TƏLİM MƏQALƏSİ 35
Yaşlı dindaşlarımızın qədrini bilək
«Ağaran saçlar gözəllik tacıdır» (MƏS. 16:31).
NƏĞMƏ 138 Ağaran saçlar gözəllik tacıdır
İCMAL *
1, 2. a) Məsəllər 16:31 ayəsinə əsasən, yaşlı dindaşlarımıza necə yanaşmalıyıq? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?
ARKANZAS ştatının (ABŞ) dövlət parkında yerdən almaz tapmaq mümkündür. Amma bu almazlar təbii, cilalanmamış şəkildədir. Buna görə də çox adam onları görsə də, bunun almaz olduğunu başa düşmür və yanından ötüb keçir.
2 Yehovaya sədaqətlə xidmət edən yaşlı bacı-qardaşlarımız bir növ bu almazlara oxşayır. Müqəddəs Kitabda ağ saçlar taca bənzədilir. (Məsəllər 16:31 ayəsini oxuyun; Məs. 20:29.) Amma bu qiymətli xəzinələr asanlıqla nəzərdən qaça bilər. Yaşlıların nə qədər qiymətli olduğunu dərk edən gənclər maddi xəzinədən qat-qat dəyərli bir xəzinəyə sahib olurlar. Bu məqalədə üç sual müzakirə olunur: Nəyə görə yaşlı bacı-qardaşlar Yehovanın gözündə qiymətli xəzinədir? Onlar Yehovanın təşkilatında hansı dəyərli yeri tuturlar? Bu bacı-qardaşlardan daha çox şey öyrənmək üçün nə edə bilərik?
YAŞLI DİNDAŞLARIMIZ YEHOVA ÜÇÜN QİYMƏTLİ XƏZİNƏDİR
3. Zəbur 92:12—15 ayələrinə əsasən, nəyə görə yaşlı məsihilər Yehova üçün əzizdir?
3 Yehovaya sadiq olan yaşlı dindaşlarımız Onun üçün əzizdir. Yehova onların daxilən necə insan olduğunu bilir, onların gözəl xüsusiyyətlərini görür və qiymətləndirir. Onlar Yehovanın yolunda uzun illər ərzində qazandıqları təcrübəni gənclərlə bölüşürlər və Yehova bunu çox dəyərləndirir (Əyy. 12:12; Məs. 1:1—4). Yehova həmçinin onların dözümünü qiymətləndirir (Məl. 3:16). Onların həyatı çətinliksiz ötüşməsə də, imanları sarsılmaz qalıb. Gələcəyə ümidləri həqiqəti öyrəndikləri vaxtdan daha möhkəmdir. Onlar «saçları ağaranda da» Yehovanın adını bəyan etməyə davam edirlər, buna görə də Yehova onları sevir. (Zəbur 92:12—15 ayələrini oxuyun.)
4. Yaşlı məsihiləri hansı fikirlər ruhlandıra bilər?
4 Əgər yaşa dolmusunuzsa, əmin olun ki, Yehova keçmişdə etdiyiniz xidməti unutmayıb (İbr. 6:10). Siz təbliğ işini həmişə canla-başla dəstəkləmisiniz və səmavi Atamız bundan çox razıdır. Həyatda çoxlu problemlərlə üzləşmisiniz, hətta bəziləriniz böyük qəlb ağrısı yaşamısınız. Allahın saleh normalarına bağlı qalmısınız, çiyinlərinizdə böyük məsuliyyət yükü daşımısınız, başqalarına təlim vermisiniz. Yehovanın sürətlə hərəkət edən təşkilatı ilə ayaqlaşmaq üçün var gücünüzlə çalışmısınız. Başqalarına dayaq olmusunuz və onları tamvaxtlı xidmətə təşviq etmisiniz. Sadiq olduğunuz üçün Yehova sizi çox sevir. O, «sadiq bəndələrini tərk etməz»! (Zəb. 37:28). O söz verib: «Başınız ağaranadək sizi gəzdirəcəyəm» (Əşy. 46:4). Buna görə də elə düşünməyin ki, yaşa dolmusunuz deyə, Yehovanın təşkilatında artıq elə də əhəmiyyətli deyilsiniz. Bu, qətiyyən belə deyil!
YEHOVA ÜÇÜN YERİNİZ XÜSUSİDİR
5. Yaşlı məsihilər nəyi bilməlidir?
5 Yaşlı bacı-qardaşların əvvəlki gücləri olmasa da, illər ərzində qazandıqları böyük təcrübələri var. Buna görə də onların Yehovanın təşkilatına çox sahədə köməyi dəyə bilər. Həm keçmişdəki, həm də müasir dövrdəki nümunələrdən görəcəyimiz kimi, yaşlı olmaları onları Yehova üçün yararsız etmir.
6, 7. Müqəddəs Kitabdan sadiqliyinə görə mükafat alan insanların nümunəsini çəkin.
6 Müqəddəs Kitabda qoca yaşlarında belə, Yehovaya xidmətdə çox iş görən sadiq insanların nümunəsi var. Məsələn, Musanın təxminən 80 yaşı olanda Yehova onu peyğəmbər və İsrail xalqının rəhbəri təyin etmişdi. Dənyal peyğəmbərin yaşı, görünür, 90-ı haqlayandan sonra da Yehovanın elçisi kimi, Onun buyurduğu işləri görürdü. Həvari Yəhya Allahın ilhamı ilə «Vəhy» kitabını yazanda, böyük ehtimalla, onun da yaşı 90-dan çox idi.
7 Yehovanın sadiq xidmətçiləri arasında elələri də var idi ki, tanınmış, görkəmli deyildilər və onlar asanlıqla nəzərdən qaça bilərdi. Amma Yehova onları da görürdü və sədaqətlərinə görə mükafatlandırırdı. Məsələn, «saleh və mömin» insan olan Şəmun haqda Müqəddəs Kitabda qısa danışılsa da, Yehovanın nəzəri onun üzərində idi və ona körpə İsanı görməyi nəsib etdi. Üstəlik, Şəmun İsa ilə anası barədə peyğəmbərlik söylədi (Luka 2:22, 25—35). Həmçinin dul olan peyğəmbər Hənnəni yadımıza salaq. Onun 84 yaşı olsa da, «həmişə məbəddə olurdu». Yehova onun daima «ibadət görüşlərində» olmasını mükafatsız qoymadı. Ona da körpə İsanı görmək nəsib oldu. Həm Şəmun, həm də Hənnə Yehovanın gözündə çox dəyərli idilər (Luka 2:36—38).
8, 9. Dul olandan sonra da bacılar hansı töhfəni verirlər?
8 Bizim dövrümüzdə Yehovaya sədaqətlə xidmət edən yaşlı bacı-qardaşlar gənclər üçün gözəl örnəkdir. Gəlin Lois Didur bacının nümunəsinə nəzər salaq. Cəmi 21 yaşı olanda o, Kanadada xüsusi öncül kimi xidmət etməyə başlamışdı. Daha sonra o, həyat yoldaşı Conla birgə uzun illər səyyar xidmətdə oldu. Sonralar 20 ildən çox Kanada Beytelində xidmət etdilər. Lois bacının 58 yaşı olanda onlara Ukrayna Beytelində xidmət etmək təklif olundu. Bəs onlar hansı qərarı verdilər? Başqa ölkədə xidmət etmək üçün yaşlarının çox olduğunu düşündülər? Xeyr, onlar bu təklifi qəbul etdilər və Con qardaş filial komitəsinə təyin olundu. Əfsuslar olsun ki, yeddi il sonra Con qardaş vəfat etdi, amma Lois bacı öz təyinatında qalmaq qərarına gəldi. İndi Loisin 81 yaşı var. O, Ukrayna Beytelində canla-başla xidmət etməyə davam edir və Beytel ailəsi onu çox istəyir.
9 Lois kimi bacılar ərləri öləndən sonra, ola bilsin, əvvəlki qədər diqqət görmürlər; buna baxmayaraq, dul qalmaları onların dəyərini aşağı salmır. Uzun illər ərlərinə dəstək olan və hal-hazırda sədaqətlə xidmət edən bu bacılar Yehova üçün çox əzizdir (1 Tim. 5:3). Həmçinin onlar gəncləri də çox ruhlandırırlar.
10. Toni qardaş hansı gözəl nümunəni qoyub?
10 Səhhətlərinə görə evdən çölə çıxa bilməyən və başqalarının köməyindən asılı olan yaşlı bacı-qardaşlarımız da bizim üçün ruhani xəzinədir. Məsələn, Toni adlı qardaş qocalar evində yaşayır. O, 1942-ci ilin avqustunda 20 yaşı olanda Pensilvaniyada vəftiz olunmuşdu. Bir müddət sonra o, hərbi xidmətə çağırıldı və bitərəf olduğu üçün ona iki il yarım həbs cəzası kəsdilər. O, yoldaşı Hilda ilə birgə iki övladını həqiqətdə böyüdüb. Toni qardaş illər ərzində üç yığıncaqda sədrlik edən nəzarətçi * kimi və rayon toplantısının nəzarətçisi kimi xidmət edib. O, həbsxanalarda yığıncaqlar və Müqəddəs Kitab dərsləri keçirirdi. İndi Toni qardaşın 98 yaşı olsa da, o, əl-qolunu yanına salıb oturmaq fikrində deyil. Qardaş Yehovaya xidmət etmək və aid olduğu yığıncaqla sıx əməkdaşlıq etmək üçün əlindən gələni edir!
11. Evdən çölə çıxa bilməyən yaşlı dindaşlarımızın bizim üçün dəyərli olduğunu necə göstərə bilərik?
11 Evdən çölə çıxa bilməyən yaşlı dindaşlarımıza necə hörmət göstərə bilərik? Ağsaqqallar qayğı göstərməlidir ki, onlar imkan daxilində yığıncaqda və təbliğdə iştirak etsinlər. Biz onları ziyarət etməklə və ya videozəng edərək onlarla maraqlana bilərik. Diqqətli olmasaq, bu yaşlı bacı-qardaşlar asanlıqla yadımızdan çıxa bilər. Onlardan bəziləri özləri haqda danışmağa elə də meyilli deyillər və ya bunu münasib bilmirlər. Amma onlara vaxt ayırıb, suallar versək, həmçinin onlar Yehovanın təşkilatında duyduqları sevinc haqda danışanda diqqətlə qulaq assaq, bunun böyük xeyrini görəcəyik.
12. Öz yığıncağımızda hansı xəzinələri tapa bilərik?
12 Öz yığıncağımızdakı yaşlı bacı-qardaşlarla maraqlansaq, onların necə möhtəşəm iman təzahür etdirdikləri bizi məəttəl qoya bilər. Hariat adlı bir bacı uzun illər ərzində Nyu-Cersidə (ABŞ) bir yığıncaqda xidmət edib. Sonra o, qızının yanına köçdü. Yeni yığıncağındakı bacı-qardaşlar vaxt ayırıb, onunla yaxından tanış oldular və sanki bir xəzinə kəşf etdilər. Hariat bacı 1920-ci illərdə həqiqəti öyrəndiyi vaxtlarda sahə xidmətində başına gələn əhvalatları danışıb, onları ruhlandırırdı. Sən demə, həmin vaxtlar bacı xidmətə çıxanda diş fırçasını da özü ilə götürürdü, çünki hər an həbs oluna bilərdi. Belə ki, 1933-cü ildə o, hər dəfə bir həftə olmaqla iki dəfə həbsdə olub. Həbsdə olanda üç balaca uşağına həyat yoldaşı baxırdı. Yoldaşı Yehovanın Şahidi olmasa da, bacıya çox dəstək olurdu. Həqiqətən də, Hariat bacı kimi yaşlı dindaşlarımızın qədrini bilməliyik, onlar buna layiqdir!
13. Nəyə görə Yehovanın təşkilatında yaşlıların özəl yeri var?
13 Yehovanın təşkilatında yaşlı bacı-qardaşlarımızın özəl yeri var. Onlar həyatları boyunca Yehovanın həm Öz təşkilatından, həm də şəxsən onlardan razı qalmasının dəfələrlə şahidi olublar. Onlar öz səhvlərindən çox şey öyrəniblər. Onlara «hikmət çeşməsi» kimi yanaşın və təcrübələrindən bəhrələnin (Məs. 18:4). Vaxt ayırıb onlarla yaxından tanış olsanız, imanınız möhkəmlənəcək və onlardan xeyli şey öyrənəcəksiniz!
YAŞLI DİNDAŞLARINIZIN TƏCRÜBƏSİNDƏN TAM ŞƏKİLDƏ BƏHRƏLƏNİN
14. Qanunun təkrarı 32:7 ayəsi gəncləri nəyə təşviq edir?
14 Yaşlılarla danışmaq üçün özünüz təşəbbüs göstərin. (Qanunun təkrarı 32:7 ayəsini oxuyun.) Bəlkə də, onların gözlərinin nuru zəifləyib, asta gəzirlər, dilləri söz tutmur, amma ürəkləri cavandır və Yehovanın qarşısında yaxşı ada sahibdirlər (Vaiz 7:1). Yehovanın onlara nə üçün dəyər verdiyini unutmayın. Onlara həmişə hörmət göstərin. Əlyəsə kimi olun. O, sonuncu dəfə İlyasın yanında olmaq fürsətini əldən vermədi. Əlyəsə təkidlə üç dəfə: «Səndən ayrılmayacağam», — demişdi (2 Pad. 2:2, 4, 6).
15. Yaşlılara hansı sualları verə bilərik?
15 Yaşlılara mehribancasına suallar verərək onlarla maraqlandığınızı göstərin (Məs. 1:5; 20:5; 1 Tim. 5:1, 2). Məsələn, soruşa bilərsiniz: «Gənc olanda həqiqəti tapdığınıza sizi nə əmin etmişdi? Həyatda üzləşdiyiniz hansı hadisələr sizi Yehovaya yaxınlaşdırıb? Yehovaya xidmətdə sevincinizi qorumağın sirri nədədir?» (1 Tim. 6:6—8). Onlar danışanda can-dildən qulaq asın.
16. Yaşlı və gənc məsihilərin bir-biri ilə ünsiyyət etməsinin hər ikisinə hansı faydası var?
16 Yaşlı və gənc məsihilər bir-biri ilə söhbət edəndə bu, hər ikisinə fayda gətirir (Rom. 1:12). Siz gənclər Yehovanın Öz sadiq xidmətçilərinin qeydinə qaldığına bir daha əmin olacaqsınız, yaşlılar isə sevildiklərini hiss edəcəklər. Onlar böyük məmnuniyyətlə sizə Yehovadan aldıqları nemətlər haqda danışacaqlar.
17. Nəyə əsasən deyə bilərik ki, Yehovaya sadiq olan yaşlı dindaşlarımız illər ötdükcə daha da gözəlləşir?
17 Adətən zahiri gözəllik illər ötdükcə solur, ancaq Yehovaya sadiq qalan məsihilər illər ötdükcə Onun gözündə daha da gözəlləşir (1 Salon. 1:2, 3). Nəyə əsasən belə demək olar? Çünki illər ərzində Allahın ruhu onları formalaşdırıb və onlarda gözəl xüsusiyyətlər hasil edib. Bu dəyərli bacı-qardaşlarımızı nə qədər yaxşı tanısaq və təcrübəsindən yararlansaq, o qədər çox onların qədrini biləcəyik və onlara dəyərli xəzinə kimi yanaşacağıq!
18. Növbəti məqalədə nə haqda danışacağıq?
18 Təkcə gənclər yaşlıları yox, yaşlılar da, öz növbəsində, gəncləri qiymətləndirəndə yığıncaq möhkəmlənir. Növbəti məqalədə öyrənəcəyik ki, yaşlı bacı-qardaşlar yığıncaqdakı gənclərə dəyər verdiklərini necə göstərə bilər.
NƏĞMƏ 144 Gözün mükafatda olsun!
^ Yehovaya sədaqətlə xidmət edən yaşlı dindaşlarımız xəzinəyə bənzəyir. Bu məqalə bizi onları daha çox qiymətləndirməyə təşviq edəcək. Öyrənəcəyik ki, onların hikmətindən və təcrübəsindən necə bəhrələnə bilərik. Həmçinin bu məqalə yaşlı dindaşlarımızı əmin edəcək ki, onların Allahın təşkilatında dəyərli yerləri var.
^ Hal-hazırda ağsaqqallar şurasının koordinatoru adlanır.