Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 2

«Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin»

«Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin»

«Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz» (ROM. 12:2).

NƏĞMƏ 88 Mənə yollarını öyrət

İCMAL a

1, 2. Vəftizdən sonra nə etməliyik? İzah edin.

 EVİNİZİ tez-tez təmizləyirsiniz? Yəqin ki, evə ilk dəfə köçəndə oranı dərindən təmizləmişdiniz. Bundan sonra daha evi yığışdırmasanız, nə baş verər? Bildiyimiz kimi, ev çirklənər, hər yeri toz-torpaq basar. Evinizin səliqə-sahmanlı olması üçün gərək onun təmizliyinə həmişə fikir verəsiniz.

2 Eyni şeyi düşüncəmiz və xasiyyətimiz haqda da demək olar. Şübhəsiz, vəftizdən qabaq əlimizdən gələni etmişdik ki, «cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Kor. 7:1). İndi isə bunu davam etdirməliyik. Bulusun dediyi kimi, daima düşüncə tərzimizi yeniləşdirməliyik (Efes. 4:23). Çünki bu dünyanın toz-torpağı, çirkabı üstümüzə tez hopa bilər. Buna görə də Yehovanın gözündə təmiz olmaq üçün düşüncəmizi, xasiyyətimizi və nəyə can atdığımızı mütəmadi olaraq yoxlamalıyıq.

DAİMA DÜŞÜNCƏNİZİ YENİLƏŞDİRİN

3. «Düşüncəni yeniləşdirmək» nə deməkdir? (Romalılara 12:2).

3 Düşüncəmizi yeniləşdirmək üçün nə etməliyik? (Romalılara 12:2 ayəsini oxuyun.) «Düşüncəni yeniləşdirmək» kimi tərcümə olunan yunan ifadəsi həmçinin «düşüncəni bərpa etmək» mənasını da daşıyır. Bildiyimiz kimi, evdə köklü təmir-bərpa işləri aparmaqla ona üzdən əl gəzdirmək arasında böyük fərq var. Məsələn, evi bir-iki əşya ilə bəzəmək onu təmir etmək demək deyil. Eynilə həyatımızı bir-iki yaxşı əməllə bəzəmək düşüncəmizi bərpa etmək demək deyil. Biz qəlbimizin dərinliyində necə insan olduğumuza nəzər salmalıyıq və lazımi dəyişikliklər etməliyik ki, Yehovanın normalarına maksimum dərəcədə uyğun olaq. Üstəlik, bunu bir dəfə yox, daima etməliyik.

Təhsil və karyera ilə bağlı qərarınızdan Padşahlığı həyatınızda hər şeydən üstün tutduğunuz görünür? (4 və 5-ci abzaslara baxın) c

4. Düşüncəmizi bu dünyanın formalaşdırmaması üçün nə etməliyik?

4 Kamil olandan sonra hər addımımız Yehovaya xoş gedəcək. Amma indi bunun üçün var gücümüzlə çalışmalıyıq. Diqqət yetirin, Bulus Romalılara 12:2 ayəsində deyir ki, düşüncəmizi dəyişsək, Allahın iradəsini dərk edəcəyik. Əl-qolunuzu yanınıza sallayıb dünyanın sizi formalaşdırmasına yol verməyin. Özünüzü yoxlayın, görün Allahın düşüncəsinin məqsədlərinizə və qərarlarınıza yön verməsi üçün nə edirsiniz.

5. Yehovanın gününün yaxın olduğu ilə bağlı nə düşündüyümüzü necə müəyyən edə bilərik? (Şəklə baxın.)

5 Yehova istəyir ki, biz Onun gününü bərk-bərk yadda saxlayaq (2 But. 3:12). Özümüzə növbəti sualları verməliyik: «Bu şər dünyanın sonuna az qaldığını dərk etdiyim həyat tərzimdən görünür? Təhsil və işlə bağlı seçimimlə Yehovaya xidmətin mənim üçün hər şeydən üstün olduğunu göstərirəm? Yehovanın qeydimə qalacağına etibar edirəm, yoxsa elə həmişə maddi şeylərə görə fikir çəkirəm?» Biz həyatımızın hər sahəsini Yehovanın iradəsinə uyğunlaşdıranda Yehovanın qəlbi şad olur (Mət. 6:25—27, 33; Filip. 4:12, 13).

6. Biz daima nə etməliyik?

6 Biz düşüncəmizi daima yoxlamalıyıq və lazımi dəyişikliklər etməliyik. Bulus korinflilərə belə demişdi: «İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın» (2 Kor. 13:5). İman yolunda olmaq yığıncaqda və təbliğdə hərdənbir iştirak etmək demək deyil. Bizim fikirlərimizdən, istəklərimizdən və niyyətlərimizdən də iman yolunda olub-olmadığımız görünür. Buna görə də biz düşüncəmizi daima yeniləşdirməliyik. Bunun üçün Allahın Kəlamını oxumalı, Onun düşüncə tərzinə yiyələnməli və həyatımızda Onun iradəsinə uyğun dəyişikliklər etməliyik (1 Kor. 2:14—16).

«YENİ ŞƏXSİYYƏTƏ» BÜRÜNÜN

7. Efeslilərə 4:31, 32 ayələrinə əsasən, biz daha nə etməliyik və nəyə görə bu, bəzən çətin ola bilər?

7 Efeslilərə 4:31, 32 ayələrini oxuyun. Biz düşüncəmizdə dəyişikliklər etməklə yanaşı, yeni şəxsiyyətə bürünməliyik (Efes. 4:24). Bu isə zəhmət tələb edir. Məsələn, biz kin, hirs, qəzəb kimi xüsusiyyətlərə üstün gəlməliyik. Bu, bəzən çətin ola bilər. Çünki bəzi mənfi xüsusiyyətlər bizdə dərin kök salıb. Müqəddəs Kitabda deyilir ki, «ağlı kəsəndən insanın ürəyi pisliyə meyilli olur» (Yar. 8:21). Ona görə də bəzi xüsusiyyətlərimizi ram etmək üçün vəftizdən sonra da daima çalışmalıyıq. Gəlin bir nümunəyə baxaq.

8, 9. Stiven qardaşın nümunəsindən göründüyü kimi, nəyə görə köhnə şəxsiyyətdən yaxa qurtarmaq üçün daima çalışmalıyıq?

8 Stiven adlı bir qardaşa hirsini cilovlamaq çətin idi. O deyir: «Vəftizdən sonra da xasiyyətim üzərində işləməyə davam etməli idim. Məsələn, bir dəfə xidmətdə ev-ev təbliğ edən zaman maşınımdan radio-maqnitofon oğurlandı. Mən hər şeyi atıb oğrunun dalınca qaçmağa başladım. Onu tutmağa az qalmış, o, radionu yerə atıb gözdən itdi. Bacı-qardaşlara radiomu necə geri aldığımı danışanda bir ağsaqqal soruşdu: “Stiven, bəs oğrunu tutsaydın, nə edəcəkdin?” Bu sual məni düşündürdü. Mən hələ tam olaraq sülhpərvər deyildim. Bunun üzərində işləməyə davam etməli idim» b.

9 Stivenin nümunəsi göstərir ki, biz pis xasiyyətimizi artıq tərgitdiyimizi düşünsək də, hansısa vəziyyətdə o, qəfil özünü büruzə verə bilər. Əgər belə bir şey sizinlə də baş versə, ruhdan düşməyin və pis məsihi olduğunuzu düşünməyin. Hətta həvari Bulus özü haqda belə demişdi: «Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur» (Rom. 7:21—23). Bütün qeyri-kamil məsihilərin mənfi xüsusiyyətlərini evə hər dəfə dolan toz-torpağa, çirkə bənzətmək olar. Biz daima təmizlik işləri aparmalıyıq. Bunu necə edə bilərik?

10. Mənfi xüsusiyyətlərdən necə yaxa qurtara bilərik? (1 Yəhya 5:14, 15).

10 Mübarizə apardığınız xüsusiyyət barədə Yehovaya dua edin və əmin olun ki, O sizin duanızı eşidəcək və sizə kömək edəcək. (1 Yəhya 5:14, 15 ayələrini oxuyun.) Düzdür, Yehova həmin xüsusiyyətinizi möcüzəvi şəkildə yox etməyəcək. Amma sizə güc verə bilər ki, o xüsusiyyətə yenilməyəsiniz (1 But. 5:10). Siz isə öhdənizə düşəni edin, duanıza uyğun davranın: köhnə şəxsiyyətinizi bəsləyən şeylərdən uzaq olun. Məsələn, ehtiyatlı olun ki, mübarizə apardığınız xüsusiyyəti alovlandıran kinolara, televiziya proqramlarına baxmayasınız və ya o səpkidə kitablar oxumayasınız. Həmçinin nalayiq fikirləri ağlınıza yaxın buraxmayın (Filip. 4:8; Kol. 3:2).

11. Yeni şəxsiyyətə bürünmək üçün nə etməliyik?

11 Köhnə şəxsiyyətdən azad olandan sonra yeni şəxsiyyətə bürünmək lazımdır. Bunu necə edə bilərsiniz? Yehovanın xüsusiyyətləri haqda öyrəndikcə Ona bənzəməyi qarşınıza məqsəd qoyun (Efes. 5:1, 2). Məsələn, Müqəddəs Kitabdan Yehovanın bağışlayan olduğunu göstərən hadisəni oxuyanda özünüzdən soruşun: «Mən başqalarını bağışlayıram?» Yaxud Yehovanın korluq çəkənlərə şəfqət göstərməsi haqda oxuyanda özünüzdən soruşun: «Bəs mən maddi sıxıntısı olan dindaşlarım üçün narahatam? Onlar üçün nə edirəm?» Yeni şəxsiyyətə bürünərək düşüncənizi daima yeniləşdirin və bu zaman özünüzə qarşı səbirli olun.

12. Stiven qardaşın nümunəsi Müqəddəs Kitabın insanları dəyişməyə qadir olduğunu necə göstərir?

12 Bayaq haqqında danışdığımız Stiven qardaş tədricən yeni şəxsiyyətə bürünə bildi. O deyir: «Vəftizdən sonra dəfələrlə məni özündən çıxaracaq vəziyyətlərlə üzləşmişəm. Belə hallarda məni qızışdırmaq istəyən adamlardan uzaqlaşmağı və ya gərginliyi digər yollarla azaltmağı öyrəndim. Çoxları, o cümlədən arvadım bu cür vəziyyətləri yoluna qoya bildiyimə görə məni tərifləyir. Özüm də özümə təəccüb edirəm. Xasiyyətimdəki bu dəyişikliklərə öz gücüm sayəsində nail olmamışam. Onlar bir daha sübut edir ki, Müqəddəs Kitab insanları dəyişməyə qadirdir».

NƏFSƏ QARŞI SAVAŞI DAYANDIRMAYIN

13. Nəfsə üstün gəlməyə bizə nə kömək edə bilər? (Qalatiyalılara 5:16).

13 Qalatiyalılara 5:16 ayəsini oxuyun. Nəfsə qarşı mübarizədə qalib gəlmək üçün Yehova bizə bol-bol müqəddəs ruhundan verir. Kəlamı oxuyanda müqəddəs ruhun bizə təsir etməsinə imkan yaradırıq. Həmçinin biz ibadət görüşlərində də müqəddəs ruh alırıq. Bu görüşlərdə biz bacı-qardaşlarla ünsiyyət edirik. Bizim kimi, onlar da düzgün davranmaq üçün var gücləri ilə çalışırlar. Bu, insanı ürəkləndirir (İbr. 10:24, 25; 13:7). Bundan əlavə, Yehovaya dua edib yalvaranda ki, zəifliklərimizlə mübarizə aparmağa kömək etsin, O, mütləq müqəddəs ruhu ilə bizə güc verəcək. Ola bilsin, bütün bu şeyləri etməklə yanlış arzularımız yoxa çıxmasın, amma əsas odur ki, biz onlara uymayacağıq. Qalatiyalılara 5:16 ayəsində deyilir ki, ruhun göstərdiyi yolla getsək, əsla cismani istəkləri icra etməyəcəyik.

14. Nəyə görə Yehovaya məqbul davranmaq əzmimizi gücləndirmək üçün daima çalışmalıyıq?

14 Ruhani işlərlə məşğul olmağa başlayandan sonra vacibdir ki, bunu dayandırmayaq və daima özümüzdə Allaha məqbul xüsusiyyətlər yetişdirək. Çünki bizim düşmənlərimizdən biri heç vaxt yatmır. Bu, nəfsimizdir. Ola bilər ki, hətta vəftizdən sonra da insanın qumara, spirtli içkidən sui-istifadəyə, pornoqrafiyaya və uzaq durmalı olduğu digər şeylərə marağı olsun (Efes. 5:3, 4). Bir gənc qardaş etiraf edir: «Ən böyük çətinliklərimdən biri öz cinsimdən olan insanlara qarşı meylimlə mübarizə aparmaq idi. Mənə elə gəlirdi ki, bu müvəqqətidir, keçib gedəcək. Lakin bu hisslər hələ də məni rahat buraxmır». Nəfsinizə güc gəlmək sizə çətindirsə, nə edə bilərsiniz?

Nəfsani istəkləriniz varsa, vəziyyətiniz ümidsiz deyil; bu mübarizədə qalib gələnlər olub (15 və 16-cı abzaslara baxın)

15. Nəfsani istəklərlə hamının mübarizə apardığını bilmək insanı nəyə görə ürəkləndirir? (Şəklə baxın.)

15 Əgər hücum çəkməyə girəvə axtaran hiyləgər düşməninizlə, yəni nəfsinizlə mübarizə aparmaq sizin üçün çətindirsə, unutmayın ki, siz tək deyilsiniz. Müqəddəs Kitabda yazılıb: «Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir» (1 Kor. 10:13a). Bu sözlər qədim Korinf şəhərində yaşayan məsihi qadınlara və kişilərə ünvanlanmışdı. Onlardan bəziləri keçmişdə zinakar, homoseksual və içki düşkünü olmuşdular (1 Kor. 6:9—11). Necə düşünürsünüz, vəftizdən sonra onların nəfsani istəkləri yoxa çıxdı? Xeyr. Onların hamısı məsh olunmuş məsihi olsalar da, hələ qeyri-kamil idilər və buna görə də vaxtaşırı nəfsləri ilə mübarizə aparmalı olurdular. Bunu bilmək insanı ürəkləndirir. Çünki bilirsiniz ki, sizinki kimi eyni nəfsani istəklərlə mübarizədə qalib gələnlər olub. Deməli, siz də imanda güclü qala bilərsiniz, axı «dünyadakı bütün qardaşlarınız da eyni əzablara qatlaşırlar» (1 But. 5:9).

16. Hansı tələdən özümüzü gözləməliyik və nəyə görə?

16 Fikirləşməyin ki, heç kim sizin nələr yaşadığınızı başa düşə bilməz. Bu cür düşüncə sizin üçün tələ ola bilər. Çünki bu zaman vəziyyətinizin ümidsiz olduğunu və nəfsi istəyinizin qarşısında aciz olduğunuzu düşünərsiniz. Müqəddəs Kitabda isə bunun əksi deyilir. Orada yazılıb: «Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız. Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Kor. 10:13b). Odur ki, nəfsani istəyiniz nə qədər güclü olsa da, siz ona qalib gələ bilərsiniz. Yehova sizə kömək edəcək.

17. Nəfsani istəklərin yaranması qaçınılmaz olsa da, nə sizin ixtiyarınızdadır?

17 Bir şeyi yadda saxlayın: nəfsani istəklərin yaranması qaçınılmazdır. Amma bu zaman Fitfirin arvadından qaçan Yusif kimi, dərhal bu fikirləri beyninizdən qovun (Yar. 39:12). Nəfsinizin yedəyində getməmək sizin ixtiyarınızdadır.

ÜZƏRİNİZDƏ DAİMA İŞLƏYİN

18, 19. Hansı suallar bizə düşüncəmizi yeniləşdirməyə kömək edəcək?

18 Düşüncəni yeniləşdirmək davamlı prosesdir, biz həmişə çalışmalıyıq ki, fikirlərimiz və əməllərimiz Yehovaya məqbul olsun. Buna nail olmaq üçün özümüzü müntəzəm olaraq yoxlamalıyıq. Növbəti suallar bizə bu sahədə kömək edəcək: «Əməllərimdən axırzamanda yaşadığımı başa düşdüyüm görünür? Yeni şəxsiyyətə bürünmək məsələsində məndə irəliləyiş var? Nəfsimə uymayım deyə Yehovanın ruhunun həyatımı yönləndirməsi üçün nə edirəm?»

19 Özünüzü təhlil edəndə özünüzdən mükəmməllik gözləməyin, əldə etdiyiniz nailiyyətlərə görə sevinin. Əgər görsəniz ki, hələ hansısa sahədə inkişaf etməlisiniz, ruhdan düşməyin, Filippililərə 3:16 ayəsindəki nəsihətə əməl edin. Orada yazılıb: «Hansı səviyyəyə çatmışıqsa çataq, gəlin bundan sonra da eyni cür irəliləyək». Belə etsəniz, əmin olun ki, düşüncənizi yeniləşdirmək üçün çəkdiyiniz zəhmətə Yehova bərəkət verəcək.   

NƏĞMƏ 36 Ürəyimizi qoruyaq

a Həvari Bulus dindaşlarını təşviq edirdi ki, bu şər dünyanın onların düşüncəsinə təsir etməsinə yol verməsinlər. Bu məsləhət bizə də aiddir. Biz bu dünyanın pis təsirindən özümüzü hərtərəfli qorumalıyıq. Odur ki, fikirlərimizin Yehovaya məqbul olmadığını görürüksə, cəld hərəkətə keçməliyik. Bu məqalədə bunun yolunu öyrənəcəyik.

b Qardaşın bioqrafiyasını jw.org saytında axtarış xanasına «Həyatım getdikcə daha da betər olurdu» yazıb tapa bilərsiniz.

c ŞƏKLİN İZAHI. Gənc qardaş ali təhsillə tamvaxtlı xidmət arasında seçim edir.