Saxta və gerçək xoşbəxtlik
«Allahı Yehova olan xalq nə bəxtiyardır!» (ZƏB. 144:15).
1. Yaşadığımız zəmanə başqa dövrlərdən nədə fərqlənir?
BİZ tarixin misilsiz bir dövründə yaşayırıq. Müqəddəs Kitabda xəbər verildiyi kimi, bu gün Yehova Allah «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət... böyük bir izdiham», qüdrətli bir xalq toplayır. Bu xalq «gecə-gündüz [Allahın] məbədində Ona qulluq» edən səkkiz milyondan çox insandan ibarətdir (Vəhy 7:9, 15; Əşy. 60:22). Bu, doğrudan da, möhtəşəm bir saydır! Tarixin heç bir dövründə Yehova Allahı və insanları səmimi-qəlbdən sevənlərin sayı bu qədər olmayıb.
2. Allahı sevməyən insanlarda daha çox nəyə sevgi müşahidə olunur? (Məqalənin əvvəlindəki şəklə baxın.)
2 Müqəddəs Kitabda həmçinin xəbər verilmişdi ki, dövrümüzdə insanlarda Allaha yox, başqa şeylərə sevgi üstünlük təşkil edəcək. Həvari Bulus yazmışdı: «Axırzamanda... insanlar xudbin, pulpərəst... olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Tim. 3:1—4). Doğrudan da, bu gün insanlar özlərini, pulu, əyləncəni daha çox sevirlər. Bu sevgi isə Müqəddəs Kitabın öyrətdiyi sevgidən yüz səksən dərəcə fərqlənir, belə ki, bu sevginin kökündə «mən» prinsipi dayanır. Bu cür sevgi isə insanı heç vaxt xoşbəxt edə bilməz. Yaşadığımız «son dərəcə çətin» həyat elə bu cür xudbin sevginin məhsuludur.
3. Bu məqalədə hansı mövzu müzakirə olunacaq və nə üçün bu mövzu vacibdir?
3 Həvari Bulus bilirdi ki, axırzamanda dünyanı bürüyən eqoizm ruhu məsihilərə mənfi təsir göstərə bilər. Buna görə də, o, məsihiləri xəbərdar etmişdi ki, bu cür insanlardan uzaq gəzsinlər (2 Tim. 3:5). Təbii ki, söhbət özümüzü bu dünyadan tamamilə təcrid etməkdən getmir. Belə isə, gəlin görək dünyanın ruhundan «uzaq gəz» göstərişi hansı mənanı daşıyır və necə yaşamalıyıq ki, məhəbbət mənbəyi Yehova bizdən razı qalsın? Əvvəla gəlin 2 Timutiyə 3:2—4 ayələrində təsvir olunan sevgi ilə İlahidən qaynaqlanan sevgini qarşı-qarşıya qoyaq. Bu bizə özümüzü yoxlamağa, hansı dəyərlərə üstünlük verdiyimizi görməyə kömək edəcək. Bu isə tapdığımız xoşbəxtliyin saxta və ya gerçək olması ilə bilavasitə bağlıdır.
ALLAH SEVGİSİ VƏ «MƏN» SEVGİSİ
4. Nəyə görə insanın özünə sağlam sevgi bəsləməsi qəbahət deyil?
4 Həvari Bulus demişdi ki, «insanlar xudbin... olacaqlar», yəni özlərini hamıdan çox sevəcəklər. Əslində, insanın özünü sevməsi normaldır, hətta demək olar, vacibdir, çünki Yehova bizi belə yaradıb. İsa Məsih demişdi: «Başqasını özünü sevdiyin kimi sev» (Mark 12:31). Axı özünü sevməyən insan başqasını necə sevə bilər?! Müqəddəs Kitabda həmçinin buyrulur: «Ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir. Arvadını sevən özünü sevir, axı elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir» (Efes. 5:28, 29). Göründüyü kimi, insanın özünə sağlam sevgi bəsləməsi qəbahət deyil.
5. Xudbin insanı necə təsvir edərdiniz?
5 Özünə sağlam sevgi bəsləməklə xudbinlik ayrı-ayrı şeylərdir. Xudbin insan özünü başqalarından çox sevir, özü barədə lüzumundan artıq fikirləşir. (Romalılara 12:3 ayəsini oxuyun.) Bu cür insan ancaq öz mənafeyi üçün yaşayır, başqaları onun vecinə deyil. Nə isə problem yarananda məsuliyyəti öz boynundan atır və günahı həmişə başqalarında axtarır. Müqəddəs Kitabı şərh edən bir kitabda deyilir ki, xudbin insan «yumaq kimi bükülüb bədəninin isti və yumşaq hissəsini içinə qısan, ətrafdakılara isə iynələrini göstərən kirpiyə bənzəyir». Təkcə özünü düşünən insan heç vaxt əsl xoşbəxtliyi dada bilməz.
6. Hansı insanlar əsl xoşbəxtliyə yetişir?
6 Müqəddəs Kitab alimləri fərz edir ki, həvari Bulusun mənfi xüsusiyyətlərin sırasında xudbinliyin adını birinci çəkməsinə səbəb digər mənfi xüsusiyyətlərin xudbinlikdən törəməsidir. Allah sevgisi isə insanda tamam başqa xüsusiyyətlər hasil edir. İlahi məhəbbət Müqəddəs Kitabda sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq kimi xüsusiyyətlərlə əlaqələndirilir (Qal. 5:22, 23). Məzmurçunun da yazdığı kimi ilahi məhəbbət insanı xoşbəxt edir. O demişdi: «Allahı Yehova olan xalq nə bəxtiyardır!» (Zəb. 144:15). Yehova xoşbəxt Allah olduğu üçün Onun xidmətçiləri də xoşbəxtdirlər. Təkcə özünü sevən, həmişə başqalarından nə isə uman insanlardan fərqli olaraq, onlar başqalarının rifahını düşünür, insanlarla paylaşmağı sevirlər (Həv. 20:35).
7. Hansı sualların köməyi ilə Allaha məhəbbətimizi təhlil edə bilərik?
7 Biz ehtiyatlı olmasaq, qəlbimizdə Allaha məhəbbətin yerini özümüzə məhəbbət tuta bilər. Bizdə bu halın yaranıb-yaranmadığını necə müəyyən edə bilərik? Filippililərə 2:3, 4 ayələri bizə nəsihət edir: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın. Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin». Bu ayənin işığında özümüzə növbəti sualları verə bilərik: «Ayələrdəki nəsihətə əməl edirəmmi? Allahın iradəsinə uyğun davranırammı? Bacı-qardaşlara və təbliğ etdiyim insanlara yardım əlimi uzadırammı?» Düzdür, özündən çox başqalarını düşünmək həmişə asan olmur. Bunun üçün insandan güc və fədakarlıq tələb olunur. Amma bu qurbana dəyər, axı bununla biz yerin-göyün Yaradanını razı salmış oluruq. Həyatda bundan böyük xoşbəxtlik ola bilərmi?!
8. Allah sevgisi bəzi bacı-qardaşlarımızı hansı qərarlara təşviq edib?
8 Allah sevgisi bəzi bacı-qardaşlarımızı təşviq edib ki, Yehovaya xidmətdə daha çox iş görə bilmək üçün karyeradan imtina etsinlər. Məsələn, götürək Birləşmiş Ştatlarda yaşayan, ixtisasca həkim olan Erika adlı bacımızı. O, tibb sahəsində yaxşı vəzifə tutmaq imkanından keçərək öncül xidmətinə başlamış və həyat yoldaşı ilə birgə bir sıra ölkədə xidmət etmişdir. Bacı keçmiş günləri xatırlayaraq deyir: «Əcnəbidilli ərazidə xidmət edəndə başımıza gələn çoxsaylı maraqlı hadisələr, qazandığımız dostlar bizim həyatımızı olduqca zənginləşdirib. İndi həkimliyə qayıtsam da, vaxtımı və gücümü əsasən insanlara ruhani şəfa verməyə, yığıncaqdakı bacı-qardaşlara xidmət etməyə sərf edirəm. Bu da mənə dərin məmnunluq və sevinc bəxş edir».
GÖYDƏKİ XƏZİNƏ VƏ YERDƏKİ XƏZİNƏ
9. Nəyə görə pulpərəst insan xoşbəxt ola bilməz?
9 Yuxarıda qeyd etdiyimiz kimi, axırzaman barədə verilən əlamətlərdən biri də odur ki, insanlar «pulpərəst... olacaqlar». Bir neçə il bundan qabaq İrlandiyada belə bir hadisə baş vermişdi. Bir öncül qardaşımız bir kişi ilə Allah barədə söhbət edəndə kişi pul kisəsindən pul çıxardıb qardaşa göstərərək fəxrlə deyir: «Mənim allahım bax budur!» Düzdür, hər kəs bu kişinin dediyi sözləri dilinə gətirməsə də, dünyanın vəziyyəti göz qabağındadır: biz pul sevən, mal sevən dünyada yaşayırıq. Müqəddəs Kitabda deyilir ki, «gümüş sevən gümüşdən doymaz, var-dövlət sevən də qazancdan» (Vaiz 5:10). Bəli, bu cür insanların pul iştahası günü-gündən artır və bu iştahanı təmin etməyə çalışmaqla onlar «özlərinə çoxlu əzab» çəkdirirlər (1 Tim. 6:9, 10).
10. Ağur varlı və yoxsul olmaqla bağlı nə yazmışdı?
10 Sözsüz ki, pul insanı müəyyən müdafiə ilə təmin edir; pulsuz keçinmək qeyri-mümkündür (Vaiz 7:12). Bəs insanın gəliri çox deyil, ancaq zəruri ehtiyaclarına çatırsa, o xoşbəxt ola bilərmi? Bəli, ola bilər. (Vaiz 5:12 ayəsini oxuyun.) Gəlin baxaq, Yaqi oğlu Ağur peyğəmbər Allahdan nə diləmişdi: «Məni nə kasıb elə, nə də varlı. Qədərində yeyim». Ağur kasıb olmamaq arzusunu belə izah etmişdi: «Yoxsul olub oğurluq etməyim, Allahımın adına ləkə gətirməyim». Bəs görəsən, onun varlı olmaq istəməməsi nədən irəli gəlirdi? O deyir: «Toxluqdan Səni danmayım, “Yehova kimdir?” deməyim» (Məs. 30:8, 9). Yəqin peyğəmbərin nə demək istədiyini yaxşı başa düşürük, çünki Allahı qoyub var-dövlətinə sığınan insanları az görməmişik.
11. İsa Məsihin pulla bağlı hansı öyüd-nəsihəti var?
11 Pulu sevən insan Allahı razı sala bilməz. Bu həqiqət İsa Məsihin növbəti sözlərindən irəli gəlir: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz». Odur ki, peyğəmbərin verdiyi nəsihətə diqqət yetirməyimiz yaxşı olardı: «Özünüzə yerdə xəzinə toplamayın. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır. Əvəzində xəzinənizi göydə toplayın. Orada onu nə güvə yeyir, nə pas xarab edir, nə də oğrular girib oğurlayır» (Mət. 6:19, 20, 24).
12. Sadə həyat Allaha qulluq etməyi necə asanlaşdırır? Nümunə çəkin.
12 Bir sıra dindaşımız öz təcrübəsindən deyə bilər ki, sadə həyat yaşamaq onlara məmnunluqdan başqa, Allahın işinə daha çox vaxt ayırmaq imkanı da verir. Bunu Cek adlı amerikalı qardaşımızın təcrübəsindən görmək olar. Qardaş yoldaşı kimi öncül xidmətinə başlamaq üçün böyük evini satmış, sahibkarlıq fəaliyyətini dayandırmışdı. O deyir: «Şəhərdən kənardakı gözəl evimizi, torpağımızı satmağa əlim gəlmirdi. Amma bir neçə il idi ki, işdə yaşanan problemlərə görə evə çox bərbad vəziyyətdə qayıdırdım. Həyat yoldaşım isə öncül olduğu üçün həmişə gözəl əhvali-ruhiyyədə idi. O deyirdi: “Mənim Müdirimdən yoxdur!” Sonra mən də öncül oldum. Bu gün həyat yoldaşımla birlikdə bir Sahibkarın, Yehova Allahın işini görürük».
13. Pula münasibətimizi necə təhlil edə bilərik?
13 Pula necə münasibət bəslədiyimizi müəyyən etmək üçün növbəti suallara dürüst şəkildə cavab verməliyik: «Müqəddəs Kitabda pulla bağlı verilən öyüdlərin hikmətinə inanırammı? Bu öyüdlərə əməl edirəmmi? Pul qazanmaq həyat amalıma çevrilməyib ki? Mənim üçün həyatda nə daha böyük əhəmiyyət daşıyır: mal-mülk, yoxsa Yehova ilə və insanlarla münasibətim? İnanırammı ki, Yehova məni köməksiz qoymayacaq, bütün ehtiyaclarımı ödəyəcək?» Əmin ola bilərik ki, Allahımız heç vaxt bizi naümid qoymayacaq (Mət. 6:33).
ALLAH SEVGİSİ VƏ ZÖVQ-SƏFA SEVGİSİ
14. İnsanın əyləncəni sevməsi qəbahətdirmi? İzah edin.
14 Həvari Bulus demişdi ki, axırzamanda, həmçinin insanlar «eyş-işrəti sevəcəklər», yəni əylənmək və zövq-səfa sürmək onlar üçün hər şeydən vacib olacaq. İnsanın özünə və pula münasibətində olduğu kimi, əyləncəni sevmək də özü-özlüyündə qəbahət deyil, əsas odur ki, tarazlıq itməsin. Sağlam əyləncə və istirahət insana təravət gətirir. Yehova istəmir ki, biz özümüzü bu şeylərdən məhrum edək. O, Öz Kəlamı vasitəsilə bizə buyurur: «Get şad-xürrəm çörəyini ye, şən ürəklə şərabını iç» (Vaiz 9:7).
15. 2 Timutiyə 3:4 ayəsində yazılmış «Allahdan çox eyş-işrəti sevəcəklər» sözlərinin mənası nədir?
15 Həvari Bulusun 2 Timutiyə 3:4 ayəsində yazdıqlarına əsasən, axırzamanda insanlar eyş-işrəti o dərəcədə sevəcəklər ki, həyatlarında Allaha yer qalmayacaq. Ayədə deyilir ki, onlar eyş-işrəti «Allahdan çox» sevəcəklər. Bu sözlər onların Allahı da sevəcəyini bildirmir. Bununla bağlı bir alim yazmışdı: «Bu ayə demək istəmir ki, insanlar Allahı müəyyən dərəcədə sevəcəklər. Ayənin mənası odur ki, onlar Allahı ümumiyyətlə sevməyəcəklər». Necə də ayıldıcı fikirdir! Eyş-işrəti sevən bu insanlar Luka 8:14 ayəsində «başları zövq-səfaya» qarışmış insanlar kimi təsvir olunurlar.
16, 17. İsa Məsih əyləncəyə və istirahətə necə yanaşırdı?
16 Əyləncə və istirahət məsələsində həddi qorumaq üçün gəlin İsa Məsihin mükəmməl nümunəsini nəzərdən keçirək. Təbii ki, o da istirahətə və əyləncəyə vaxt ayırırdı. Müqəddəs Kitabda oxuyuruq ki, o, qonaqlığa getmişdi, toyda iştirak etmişdi (Yəh. 2:1—10; Luka 5:29). İsa hətta həmin toyda şərab az olduğu üçün möcüzə göstərib suyu şəraba döndərmişdi. Yeyib-içdiyi üçün insanlar onu mühakimə edəndə o, onların ifrat düşüncəyə sahib olduğunu göstərmişdi (Luka 7:33—36).
17 İsa Məsih istirahət və əyləncəni bəyənsə də, bu şeylər onun üçün əsas yerdə deyildi. Onun həyatının əsas qayəsi Yehovaya ibadət etmək və insanlara fədakarcasına kömək etmək idi. O, bəşəriyyəti yaşatmaq üçün işgəncəli ölümü daddı. Məsih onun yolunu izləmək istəyənlərə belə nəsihət etmişdi: «Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz! Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər» (Mət. 5:11, 12).
18. Hansı sualların köməyi ilə əyləncəyə sevgimizin qədərini müəyyən edə bilərik?
18 Əyləncəyə sevgimizin həddi aşmadığını müəyyən etmək üçün gəlin növbəti suallarla özümüzü təhlil edək: «Həyatımda əsas yeri nə tutur, yığıncaqlar, təbliğ işi, yoxsa əyləncə? Mənə zövq verən şeylərdən xidmət uğrunda keçməyə hazırammı? Əyləncə seçəndə Yehovanın baxışını nəzərə alırammı?» Elə əyləncələr var ki, biz Yehovanın onları sevmədiyini konkret bilirik, amma bəzən sadəcə ehtimal edirik. Əgər Yehovanı doğrudan da seviriksə, ehtimal etdiyimiz vəziyyətlərdə də əyləncədən imtina edəcəyik. (Mətta 22:37, 38 ayələrini oxuyun.)
ƏSL XOŞBƏXTLİK
19. Nə cür insanlar heç vaxt əsl xoşbəxtliyə nail ola bilməz?
19 Təxminən altı min ildir ki, bəşəriyyət Şeytanın hakimiyyəti altında əzab çəkir. Bu hakimiyyətin sonu olan axırzamanda dünya yalnız özünü, pulu və əyləncəni sevən insanlarla doludur. Onlar ancaq öz mənfəətlərini güdür, öz istəklərini təmin etməyi düşünürlər. Lakin bu cür insanlar heç vaxt, sözün əsl mənasında, xoşbəxt ola bilməzlər. Məzmurçunun da yazdığı kimi insan xoşbəxtliyi ancaq Yehovada tapa bilər: «Xoşbəxtdir o kəs ki, köməyi Yaqubun Allahıdır, ümidi Allahı Yehovadır» (Zəb. 146:5).
20. Allah sevgisi sizi necə xoşbəxt edib?
20 Bizim Yehova Allaha bəslədiyimiz sevgi günü-gündən möhkəmlənir və hər il çox sayda insan Yehovanı sevərək sıralarımıza qoşulur. Bu, sübut edir ki, Allahın Padşahlığı fəaliyyət göstərir və tezliklə yer üzünə görünməmiş nemətlər bəxş edəcək. Yehovanın iradəsini yerinə yetirmək, yeri-göyü Yaradanı razı saldığımızı bilmək bizə əsl məmnunluq və sevinc bəxş edir. Yehovanı sevənlərin sevinci əbədi, tükənməz olacaq! Növbəti məqalədə xudbinlikdən doğan bir neçə xüsusiyyəti nəzərdən keçirəcək, onlarla məsihi xüsusiyyətləri arasındakı təzadı görəcəyik.