TƏLİM MƏQALƏSİ 6
NƏĞMƏ 10 Allahımız Yehovaya həmd edin!
«Yehovanın adını mədh edin!»
«Ey Yehovanın qulları, Onu ucaldın, Yehovanın adını mədh edin!» (ZƏB. 113:1).
ƏSAS FİKİR
Görəcəyik ki, yaranan hər fürsətdə Yehovanın müqəddəs adını mədh etməyə bizi nə təşviq edir.
1, 2. Adının ləkələnməsi Yehovaya necə təsir edir? Nümunə çəkin.
BELƏ bir vəziyyəti təsəvvür edin: sizə yaxın olan biri barənizdə dəhşətli şeylər danışır. Siz bunların yalan olduğunu bilirsiniz. Amma bəziləri buna inanır, hələ üstəlik, gedib bunu başqalarına da yayırlar, onlar da inanır. Bu sizə necə təsir edərdi? Əgər sizin üçün insanların fikri və təmiz adınızı qorumaq vacibdirsə, haqqınızda danışılan yalanlar qanınızı qaraldacaq (Məs. 22:1).
2 Bu nümunə göstərir ki, adına qara yaxılması Yehovaya pis təsir etmişdi. Yehovanın ruhani oğullarından biri ilk qadın olan Həvvaya Onun barədə yalan danışmışdı. Həvva bu yalana inandı. O, əri Adəmlə birgə Yehovaya üsyan etdi. Bu da insanlara günah və ölüm gətirdi (Yar. 3:1—6; Rom. 5:12). Dünyada gördüyümüz bütün problemlər — ölüm, müharibələr və əzab-əziyyət Şeytanın Ədən bağından bəri yaydığı yalanın ucbatındandır. Təbii ki, barəsində söylənilən yalanlar və bunun gətirdiyi nəticələr Yehovaya ağır gedir. Bununla belə, Yehova acıqlı, kindar deyil. Hər şeyə rəğmən, O yenə də «xoşbəxt Allah»dır (1 Tim. 1:11).
3. Hər birimizin hansı imkanı var?
3 Biz Şeytanın Yehova haqda dediklərinin yalan olduğunu sübut edə bilərik. Bunun üçün sadə bir əmrə tabe olmalıyıq: «Yehovanın adını mədh edin!» (Zəb. 113:1). Bunu necə edə bilərik? İnsanlara Yehovanın gördüyü yaxşı işlər barədə danışmaqla. Siz Yehovanın adını ucaltmaq istəyirsiniz? Gəlin Onun adını ürəkdən mədh etməyə kömək edəcək üç amili araşdıraq.
YEHOVANIN ADINI MƏDH ETMƏYİMİZ ONA XOŞ GEDİR
4. Yehovanı mədh etməyimiz Ona nəyə görə xoş gedir? Nümunə çəkin. (Həmçinin şəklə baxın.)
4 Səmavi Atamızın adını mədh edəndə Onu sevindiririk (Zəb. 69:30, 31). Bəs bu o deməkdir ki, Külli-İxtiyar Yaradan qeyri-kamil insanlartək özünə əminliyini artırmaq, ruhlanmaq üçün kiminsə tərifinə möhtacdır? Əlbəttə yox! Belə bir nümunəyə baxaq: balaca bir qızcığazı təsəvvür edin. O, qaça-qaça gəlib atasının boynuna sarılır və deyir: «Sən dünyanın ən yaxşı atasısan!» Qızının bu gözlənilməz hərəkəti atanı kövrəldir, üzündə təbəssüm yaradır. Bəs bu o deməkdirmi ki, bu atanın özünəinam hissi yoxdur, qızının söylədiyi tərif sözlərinə möhtacdır? Xeyr. Sadəcə o, qızını sevir və xoşbəxtdir ki, qızı da ona sevgisini və minnətdarlığını bildirir. Ata sevinir ki, qızında belə gözəl xüsusiyyətlər var və o, böyüyəndə xoşbəxt olacaq. Eynilə, Atamız Yehovaya da Onu ucaldan sözlərimizi eşitmək çox xoş olur.
5. Yehovanın adını mədh edəndə nəyin yalan olduğunu sübut edirik?
5 Biz Yehovanın adını ucaldanda Şeytanın başqa bir iddiasının da yalan olduğunu sübut edirik. O iddia edir ki, heç bir insan axıra qədər Allahın adını müdafiə etməyəcək, sınaqla üzləşəndə sədaqətsizlik edəcək. Şeytanın dediyinə görə, öz xeyri naminə hər kəs Allahdan üz döndərər (Əyy. 1:9—11; 2:4). Amma Əyyub peyğəmbər Allaha sədaqətini qoruyaraq Şeytanın yalançı olduğunu göstərmişdi. Onun kimi siz də Yehovaya sadiq qalacaqsınız? Hər birimiz Yehovaya sədaqətlə qulluq edərək Onun adını müdafiə edə və qəlbini sevindirə bilərik (Məs. 27:11). Bu, doğrudan da böyük şərəfdir!
6. Davud padşaha və lavililərə necə bənzəyə bilərik? (Nəhəmya 9:5).
6 Yehovanı sevən insanlar bütün qəlbləri ilə Onun adını ucaltmaq istəyirlər. Davud padşah yazmışdı: «Yehovaya alqış et, ey varlığım, ey vücudum, Onun müqəddəs adına alqış et!» (Zəb. 103:1). Davud bilirdi ki, Yehovanın adına alqış edəndə elə Onun özünə alqış edir. Yehovanın adı gələndə təsəvvürümüzdə Onun necə varlıq olduğu, Onun xüsusiyyətləri, gördüyü möhtəşəm işlər canlanır. Davud Yehovanın adını müqəddəs tutmaq və Onu ucaltmaq istəyirdi. O bunu bütün vücudu ilə, bütün varlığı ilə etməyə çalışırdı. Eynilə lavililər də Yehovanın adını ucaldırdılar, bu sahədə öndə gedirdilər. Onlar təvazökarlıqla qəbul edirdilər ki, deyəcəkləri heç bir söz Allahın müqəddəs adını mədh etməyə yetməz. (Nəhəmya 9:5 ayəsini oxuyun.) Şübhəsiz, bu cür təvazökar, ürəkdən gələn tərif sözlərini eşidəndə Yehovanın qəlbi sevinclə dolurdu.
7. Təbliğdə və gündəlik həyatımızda Yehovanın adını necə ucalda bilərik?
7 Bizim də sözlərimizdən Yehovaya minnətdarlığımız və məhəbbətimiz görünəndə O sevinir. Təbliğdə olarkən əsas məqsədimiz insanları Yehovaya yaxınlaşdırmaq, eləcə də onlara bizim kimi Allahı sevməyə kömək etmək olmalıdır (Yaq. 4:8). İnsanlara Müqəddəs Kitabdan Yehova barədə, Onun məhəbbəti, ədaləti, hikməti, qüdrəti və digər gözəl xüsusiyyətləri haqda yazılanları göstərəndə sevinc duyuruq. Həmçinin Yehovanın nümunəsini izləməyə çalışmaqla da Onu mədh edirik və qəlbini sevindiririk (Efes. 5:1). Belə edəndə bu şər dünyada başqalarından seçilirik. Ola bilsin, insanlar bizim fərqli olduğumuzu görüb bunun səbəbini öyrənmək istəsin (Mət. 5:14—16). Gündəlik həyatda bu cür insanlarla söhbət edən zaman onlara belə davranmağımızın səbəbini açıqlaya bilərik. Nəticədə, səmimi-qəlbli insanlar Allaha yaxınlaşa bilər. Yehovanı bu yollarla mədh edəndə Onun qəlbini fərəhləndiririk (1 Tim. 2:3, 4).
YEHOVANIN ADINI MƏDH ETMƏYİMİZ İSAYA XOŞ GEDİR
8. Yehovanın adını mədh etməkdə nəyə görə İsa ən gözəl nümunədir?
8 Göydə və yerdə olan bütün şüurlu varlıqların içində İsadan yaxşı Yehovanı tanıyan yoxdur (Mət. 11:27). İsa Atasını sevir və Onun adını ucaltmağı öhdəsinə götürüb (Yəh. 14:31). Ölümündən öncəki gecə Atasına etdiyi duada yer üzündə gördüyü ən vacib iş barədə belə demişdi: «Sənin adını onlara açdım» (Yəh. 17:26). Hansı mənada?
9. Atasını daha yaxından tanımağımız üçün İsa hansı məsəli çəkmişdi?
9 İsa insanlara sadəcə olaraq Allahın adının Yehova olduğunu demirdi. Yəhudilər Allahın adını onsuz da bilirdi. İsa onlara Allahı tanıdırdı (Yəh. 1:17, 18). Məsələn, Tövratda açıqlanır ki, Yehova rəhmli və mərhəmətli Allahdır (Çıx. 34:5—7). Amma İsa Yehovanın belə bir Allah olduğunu daha aydın göstərmək üçün itmiş oğul və ata ilə bağlı məsəl çəkmişdi. Biz atanın tövbə edən oğlunu «hələ uzaqda ikən» gördüyünü, qabağına qaçıb onun boynuna sarıldığını, onu ürəkdən bağışladığını oxuyanda Yehovanın nə qədər rəhmli və mərhəmətli olduğunu daha yaxşı başa düşürük (Luka 15:11—32). İsa Allahın əslində necə varlıq olduğunu başa düşməyə kömək edirdi.
10. a) Haradan bilirik ki, İsa Atasının adını çəkirdi və başqalarının da bunu etməsini istəyirdi? (Mark 5:19). b) İsa bizim nə etməyimizi istəyir? (Həmçinin şəklə baxın.)
10 İsa başqalarının da Allahın adını çəkməsini istəyirdi? Əlbəttə. Bəzi din xadimləri Allahın müqəddəs adını dilə gətirməyi hörmətsizlik hesab edirdilər. Amma İsa Müqəddəs Kitaba əsaslanmayan bu cür düşüncəni rədd edirdi, nəyinsə ona Atasının adını ucaltmağa mane olmasına yol vermirdi. İsanın gerasalıların torpağında cinə tutulmuş bir adamı sağaltdığı hadisəni yadımıza salaq. Camaat çox qorxmuşdu və İsaya yalvarmışdı ki, onların ərazisindən çıxıb getsin. O da getmişdi (Mark 5:16, 17). Amma İsa Allahın adının orada da tanınmasını istəyirdi. Buna görə də kişiyə tapşırdı ki, gedib insanlara sağaldığını danışsın. Amma İsa ona «get mənim nə etdiklərimi danış» demədi, «Yehovanın sənin üçün etdiyi hər şeyi... danış» dedi. (Mark 5:19 ayəsini oxuyun.) a İsa bu gün bizdən də eyni şeyi gözləyir. O, bütün dünyada Atasının adını bəyan etməyimizi istəyir! (Mət. 24:14; 28:19, 20). Bunu etməyimiz Padşahımız İsaya xoş gedir.
11. İsa davamçılarına nə haqda dua etməyi öyrətmişdi və Hizqiyal 36:23 ayəsinə əsasən bu nəyə görə vacibdir?
11 İsa bilirdi ki, Yehovanın niyyəti Öz adını bütün böhtanlardan təmizləməkdir. Ona görə davamçılarına bu cür dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mət. 6:9). İsa başa düşürdü ki, bəşəriyyətdə bundan mühüm məsələ yoxdur. (Hizqiyal 36:23 ayəsini oxuyun.) Kainatda Allahın adını müqəddəs tutmaq üçün İsa qədər can qoyan ikinci varlıq olmayıb. Bununla belə, bilirsiniz, İsa həbs olunanda düşmənləri onu nədə ittiham etdilər? Allahın adına küfr etməkdə! Atasının müqəddəs adını təhqir etmək, Ona qara yaxmaq İsa üçün ən iyrənc günah idi. Belə bir günahı işləməkdə ittiham olunması İsa üçün çox ağır idi. Bəlkə də ölümündən bir neçə saat əvvəl İsanın «şiddətli iztirab» çəkməsinin əsas səbəbi elə bu idi (Luka 22:41—44).
12. İsa Atasının adını ən mükəmməl şəkildə necə ucaltmışdı?
12 İsa Məsih Allahın adını ucaltmaqdan ötrü hər cür işgəncəyə, təhqirə, böhtana dözmüşdü. O bilirdi ki, hər addımında Atasına itaət edib, buna görə də heç nədən utanmamalıdır (İbr. 12:2). Həmçinin həyatının bu qaranlıq dönəmində birbaşa Şeytanın hücumuna məruz qaldığının da fərqində idi (Luka 22:2—4; 23:33, 34). Şeytan İsanın sədaqətini sındıra biləcəyinə əmin idi, amma onun ümidləri puç oldu! İsa birdəfəlik sübut etdi ki, Şeytan mənfur yalançıdır və Yehovanın Ona ən ağır sınaqlar qarşısında belə sədaqətini qoruyan sadiq xidmətçiləri var!
13. Padşahımız İsanın razılığını necə qazana bilərsiniz?
13 Padşahımızın razılığını qazanmaq istəyirsiniz? Elədirsə, daima Yehovanın adını mədh edin. İnsanlara Onun necə gözəl Allah olduğu barədə danışın. Belə etməklə İsanın nümunəsini izləmiş olursunuz (1 But. 2:21). Siz də onun kimi Yehovanın qəlbini sevindirirsiniz və düşməni olan Şeytanın arsız yalançı olduğunu sübut edirsiniz!
YEHOVANIN ADINI MƏDH ETMƏYİMİZ İNSANLARA XİLAS GƏTİRİR
14, 15. İnsanlara Yehova haqda öyrədəndə hansı gözəl şeylərə şahid oluruq?
14 Yehovanın adını ucaldanda insanlara xilas olmağa kömək edirik. Hansı mənada? Bildiyimiz kimi, Şeytan «imansızların zehnini kor edib» (2 Kor. 4:4). Buna görə də insanlar Şeytanın bu cür yalanlarına inanır: Allah yoxdur, Allah bizdən uzaqdır, insanlar Onun vecinə deyil, Allah qəddardır və pis insanlara əbədiyyən işgəncə verir. Bu yalanların bir məqsədi var: Şeytan Yehovanın adını ləkələyərək insanları Ondan uzaqlaşdırmaq istəyir. Amma biz təbliğ edəndə Şeytanın bu niyyətini alt-üst edirik. Çünki insanlara Yehovanın əslində necə gözəl Allah olduğunu danışırıq, Onun müqəddəs adını ucaldırıq. Bəs bunun nəticəsi nə olur?
15 Allahın Kəlamındakı həqiqətlərin misilsiz gücü var. İnsanlara Yehova barədə gerçəkliyi öyrədəndə möhtəşəm bir şeyin şahidi oluruq: onların Şeytanın yalanlarından tutulmuş gözləri yavaş-yavaş açılır. Bizim kimi onlar da göydəki Atamızın gözəl xüsusiyyətlərini görməyə başlayırlar. Yehovanın sonsuz qüdrəti onları heyrətə gətirir (Əşy. 40:26). Onun ədalətli olduğuna əmin olurlar (Qan. 32:4). Hikmətinin böyük olduğunu anlayırlar (Əşy. 55:9; Rom. 11:33). Həmçinin Yehovanın məhəbbət olduğunu bilib təskinlik tapırlar (1 Yəh. 4:8). İnsanlar Yehovaya yaxınlaşdıqca Onun övladı kimi əbədi yaşamaq ümidləri daha gerçək olur. Doğrudan da onlara Atalarına yaxınlaşmağa kömək etmək bizim üçün böyük şərəfdir! Bu zaman Yehova da bizə «əməkdaşları» kimi baxır (1 Kor. 3:5, 9).
16. Yehovanın adını bilmək bəzilərinə hansı təsiri bağışlayıb? Nümunələr çəkin.
16 Çox vaxt insanlara təbliğ edəndə onlara əvvəl-əvvəl sadəcə olaraq Allahın adının Yehova olduğunu deyirik. Elə bunu bilməyin özü çoxlarının həyatını dəyişib. Məsələn, Aliyə b adlı bir qadın uşaqlıqdan qeyri-xristian bir dində olub. Amma o özünü nə olduğu dinə, nə də Allaha yaxın hiss etmirdi. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənəndən sonra isə hər şey dəyişdi. O, Allahı Dostu kimi görməyə başladı. Aliyə öyrənəndə ki, Allahın adı Müqəddəs Kitabın çox yerindən çıxarılıb və «Rəbb» kimi sifətlərlə əvəz olunub məəttəl qalmışdı. Yehovanın adını öyrənmək onun həyatında dönüş nöqtəsi oldu. Aliyə deyir: «Mənim ən yaxın Dostumun adı var imiş. Artıq ürəyimdə böyük bir rahatlıq duyuram. Xoşbəxt insanam ki, Allahın adını bilirəm!» İndi isə Stiv adlı musiqiçi bir kişinin hadisəsinə baxaq. O, qatı yəhudi olaraq böyüdülmüşdü. Bununla belə, çoxlu saxtakarlıq gördüyü üçün heç bir dini təşkilata mənsub olmaq istəmirdi. Amma anası vəfat edəndən sonra həyatının kədərli dönəmində Yehovanın Şahidlərinin keçirdiyi bir dərsdə oturub qulaq asmağa razılaşır. Allahın adını bilmək Stivə dərin təsir bağışlayır. O deyir: «Allahın adının olduğunu heç bilmirdim. İlk dəfə idi ki, Allah mənim üçün real oldu! Ona gerçək bir Varlıq kimi baxdım. Onda bildim ki, Dost tapmışam».
17. Yehovanın adını daima mədh etməyə nəyə görə qəti qərarlısınız? (Həmçinin şəklə baxın.)
17 Təbliğ və təlim işində insanlara Yehovanın müqəddəs adını açırsınız? Onlara Allahın əslində necə bir varlıq olduğunu izah edirsiniz? Siz belə edəndə Yehovanın adını mədh edirsiniz, insanlara bu adı daşıyan Varlığı tanımağa kömək edərək Yehovanın adını ucaltmağa davam edin. Bununla siz insanların həyatını xilas edəcəksiniz. Padşahımız Məsih İsanın nümunəsini izləyəcəksiniz. Ən əsası isə məhəbbətli Atamız Yehovanı razı salacaqsınız. Odur ki, əbədiyyən Allahın adına alqış edin! (Zəb. 145:2).
NƏYƏ GÖRƏ YEHOVANIN ADINI MƏDH ETMƏYİMİZ...
-
Ona xoş gedir?
-
İsa Məsihə xoş gedir?
-
insanların həyatını xilas edir?
NƏĞMƏ 2 Yehovadır ismin