Kontentə keç

Mündəricatı göstər

Saleh adamla şər adam arasındakı fərq

Saleh adamla şər adam arasındakı fərq

«Siz... saleh adamla şər adam arasında... fərqi görəcəksiniz» (MƏL. 3:18).

NƏĞMƏ: 127, 101

1, 2. Bu gün Allahın xidmətçiləri üçün hansı təhlükə var? (Məqalənin əvvəlindəki şəklə baxın.)

TİBB işçiləri, adətən, öz pasiyentlərinə can yandırır, onlara kömək etmək istəyirlər. Çox vaxt həkim peşəsi həkimdən yoluxucu xəstəliyə tutulmuş insanlarla təmasda olmağı tələb edir. Belə hallarda onlar ehtiyat tədbirləri görürlər ki, xəstəni sağaldarkən özləri yoluxmasınlar. Bu gün biz Allahın normalarına zidd gedən xasiyyət və keyfiyyətlərə «yoluxmuş» insanların içində yaşayır, hər gün onlarla təmasda oluruq. Bu isə bizim üçün potensial təhlükə daşıyır.

2 Bu gün insan cəmiyyəti mənəviyyat böhranı yaşayır. Həvari Bulus Timutiyə yazdığı ikinci məktubda bundan xəbər vermişdi. O, allahsız insanların nümayiş etdirəcəyi xüsusiyyətləri sadalamış, bu xüsusiyyətlərin getdikcə daha da qabaracağını demişdi. (2 Timutiyə 3:1—5, 13 ayələrini oxuyun.) Allahı sevən insanlar kimi biz Allaha zidd gedən xüsusiyyətlərdən ikrah edirik. Lakin bu ikrah hissi özü-özlüyündə bizi pozğun cəmiyyətin yoluxucu təsirindən qorumur (Məs. 13:20). Bu məqalədə axırzaman cəmiyyətini və Allahın xalqını səciyyələndirən xüsusiyyətlər arasındakı təzad göstəriləcək. Bundan əlavə, biz öyrənəcəyik ki, başqalarına ruhani şəfa verərkən özümüzü mənfi təsirdən necə qoruya bilərik.

3. 2 Timutiyə 3:2—5 ayələrində sadalanan xüsusiyyətlər kimlərə aiddir?

3 Həvari Bulus axırzamanın «son dərəcə çətin bir vaxt» olacağını yazmış, həmin dövrdə yaşayan insanları fərqləndirən 19 xüsusiyyətin adını çəkmişdi. Romalılara 1:29—31 ayələrində həvari oxşar xüsusiyyətlərdən ibarət siyahı gətirmişdi. Lakin həvarinin Timutiyə məktubda işlətdiyi bəzi terminlərə İncilin başqa heç bir ayəsində rast gəlinmir. Bəs Bulus bu xüsusiyyətlərin kimlər tərəfindən nümayiş etdiriləcəyini demişdi? O, «insanlar» sözünü işlətsə də, dünyadakı bütün insanları nəzərdə tutmurdu. Çünki məsihilər ümumi cəmiyyətdən fərqli olaraq, tamam başqa xüsusiyyətlərlə tanınırlar. (Məlaki 3:18 ayəsini oxuyun.)

ÖZÜMÜZƏ MÜNASİBƏTİMİZ

4. Təkəbbürlü insan necə olur?

4 Həvari Bulus insanların xudbin, pulpərəst olacağını deyəndən sonra əlavə edir ki, insanlar həm də lovğa, özündən razı, təkəbbürlü olacaqlar. Bu xüsusiyyətlərə sahib olan insanlar, bir qayda olaraq, öz bacarığına, görünüşünə, varına, mənsəbinə görə özlərini digərlərindən üstün sayır, alqış, rəğbət «xəstəsi» olurlar. Bir mütəxəssisin təbiri ilə desək, təkəbbürlü insan ürəyində özünə səcdə edir. Təkəbbür o qədər çirkin bir xüsusiyyətdir ki, hətta təkəbbürlü insanlar da başqalarında bu xüsusiyyəti görəndə ikrah duyurlar.

5. Təkəbbür mömin bəndələrə də sirayət edə bilərmi? Nümunə gətirin.

5 Yehova Allah təkəbbürü sevmir. Müqəddəs Kitabda deyilir ki, Onun «təkəbbürlə baxan gözlər»dən zəhləsi gedir (Məs. 6:16, 17). Təkəbbür şeytani xüsusiyyətdir və insanın Allaha yaxınlaşmağına mane olur (Zəb. 10:4; 1 Tim. 3:6). Təəssüflə demək lazımdır ki, hətta bəzi mömin bəndələr də qürurun yoluxdurucu təsiri altına düşmüşdülər. Məsələn, illərlə Allaha sidqi-ürəkdən qulluq edən Yəhuda padşahı Üziyyə «güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı. O, Allahı Yehovaya xainlik etdi, buxur qurbangahında buxur yandırmaq üçün Yehovanın məbədinə girdi». Hizqiyyə padşah da həmçinin qürur tələsinə düşmüşdü. Xoşbəxtlikdən o, sonradan «qürurunu sındır»araq səhvini düzəltdi (2 Saln. 26:16; 32:25, 26).

6. Davudu hansı məziyyətləri qürurlandıra bilərdi? Onu qürurdan qoruyan nə olmuşdu?

6 İnsanı qürurlandıran onun xarici görünüşü, qolunun gücü, musiqi bacarığı, mənsəbi, qazandığı şöhrət və sairə bu kimi şeylər ola bilər. Davud peyğəmbər sadaladığımız məziyyətlərin təkcə birinə yox, hamısına malik idi. Buna baxmayaraq, o qürurlanmadı, həyatı boyu təvazökar qaldı. Baxın, Filişt cəngavəri Calutu qətlə yetirən, padşah kürəkəni olmaq üzrə olan Davud nə demişdi: «Mən kiməm, qohumlarım, atamın nəsli İsraildə nəçidir ki, mən padşaha kürəkən olum?» (1 İşm. 18:18). Davudu qürur və təkəbbürdən qoruyan nə olmuşdu? O başa düşürdü ki, sahib olduğu xüsusiyyət, bacarıq və üstünlüklər öz nailiyyəti deyil, Allahın lütfüdür, yəni hamısı Allahın verdiyi paydır (Zəb. 113:5—8; 1 Korinflilərə 4:7 ayəsi ilə əlaqələndirin).

7. Özümüzü aşağı tutmağımıza hansı səbəblər var?

7 Bu gün də Yehovanın xidmətçiləri Davud peyğəmbər kimi qürurdan uzaq durmağa çalışırlar. Məgər Kainat Hökmdarının şanlı taxtından əyilib günahkar bəndələrinə lütf, diqqət göstərməsi bizi təvazökarlığa vadar etmir?! (Zəb. 18:35). Bəli, biz Koloslulara 3:12 ayəsindəki «şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin» göstərişini şüarımıza çevirmişik. Məhəbbət prinsipi ilə yaşayan məsihilərə qürur yaraşmaz, axı «məhəbbət... lovğalanmır, qürrələnmir» (1 Kor. 13:4). Təvazökarlıq cazibədar bir xüsusiyyətdir. O, insanları dinimizə maraq göstərməyə sövq edə bilər. İman yolunda olmayan ərlər arvadlarının davranışı ilə «fəth» edildiyi kimi, bizim təvazökarlığımız da təmasda olduğumuz insanları «fəth» edib onlarda Allahımızla tanış olmaq istəyi oyada bilər (1 But. 3:1).

BAŞQALARI İLƏ RƏFTARIMIZ

8. a) Müasir dünyada itaətsizliyə necə baxılır? b) Müqəddəs Yazılar övladları nəyə çağırır?

8 Həvari Bulus yazmışdı ki, axırzamanda insanlar «valideynlərinə itaət etmə»yəcəklər. İtaətsizlik bugünkü dünyada normal qarşılansa da, kitab, film, televiziya verilişlərində tərənnüm edilsə də, cəmiyyətin özəyini təşkil edən ailə təsisatının sarsılmasına səbəb olur. Bu həqiqəti insanlar ta qədimdən dərk ediblər. Məsələn, qədim Yunanıstanda valideyninə əl qaldıran övlad bütün vətəndaşlıq hüquqlarından məhrum olurdu. Roma qanununda atanı vurmaq qətlə bərabər cinayət sayılırdı. Eynilə, Allahın qanunu da övladlardan öz valideynləri ilə hörmətlə rəftar etməyi tələb edir (Çıx. 20:12; Efes. 6:1—3).

9. Hansı amillər uşaqlarda itaət ruhunu inkişaf etdirə bilər?

9 İtaətsizlik ruhuna «yoluxmamaq» üçün uşaqlar nə etməlidirlər? İlk növbədə onlar valideynlərinin onlar üçün çəkdiyi əziyyəti qiymətləndirməlidirlər. Bundan əlavə, itaətin bütün bəşərin Atası olan Allahın tələbi olduğunu özünə xatırlatmaq uşağa qədirbilən və itaətli olmağa kömək edəcək. Uşaq həmyaşıdlarının yanında valideynləri haqqında ehtiramla danışanda, bir növ, həmyaşıdlarına da valideynə hörmət hissini aşılamış olur. Bulus demişdi ki, axırzamanda insanlar doğmalarını sevməyəcəklər. Uşaq ata-anasından sevgi hiss etməyəndə onun üçün itaət etmək çətin olur. Valideynləri tərəfindən sevilən övlad isə hətta onların sözündən çıxmaq istəsə belə, bunu etməyəcək, valideynini məmnun etməyə çalışacaq. Ostin adlı qardaşımız uşaq vaxtlarını xatırlayaraq deyir: «Öz bildiyimi etmək istədiyim vəziyyətlər çox olurdu. Amma mənə itaətli olmağa kömək edən o idi ki, valideynlərim həmişə mənimlə oturub söhbət edirdilər. Qoyduqları qaydaların səbəbini həmişə izah edirdilər. Mən hiss edirdim ki, onlar mənim yaxşılığımı istəyir. Bu isə məni onları razı salmağa sövq edirdi».

10, 11. a) Hansı geniş yayılmış keyfiyyətlər insanlar arasında xətir-hörmətin azaldığından xəbər verir? b) Məsihilər başqaları ilə rəftarda hansı ali qaydanı rəhbər tuturlar?

10 Həvari Bulus insanlar arasında xətir-hörmətin azalacağını göstərən bir sıra əlavə mənfi xüsusiyyətlərin adını çəkir. Valideynə itaətsizlik xüsusiyyətindən sonra Bulus insanların nankor olacağını deyir. Burada məntiqli bağlılıq var, çünki itaətsizliyin özü çox vaxt qədirbilməzlikdən irəli gəlir. Siyahı vəfasız, sonra barışmaz sözləri ilə davam edir. Həvari həmçinin deyir ki, cəmiyyət küfr danışan («söyüşkən», haş.) və xain olacaq. Yəni insanlar bir-birini, Allahı təhqir edəcək, xəyanətkar olacaqlar. Bulus həm də deyir ki, axırzaman insanları böhtançı olacaq, bu isə o deməkdir ki, insanlar bir-birinə şər atacaq, qara yaxacaqlar *.

11 Axırzaman cəmiyyətindən fərqli olaraq, Yehova Allaha ibadət edənlər başqalarına qarşı sevgi ilə rəftar edirlər. Bu nəinki bu gün, həmişə belə olub. İsa Məsih göstərmişdi ki, insanlara qarşı sevgi, yəni aqapi məhəbbəti Allaha sevgidən sonra Tövratda ikinci ən ali əmrdir (Mət. 22:38, 39). O həm də demişdi ki, məsihiləri səciyyələndirən xüsusiyyət məhz sevgi olacaq. (Yəhya 13:34, 35 ayələrini oxuyun.) Məsihilərdən hətta düşmənlərinə qarşı sevgi ilə rəftar etmək gözlənilir (Mət. 5:43, 44).

12. İsa Məsihin insanlara məhəbbəti nədən görünürdü?

12 İsa Məsihin həyatı, demək olar ki, məhəbbətin təcəssümü idi. O, Fələstin diyarını şəhərbəşəhər gəzərək insanlara Allahın Padşahlığını müjdələyirdi. O, korlara, axsaqlara, cüzamlılara, karlara şəfa verir, ölüləri dirildirdi (Luka 7:22). Peyğəmbər insanlar uğrunda hətta öz həyatını fəda etdi, halbuki onların arasında ona nifrət edənlər də az deyildi. Bu sevgi İlahinin insanlara bəslədiyi sevginin təzahürü idi. Yehovanın Şahidləri də bu gün hamı ilə sevgi prinsipi əsasında rəftar edirlər.

13. Göstərdiyimiz məhəbbət kənar adamlara necə təsir edə bilər?

13 Məhəbbətdən irəli gələn rəftarımız digərlərinin gözündə Yehova Allahın dinini ucaldır. Tailandda belə bir hadisə baş vermişdi. Regional toplantıya gələn bir kişiyə aramızdakı mehribançılıq elə təsir etdi ki, nəticədə o, həftədə iki dəfə Müqəddəs Kitab dərsi keçməyi istədi. Tezliklə o bütün qohumlarına öyrəndiklərini danışdı və dərslərini başlayandan cəmi altı ay sonra yığıncaqda Müqəddəs Kitab qiraəti tapşırığını aldı. Yaxşı olardı, biz vaxtaşırı məhəbbətimizin nə dərəcədə gerçək olduğunu yoxlayaq. Məsələn, növbəti sualların üzərində düşünmək olar: «Doğmalarımın arasında, yığıncaqda, xidmətdə başqalarına yardımçı olmağa çalışırammı? Digərlərinə Yehovanın gözü ilə baxmağa can atırammı?»

QURD VƏ QUZULAR

14, 15. Dünyada hansı keyfiyyətlər geniş yayılıb, lakin bəzi insanlar özündə hansı dəyişikliklər edib?

14 Məsihilərə bu dünyadan uzaq durmaq üçün əlavə səbəb verən bir sıra digər mənfi xüsusiyyətlər də var ki, bizim zəmanədə geniş yayılıb. Bulus yazır ki, imansız insanlar özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, tərs olacaqlar.

15 Əvvəllər bu cür xüsusiyyətlər nümayiş etdirən bir çox insan özündə dəyişiklik edə bilmişdir. Müqəddəs Kitabdakı peyğəmbərlikdə bu barədə öncədən xəbər verilmişdi. (Əşiya 11:6, 7 ayələrini oxuyun.) Orada deyilir ki, qurd və aslan kimi vəhşi heyvanlar quzu və buzov kimi ev heyvanları ilə sülhdə yaşayacaq. Əşiya 11:9 ayəsində bu şəraitin nəyin sayəsində olacağı açıqlanır: «Dünya başdan-başa Yehova barədə biliklə dolacaq». Heyvanlar şüurlu varlıq olmadığı, Yehova barədə öyrənə bilmədikləri üçün bu peyğəmbərliyin ruhani mənada insanlara aid olduğunu başa düşməyimiz lazımdır.

Allah elminə yiyələnib ilahi normalara uyğun yaşamaq insanın həyatını kökündən dəyişir. (16-cı abzasa baxın)

16. Müqəddəs Kitab bir çox insanlara nədə kömək edib?

16 Bəzi məsihilər əvvəllər, məcazi dillə desək, qurd kimi amansız, zalım olublar. Amma indi onlar kökündən dəyişib hamıya mehriban münasibət bəsləyirlər. Jw.org saytına daxil olub «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasında bir çox belə bacı-qardaşlarımızın tərcümeyi-halını oxumaq olar. Bu insanlar üzdən özlərini mömin göstərən, əslində isə Allahın yolu ilə getməyən saxta dindarların tam əksidir. Onlar sanki, qurd cildindən çıxıb «Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış yeni şəxsiyyətə bürün»üblər (Efes. 4:23, 24). İnsan Allah elminə yiyələndikcə həyatını ilahi normalara uyğunlaşdırmağın vacibliyini dərk etməyə və beləcə, inanclarında, düşüncə və davranışında dəyişiklik etməyə başlayır. Dəyişiklik etmək həmişə asan olmasa da, mümkündür, çünki Allah Onu sidqi-ürəkdən razı salmaq istəyənlərə kömək edir.

«BELƏLƏRİNDƏN UZAQ GƏZ»

17. Yehovanın xidmətçisi özünü bu dünyanın yoluxucu təsirindən qorumaq üçün nə etməlidir?

17 Axırzaman cəmiyyəti ilə Allahın xalqı arasındakı mənəviyyat uçurumu günü-gündən genişlənir. Biz diqqətli olmalıyıq ki, bu dünyanın yoluxucu təsirinə uymayaq. Bunun üçün 2 Timutiyə 3:2—5 ayələrində yazılan «belələrindən uzaq gəz» xəbərdarlığına ciddi yanaşmağımız lazımdır. Düzdür, biz allahsız keyfiyyətlər nümayiş etdirən insanlardan tamam təcrid ola bilmərik. Nə qədər ki, indiki dövr davam edir, işdə, məktəbdə, məişətdə, istər-istəməz, Allaha qulluq etməyən insanlarla təmasda oluruq. Bununla belə, bu insanların düşüncə və davranış tərzinin təsirinə müqavimət göstərmək lazımdır. Necə? Allah sevgimizi gücləndirməklə. Müqəddəs Kitabı mütaliə etmək, Allahın xalqı ilə sıx təmasda olmaq bizə buna nail olmağa kömək edəcək.

18. Məsihi sözləri və rəftarı ilə başqalarına necə kömək edə bilər?

18 Özümüzü zəmanəmizin pis təsirindən qorusaq da, üzərimizdəki öhdəçiliyi — insanları Allah yoluna dəvət etmək öhdəçiliyini unutmamalıyıq. Gəlin çalışaq, Allahın sözünü bölüşmək üçün hər münasib fürsətdən istifadə edək. Yehovadan diləyək ki, hər vəziyyətə uyğun müvafiq söz tapmağımıza kömək etsin. Ətrafımızdakı insanlar bilməlidirlər ki, biz Yehovanın şahidiyik. Beləcə, bizim yaxşı davranışımız özümüzə yox, Yehova Allaha alqış qazandıracaq. Şükür olsun Allahımıza ki, «bizə allahsızlığı və bu dünyaya xas istəkləri rədd edib bu zəmanədə sağlam düşüncə ilə, salehlik və möminliklə həyat sürməyi öyrədir» (Tit. 2:11—14). Əgər özümüzü Allahın verdiyi tərbiyəyə uyğun aparsaq, bu, insanların gözündən yayınmayacaq, hətta bəziləri deyə bilərlər: «Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir» (Zək. 8:23).

^ abz. 10 Böhtançı sözü ilə tərcümə edilən yunan sözü «diabolos» Müqəddəs Kitabda Allaha şər atan Şeytanın adlarından biri kimi də işlənir.