun bəhrəsini mütləq görəcəyik! (11-ci abzasa baxın)

11. Nəyə görə özünütərbiyə vacibdir?

11 Özünütərbiyənin vacibliyini unutmayın. Döyüşə həmişə hazır olmaq üçün əsgər daim üzərində işləməlidir. Timuti ruhani cəhətdən güclü qala bilmişdi, çünki o, Bulusun Allahdan ilham alaraq verdiyi məsləhətə əməl etmişdi. Bulus ona məsləhət vermişdi ki, yanlış istəklərdən qaçsın, ilahi xüsusiyyətlərə can atsın və dindaşları ilə oturub-dursun (2 Tim. 2:22). Bunun üçün özünütərbiyə gərək idi. Günahlı istəklərimizlə mübarizə aparmaq üçün bu xüsusiyyət bizə də lazımdır (Rom. 7:21—25). Özünütərbiyə həmçinin köhnə şəxsiyyəti əynimizdən çıxarıb, yenisini geyinmək üçün də lazımdır (Efes. 4:22, 24). Eləcə də, yorğun iş günündən sonra yığıncaqda iştirak etmək üçün bəzən özümüzü məcbur etməli oluruq (İbr. 10:24, 25).

12. Müqəddəs Kitabdan daha məharətlə istifadə etməyi necə öyrənə bilərik?

12 Əsgər silahdan istifadə etməyi öyrənməlidir. Püxtələşmək üçün o bunu müntəzəm etməlidir. Eynilə, biz də Allahın Kəlamını düzgün istifadə etməyi bacarmalıyıq (2 Tim. 2:15). Biz bu bacarıqlarımızın bəzilərinə yığıncaq görüşlərində yiyələnirik. Başqalarını Allahın Kəlamındakı həqiqətlərin dəyərli olduğuna inandırmaq üçün müntəzəm fərdi mütaliə etməliyik. Müqəddəs Kitab vasitəsilə imanımızı gücləndirməliyik. Müqəddəs Kitabı sadəcə oxumaqla kifayətlənməməliyik. Oxuduqlarımızın üzərində düşünüb nəticə çıxarmalıyıq, nəşrlərimizdən istifadə edərək araşdırma aparmalıyıq. Bu, ayələri düzgün başa düşməyimizə və izah etməyimizə kömək edəcək (1 Tim. 4:13—15). Onda insanları öyrətmək üçün Allahın Kəlamından istifadə etməyi bacaracağıq. Onlara da Müqəddəs Kitab ayəsini sadəcə oxumaqla kifayətlənməməliyik. İstəyirik ki, təbliğ etdiyimiz insanlar ayəni və bu ayənin onlara hansı aidiyyəti olduğunu başa düşsün. Müqəddəs Kitabı müntəzəm olaraq mütaliə etsək, insanlara təlim verərkən ondan daha məharətlə istifadə etməyi bacaracağıq (2 Tim. 3:16, 17).

13. İbranilərə 5:14 ayəsinə əsasən, nəyə görə dərketmə qabiliyyətimizi işlətməliyik?

13 Dərketmə qabiliyyətinizi işlədin. Əsgər təhlükəni qabaqcadan görüb ondan qaçmağı bacarmalıdır. Biz də zərərimizə olacaq vəziyyətləri görməyi bacarmalı və özümüzü həmin təhlükədən qorumaq üçün hərəkətə keçməliyik (Məs. 22:3; İbranilərə 5:14 ayəsini və haşiyəni oxuyun). Misal üçün, istirahət və əyləncəni ağılla seçməliyik. Televiziya verilişlərində və filmlərdə çox vaxt ədəbsiz hərəkətlər nümayiş olunur. Bu cür hərəkətlər Allaha ağır gedir və zərəri qaçılmazdır. Odur ki, biz belə əyləncə növlərindən uzaq dururuq, çünki onlar Allaha məhəbbətimizi tədricən zəiflədə bilər (Efes. 5:5, 6).

14. Dərketmə qabiliyyətini işlətmək Danielə necə kömək etdi?

14 Yuxarıda adı çəkilən Daniel vaxt keçdikcə dərk etdi ki, problem zorakı və spiritizmlə əlaqəli videooyunlar oynamasındadır. Bu probleminin öhdəsindən gəlmək üçün o, «Gözətçi Qülləsinin kitabxanası»nda axtarış apardı. Bu hansı nəticəni verdi? Daniel zərərli oyunlar oynamağa son qoydu. Onlayn oyunlara abunəçilikdən çıxdı və digər oyunçularla əlaqəsini kəsdi. O deyir: «Videooyunlara sərf etdiyim vaxtı həyət-baca işlərinə və yığıncaqdakı dostlarıma ayırmağa başladım». Hal-hazırda Daniel öncül və ağsaqqal kimi xidmət edir.

15. Yalan rəvayətlər nəyə görə təhlükəlidir?

15 Timuti kimi, biz də dönüklərin yaydığı yalan məlumatların təhlükəsini dərk etməliyik (1 Tim. 4:1, 7; 2 Tim. 2:16). Misal üçün, dönüklər bacı-qardaşlar haqda yalan rəvayətlər yaymağa, yaxud Yehovanın təşkilatına etibarımızı sarsıtmağa çalışır. Bu cür saxta məlumatlar imanımızı sarsıda bilər. Onlara aldanmamalıyıq. Çünki bu cür rəvayətləri «əqlən pozğun və həqiqətdən məhrum adamlar» yayır. Onların məqsədi «mübahisə və söz davası» yaratmaqdır (1 Tim. 6:4, 5). Bu insanlar istəyir ki, biz onların yaydığı böhtanlara inanaq və ürəyimizdə dindaşlarımıza qarşı şübhə yaransın.

16. Nələrin diqqətimizi yayındırmasına yol verməməliyik?

16 Diqqətinizi yayındırmayın. Timuti «Məsih İsanın cəsur əsgəri kimi» əsas diqqətini maddi işlərə və ya digər dünyəvi məqsədlərə yox, xidmətə cəmləməli idi (2 Tim. 2:3, 4). Timuti kimi, biz də ürəyimizdə mal-mülkə sahib olmaq istəyinin yaranmasına yol verməməliyik, əks halda, diqqətimiz yayınacaq. «Var-dövlətin aldadıcı qüvvəsi» Yehovaya sevgimizi, Onun Kəlamına minnətdarlığımızı və orada yazılanları başqaları ilə bölüşmək istəyimizi zəiflədəcək (Mət. 13:22). Biz sadə həyat sürməli, vaxtımızı və gücümüzü Padşahlığı «hər şeydən üstün» tutmağa sərf etməliyik (Mət. 6:22—25, 33).

17, 18. Yehova ilə dostluğumuzu qorumaq üçün nə etməliyik?

17  Dərhal hərəkətə keçməyə hazır olun. Əsgərin həmişə özünü qorumaq planı olmalıdır. Yehovanın bizə verdiyi əmanəti qorumaq üçün biz təhlükəni görən kimi dərhal hərəkətə keçməliyik. Bunun üçün nə etmək lazımdır? Necə davranacağımızı əvvəlcədən planlaşdırmalıyıq.

18 Misal üçün, adətən binaların fövqəladə hallar üçün təxliyə planı və təcili çıxışları olur. Qabaqcadan hazırlaşmağın sayəsində hadisə baş verən zaman insanlar dərhal binanı tərk edə bilir. Eynilə, biz də internetdə olarkən, hansısa verilişə və ya filmə baxarkən qəflətən ədəbsiz, zorakı səhnə, yaxud dönüklərin yaydığı məlumatla qarşılaşarıqsa, dərhal hansı «çıxışdan» istifadə edəcəyimizi bilməliyik. Buna hazırlıqlı olsaq, bizə ruhən zərər vuracaq vəziyyətlərdən qaçmaq üçün dərhal hərəkətə keçə biləcəyik və Yehovanın gözündə təmiz qalacağıq (Zəb. 101:3; 1 Tim. 4:12).

19. Yehovanın verdiyi əmanəti qorusaq, hansı nemətləri dadacağıq?

19 Yehovanın bizə verdiyi əmanəti — Müqəddəs Kitabdakı həqiqətləri və onları insanlara öyrətmək şərəfini qorumalıyıq. Onda vicdanımız təmiz olacaq, mənalı həyat sürəcəyik və insanlara Yehovanı tanımağa kömək etdiyimiz üçün sevinc duyacağıq. Allahın köməyilə, biz Onun əmanətini qoruya biləcəyik (1 Tim. 6:12, 19).

NƏĞMƏ 127 Necə insan olmalıyam?

^ abz. 5 Bizə həqiqəti bilmək və başqalarına bu həqiqəti öyrətmək kimi böyük şərəf nəsib olub. Məqalədən öyrəndiklərimiz bizə bu şərəfi qorumağa, onu heç vaxt əldən verməməyə kömək edəcək.

^ abz. 8 Ad şərtidir.