Oxucuların sualları
Müqəddəs Kitabda Yehovanın gələcəyi qabaqcadan söyləmək qabiliyyəti barədə nə deyilir?
Müqəddəs Kitabda Yehovanın gələcəyi qabaqcadan söyləyə bildiyi aydın yazılıb (Əşy. 45:21). Bəs Yehova bunu necə və nə zaman edir? O, gələcəklə bağlı nə qədər məlumatı bilmək qərarına gəlir? Müqəddəs Kitabda bu barədə ətraflı yazılmayıb. Ona görə də biz Yehovanın gələcəyi söyləmək qabiliyyəti barədə konkret bir şey deyə bilmərik. Bununla belə, gəlin bir neçə amilə nəzər salaq.
Yehova istədiyi hər şeyi etməyə qadirdir, amma bəzən Özünə məhdudiyyət qoyur. Hikməti sonsuz olduğu üçün O, istədiyi şey barədə qabaqcadan məlumat verə bilər (Rom. 11:33). Lakin Yehovada mükəmməl tərzdə özünə hakim olmaq xüsusiyyəti də var. Buna görə də O, qərara gələ bilər ki, hadisənin nə ilə nəticələnəcəyini öyrənməsin. (Əşiya 42:14 ayəsi ilə əlaqələndirin.)
Yehova niyyətinin icra olunmasına səbəb olur. Bu amil Yehovanın gələcəyi qabaqcadan demək qabiliyyəti ilə necə əlaqəlidir? Əşiya 46:10 ayəsi bunu belə izah edir: «Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən xəbər verirəm. Deyirəm: “Mənim hökmüm dəyişməyəcək, niyyətimdə olan hər şeyi edəcəyəm”».
Deməli, nəyə görə Yehova gələcəyi qabaqcadan deyə bilir? Səbəblərdən biri odur ki, O, hadisələri gerçəkləşdirməyə qadirdir. Yehova gələcəkdə nəyin baş verəcəyini bilmək üçün hadisələri video kimi qabağa çəkməyə ehtiyac duymur. Onda elə çıxardı ki, sanki gələcəkdəki bütün hadisələr müəyyən formada artıq baş verib və Yehova sadəcə bunlara qabaqcadan nəzər salır. Xeyr, bu belə deyil. Yehova lazım gələrsə, qərar verə bilər ki, filan vaxtda filan şey olsun, sonra da vaxtı çatanda onu gerçəkləşdirə bilər (Çıx. 9:5, 6; Mət. 24:36; Həv. 17:31).
Elə bu səbəbdən Müqəddəs Kitabda Yehovanın gələcəkdə görəcəyi işlərdən söhbət gedəndə «hazırlamışam», «niyyət etdim» kimi ifadələr istifadə olunur (2 Pad. 19:25; Əşy. 46:11). Orijinal dildən tərcümə olunan bu ifadələr «dulusçu» mənasını verən sözlə əlaqəlidir (Ərm. 18:2—4). Necə ki məharətli dulusçu gil parçasından istədiyi formada gözəl bir qab düzəldir, eynilə Yehova da niyyətini yerinə yetirmək üçün hadisələri istədiyi formaya salır, başqa sözlə, istədiyi səmtə aparır (Efes. 1:11).
Yehova iradə azadlığı ənamına hörmət edir. Allah ayrı-ayrılıqda hər bir insanın həyatını qabaqcadan yazmır, yaxud da yaxşı insanların pis işlər görüb məhv olmasına səbəb olmur. Yehova hər kəsə öz istədiyi həyat yolunu seçməyə imkan verir, eyni zamanda onları düzgün yolu seçməyə təşviq edir.
Gəlin iki hadisəyə baxaq. Birinci hadisə neynəvalılarla bağlıdır. Yehova demişdi ki, Neynəva şəhəri xalqın şər əməllərinə görə məhv olacaq. Amma oranın camaatı tövbə edəndə Yehova «fikrindən daşındı və dediyi bəlanı onların başına gətirmədi» (Yun. 3:1—10). O, qabaqcadan dediyi hadisə ilə bağlı fikrini dəyişdi, çünki neynəvalılar iradə azadlıqlarından istifadə edərək Yehovanın xəbərdarlığına qulaq asdılar və tövbə etdilər.
İkinci hadisə Kuruş adlı sərkərdə haqda deyilmiş peyğəmbərlikdir. O, yəhudiləri əsirlikdən azad etməli və Yehovanın məbədinin yenidən tikilməsi üçün fərman verməli idi (Əşy. 44:26—45:4). Bu peyğəmbərlik Fars şahı Kuruşun üzərində yerinə yetdi (Üzr. 1:1—4). Amma Kuruş Yehovaya ibadət etmirdi. Yehova Kuruşun azad ibadət etmək hüququna müdaxilə etmədən onun vasitəsilə bu peyğəmbərliyi yerinə yetirdi (Məs. 21:1).
Əlbəttə, bunlar Yehovanın gələcəyi qabaqcadan deyərkən nəzərə aldığı amillərdən yalnız bəziləridir. Əslinə qalsa, heç bir insan Yehovanın yollarını tam dərk edə bilməz (Əşy. 55:8, 9). Amma Yehova haqda bildiklərimiz Onun hər şeyi həmişə doğru etdiyinə imanımızı möhkəmləndirir. Bura Onun gələcəyi qabaqcadan deməsi də daxildir.